"Mən rinqlərdə böyümüşəm"



"Mən rinqlərdə böyümüşəm"
Martın 26-da peşəkar kikboksçumuz, Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin idmançısı, bir çox mötəbər turnirlərin qalibi olmuş “Lord” ləqəbli Ramal Aslanov Almaniyanın Koblens şəhərində K-1 versiyası üzrə dünya kəməri uğrunda son döyüşünü keçirdi.

Bakı vaxtı ilə gecə saat 04:00-da baş tutan döyüşdə təmsilçimizin rəqibi tanınmış idmançı, holland kikboksçusu Mervin Rozenstruik idi. Ramal beş raund davam edən mübarizədə qalib gəlməyi, dünya çempionu olmağı və kəməri Azərbaycana gətirməyi bacarır. Bu uğurla bağlı kikboksçumuzla və onun məşqçisi ilə əlaqə yaratdıq. Əvvəlcə gənclər və yeniyetmələr üzrə yığma komandamızın baş məşqçisi Hakim Hacıyev yarış barədə təəssüratlarını və sevincini bizimlə bölüşdü:

“Döyüşə çox ciddi hazırlaşırdıq və bilirdik ki, Almaniyaya nailiyyət qazanmaq üçün yollanırıq. Ramala çox inanırdım. Sağolsun, mənim inamımı doğrultdu. Amma sözün düzü, döyüşə saatlar qalmış mən bəlkə də, Ramaldan çox həyəcan keçirirdim. Döyüş boyu rinqin kənarında durub, sadəcə məsləhətlər vermək çox çətindir. Artıq dördüncü raundda hiss elədim ki, Ramal üstünlüyü ələ alıb və növbəti raundun sonunda o artıq qalib idi. Həmin an həm Ramalın, həm də mənim keçirdiyim sevinc hissi yerə-göyə sığmırdı. Şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı, vətənə üzüağ, kəmərlə dönmək nəsib oldu”.

Sonra Ramal Aslanovdan bizi maraqlandıran bəzi suallara cavab verməsini xahi etdik. Müsahibəni oxuculara təqdim edirik:

- Ramal, döyüşə necə hazırlaşırdın?

- Üç aydır ki, məşqçim Hakim Hacıyevin rəhbərliyi ilə çox ciddi formada ancaq bu yarışa hazırlaşırdım. Hər gün gündə bir dəfə, bəzən iki dəfə məşq edirdim. Rəqibimin indiyə kimi keçirdiyi döyüşlərə baxır, onun taktikası ilə tanış olur və zəif nöqtələrini tapmağa çalışırdım. Taktiki-texniki və fiziki hazırlığımla yanaşı həm də Hakim müəllimin rəhbərliyi ilə psixoloji cəhətdən özümü qələbəyə inandırırdım. Çünki artıq 10 ildən çoxdur idmandayam və əmin olmuşam ki, inam qələbənin yarısı deməkdir.

- Məşqçinin yarışqabağı sənə məsləhətləri nə olurdu?

- İlk növbədə həyacanlanmamağı məsləhət görürdü. Bundan əlavə o, sanki məni əsgəri döyüşə hazırlayırmış kimi hazırlayırdı. Hər məşq xatırladırdı ki, biz Almaniyaya ancaq qələbə üçün yollanacağıq. Nə olursa olsun dünya kəməri ilə qayıtmalıyıq. Döyüşə bir həftə qalmış, yəni ayın 20-dən etibarən zədə almamaq üçün demək olar ki, məşqlər etmirdim, məşqçim sadəcə mənimlə profilaktik söhbətlər aparırdı. Və şükürlər olsun ki, bütün bunlar öz bəhrəsini verdi.

- İndiyə kimi çox böyük uğurlar qazanmağın hamıya məlumdur. Bəs bu döyüşü sənin üçün digərlərindən fərqləndirən nə idi?

- Bu döyüş çox gərgin keçdi. Amma 10 ildir mən rinqlərdəyəm, bəlkə də bundan da çətin qarşılaşmalarım olub. Bu suala cavab vermək çətindir. Lakin dünya kəmərini qazanmağım ən böyük fərq oldu. Çünki indiyə kimi bu uğuru qazana bilməmişdim.

- Rəqibin də çox güclü idi.Onunla indiyə kimi qarşılaşmışdın? Taktikasına bələd idin?

- Xeyr. Bu onunla ilk görüşüm idi. Sadəcə döyüşlərini izləmişdim.

- Döyüşə bir neçə saat qalmış nə düşünürdün? Həyəcan çox idi?

- Ancaq qələbə və qələbədən sonrakı sevincləri, təbrikləri düşünürdüm. Həyəcan isə demək olar ki, yox dərəcəsində idi. Mən rinqlərdə böyümüşəm, artıq bu cür döyüşlərə alışmışam. Bilirəm ki, həyəcan, stress idmançıya ancaq mane olur, sanki əl-qolunu bağlayır.

- Ramal, karyeran ərzində bu döyüşü sənin ən böyük uğurlarından biri adlandırmaq olar?

- Əlbəttə. Bəlkə də ən böyüyüdür.

- Bu uğurun münasibətilə səni ilk təbrik edən kim oldu?

- Məşqçim. Daha sonra isə federasiya prezidentimiz cənab Adil Əliyev və mənə dəstək olmağa gələn Almaniyadakı həmvətənlərimiz.

- Hakim tərəfindən qalib kimi sənin əlin qalxanda hansı hissləri keçirirdin?

- Həmin anları sözlə ifadə etmək mümkün deyil. Sanki üç ay yox, illərdir hazırlaşdığım bir döyüşdə qalib gəlmişdim.

- Qarşıda səni hansı böyük yarışlar gözləyir?

- Gələn il Tatarıstanda İtaliya idmançısı ilə qarşılaşacam. O da çox böyük döyüş olacaq. Bir həftədən sonra məşqlərə başlayacam.

Kənan NOVRUZOV

"Mən rinqlərdə böyümüşəm"
"Mən rinqlərdə böyümüşəm"
"Mən rinqlərdə böyümüşəm"скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi