Vitse-spiker: "Gözləntimiz münaqişənin dondurulması deyil, həllidir" ŞƏRH



Vitse-spiker: "Gözləntimiz münaqişənin dondurulması deyil, həllidir" ŞƏRH
“20 ildən artıq zamandır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yüzlərlə görüşlər keçirib. Təəssüf hissi ilə qeyd edirəm ki, onların regiona səfərlərindən gözləntilərimiz böyük olsa da, heç bir nəticə vermədiyinin şahidi olmuşuq”. Bu fikirləri SİA-ya Milli Məclisin vitse-spikeri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Bahar Muradova ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərini şərh edərkən deyib.

Vitse-spiker bildirib ki, bu illər ərzində beynəlxalq müstəvidə keçirdiyimiz görüşlərdə vurğuladığımız fikirlər bu gün öz təsdiqini bir daha tapdı: “Biz dəfələrlə vurğulayırdıq ki, Dağlıq Qarabağ münaqişəsi bu şəkildə davam edə bilməz, Azərbaycanın səbri hüdudsuz deyil, Azərbaycan öz torpaqlarının erməni təcavüzkarları tərəfindən darmadağın edilməsinə, işğal altında saxlanmasına dözməyəcək. Həmçinin Azərbaycanın öz ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verməyəcəyi, öz vətəndaşlarının Ermənistan ordusunun təxribatları nəticəsində həyatlarını itirməsinə sonsuzadək dözməyəcəyi bəlli idi. Çox təəssüf ki, biz bu fikirləri söylədiyimiz zaman deyil, konkret addımlar atıldıqdan sonra həmsədrlər bölgəyə Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı bir dəyişiklik etmək niyyəti ilə gəliblər. Hər halda bəyan etdikləri budur. Əllərində hansı həll variantları olduğu hələ ki, məlum deyil, amma cəbhə xəttindəki son hadisələrdən bir çoxlarının narahat olduqları verdikləri bəyanatlardan açıq şəkildə sezilir. Azərbaycan ordusunun erməni təxribatlarına layiqli cavabı təbii ki, bu insanları narahat edə bilməzdi. Əlbəttə ki, biz onları dinləmək niyyətində deyilik. Çox istərdik ki, bir sıra məlum beynəlxalq təşkilatlar, o cümlədən də ATƏT status-kvonun dəyişməsinə, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasına nail olsunlar. Hesab edirəm ki, əgər ATƏT növbəti dəfə regiona səfər edib, yenə tərəfləri sakitləşdirib, atəşkəsin əldə olunmasına nail olmağa çalışmaqla kifayətlənəcəksə, o zaman gözləntiləri doğrulmayacaq. Düşünürəm ki, Azərbaycan öz mövqeyində haqlıdır. Bundan sonra yeni mərhələdə yanaşmalar yalnız beynəlxalq hüququn prinsiplərinin tədbiq olunması, beynəlxalq təşkilatların sənədlərində müəyyən müddəların yerinə yetirilməsi, Azərbaycan ərazisindən Ermənistan qoşunlarının son nəfərinin çıxması məsələsi ortaya qoyulmalıdır. Azərbaycan tərəfi indiyədək danışıqlar prosesində səbrlə, dözmlə iştirak edirdisə, vasitəçilərin bu məsələdə fəallığını təminn etmək üçün öz üzərinə düşən vəzifələri yerinə yetirirdisə, bundan sonra da bunu davam etdirmək niyyətindədir. Yalnız bir şərtlə ki, Azərbaycan ərazisində bir dənə də Ermənistan əsgəri qalmasın. Ondan sonra Azərbaycan dövləti müvafiq addımların atılmasını təmin edə bilər”.

Bahar Muradova vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ATƏT-in Minsk qrupundan hansı təkliflər olacaqsa, Azərbaycan da ona açıq olacaq: “Gözləntimiz münaqişənin dondurulması yox, həllidir”.

Vitse-spiker eyni zamanda deputat seçildiyi Füzuli rayonuna səfərindən də danışaraq bildirib ki, təmas xəttində yaşayan əhali yüksək əhval-ruhiyyədədir: “Demək olmaz ki, həyacan yoxdur. Amma ümumi əhval-ruhiyyə gözlədiyimizdən də yüksəkdir. Bu, qələbə əhvalıdır. Vətəndaşlarımızın cəbhəyanı kəndlərdə yaşayışını təmin etmək üçün Azərbaycan ordusu öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələ bildi. Bununla da düşmənə öz yerini, onların havadarlarına isə nə etməli olduqlarını göstərdi.Hesab edirəm ki, başlanan yeni prosesdə insanların mövqeyindən çox şey asılıdır. Biz də gözlədiyimiz, istədiyimiz, arzuladığımız mövqeyi xalqımızdan gördük. Azərbaycanın bütün regionlarında, paytaxt Bakıda insanlar Azərbaycan ordusunun qazandığı qələbəni böyük ruh yüksəkliyi ilə qarşılayırlar”.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi