Gənclər gününüz kutlu olsun dəyərli gənclər-Məryəm Əliyevanın təbriki



2 fevral gənclər günüdür! Əslində bu günün anlamını bir günə sığdırmaq mümkün deyil-anlamağı bilən üçün. Son illərə nəzər salsaq biz gənclərin texnologiyanın yüksək pilləsində durduğunu görərik. Bu bizlərə sosiallaşmağı, öyrətmə və öyrənmə bacarıqlarına yiyələnməyi, dünya gəncləriylə qarşılıqlı əməkdaşlığı qurmağa böyük köməklik etmiş oldu.

Bütün bu müsbət nəticələr cəmiyyətin içərisində büdrəməyən gənclərin əzmlə həyat yollarını yürüməsinə səbəbiyyət vermiş oldu ki, gənclərimizin içərisində elmin və idmanın ayrı-ayrı sahələrində fəaliyyət göstərənlər dünya miqyasında üçrəngli bayrağımızı ön sıralarda dalğalandıra bildi. Sevindirici və qürurverici haldır. Lakin gəlin görək belə üstün keyfiyyətləri özündə daşıya bilən gənclərimizin sayı cəmiyyətdə nə qədərdir? Təssüf hissi ilə deyərdim ki, çox az faiz təşkil edir. Nədənmi? Öncə yetkinlik yaşına çatmayan gənclərin sosial şəbəkələrdən doğru istifadə etməməsindən. Məsələn, bir qız övladın atası-babası yaşında olan bir məxluqla yazışmasından, qeyri-etik şəkillərin göndərilməsindən, sonradan o şəkillərin yayılması təhdidindən tutmuş—-hələ 12 yaşına çatmamış o məxluqlar tərəfindən məhv olaraq ya özünü öldürməsi, ya ailəsi tərəfindən öldürülməsi, ya da hər şeyi gizlədərək bir gün bətnindəki döyüntünü hiss edərək —bir mağazaya, bir məscidə, bir uşaq evinə zavallı, dünyadan bixəbər körpəni atmasınadək! Və yaxud da daha 15 yaşına çatmamış oğlan övladın özündən dəfələrlə böyük olan bir məxluqla gizli görüşmələrindən tutmuş—onun təmin etdiyi içkilərlə, siqaret qutularıyla, ən axırda da narkotik vasitələrlə zəhərlənmiş vücudunu ya xəstəxana küncünə atılmış çarpayıda, ya gecənin birində boynuna saldığı kəndirdə, ya da bir avtomobil nömrəsinin üzərində qan izləri tökülənədək! Dəhşət deyilmi? Günahkar kim? Siz valideynlər. Bilirsizmi niyə? Çünki qonşudan geri qalma prinsipiylə hər biriniz yetkinlik yaşına çatmamış övladınıza smartfon telefonlar hədiyyə edə bilirsiz—nə deyim, rəbbim ruzinizi bol eləsin. Ancaq ondan sonra övladınız nəzarətsiz qalır, sonrası isə məlum.

Hələ bu yaşımda belə evdən çıxanda anamdan izn alıram, evə vaxtında gəlirəm. Yaşıdlarımın çoxu gülür əlbəttə—qoy gülsünlər. Onlar gecədən səhərə əyləncə mərkəzlərində eyş-işrətlə məşğul olsunlar, mənsə—anamın əliylə bişirdiyi yeməkdən bir nimçə nuş edə bilirəmsə xoşbəxtəm. Niyəmi? çünki belə tərbiyə ilə böyüdüb o insan məni və mən kimi yüzlərlə gənci. Kim nə deyir, desin tərbiyənin əsası evdən gəlir əzizlərim.

Ensiklopediyada bir yazı oxumuşdum: Zəkəriyyə əl -Qəzvini ərəb tarixçisidir. Hələ məktəb oxuyarkən məktəb yoldaşlarıyla bir yerdə otururlar. Uzaqdan bacısının gəldiyini görür və ayağa qalxır, bacısı keçənədək əyləşmir. Dostları sual edir: Axı nədən belə etdin? Tarixçi söyləyir ki, özündən böyük bacısı keçdiyinə görə ayağa qalxaraq ona qarşı hörmətinin böyüklüyünü göstərir. Dostlardan biri gülərək deyir: O ki, səndən 9 ay böyük. Tarixçi gülümsəyərək deyir—Amma o böyük, mənsə kiçik!!!!!!

Nə qədər böyük və dərin sözlər! Gəlin görək indiki gəncliyin çoxu buna nəzarət edirmi?-Əsla! Yenə də bunun səbəbi ailədən başlayır. Bir ailədə ailə başçısı olan böyüklər-ata, ana, nənə, baba otağa daxil olanda uşaqlar ayağının çarpayının başına qaldıraraq uzanmağına davam edirsə, qızlar anasının düz qarşısında ənlik-kirşan vurursa və ya gözəllik salonlarında yarı çılpaq gəzə bilirsə, oğlanlar ata ilə qabaq-qənşər siqaret çəkib, içki şüşəsini toqquşdurursa hansı tərbiyədən nəyi, və necə danışmaq olar? Və ya küçə boyu düzülərək anası yaşında qadınları alıcı gözlə süzə bilən oğlanların saqqız gövşəyə-gövşəyə, təsbeh əlində, qaşları incəlmiş, saqqalı yar-yarımçıq, telləri gözünə düşərsə—ondan gələcəkdə hansı kişi formalaşmasını gözləyəsən. Ya da ki, 14 yaşındakı məktəblinin 50 sm-lik yubkasını dartışdıra-dartışdıra ayağında az qala 1 metrlik hündür dabanlı çəkməsini taqqıldadaraq ən bahalı markalı maşınlara minə-minə qaqqıltıyla gülməsini gördükdən sonra gələcəkdə hansı ananı görə biləcəyimizi fərz edək? Sadəcə heç nəyi.

Gələcəyimizin məhvini seyr edə-edə bir günə sərf etdiyimiz təmtərağı evimizdəki tərbiyə formasını müsbət tərəfə dəyişməyə çalışmalıyıq məncə. Tərbiyə yalnız insanın sözündə deyil, davranışında, səbrində, hörmətin dərəcəsində olmalı.

Əgər bunları dərk edə bilsək nələrisə hələ də dəyişə bilərik. Yoxsa ki, üzümüzə dişlərini ağardan, haqq aşığı kimi böyükləriylə deyişən, böyüklərin ayaqüstə olduğu zaman həyasızcasına ayağını üst-üstə aşıran, özündən neçə yaş böyüklərinə utanmadan cavab qaytaran oğlan və qızdan nə özlərinə, nə ailələrinə, nə də cəmiyyətin gələcəyinə heç bir xeyir gəlməz. Əksinə -onsuz da tükənmək üzrə olan insanlıq tamamilə silinər!

Son olaraq —sözün əsl mənasında gənc adını ləyaqətlə daşıya bilən nəinki yaşına görə, həm də ruhuna görə gənc olan gəncləri təbrik edirəm!
GÜNÜNÜZ MÜBARƏK ƏZİZ GƏNCLƏR!

Məryəm Əliyeva

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi