Laçında eyni döyüşdə həlak olan şəhidlərin anım tədbiri keçirildi



811 saylı Laçın dağ-atıcı alayının şəhid döyüşçüləri Quliyev Mehman, Tağıyev Raqif və İsmayılov Nəbi Şəhidlər xiyabanında anıldı.

Analoq.az xəbər verir ki, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin təşkilatçılığı ilə iyulun 14-də Şəhidlər Xiyabanında 811 saylı Laçın dağ-atıcı alayının şəhid olmuş əsgərləri Quliyev Mehman, Tağıyev Raqif və İsmayılov Nəbinin anım tədbiri keçirilib. Anım tədbirində şəhidlərin ailə üzvləri, onlarla çiyin-çiyinə savaşmış döyüş yoldaşları iştirak ediblər. Qəhrəman vətən övladlarının xatirəsini yad edərək şəhidlərin məzarları üzərinə tər qərənfillər düzüblər.

Daha sonra Qarabağ uğrunda döyüşlərdə iştirak edən qazilər şəhid döyüşçülərimizin həyatından, keçdikləri döyüş yolu ilə bağlı xatirələrindən danışıblar.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin sədri Babək Aslanov Azərbaycanda şəhidlərin xatirəsinə, şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan söz açaraq bu mənada Laçın rayonunun seçilən rayonlardan olduğunu bildirdi: “Şəhidlərimizin xatirəsi hər birimiz üçün müqəddəsdir. Mehman, Raqif və Nəbi qısa, lakin şərəfli bir ömür yaşadılar. Onlar Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban veriblər. Onların döyüş yolu böyüməkdə olan gənc nəslə örnəkdir. Qeyd etmək istəyirəm ki, sədri olduğum ictimai birliyin təşkilatçılığı ilə biz tez-tez şəhid ailələrinə baş çəkirik, xüsusi anım günlərini keçiririk. Hesab edirəm ki, şəhidlərimizi yad etmək, onların xatirəsini uca tutmaq hər birimizin ən müqəddəs borcudur. Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə dövlətin xüsusi diqqət və qayğısı var. Şəhid ailələrinə göstərdiyi diqqət və qayğısına görə, təşkilatımız adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm və biz, keçmiş döyüşçülər vətənimizin ərazi bütövlüyünun təmin olunması üçün hər an onun əmri ilə silaha sarılmağa hazırıq”.

Çıxışlarda vurğulanıb ki, torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.

Tədirdə çıxış edən Laçın alayının keçmiş qərargah rəisi olmuş Rafiq Nağıyev bildirib ki, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq hər kəsin vətəndaşlıq borcudur:
“Biz hələ aktiv müharibəyə qədər ermənilərə yaxın kəndlərimizdə xeyli sayda şəhidlər vermişdik. Çox qısa bir zaman içərisində Laçında nizam-intizamlı hərbi hissə yarada bildik. Biz hərbi hissə olaraq formalaşa-formalaşa həm də döyüşlərdə iştirak edirdik. Ermənistanla döyüşə girmək üçün təxminən 35 km-lik təmas xəttimiz var idi. Dağlıq Qarabağın ermənilər yaşayan kəndləri ilə isə 32 kilometrlik xəttimiz var idi. Bütün bunları deməkdə məqsədim budur ki, həmin dövrdə hərbi texnika və silah çatışmamazlığı torpaqlarımızın müdafiəsini təşkil etməkdə çətinlik yaratsa da, qəhrəman oğullarımız Laçının müdafiəsi üçün vuruşurdular. Aprel ayının 30-da Elbrus Orucovun hərbi hissəmizə gələrək bizə təqdim etdiyi əmrdə göstərilirdi ki, 811 saylı Laçın alayı ləğv edilib. Biz Laçın alayının əmrlə ləğv olunmasına baxmayaraq, sonra da döyüşləri davam etdirirdik. Mehman, Raqif və Nəbi yaxın dost idilər və eyni gündə, iyulun 14-də Laçın Səfiyan kəndi uğrunda gedən döyüşlərdə şəhid oldular. Onların qəhrəmanlığı heç vaxt unudulmayacaq”.

Daha sonra çıxış edən Laçın polis taborunun komandiri Çingiz Abbasov şəhidlərin xatirəsinin daim yad edildiyini, onlara və ailəsinə dərin ehtiram göstərildiyini diqqətə çatdırıb:
“Azərbaycanın ən çətin anlarında hər üç dost vətəndaşlıq nümunəsi göstərərək silaha sarılıb vətənin müdafiəsinə qatılmışdılar. Onların həyat və döyüş yolu həmişə gənclər üçün nümunə olacaq, əbədi olaraq yaddaşlarda yaşayacaq. Şəhid olan qardaşlarımızın qanı yerdə qalmayacaq. Biz müharibə görmüş adamlarıq və Qarabağda müharibə başlayacağı təqdirdə yenidən döyüşmək əzmindəyik. Son sözümüzü Laçında deyəcəyik”.

Məlumat üçün bildirək ki, hər 3 dost - Raqif Tağıyev, Mehman Quliyev, Nəbi İsmayılov vətənin müdafiəsinə 811 saylı Laçın Alayının tərkibində qatılmışdılar. 1992-ci iyul ayının 14-də Laçın rayonunun Səfiyan, Suarası və Fərəcan kəndləri uğrunda gedən döyüşlərdə şəhid olublar. Raqufla Mehman Bakı şəhəri, Nəbi isə Ağcabədi rayonunun Şəhidlər xiyabanında dəfn olunub. karabakhmedia.az

Analoq.Az

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi