Əsəd Qaraqaplan: Bir evimiz olmadı kirayələrdən uzaq bir oğul böyütmədik, əsgərə yola salaq...



Əsəd Qaraqaplan: Bir evimiz olmadı kirayələrdən uzaq bir oğul böyütmədik, əsgərə yola salaq...

Qara Yolcu Dərviş

mən hara – dünya hara
dünyadakı halım mənim
bir ağacın kölgəsində oturan
sonra duran
çıxıb gedən müsafir tək…

kölgələr qalar arxamda çıxıb gedərkən
kölgələri doğan yarpaqlar
yarpaqları doğan budaqlar
budaqları doğan ağac
ağacı doğan qara torpaq
mən hara – dünya hara…

yürüdüyüm yollarda ayaqlarım toz götürməz
baxdığım göy üzündə quşlar ötməz
bir bulağa çatdığımda susuzluğum ötüb keçər
bir xurma ağacına çatdığımda aclığım
üzərimə geyindiyim buludlar məni örtər
mən hara – dünya hara…

içinə yuvarlandığım uçurumların dibi işıq -
dibi geniş
özgürlüyü bəlirləyən itən ölüm qorxusu
gözlə görünən hər şeydəki bir qaranlıq
və düşdüyüm bu alanın sonsuzluğu
mən hara – dünya hara…

dostum gəlib üzümə baxıb sən öldün - dedi
və sevgilim bitdin deyib - çıxıb getdi
kirayə otağımın qapısı bağlandı qəti
və kəndəki evimizi lənətlədi insanlar
mən hara – dünya hara...

sən ey məni sonuncu müsafir edən adam
dinlə məni
dinlə mənim son sözümü –
mən hara – dünya hara..
dünyadakı halım mənim
bir ağacın köləsində oturan
sonra duran
çıxıb gedən müsafir tək…


25 Yaşlı Tanrı

gecələr daha uzundu yoxluğundan
həzin bir melodidi qaranlığın çöküşü
gələcəyin gün deyil yoxluğunun gedişi
sən yoxluğunda varsan
mən varlığında yoxam...

küçələr gəlib dirənir otağımın divarına
isti əllər divarıma toxunur
ayılıram divarımdan
arxamda qapılar var
səni qoyub gəlib keçdiyim
içinə çəkildiyim bir hücrədi otağım
insanlardan qurtuluş yox yoxluğunda
varlığımda insan belə olammadım

gecələr var – Tanrı olduğum gecələr
bir qələmin ucunda, bir kağızın içində
gecələr var – bədənimi duymadığım gecələr
üzüqoylu düşdüyüm sonunda söz üstünə
mən yoxluğunda Tanrı
yoxluğunda
həzin bir melodiylə söz keçirən gecədən
hər doğulduğum gün ölmüş
25 yaşlı Tanrı…

baxma əlini tutduğum böyüklüyə
baxma üzünə güldüyümə hər kəs kimi
yataqda sevişməyimə baxma
fahişələrə şirnikdiyim anlara..
altı milyard görnüşüm aldatmasın
qadınlarda, kişilərdə ürəyimin döyüntüsü
çay içib-çörək yediyim
işə gedib gəldiyim aldatmasın…

gecələr gör məni gecələr.. yoxluğunda
altı milyard yoxluğumda
yanındakı adama mən demə
hələ doğulmamış uşağının atasına..
günəşin və elektrik lampasının göstərdiyi mən deyiləm
hamı kimi geyinib-bəzənən, saçlarını darayan..
məni gizlədən biri var hamı kimi…
qollarımın güclülüyü
sənə adam toxunuşum mənim deyil
mənim deyil…
mənim deyil…
deyil…
deyil...
il…
il…


And Olsun Gecəyə

səni sevməyəcək qədər günahkaram
and olsun gecəyə
and olsun bu qaranlığa
mən gecələr adam olmağı öyrəndim
mən gecələr - adam olmadığımda..

böyük işıqlar doğuram gecənin zülmətində
heç qadınlar görmədim məni tərk etməyəcək
havalı ruhum məni həyata enməyə qoymaz
bu daş döşəli Bakının küçələri
bu ruhsuz evlər şəhəri işıqlarda
məni daha çox sevər - adam olmadığımda…

səni sevməyəcək qədər günahkaram
and olsun kitaba
and olsun bu ağ kağıza
məni Bakının içindən çəkib gətirir bura..
Quran oxuyuram hərdən
hərdən şeir yazıram
adamlar gözlərimə baxanda adam bilir
əl verib görüşür mənlə adamlar
mənsə qorxa-qorxa gəzib - qayıdıram otağıma
bugün də sirr açılmadı - şükr edirəm
yazmadığım şeirləri gəzdirirəm..
sənsə heç bilmirsən sənsə
bu tənhalıq Tanrı sevgisindən böyük cəzadı..

səni sevməyəcək qədər günahkaram
and olsun Qurana
and olsun uca Allaha
mən hər dəfə açdığım hər sirdə biraz sirlənirəm..
hər sevgi bir qadın boyda tənhalıqdı
hər gün biraz böyüyürəm tənhalaşıb
hər gün dəli olduğumu anlayıram
hər gün biraz Tanrılaşıb..

ahımı Bakı küləyi alıb çırpır küçələrə
qadınlar keçir ahımdan
tanımadığım sifətlərdə ahımı görüb dururam
qadında ahımı sevirəm - Allahımdan..

od nəfəsim içimə çəkilsə gecə fənərində
bir şeir yaxar gecənin zülmətini
otaq nəfəs-nəfəs çökər yatağıma
bir dərin yuxu aparar məni - qatmaqarışıq
səhər şeirdən duraram tənhalığa..
gün yenə başlar gecəni gətirməyə
gün yenə başlar gecəni..

and olsun gecəyə
and olsun bu qaranlığa
səni sevməyəcək qədər günahkaram…


Həyat Seviləcək Qədər Kədərli

həyat seviləcək qədər kədərli
durma – qollarımı bağla köksünə
gedərkən gərəkirsə
bir xəncər də vur qandalın üstündən
çək – qanım axsın Bakıya
gecə vaxtı qan da sudu
birdoktor da çağır göz yaşlarını
bundan sonra geri qalan ömrümü
çək bu qala divarında çarmıxa
həyat seviləcək qədər kədərli..

yağışı kəsmiş göy üzünün buluduna yaz adımı
mənə başqa qadınlardan sual ver
nə vaxtsa sevişdiyim qadınlardan
körpələrindən biraz danış
ana olduğunu xatırla
ağla – şəhər işıqları çoxalsın
burax – həyat belə hüzünlü qalsın
həyat seviləcək qədər kədərli..

yer islaq.. üzün islaq
ütüsüz köynəyimin sol cibində qan ləkəsi
nəqarətsiz bitmiş öpüş
durmadan sümürdüyün siqaranın yad qoxusu
söykəndiyim soyuq qala divarı
bir də bir addımlıqda sən
həyat seviləcək qədər kədərli..

uzaqdan çox uzaqdan ruhumuza ağır basan
italyan musiqisinin impearalist təsiri..
unudulmuş.. atılmış.. yarım qalmış taleyimiz..
hərdən məhşur şairlərdən söylədiyim şeirlər..
qala divarlarının dibindən keçən xırda
adamların sulu addım səsləri..
hüzünlü sevgi qoxan İşərişəhər küçələri
keçən polislərə kölgə salan işıq dirəkləri
Bakı o qədər aydın əlimizin içində
fikirlərimiz qatmaqarışıq
həyat seviləcək qədər kədərli..

nə mənim evim var bərabər getməyə
nə sənin evinə dəvət həvəsin
qadınsızlığa..
kişisizliyə söykənmişik qala divarlarına
Bakının sevgisini qoruyuruq qala pəncərəsindən
görünən hər şey hüzünlü..
aramızda bir söz salxım sallayıb
“həyat
seviləcək
qədər
kədərli”...


Eyni Taleli İnsanlardıq Bakıda

eyni taleli insanlardıq Bakıda
nə sözümüz söz idi
nə yaşantımız
nə də sevgimiz
bizi sevənlər də vardı
bizə nifrət edənlər də
bizsə öz sevgimizdə də yarımçıqdıq
gücümüz özümüzə çatdı
gücümüz bir-birimizə
lənətlədik qırdıq yamanladıq atdıq
sakit çıxıb gedəmmədik

zəhərini sevdik həyatın – acısı, əzabını
həyatımız da başdan-başa zəhər, acı, əzab
çəkilmədi yolumuzdan ayrılıqlar
sərhədlər yolumuzdan çəkilmədi adamlarda
biz nə istədik həyatdan – adicə bir quru sevgi
sevdiyimizin isti nəfəsini istədik - sevdiyimizin
xəstələndik - adamlar yığışdı gəldi
ölsək - yenə gələcəklər
bizsə bir-birimizə gələ bilmədən getdik
gəlib yenə köhnə yaraları eşdik
sakit çıxıb gedəmmədik...

ac olduq, susuz olduq, təkolduq - bilən olmadı
bizdən böyük fədakarlıq gözlədilər adamlar
bizdən əxlaqlı olmağı gözlədilər
bizi görə bilmədilər - xəstələnmədən, ölmədən
adamlar fədakar oldu
adamlar əxalqlı oldu
bizsə adam belə ola bilmədik öz sevgimizdə
adamlar bizi adam yerinə qoymadangetdik
qayıtdıq, döndük, gəldik
ağladıq, sevindik, güldük
sakit çıxıb gedə bilmədik...

yetim qoya bilmədik özümüz kimi sevgini
başından qapazımız da əskik olmadı yetimin
ürəyimizin qapısında saxladıq gecə-gündüz
içəri girdiyində zəhər, acı, əzab yedi
ürəyimiz doluydu yetim sevginin kiniylə
sakit çıxıb gedəmmədik…



Al Yazmalım

səni yaradan yaratdığı gözəllikdən xəbərsizdi, Sərvi boylum
sənin gözəlliyin elə həqiqətdi
sənin gözəlliyin elə Tanrı özü, Al yazmalım

sənin özün xəbərsizsən Tanrını yaratdığından
bir öpüş qədər yaxındı Tanrı bizə
bir toxunuş qədər
bir isti-doğma nəfəsdi Tanrı özü, Sərvi boylum

bir içki qoxusu qədər – bir siqaret dumanı
çiynimdən aşırdığım çanta qədər
sevgi qədər yaxındı Tanrı bizə
gecə qədər – ağac qədər – sənin qədər, Al yazmalım
bu gecə bağışlama məni – içkiliyəm
bütün sərxoşluqları çəkdim ciyərlərimə
indi od nəfəsim var – səni alışdıracaq
mənəm Tanrı – Tanrını bağışlayacaq
nəfəsini gizlətmə, Sərvi boylum
kül olmaq istəyim var bu gecə
heç olmaq istəyim var
sən olmaq...

hələ içməyim var səhərə qədər
hələ siqaret çəkməyim
hələ biraz sən varsan – məndən çox uzaqlarda
hələ bir gecə də var – məni orda görmədiyin
sarılmadığın mənə - öpmədiyin məni
hələ bir gecə də var – ağlaya da bilmədiyim

məni bilmədiyin bir gecə var, Sərvi boylum
ağır-ağır uzanan gecə – açılmayan səhəri
hələ içməyim – çəkməyim
hələ bu melodinin ağır qalxan kədəri
dağılmış otağıma səndən böyük ayrılığın, Al yazmalım…

ölməyə bir bədənlə doğulmuşdum həyata
əllərimi aparmışdı soyuqluğun
gözlərimi söndürmüşdü gecələr
ağlaya da bilməmişdim səni eşitməyəndə

unudub ağlamağa bir adamın olmaması
ağır dərddi, Sərvi boylum
əllərini tutmağa – gözlərinə baxmağa
həyatın başın buraxmağa bir adamın olmaması ağır dərddi...

Tanrıyla başlayır bütün sevgilər
Tanrıyla bitir
mənsə səni Tanrısız bir gecədə
içkili və siqaret qoxulu sevdim
unutmuşdum Tanrını da, Sərvi boylum
unutmuşdum, Al yazmalım...

hər yer Tanrı idi – mən Tanrını unudanda
ağac Tanrı idi – gecə Tanrı idi
sən Tanrı idin…

əllərimlə sıxıb başımı oturmuşam yalnızlıqda
Tanrını gözləyirəm
gecəni gözləyirəm
səni gözləyirəm səni, Sərvi boylum
biraz içki qoxulu – biraz siqaret dumanlı
biraz da... Al yazmalım

lənətlənmiş sevgilərin melodisiylə rəqs edirəm
Tanrı kimi unutmuşam dünyanı
Tanrı kimi fırlanıram – əllərim havada
indi məni məndən alan heç nə yoxdu, Sərvi boylum
indi yoxam bu qaranlıq gecədə
bu qaranlıq yer üzündə

əllərimi aparan bir sən varsan buludlarda
gözlərimi qapayan bir melodi
qayıtmaq da istəmirəm
istəmirəm lənətlənmiş yer üzünü
insanları – ağacları – gecələri
səni də istəmirəm uzaqlıqda, Al yazmalım…

səni yaradan yaratdığı gözəllikdən xəbərsizdi
məni yaradan yoxluğumdan
bu gecənin üstündə – göy üzünün altında
xəbərsiz doğulmuşdum
xəbərsiz dolaşmışdım
“etmə” deyən olmamışdı
“sevmə” deyən olmamışdı
təbiəti bu balaca ürəyimdə daşımışdım
səni bu balaca ürəyimdə, Sərvi boylum

sən yenə dönüb “sən” olmuşdum – getdiyində
gəldiyin də olmamışdı
bir filmə baxdığımda gözlərimi doldurmuşdun
bir də içki qoxulu
siqaret dumanlı öpüşlərlə boyanmışdın gecəmə
mənsə yenə “mən” olaraq qalmışdım
yenə yalnız gecədə
yenə içki qoxulu – yenə siqaret dumanlı...

heç olmasa dinlə məni – dinlə bu melodini
mənim səni sevdiyim
sənin məni sevmədiyinin xətrinə
ağla biraz – iç biraz
çək biraz mənim xətrimə
Sərvi boylum – Al yazmalım...



Frans Kafkaya Solçuluq Dərsi

bunların axırı necə olacaq, Frans Kafka?
bu – Qəsrin həndəvərindəkilərin
Qəsrdən xəbərsizlərin – yəni bizlərin...

mənə elə gəlir ki, hamımız biraz solçuyuq
onlar – Qəsrdəkilər daha çox solçu...
şəxsən mən, Frans Kafka
səndən yaxşı olmayım
solçu olmamaqçün biraz solçuyam
onlar – Qəsrdəkilər
solçu olduqlarıyçün daha çox solçudular...

atamın Qəsrdə doğulduğu olmayıb
anamın heç
şəxsən mən, Frans Kafka
səndən tez yorulmayım
Qəsr pilləkanlarında yoruluram
Qəsrdə yaşamaqla Qəsrin arzusuyla yaşamağın fərqi ayrı...

şəxsən mən torpaq döşəli
birmərətəbəli kənd evində doğulmuşam
səndən yaxşı olmasın, Frans Kafka
qəzəbli atam vardı
xəstə anam
şəhərə gəlməmişdən çıxıdğım ən hündür yer
evimizin önündəki palıd ağacının zirvəsiydi...

mən daş nədi beton nədi Qəsr nədi bilmirdim
hətta uşaqlığımın beş-altı ili keçən
Sovet Sosialist Respublikasında belə
bildiyim tək şey TORPAQdı, Frans Kafka...

bunların axırı necə olacaq?
bu – Qəsrin həndəvərindəkilərin
Qəsrdən xəbərsizlərin...

şəxsən mənim, Frans Kafka
səndən yaxşı olmasın
axırım çoxdan çatıb
böyrəyimdəki daşın düşmə ehtimalı
mənim yenidən bu həyatın
ritminə düşməyimdən daha çoxdu
səndən yaxşı olmasın, Frans Kafka
daha mənim solçu olmaq ehtimalım da yoxdu...


“Ulduz” Metrosunun Yanındakı Kafedə

qonşu masada oturanlar bir-birini dinləmir
daha doğrusu hamısı birdən danışır
bizim masada mənəm
kafe sahibi Gülarədi
bir də üzünü tanımadığım bir oğlan...

qonşu masada oturanlar fəhlədilər
bizim masada oturanlar mənəm – Əsəd
kafe sahibi Gülarədi – kafe sahibi
üzünü tanımadığım oğlansa üzünü tanımadığım oğlandı

biz hamımız eyni ölkənin vətəndaşı
eyni şəhərin məskundaşı
eyni dərdin dərddaşıyıq...

ordan saqqallı fəhlə - mənlə üzbəüz oturan:
- sökə-sökə gedirik... tikə-tikə gedirik...
kafe sahibi Gülarə nəsə deyir anlamıram
üzünü tanımadığım oğlan siqaretini sümürür
mənsə ona baş sallayıb gülümsəyib içirəm...

qonşu masada oturanlar pivə içir – fəhlələr
mənsə çəkilmə araqdan içib keflənmişəm
kafe sahibi Gülarə içki içmir - çünki o kafe sahibidi
üzünü tanımadığım oğlansa pivə içir
çünki o da kafe sahibi deyil…

mən indicə iki görüşdən gəlmişəm
biri qadın – biri qız
qadının adı Samirədi – evlidi iki uşağı var
qızın adısa səhv deməsə Sənəmdi…

mən əslində kafe sahibi Gülarədən araq alıb getməliydim
evə gələndə metroda – Sənəmdən ayrılanda
qarışıq hisslər duymuşdum -
nə bilim qaçmaq uzaqlaşmaq yalnızlığa çəkilmək
guya hətta iki “S” birləşəndə də bir qadın etmir Bakıda

nə qədər qəribə olsa da hərdən mən də
özümə xəyanət etdiyimi düşünürəm
guya mən saf müqəddəs nə bilim Tanrı biriyəm…

indi masalararası ayrılıq və birliyin ortasında
bir yazar bir şair deyil adicə bir insanam
eyni ölkənin vətəndaşı
eyni şəhərin məskundaşı
eyni dərdin dərddaşı…

indi qonşu masadakı fəhlələrlə
kafe sahibi Gülarəylə
bir də üzünü tanımadığım oğlanla bir fərqim yox

çəkilmə arağın yarısını kafe sahibi Gülarənin
gətirdiyi isti borşla içmişəm
indi evə də tələsmirəm – yalnızlığa
qoltuğumda kafe sahibi Gülarənin arağı
qəliz bir şeir yazmağa
indi yalnız fəhlələrin
bir-birini dinləmdiyi söhbətinə alışmışam...


Sevgilərin Ən Gözəli

sevgilərin ən gözəlin yaşayacaqdıq az qala
az qala nə qovuşmaq umrumuzda olacaqdı
nə ayrılmaq
mən biraz şair olacaqdım
biraz adam
sən elə sən olub qalacaqdın...

gözə görünməmək üçün yaşadığım hər saatı
səni içimdə daşıdım
elə bir günüm olmadı həyatın dibinə enməyim
elə bir qadın olmadı səni onda sevməyim
elə bir içki olmadı Tanrıya qovuşdurmasın ruhumu
oysa elə orda qalmışdı bədənim -
sevmədiyim bir qadının yatağında...

sevgilərin ən gözəlin yaşayacaqdıq az qala
az qala gecələrimi sənə bağışlayacaqdım -
o müqəddəs anları
xoşbəxtliyi yuxularımda axtarmayacaqdım yatıb
həyat bu qədər üstümə çökməyəcəkdi getməsən…

oysa bir ayrılıq yetir həyata yenilməyə
bütün sevdiklərinin səndən uzaq qaçmasına
oysa bir qadın yetir sevgimizi kirlətməyə
oysa bir qadın yetir...
sevgilərin ən gözəlin yaşamağa
ən gözəlin...


Sonuncu Sevgi Şeiri

bir qadın da sevmədik, ayrılaq, şeir yazaq.
bir qızla evlənmədik, çəkilək, xoşbəxt olaq.
bir evimiz olmadı kirayələrdən uzaq
bir oğul böyütmədik, əsgərə yola salaq...

hər şey bizdən böyükdü, hər şey bizdən balaca
ortalıqda qalmağın cəzası tənhalıqdı.
bunu da bu şeirin küncünə yaz, balaca,
- biz olan sevgilərin başında ayrılıqdı...

getdik, gördük atamız çoxdan ölüb... anamız
evimizlə bərabər qocalıb, əldən düşüb.
bacılar gəlin köçüb, evlənib qardaşımız
həyət də ağaclardan, ağac da güldən düşüb...

hər şey saralıb-solub biz gedəndən şəhərə
biz kirayə qalandan yetim qalıb uşaqlıq...
bəlkə sevmədiyimiz bir qadından ötəri
ya çox böyük adamıq, ya da ki çox uşağıq...

bizi də böyütməyə gücü çatmaz şəhərin
nə şəhərlər var bizim uşaq xəyalımızda...
bu böyük gecələrin açılmayan səhəri
bizi kim anlayacaq, bizi - bu halımızda...

bir oğul böyütmədik, əsgərə yola salaq...
bir evimiz olmadı kirayələrdən uzaq...
bir qızla evlənmədik, çəkilək, xoşbəxt olaq...
bir qadın da sevmədik, ayrılaq, şeir yazaq...


Sevgidən Sonra Qadınlar

həyatıma qadınlar səndən sonra gəldilər
səndən sonra tanıdım bütün ayrılıqları...

nə qədər əriməmişdim bir qadın qasığında
səndən sonra öyrəndim sevgilərin yoxluğun
adi yaşantıların sevgidən üstün yanı
məni də adi elədi
bir filmlər qaldı ki, səni hiss elədiyim
bir də içki içdiyim uzun, səssiz gecələr...

səndən sonra adamlar məni çox incitdilər...
insanı təhqir edib sonra da öldürürlər
sonra də cəsədinə baxıb gülür adamlar...

məni həbsə atsalar
heç bu qədər günəşə yerikləyə bilməzdim
günəşin altındakı qaranlıq daha qatı...
daha çox adamlardan qaçıb gizlənməyim var
iş saatı olmasa evdən çıxdığm yoxdu
evdən - yəni zirzəmi gecədondularından...

qədər bir dəniz kimi öz qoynundakı məni
hara istəsə atır
bircə aid olduğum doğulduğum torpağa
qayıtmağa gücüm yox
orda hər şey çox təmiz
orda mən çox kirliyəm
əllərim torpaq deyil, adam pisliyi qoxur...

bu qədər adamları həyatıma buraxmaq
məni bu qədər kirli edəcək - bilməmişdim
adamlar bu şəhərdə təmiz olduqca biraz
insan olduqca batır...

qadınlar bu şəhərdə sevildikcə kirlənir
kişilər bu şəhərdə sevdikcə məhv olurlar...

o qədər acımazsız ki, səni özünə çəkən
bütün yanları gözəl
bütün çirkin vərdişlər sevgidən alovlanır...

baxma bu qədər sakit, xoşbəxt göründüyümə
baxma güclü qollarım çoxunu etkiləyir
mənə sorarsan qadın sevgidən sonra gələn
ucuz tənhalıqlardı
insanın tənhalığın xor görən sevgilərdi...

nə qədər keflənərsən o qədər unudarsan
nə qədər ayılarsan o qədər əzablıdı
bir də günəş işığı səni xor gördüyündə
qaçarsan adamlardan...
için dağılar, ama bir şeir təmizliyi
gəlməz sən olan yerə
sən olan yerlər qadın olar sevgidən sonra...скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi