"KİV-də, elektron mediada “senzura” tətbiq edilməsi mütləqdir"-Hüquqşünasın mövqeyi



Kütləvi informasiya vasitələrində Azərbaycan xalqının min illərlə formalaşdırdığı adət ənənələrimiz, mentalitetimizin, bütövlükdə isə mənəviyyatımızın məhv olmasına, dağılmasına yönəldilmiş materiallar kritik səviyyəni keçib. Kütləvi informasiya vasitələrində, elektron mediada, sosial şəbəkələrdə etik və əxlaqi normaları pozmaqla yayımlanan verilişlər, yazılar və məlumatlar ölkəmizdə baş vermiş qeyri-etik və qeyri-əxlaqi hadisələri adiləşdirir, qəbuledilməz hərəkətləri cəmiyyət tərəfindən qəbul edilənlərə çevirir, ictimai qınağı əhəmiyyət və dəyərdən salır.

Reytinq naminə jurnalistlər tərəfindən ailələrə yersiz müdaxilə və ictimailəşdirmə nəticə etibarı ilə problemin həllinə yardım etmir, əksinə, problemin həllini mümkünsüz edir, belə ictimailəşdirmənin gələcək taleyi isə heç bir kəsi narahat etmir.

Həmçinin, bəzi radio və teleaparıcılar özünü reklam etməklə yanaşı, etik davranış qaydalarını pozur, doğma dilimizə xələl gətirir və dəyərdən salır, bütövlükdə isə xalqın adından danışırlar. Belə “aparıcıların” vəzifə bacarığı, savadı şübhə doğurur. Müvafiq qurumların bu məsələlərə diqqət və nəzarətinin gücləndirilməsi zamanın tələbidir.

Respublikamızda mədəniyyət və incəsənət sahəsində ləyaqətlə çalışanlara dövlətimiz tərəfindən fəxri adların verilməsi bu sahədə çalışanlara stimul verməklə yanaşı, mədəniyyət və incəsənətimizin yaşamasına və inkişafına böyük təkan verilir.

Təəssüf ki, bəzi fəxri adlar verilmiş şəxslər özlərinin bu fəxri adlara layiq olmadıqlarını göstərirlər. Belə sənətçilər mətbuatda və efirdə bir-birlərini təhqir etməklə, bir-birlərini alçatmaqla məşğuldur. Səhnəni, efiri, sosial şəbəkələri və mətbuatı duel meydanına çevirirlər. Qeyri-etik və qeyri-əxlaqi hərəkətləri ilə xalqımıza, dilimizə, tariximizə, dövlətimizin rəmzlərinə biganəlik və hörmətsizlik edirlər.

Azərbaycan xalqının özünəməxsus milli-mədəni, dini, əxlaqi keyfiyyətlərində boşluğun yaranmasına və nəticə etibarı ilə milli mentalitetimizin və bir xalq kimi identik fərqliliyimizin məhv olmasına səbəb olurlar. Fəxri adlara layiq görülmüş şəxslər özlərini xalqımıza layiqli şəkildə aparmalı, öz hərəkətləri ilə başqalarına nümunə olmalı və gələcək nəslin Azərbaycan xalqına məxsus mühitdə yetişdirilməsində fəal iştirak etməlidi.

Ancaq ki, bəzi “sənətçilər” qeyd edilənləri unudaraq özlərini “ulduz”, “canlı karifey”, “bir nömrəli” və sair adlandıraraq, özlərinə xalqımızın adından müxtəlif “titullar” verir, dünyasını dəyişmiş əsl korifeylərimiz, milli mədəniyyətimizdə əvəzsiz rolu olanların nailiyyətlərini şübhə altına almağa çalışmaqla ümumilikdə keçmişimizə və tariximizə hörmətsizlik göstərirlər.

Hələ 2017-ci ildə Milli Məclisə müraciət edərək, özünü doğrultmayan fəxri adlara layiq görülmüş şəxslərdən fəxri adların geri alınması və bunun mexanizminin təşkili barədə müvafiq tədbirlərin görülməsi barədə təkliflər vermişəm.

Fəxri adların geri alınması qaydaları və mexanizmi, onun praktik tətbiqi kütləvi informasiya vasitələrinin və efirin təsadüfi adamlardan təmizlənməsinə, mədəniyyət və incəsənətimizin qorunmasına və zənginləşməsinə xidmət edər.

Hesab edirəm ki, səhnəni, efiri, sosial şəbəkələri, KİV-ni və elektron medianı duel meydanına çevirənlərin, öz qeyri-etik hərəkətləri ilə xalqımıza, dilimizə, tariximizə dövlətimizin rəmzlərinə biganəlik və hörmətsizlik edənlərin “söz azadlığı”, “özünü sərbəst ifadə etmək” və sair kimi demokratik anlayışlara heç bir aidiyyəti yoxdur.

Bellərinin kütləvi informasiya vasitələrinə çıxışçının məhdudlaşdırılması “senzura” deyil, əksinə Azərbaycan xalqının özünəməxsus milli-mədəni, əxlaqı keyfiyyətinin, mentalitetinin, identifikasiyasının qorunması deməkdir.

Vüqar Dadaşov
1-ci Qarabağ müharibəsi veteranı, hüquqşünas
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi