Yaxın tariximizi vərəqləyərkən



Yaxın tariximizi vərəqləyərkən
ÖTƏNLƏRİ XATIRLADIQ Kİ...

O vaxtdan düz 25 il keçir. Bir igid ömrü. Çox uzaq vaxt deyil. Ancaq induiki nəsil o vaxtkı həqiqətləri olduğu kimi bilməlidi. Çünki tariximiz sabahımızın güzgüsüdü. Dünənmizi öyrənməyən sabahımıza baxa bilməz.
1991-ci il ölkəmizin vulkan vaxtı idi.Aramızda çaxnaşma vüsət almışdı. Bakı qırğınından 1 il ötürdü. Azərbaycan yas içində idi. Bundan istifadə edən erməni daşnaqları dalbadal hücumlar edir, “böyük qardaş” saydığımız rus ordusunun gücündən istifadə edərək torpaqlarınızı zəbt edirdilər. Nizami ordumuz yox idi. Özünümüdafiə dəstələri pərakəndə şəkildə düşmənin qabağına çıxmışdı. Çıxış yolları axtarılırdı. Bir yandan içimizdəki xainlərin torpağımızı parçalamaq istəkləri, bir yandan xain qonşularımızın ərazi iddiaları hamının canını boğazına yığmışdı.
Bu vaxtlar xeyriyyə təşkilatları yaranmağa başladı. Onlardan biri də Gəncəmizin Bağbanlar qəsəbəsində yarandı. Təşkilatın “Bağban” adlı çoxtirajlı qəzeti çıxmağa başladı. Əlimizdə həmin qəzetin iki nömrəsi var. İlk nömrəyə “Ön söz” diqqətimizi cəlb etdi.
“Bağman” xeyriyyə təşkilatının mətbu nəşrinin birinci nömrəsi ilk baxışda keçilməz görünən sədləri aşıb sizinlə görüşə gəlib. Arzumuz budur ki, bütün nömrələrimiz evlərinizin əziz qonağı, könüllərinizin həmdəmi, həyatda yol yoldaşınız, dərdli qapıların açarı, sevinclərin şəriki olsun. Əgər qaldırdığımız problemlərin həlli yolunda elliklə çalışsaq, ayrı-ayrı barmaqlar olduğumuz halda birləşib yumruğa dönə bilsək, sərtləşmiş və harınlaşmış üzdəniraq “üzüqaralar” da muma dönər.
Haqqı tələb etmək, dərdi lazım olan məqamda deyə bilmək də cəsarət istəyir. Qəzetimiz sizin bu cəsarətinizə inanaraq meydana çıxıb. Gücümüz sizinlə əməkdaşlıqdadır. Ümid edirik ki, sizin qələminiz siyasi həyatımızdakı kələklərin üstünü aça biləcək, social bəlalarımızın köklərini üzə çıxaracaq, ağı qaradan seçəcək, xeyirxah niyyətlərə yönələcəkdi. Gəncəmizin özü qədər qədim olan bağbanların adı ilə yaranmış xeyriiyə təşkilatımız və onun mətbuat nəşrinin məramı ancaq xeyirxahlıqdır. Babalarımızın açdığı cığırla gedirik. Ağsaqqal öyüdləri, ağbirçək nəsihətləri, gənclərimizin qurub yaratmaq eşqi, inam dayağımızdır. Fürsətdən istifadə edib qolumuzdan tutan, dumanlı yollarımızı işıqlandıran bütün xeyirxahlarımıza öz dərin minnətdarlığımizi bildiririk...”
Qəzetin ilk nömrəsində təşkilatın müəssisələrə, idarələrə, ticarət və ictimai iaşə işçilərinə, bütün xeyirxahlıq göstrərmək istəyənlərə müraciəti də dərc olunub.
Xeyirxahlıq babalarımızdan bizə miras qalmış, bu gun özünə “insanam” deyən hər kəsin yaşatmalı, etməli olduğu müqəddəs adətlərdəndir. Köməksiz və tənha adamlara, imkansız ailələrin xeyir və şər işlərinə köməklik göstərmək, yeniyetmələri pis əməllərdən çəkindirib xeyirxah işlərə cəlb etmək,uşaqların təhsil marağının artırılması məqsədilə onlara maddi yardımcı olmaq və digər xeyirxah işlər görmək üçün “Bağmanlar xeyriyyə təşkilatı” yaradılmışdır.
Yeri gəlmişkən bu müraciəti oxuyanda dönüb bugünümüzə baxdım. İqtisadi çətinliklərin baş alıb getdiyi indiki vaxtda xeyirxahlığa ehtiyacı olanlar azdımı? Məncə 25 il bundan əvvəl edilən müraciəti elə bugündə təkrar etmək yerinə düşər.
Qəzetin ilk nömrəsində Bağmanlar yaşayış massivinin ayrı–ayrı məhəllələri haqqında da maraqlı məlumatlar var. Yəqin ki, bir çoxları bu ərazinin Qaraməmmədli, Xəlfəli, Şabanlı, Qazaxlar, Mehramlı, Talalı, Həlvəsənli, Hacıqayıblı, Qızılqayalı, Totanlı, Qızılhacılı, Cavadbəyli məhəllələrindən xəbərsizdi. Mənə elə gəlir ki, toponimlərlə bağlı araşdırmalar aparan elmi işçilərimiz bu adların leksik mənasını müəyyənləşdirməyə çalışacaqlar.
Çinarlar haqqında çox yazılıb, ancaq bir çoxları bilmir ki, Gəncəmizin simvoluna çevrilmiş hər bir çinarın əzəmətində bir xeyirxah niyyətli insanın adı yaşayır. Haqqında söhbət açdığlmız qəzetin ilk nömrəsində “Çinarlar, çinarlar…” adlı məqalədə bu məsələ çox gözəl araşdırılıb. Məqalədə oxuyuruq: “İgidlərimizə, ərənlərimizə çinar ömrü arzulamışıq. Dünya görmüş el ağsaqqallarını, müdriklərimizi çinara bənzətmişik. Çinar haqqında əfsanələr yaratmışıq. Xanlar rayonu (indiki Samux rayonu) ərazisindəki 1500 yaşlı “Düldül” (red.) çinar İmam Həzrəti Əlinin əfsanəvi atı olan Düldülün adını daşıyır. Şəhərimizdəki Gəncəvi küçəsindəki çinar birlik və qüdrət rəmzi olan “yeddi qardaş” adı ilə məşhurlaşmışdır. Qızlarımızı “Çinarə”- deyə çağıranda ürəyimiz atlanib, Həcərlər, Nigarlar göz önünə gəlib.
Hər kim adını yaşatmaq istəyirsə, çinar əksin böyütsün. Çinar onu bitirənin adını yüz illər, min illər boyu yaşadacaq. Xəlfəli məhəlləsindəki Cəlil çinarı, 2 nömrəli mədəniyyət evinin qarşısındakı Xəlil çinarı, yaşıl aptekin önündəki Hacı Rəsul çinarı, Daş körpüdəki Mayıl çinarı, yeni qəbristanlığın qarşısındakı Məhəmməd çinarlarının yaşı yüz illərlə ölçülür.

Quruyan hər budaq, saralan yarpaq,
Sabaha ümidlə yumar gözünü.
Kökləri sıxanda qoynuna torpaq,
Pöhrə bitirməklə deyər sözünü.

Qədrini bilməsək yurd bizi qinar,
Bu yer hər ağacın öz diyarıdır.
Günəşdən nur əmib ucalan çinar,
Babaların bizə yadigarıdır...

Hər çinar öz adı ilə yanaşı, öz nəslinin adını da tarixə yazir. Çinarlar həmin nəslin adını yaşadır. Səbiskarın qarşısındakı Axundlular çinarı, Qırıqlı məhəlləsindəki Muradlılar çinarı kimi. Bəs, nəsillərin bu günkü övladları, baba yadigarlarının hamısını yaşada biliblərmi? Həmin çinarları namərd baltasından qoruya biliblərmi?
Ocaqverdilər çinarı ilə bağlı rəvayətlər bu gün də ağsaqqalların, ağbirçəklərin söz saxlancindadır. Həmin rəvayətlərdən biri:
Deyirlər ki, Hacı Kərim. Ocaq Qəmbər, Hacı Tağı və digər ağsaqqallar Ocaqverdilər çinarının kölgəsinə yığışıb sönbət edirlərmiş. Görürlər ki Uzun Nağı halı pərişan ağır-ağır addımlarla onlara sarı gəlir. Ağsaqqallar onun dərdini bilirlərmiş. Bilirlərmiş ki , arvadı rəhmətə gedib. Təklik kişini yaman hala salıb. Evlənmək fikri var. Ancaq gözaltı etdiyi dul qadın uzun Nağını qoca olduğuna görə ( kişinin altmışa yaxın yaşı var imiş) bəyənmir. Ona gəlmək istəmir.
Haci Bağır deyir:
– Ay Nağı, bizdən incimə. Sənin xatirinə elçiliyə də getdik, minnət də etdik. Neyləyək. arvad deyir ki, qocasan, odur ki, sənə gəlmək istəmir.
– Uzun Nağı bu sözlərdən alınır. Deyir: “Kimdi qoca? Qoca sizin kimi olar ki, yerinizdən tərpənə bilmirsiniz. Nə olub mənə ? Quş kimiyəm. Sonra onların söykəndiyi çinarın boyunu ölçürmüş kimi ayaqdan başa kimi süzür. İstəsəm bu çinarın lap ucuna çıxaram”.
Gülüşmə qopur. Uzun Nağı daha da hirslənir. Söz sözü çəkir, mübahisə uzanır.
Ətrafa səs yayılır ki, Uzun Nağı Ocaqverdilər çinarının lap təpəsinə çıxacaq. Arvad uşaq çıxır küçəyə. Ağsaqqallar deyirlər:
– Ay kişi, qoca adamsan, yıxılarsan, qol qabırğan sınar, bir dərddə üstəlik gələr, əl çək bu fikirdən. – Uzun Nağı cavab verir:
– Əgər bu çinarın zülləsinə çıxmasam dədəmin oğlu deyiləm.
Kişi başlayır qolunu çırmalayıb ağaca dırmaşmağa. De, bir… iki… üç… birdə baxırlar ki çinarın ən uca budağına çatıb.
Özü öz qüdrətinə heyran qalan Uzun Nağının səsi aləmi başına götürür:
– Həə… Necədi? Indi deyin görüm, siz qocasınız ya mən? İndi deyin görüm mən cavana o cavan dul qadın gələr, ya gəlməz?
Babaların ruhu şad olsun. Adlarını andıq. Bəs hanı Ocaqverdilər çinarı? Neçə yüzillik ağaca hansı qeyrətsiz qıydı? Həmin çinar 8 nömrəli məktəbin qarşısında idi.
Bu günkü adamların qıydıqları təkcə Ocaqverdilər çinarı deyil. Mahmudlular çinarı, Ozanlılar çınarı da namərd əllərin qurbanı oldu.El arasında deyirlər: çinara balta çalan öz ömrünə balta çalar. Təbiətin balasıdı hər ağac. Öz balasına qıymayan gərək o ağaca da qıymasın. Ağac da canlıdı insan kimi. O da nəfəs alır, böyüyür, bəhrə verir, yaşamağının mənasını insanlara xidmətində görür. Bəs biz necə? Onun qədrini bilirikmi?
Hər bahar çalınar çınarın toyu,
Yeni qüvvə gələr onun qoluna
Çinarlar boylanar min illər boyu
Onu əkib gedən igid yoluna
İgidlik, uzunömürlülük, müdriklik rəmzi olan çinarlara bugünkü qayğısızlığa heç nə ilə haqq qazandırmaq olmaz. Xəlil çinarının dibinə hər gün zibil qalaqlanır. Üstəik bəzən bu zibilə od vurulur. Çinar da qovrula-qovrula qalır, kövrəlir, göz yaşı tökür. Bizim amansızlığımızdan, laqeydliyimizdən gileylənir. Ancaq kökləri torpaqdan yapışıb ondan güc alır, birtəhər yaşayır, yana- yana yaşayır. Bu zülmə nə ad vermək olar axı?
Qazaxlar hamamı qarşısındakı çinarları əkən kişilərə bu ağacların kölgəsində əyləşib duncələnlər, çay içənlər “min rəhmət” deyirlər. Ancaq həmin çinarlardan nisbətən qocamanı laqeydlik üzündən qurumaqdadır. Gövdəsinə elektrik xətti ilə çalın-çarpaz dağ çəkilib o ağacın. Dərdinə, harayına yetən tapılmır.
Qəzetin nömrəsində “Adlarımız, soyadlarımız” sərlövhəli məqalədə də maraqlı bir mövzuya toxunulub. Məqalə maraqlı bir formada başlanır:
-A Qələm, Kombayn hələ yuxudan durmayıb?
-Yox, ay Kolxoz qardaş, tənbəlliyi tutub deyəsən.
-Oxşayır dədəsi Qılınc kişiyə. Yenə o biri qardaşı Kommunar bundan fərasətlidi.
Bu qisa müsahibədə adlarını çəkdiklərimi yəqin ki, ya tanıyir, ya da adlarını eşıtmişsiniz. Belə yerdə deyirlər: -övlad tapıb ad tapmayan səni…Həmin məqalə elə bu günümüz üçün də dəyərlidir.Adlarimizda, soyadlarımızda düzəlməli çox məsələlər var. Nədənsə bu iş ləng gedir.
“Bağban” Qəzetin ikinci nömrəsində “Torpağımız” başlıqlı məqalə bu günümüz üçün də öz əhəmiyyətini saxlayır. Torpağımızdan necə istifadə edirik? Vaxtilə Göygöl rayonuna aid olan “Bəhrambəy” adlı sahədə yetişdirilən üzümün sorağı Parisdə keçirilən beynəlxalq kənd təsərrüfatı məhsulları sərgisində ən yüksək mükafata layiq görülmüşdü. İndi həmin ərazidə “Təbriz” üzüm sortunun bir tinginə də rast gəlmək mümkün deyil. Fransizlar həmin üzüm tinglərini aparıb, əkib, becərib, bütün dünyaya üstünlüklərini göstərirlər. Biz isə onun kökünü kəsirik.Əhsən bizə! Qayğısızlıq, umutqanlıq olan yerdə belə olur.
Qəzetdə dərc olunmuş bir şeir diqqətimi çəkdi. Adı “Şəhidlikdən Novruzadək”dir.

Oddan yoğrulmuşları
Yatmış vulkanlar kimi
Yuxulardan oyadıb.
Yüzillik yaraların
Qaysağını qopardıb,
Doxsanın şəhidləri
Doxsan birin Novruzu.

Bu dünya bazarında
Təzə tək satılsa da
Astar deyərlər buna.
Göstərər siyasəti
Girsədə yeni dona,,
Doxsanın şəhidləri
Doxsan birin Novruzu.

Yurda kor baxanların
Caynaqları üzündən
Ruzi göyə çəkilib.
Gələn yüzilliklərin
Pöhrəsidir əkilib
Doxsanin şəhidləri
Doxsan birin Novruzu.

Tarixin döngəsində
Var ayrıca növrağı
Özgə hüsnü bu yazın
Səməni belindəki
Qırmızı lentə yazın
Doxsanin şəhidləri
Doxsan birin Novruzu.

“Bağban” qəzetinin nömrələrində bir çox maraqlı məqamlara toxunulub, bu günümüzlə səsləşən maraqlı yazılar diqqəti indi də cəlb edir. Mətbuat tariximizin yaxın 25 illik dönəmində bir daha belə bir qəzetin səhifələrini vərəqləməyə və bəzi yazılarını təkrar oxumağa nədənsə ehtiyac duyduq.

Nadir Ovçu




скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi