Əli Kərimlini istefaya çağıranların arasında siyasi liderlərin də olması əslində məsələnin ciddiliyini daha da artırır



“Yurd” sədrinin sabiq müavini Fuad Qəhrəmanlının ailəsində baş verənlərdə lideri Əli Kərimlinin məlumatlı olması, kömək umulmasına baxmayaraq bilərəkdən və ya bilməyərəkdən hərəkətsizliyi Selcan Yağmurun yazdığı məktubda öz əksini tapıb.

Selcan Yağmurun yazdığı məktubda ailə faciəsinin bir çox detalları, o cümlədən ailədaxili zorakılığa Əli Kərimlinin haqq qazandırdığı xüsusi ilə vurğulanır. Məsələnin qısa zamanda ölkə miqyasında gündəmə gəlməsi Fuad Qəhrəmanlının istefasına səbəb oldu və o, bununla əslində yenə də bütün baş verənlərə işıq tutan Əli Kərimlini qorumağa çalışdı. Çünki məktubdan sonra hər kəsdə Əli Kərimlinin olayların mərkəzində yer aldığını bildi və buna görə də onun da istefaya getməsi ilə bağlı çağırışlar eşidildi.

Fuad Qəhrəmanlının istefası da bu çağırışları səngitmədi və əksinə Əli Kərimliyə qarşı istefa çağırışları daha da geniş vüsət aldı.

Əli Kərimlini istefaya çağıranların arasında siyasi liderlərin də olması əslində məsələnin ciddiliyini daha da artırır.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev də Əli Kərimlini istefaya çağırdı.

O, açıqlamasında bildirib ki, AXCP mütləq şəkildə bütövləşməli, mübarizə təmərküzləşməli, Elçibəysevərlər bir çətir altında birləşməli və Əli Kərimli istefaya getməlidir. Çıxış yolu budur!

Razi Nurllayev xalqa, ziyalılara da müraciət edib: “Xalqın da üzərinə bu sahədə missiya düşür. Əziz ziyalılar, siyasətçilər, fəallar! Əli Kərimlini istefaya səsləyin!”

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər də sözügedən məsələyə münasibət bildirib. O, Əli Kərimlini birbaşa istefaya səsləməsə də, deyib ki, ailədaxili münaqişələri zorakı yolla həll edən şəxsləri heç kim ətrafına buraxmamalıdır: “Bu bir hadisəyə, bir adama, bir quruma aid yazı deyil. Mən Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri kimi bəyan edirəm ki, MSDM-də ailəiçi şiddətə yol verən və yaxud belə hadisələrə loyal yanaşan kimsə varsa özü bizdən kənarlaşsın. Biz belə birini görsək, onu kənarlaşdıracağıq. Mənə doğma Müsavat Partiyasından başlamış bütün qurumlara da belə mövqe bildirməyi tövsiyə edirəm. Özündən zəifə zor göstərənin özünü insan hesab etməyə haqqı yoxdur!"

Azərbaycan Milli Məclisinin keçmiş spikeri, hazırda Amerikada yaşayan Rəsul Quliyev də “Yurd” sədrini istefaya çağıran siyasilər siyahısındadır. Rəsul Qurliyev deyib ki, əgər Əli Kərimli gerçəkdən Fuad Qəhrəmanlının xanımını şiddətə dözməyə və boşanmamağa çağırıbsa istefa verməlidir".

“Oyan” hərəkatının liderlərindən olan Nahid Cəfərov də Əli Kərimliyə istefaya çağırış edənlərdəndir. O, Əli Kərimli, Fuad Qəhrəmanlı və Səadət Cahangirin siyasətdən getməli olduqlarını vurğulayıb:

“Fuad Qəhrəmanlı, Əli Kərimli və Səadət Cahangir (əgər vəzifəsi varsa) dərhal istefa verib siyasətdən getməlidirlər. İndi Əli Kərimlinin tərəfdarları gündəmi dəyişmək üçün əlindən gələni edəcəklər, buna uymayın. Bu, bir daha göstərir ki, bu insanlar saxtadırlar və onların apardıqları mübarizə də saxtadır”.

Siyasi liderlərlə yanaşı demokratik düşərgəyə daxil olan fəallar, bloggerlər, jurnalistlər də ailədaxili zorakılığı pisləyən, buna göz yumanların, dəstək verənlərin ifşa olunmasına çağırışlar edir. Avropada yaşayan blogger, sabiq məhbus Emin Milli isə “Yurd” sədri ilə bunları bağlı yazıb:

“Selcanın dediklərinə görə, Əli Kərimli onun anasına boşanmaqdan vaz keçməyi, uşaqlarının gələcəyi haqqında düşünməyi məsləhət bilib. Mənə görə bu cinayətə bəraət qazandırmaqdır, zorakılığı dəstəkləməkdir. Dizini sındıran atası ilə o qızının hansı gələcəyi ola bilər? Normal bir ölkədə Əli Kərimli belə fikirlərə görə hamıdan üzr istəyib istefa verməli idi, “Yurd” üzvləri Fuad Qəhrəmanlının və Əli Kərimlinin istefalarını tələb etməli idilər. “Yurd”-un liderlərinin azadlıq, insan haqqları, demokratiya haqqında danışmaqa heç bir mənəvi haqqları yoxdur. Bu iyrəncliyi dəstəkləyən, müdafiə edən istənilən şəxs potensial cinayətkardır və totalitar düşüncəli məxluqdur”.

Jurnalist Vüsal Məmmədov və Oktay Hacımusalı da “Yurd” sədrini istefaya çağırıb.

Bütün bunlarla yanaşı Əli Kərimlinin öz komandasında yer alan jurnalistlər Seymur Həzi və Milli Şura təmsilçisi Xədicə İsmayıl isə zorakılığı pisləyən statuslar yazıb. Xədicə İsmayıl Əli Kərimlinin tərəfdarlarına xitabən yazıb: “Bu mövzuda Selcana hücum çəkmək çox ayıbdır. Onların şərhləri ilə partiyalarına vurduqları ziyan daha böyükdür.Selcan dürüst və güclüdür. İntellektual bazası da çoxlarından yüksəkdir. Bu partiya olayı deyil, o zaman bir zəhmət, “yurd”çular yığışsın söhbətdən. Cinayətkara sahib çıxan cinayətə də sahib çıxır”.

Seymur Həzi isə yazıb: “Selcanın yazdıqları məni xeyli üzüb. Heç bir şərh verə bilmirəm, ancaq, mən həmişə qadının, ananın tərəfindəyəm, başqa qərarları isə hər kəsin vicdanı verməlidir”.

Maraqlıdır ki, Əli Kərimli istefa çağırışlarına, sərt tənqidlərə heç bir məhəl qoymur, özünü “günahsız” obrazında göstərməyə çağırır. Hətta Əli Kərimli sözügedən məsələyə münasibət bildirərkən belə, zorakılıqdan, ailədaxili şüddətdən danışmaq əvəzinə, “günahsız” olduğunu sübut etməyə cəhd göstərib. Əli Kərimlinin “trol” dəstəsi də “liderlərini” qorumağa səy göstərir. Sosial şəbəkədə “Yurd” sədrini istefaya səsləyənlərə qarşı “səlib yürüşü” başladan Əli Kərimli trolları vasitəsilə insanları təhqir etdirir, söyüş hədəfinə çevirir.

Əli Kərimlinin trolları “Hər evdə problem olur, problemsiz ev yoxdur”, “Kiminsə (Fuad Qəhrəmanlı nəzərdə tutulur –müəl.) ailəsində problem baş verirsə, Əli Kərimli niyə istefa verməlidir”, “Əli Kərimli ailə məsələsi həll edəndir?”, “Ailə məsələsi üzrə ekspertdi Əli Kərimli?”, “Görürsüz ki, bu haqda paylaşım edənlər söyülür, sizə nə düşüb?”, “Əli Kərimlinin istefaya səsləyənlər söyüşlə qidalanırlar” və sairə kimi şərhlər yazaraq, “liderlərini” vəziyyətdən çıxarmağa çalışırlar.

Görünən odur ki, Əli Kərimli və ona məhz bu məsələdə dəstək verənlər üçün ailə dəyərləri yoxdur və hər şeyi siyasətdəki şəxsi maraqlara qurban vermək olar. Ona görə də bir ailə faciəsinə səthi yanaşaraq, Əli Kərimli özünün siyasətdəki varlığını qorumağı daha üstün tutur.cebhe.info

Analoq.az


скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi