“Müharibə cazibədar, yararlı olmaq gözəldi” – Gənc şair



“Müharibə cazibədar, yararlı olmaq gözəldi” – Gənc şair
Bildiyimiz kimi Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunsa da, cəbhədə gedən döyüşlər və ordumuzun düşmənlə mübarizədə uğurlu əməliyyatları torpaqlarımızın hansı yolla olur-olsun işğaldan hazır etməyəhazır olduğumuzu göstərdi.
Böyük ruh yüksəkliyi təkcə sadə insanlar arasında deyil, eyni zamanda qələm adamları, jurnalistlər, şair və yazıçılar arasında da aydın şəkildə görünür. Onlar saytımıza verdiyi açıqlamarda torpaqlarımız uğrunda döyüşə hazır olduğunu bildirir, hətta səfərbərlik arzusunda olduğunu açıqca dilə gətirirdilər. Bəs iki dövlət arasında atəşkəs elan olunandan sonra gənclərimiz hansı hissləri keçirir?

Mövzu ilə bağlı AzNews.az-ın suallarını gənc şair Şəhriyar del Gerani cavablandırır:

– Şəhriyar, maraqlıdır, özünü vətənpərvər bir şair hesab edirsənmi?

– Mən vətəndaş olaraq vətənpərvərəm. Şairliyin bu hissə aidiyyəti yoxdur.

– Heç vətənə şeir yazmısan?

– Bir dəfə yazmışdım. Çox zəif alınmışdı. Bəxtiyar Vahabzadənin, Çingiz İldırımın, Əhməd Cavadın vətən haqqında hissiz, qurama şeirlərinə oxşadı, utandığımdan çapa vermədim...

– Bu mövzuda yaxşı şeir necə olur ki?

– Mənim şeir mütaliəm çox yaxşıdır. Dünyada elə bir şair olmaz ki, onun yaradıcılığından bixəbər olum. Nə sirdirsə bir dənə də olsun yaxşı vətən şeirinə rast gəlməmişəm. Görünür, vətənə şeir yazmaq olmur. Vətən haqqında ən gözəl şeir şəhidlik məqamına çatandan sonra adamların sənin haqqında səsləndirdiyi "Vətən sağ olsun" nidasıdır. Vəssalam!

– Vətən qarşısında borc deyəndə nəyi nəzərdə tutursan? Məsələn, biz nəyə görə vətənə borcluyuq?

– Özümü tərkib hissəsi hesab etdiyim hər şeyə, hamıya borclu hesab edirəm. Məsələn, mən evimi çox sevirəm. Evimdən ayrı heç bir yerdə rahat ola bilmirəm. Rahat kitab oxuya, yaradıcılıqla məşğul ola, əylənə, istirahət edə, çay içə, yemək yeyə bilmirəm. Mən evimin, bu balaca, xudmani, sevimli evimin tərkib hissəsiyəm. Buna görə ona borcluyam. Ol səbəb vaxtı-vaxtında ona baxıram, səliqəyə salıram, hava soyuq olanda isidirəm, isti olanda sərinlədirəm. Mənə verdiyi rahatlığa, komforta görə özümü ona borclu hesab edirəm. Eləcə də doğmalarıma, dostlarıma, əşyalarıma münasibətdə beləyəm. Vətən isə bütün bu sadaladıqlarımın mükəmməl, ilahi məcmusudur.

– Bəs sənin üçün bəşəri hisslər nədi? Doğrudanmı milli ola bilməyən bəşəri ola bilməz?

– Vətənpərvər olmaq həm vətəni sevməkdir, həm vətənpərvəri. Eləcə də milli olmaq milli qüruru olan, bu hissə sadiq olan hər kəsi sevməkdir. Milliyyətindən fərqi olmayaraq bütün vətənpərvərləri, bütün milli qürura sadiq olanları sevməkdir. Bax, mənə görə bəşərilik budur. Bunların üzərində düşünərək daha geniş, daha ətraflı danışmaq olar. Sadəcə ilk olaraq ağlıma bunlar gəlir, deyirəm. Yəni mən bir fransıza da, almana da, yəhudiyə də öz millətini sevdiyinə görə hörmət edirəm. Əl-əlbət, bir şərtlə ki, başqalarına münasibətdə adekvat olsunlar.

– Son günlər cəbhədə baş verən hadisələri izləyirsənmi?

– Mütləq izləyirəm.

– Həyəcanın varmı, hansı hissləri keçirirsən?

– Bir vətənpərvər insan nə hiss edə bilərsə, onları. Ən gözəli bu ki, adamların bir-birlərinə olan adsız nifrətlərinin adı tapıldı, təyinatı oldu. Daha hamını bir hiss birləşdirir - qələbə. Müharibənin ən gözəl tərəflərindən biri də budur - cəmiyyət katarsis keçirir.

– Belə bir şəraitdə müharibəyə getmək, döyüşmək, vuruşmaq heç ağlından keçirmi?

– Təkcə vətənpərvərlikdən dolayı deyil, həm də daxilən maraqlıyam müharibəyə. Bu maraq hissi məni heç vaxt rahat buraxmayıb. Müharibə mənə maraqlıdır.

– Bu maraq hissini necə izah eləyə bilərsən?

– İzahını tapmamışam. Çox yəqin iştirakçısı olmalıyam. Hərbi xidmətdən zövq almışam, bunu deyə bilərəm. Təxris olunanda ağlamışam. Sevərək xidmət etmişəm. Hərbi xidməti izah etmək asandı. Amma müharibənin cazibədarlığını izah edə bilmirəm.

– Sosial şəbəkələrdə “düşmən anası” mövzusu geniş müzakirə olunur. Şairsən, fikrin maraqlıdır, görəsən, müharibə vaxtı uzaqdan nişan aldığın əsgərinin anası sənin yadına düşərmi?

– Bu söhbət çox çeynənildi elə bil. Gəl belə danışaq: mənə görə düşmən anası deyə bir anlayış yoxdur, sadəcə düşmən var. Ya düşmənsən, ya da dost. Düşmənin anası da düşməndir, bacısı da, atası da.

– Səncə, niyə müharibədə həmişə yaralıların sayı ölənlərdən çox olur?

– Müharibənin də öz qanunları, öz mədəniyyəti, öz alicənablıqları var. Tərki-silah olmuş, yaralanmış əsgərin yanından keçib getmək kimi müthiş bir insani jest var. Şoloxov "Sakit Don"da göstərib bu əxlaqı. Maraqlananlar gedib oxusun.

– Maraqlıdır, kimsə desə ki, mən ölməkdən qorxuram, yaşamaq istəyirəm, canımı vətəndən də, torpaqdan da qiymətli hesab edirəm... O adama münasibətin necə olar?

– Ümumiyyətlə yararlı olmaq gözəl şeydir. Bunu deyən adam ölməkdən qorxursa, hər şeydən özü əzizdirsə, bunca eqoist həyat tərzi yaşayırsa, deməli, nəinki vətən üçün, bütün bəşəriyyət üçün yararsızdır. Dost üçün, sevgili üçün, valideyn üçün, övlad üçün yararsızdır. Belə birisinə münasibətim necə ola bilər? Yəqin ki, məlum.

– Bu cür fikirlər də səslənir. Vətəni niyə ancaq kasıb balası qorumalıdır? Bəs varlının balası? Səncə, bu düşüncə bizim həmrəyliyimizə ziyan gətirə bilərmi?

– Əlbəttə, xərçəng qədər təhlükəli düşüncədir. Vətəni qoruyanları sosial bölgüylə deyil, ruhani bölgüylə ayırmalı. Varlı-kasıb deyil, sevən-sevməyən bölgüsünə ayırmalı. Qoy vətəni sevənlər qorusun, sevməyənlərə ehtiyacımız yox. Mən hərbi xidmətdə də buna qarşı olmuşam. Heç vaxt düşünməmişəm ki, niyə mən günaşıra xidmətə çıxıram, şaxtada patrul oluram, qaravulda fərəqətdə dayanıram, hansısa vəzifəlinin, məmurun oğlu "piser"dir? Niyə mən kartof soyuram, kazarmanı süpürürəm, filan məmurun oğlu komandirin sürücüsüdür, bölüyə "Yat" komandasından sonra gəlir? Heç vaxt bu mənfur düşüncəni yaxına buraxmamışam. Əsgər yoldaşlarıma da bunu diktə etmişəm.

– Necə düşünürsən, bizim düşmənimiz erməni xalqıdı, yoxsa erməni əsgəri? Yoxsa Ermənistan prezidenti?

– Bizim düşmənimiz təbii sərvətlərimizdir...

– Yəni?

– Yəni Rusiyanın əzəli və deyəsən əbədi düşmənliyinə, talanediciliyinə də ilk səbəb budur. Ermənilər xırda millətdir. Ermənilər bizim düşmənimiz olacaq qədər böyük deyillər. Mənə elə gəlir dünyada erməni milləti olmasa bu, gözəlim bəşəriyyət heç nə itirməz. Rusiya məsələsi uzun-uzadı siyasi təhlilin mövzusudur. Bu barədə xeyli danışılıb, mən də yoruculuq və təkrarçılıq etmək istəmirəm. Rusiya mövzusunda sular həddindən artıq durulub.

– Təsəvvür elə Şuşada, Cıdır düzündə dostlara qonaqlıq verirsən, necə hissdi?

– Qonaqlığı Salam Sarvan versin, maşın mənlik. Onsuz da maşın sürə bilmir, bizlə gedəcək. Amma, əla qonaqlıq verməyi var. (gülür)

– Evdə kompüterin var? Müsahibəni yığım göndərim baxırsan, yoxsa?

– Ehtiyac yoxdu. Necə danışmışıq elə getsin. Amma səndən bir xahiş edim.

– Buyur...

– Sənin qələmin yaxşıdı. Bir siqnal məqalə yaz, qoy səlahiyyətli şəxslər tədbir görsün - o Vahidlə Mirşahin barəsində. Vahid gedib Tapqaraqoyunluda oyun çıxardı, sadə kənd adamlarını dolayıb, videoya çəkdirib yayımladılar. Hərbi sirr-zad qalmadı. Yaz, qoy onları bundan sonra ön xəttə-falana buraxmasınlar...

– Yazaram, amma bir problem çıxsa deyəcəm ki, yazı Şəhriyarın xahişidi...

– Sən yaz...

Kəramət Böyükçöl
AzNews.azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi