Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə bağlı komissiya yaradıldı



Fevralin 3-də Azərbaycan Qaçqınlar Cəmiyyəti İdarə Heyətinin geniş tərkibdə iclası keçirilmişdir. Cəmiyyətin fəallarının və ziyalıların nümayəndələrinin də iştirak etdiyi iclasda qaçqınların sosial problemləri hərtərəfli müzakirə edilib.Bu barədə Azərbaycan Qaçqınlar Cəmiyyətinin Mətbuat Xidmətindən Analoq.az - a bildiriblər ki, son zamanlar Bakı şəhərindən və bölgələrdən Cəmiyyətə daxil olan müraciətlərin çoxalması müvafiq dövlət qurumlarının qaçqınların problemlərinə illərdən bəri laqeyd münasibətinin nəticəsi kimi qiymətləndirilmişdir.

Azərbaycanda məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində dövlətin atdığı addımları yüksək qiymətləndirən çıxışçılar məcburi köçkünlərlə eyni faciəli taleyi yaşayan Qərbi Azərbaycan qaçqınlarının bu qayğıdan tamamilə məhrum olduğunu böyük təəssüflə qeyd etmişlər.

Yaranmış vəziyyətin arzuolunmaz həddə çatdığını vurğulayan tədbir iştirakçıları qaçqınların sosial problemlərinin monitorinqini keçirmək məqsədilə konkret addımlar atılmasının zəruriliyi qərarına gəlmişlər. Tədbirin sonunda qaçqınların problemlərini araşdırmaq məqsədilə doqquz nəfərdən ibarət Komissiya yaradılmışdır.
Komissiyanın tərkibinə AQC rəhbərliyi, qaçqınların nümayəndələri və ziyalılar daxil edilmişlər. Komissiyaya qaçqınların problemlərinin real vəziyyəti ilə bağlı geniş hesabat hazırlamaq tapşırılmışdır. İlk addım olaraq Komissiya Qərbi Azərbaycan qaçqınlarına Müraciət qəbul etmişdir.


Analoq.az Qərbi Azərbaycan Qaçqınlarının Problemləri üzrə komissiyasının qaçqınlara müraciətini təqdim edir:

Əziz soydaşlar, 30 il bundan əvvəl biz Qərbi Azərbaycanlılar tarixi taleyimizin ən faciəli dövrünü yaşadıq – ata-babalarımızın qanı və canı ilə Vətən etdiyi və bizə miras qoyduğu doğma yurdlarımızı itirdik. Buna görə o vaxt bizi qınayanlar da oldu.

Amma biz 1988-ci ildə ona görə soyqırımına və deportasiyaya məruz qaldıq ki, xalqımızın Qarabağ dərdinə laqeyd olmadıq, ermənilər Azərbaycandan Qarabağı tələb edəndə biz “Ermənistanda” ermənilərə qarşı Qarabağ uğrunda mübarizəyə qalxdıq. Lakin bizə heç kəs sahib çıxmadı, o vaxtkı Azərbaycan rəhbərliyindən bizə heç bir dəstək gəlmədi. Biz yiyəsizliyin qurbanı olduq.

Bununla məsələ bitmədi. Xalqımız bizi bağrına bassa da, o vaxtkı bəzi məmurlar Azərbaycanda da bizi xoş qarşılamadı. Erməni hücumundan xilas olub, ailəsini Azərbaycana qaçıranlarımızın qarşısını yollarda kəsdilər, qatarla gələnlər Bakıya çatmasınlar deyə qatarları yarıyolda saxlayıb arvad-uşağı qatardan düşürdülər, bəzi rayonlarda qaçqın ailələri erməni kəndlərinə buraxılmadığından günlərlə kəndin kənarında açıq havada gecələməli oldular.

Biz bunları yaşadıq. Lakin yenə də Millət dedik, Vətən dedik, Azərbaycan dedik. Azərbaycanın ərazi bütövlüyü uğrunda silaha sarıldıq, Qarabağın hər qarış torpağı uğrunda döyüşdük, hər cığırında şəhid verdik. Bunu özümüzə vətəndaşlıq borcu, Şərəf işi bildik.

Az sonra ermənilər torpaqlarımızın 20 faizini işğal elədi, Azərbaycanı yeni qaçqın dalğası bürüdü. Amma tezliklə biz ikinci növ qaçqına çevrildik, “Azərbaycan qaçqınlarını” bizdən fərqləndirmək üçün bir “məcburi köçkün” termini ortaya atıldı. Qaçqınlıq təcümeyi-halımızda cəmi 3-4 il fərq olsa da, 18 il əvvəl əsassız olaraq bizim bütün hüquqlarımız, o cümlədən sosial güzəştlərimiz ləğv edildi. Bu, həm beynəlxalq hüquqa, həm Azərbaycan qanunlarına, həm insanlıq qanunlarına, həm də böyük uzaqgörənliklə “qaçqınlıq statusumuzu” və tarixi yurdlarımıza qayıtmaq hüququmuzu qanunla təsbit edən Ulu Öndər Heydər Əliyevin tövsiyələrinə və dəfələrlə yüksək tribunalardan “İrəvan, Göyçə, Zəngəzur bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq, bu, bizim starteji hədəfimizdir” deyən cənab prezident İlham Əliyevin siyasətinə ziddir.

Təəssüf ki, bu gün Azərbaycanda Qərbi Azərbaycan qaçqınlarının heç bir qaçqınlıq hüququ qorunmur, onların problemləri ilə məşğul olan heç bir dövlət qurumu yoxdur, Qərbi Azərbaycan torpaqları heç bir beynəlxalq danışığın predmeti deyil, Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımının 30 illiyinin, 1948-ci il deportasiyasının 70 illiyinin üstündən hökumət sükutla keçir.

Bütün bunlar Qərbi Azərbaycan torpaqlarını Millətə unutdurmaq siyasətindən başqa bir şey deyil və 250 min Qərbi Azərbaycan qaçqınına həqarətdir.

Əziz soydaşlar, bu gün Azərbaycan Qaçqınlar Cəmiyyətinin təşəbbüsü ilə qaçqınların problemləri üzrə Komissiya yaradılmışdır. Məqsəd qanuni hüquqlarınızın bərpasına nail və sosial problemlərinizin həllində sizə yardımçı olmaqdır. Ona görə də sizə müraciət edirik, özünüzün və övladlarınızın ev, mənzil-məişət, torpaq sahəsi, iş, təhsil, səhiyyə və s. istənilən problemi ilə bağlı məktubla bizə müraciət edin, biz sizə yardımçı olmağa çalışacağıq.

Ünvanımız: Az 1069. Bakı şəhəri, Ziya Bünyadov prospekti 48/54, Azərbaycan Qaçqınlar Cəmiyyəti.

QAÇQINLARIN PROBLEMLƏRİ ÜZRƏ KOMİSSİYA

Analoq.az





скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi