Enerji sahəsində yeni əməkdaşlıq formatı yaranır - TƏHLİL




Məlum olduğu kimi, bu həftə İstanbulda “Türk axını” təbii qaz boru kəmərinin açılış mərasimi keçirilib.

Rusiya təbii qazının Türkiyəyə nəqli və bu ölkə ərazisindən keçərək Avropaya ötürülməsini nəzərdə tutan “Türk axını” layihəsi həm də iki ölkə arasında əlaqələrin enerji sahəsində inkişafında vacib rol oynayacaq layihələrdən biri kimi qiymətləndirilir.

Hər biri 15,75 milyard kubmetr təbii qaz tutumuna malik iki xətdən ibarət “Türk axını” xüsusilə Avropanın cənubunda yerləşən ölkələr üçün vacib layihədir. Bu layihə ilə birgə Rusiyanın təbii qazı ilk dəfə olaraq Türkiyə üzərindən keçərək Avropaya çatdırılacaq. Türkiyənin enerji sahəsində mərkəzi ölkə mövqeyinin gücləndirilməsində mühüm rol oynayacaq layihənin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Serbiya Prezidenti Aleksandr Vuçiç, Bolqarıstanın Baş Naziri Boyko Borisov və bir sıra ölkələrin dövlət nümayəndələri iştirak ediblər.

Aydın olur ki, bölgənin “köhnə qitə”nin enerji təchizatındakı rolu artır.

Xatırlatmaq yerinə düşər ki, bir müddət öncə - 2019-cu il noyabrın 30-da TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi baş tutmuşdu. Cənub Qaz Dəhlizinin əsas seqmenti olan, “Enerjinin İpək yolu” adlandırılan TANAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq. Cənub Qaz Dəhlizinin 3 seqmenti – “Şahdəniz”, Cənub Qafqaz Boru Xətti və TANAP uğurla realizə edilir. Dördüncü layihə - TAP-ın icrası da sona yaxınlaşmaqdadır.

Beləliklə, belə görünür ki, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq yeni enerji əməkdaşlıq formatı ortaya çıxır: Rusiya-Türkiyə-Azərbaycan.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 31-də Rusiya Federasiyasının “Rossiya-24” televiziya kanalına müsahibəsində istər Cənub Qaz Dəhlizinin, istərsə də “Türk axını” layihəsinin əhəmiyyətini və bölgənin, eləcə də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlığını şərh etmişdi.

Dövlətimizin başçısı enerji sahəsində Rusiya və Azərbaycan arasında rəqabətin mövcudluğu ilə bağlı tezislərin əsassız olduğunu qeyd edərək demişdi: “Bizim və ya Rusiyanın həyata keçirdiyi enerji layihələri məsələsi heç vaxt hər hansı ciddi diskussiyaların mövzusu olmayıb. Yəni mənim fikrimcə, bizim həyata keçirdiyimiz layihələri həm Rusiyada, həm də Azərbaycanda dəstəkləyirlər.

“Türk axını” layihəsinə gəldikdə, bu layihənin həm Rusiya üçün, həm də Türkiyə üçün nə dərəcədə vacib olduğunu bilirik. Hər iki ölkə bizim yaxın tərəfdaşlarımızdır. Buna görə də biz bu layihəni lap əvvəldən dəstəkləmişik.

Azərbaycan qazının Avropa bazarına çıxması məsələsinə gəldikdə, Cənub Qaz Dəhlizi layihəsi həyata keçiriləndən sonra Avropa bazarına ildə 10 milyard kubmetr qaz göndəriləcək. Rusiyadan göndərilən həcm ilə müqayisədə, - dəqiq rəqəm yadımda deyil, lakin ayrı-ayrı illər üzrə təxminən 150-170 milyard kubmetrdir, - bu, çox kiçik həcmdir. Ona görə də Cənub Qaz Dəhlizi layihəsi, əlbəttə, əsla rəqib deyil. Biz də bunu heç vaxt belə hesab etməmişik. Sadəcə bu layihə Azərbaycana öz qaz ehtiyatlarını beynəlxalq bazarlarda satmaq imkanı verəcək. Bu dəhliz üzrə qazın bir hissəsi artıq Türkiyə bazarına çatdırılır. Bu il (2019-cu il nəzərdə tutulur – V.M.) noyabrın sonunda TANAP layihəsi – Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Anadolu qaz kəməri artıq Yunanıstan sərhədinə çatdırılıb. Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya qədər qaz kəmərinin tikintisi də 90 faizdən çox tamamlanıb. Beləliklə, biz uzunluğu 3500 kilometr olan bu layihəni gələn il (2020-ci il nəzərdə tutulur – V.M.) bütünlüklə istifadəyə verməyi nəzərdə tuturuq. Bu, həm də bizə hazırda işlənilmə mərhələsində olan yeni qaz yataqlarını istismara verməyə imkan yaradacaq və daha düşünməyəcəyik ki, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədir. Ona görə ki, biz nəqliyyat və enerji dəhlizləri vasitəsilə artıq çoxdan həm Qara dəniz, həm də Aralıq dənizi bazarına çıxmışıq və indi, əlbəttə, Türkiyənin və Avropanın qaz bazarlarına nisbətən böyük həcmdə çıxırıq”.

Karbohidrogen ehtiyatlara malik iki ölkə - Rusiya və Azərbaycan, eləcə də mühüm tranzit habına çevrilməkdə olan Türkiyənin birgə səyləri və formalaşdırılan əməkdaşlıq formatı tərəfdaş ölkələrin özləri üçün, eləcə də Avropa üçün olduqca mühüm əhəmiyyət kəsb edir.

15 milyon ailəni təbii qazla təmin edəcək “Türk axını” layihəsinin açılışında Rusiya Prezidenti Vladimir Putin mərasimdə iştirak edən hər kəsin yalnız Rusiya və Türkiyə üçün deyil, Avropa üçün də mühüm hadisənin şahidi olduğunu bildirib.

TANAP qaz boru kəmərinin açılış mərasimini xatırladan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu layihənin də əhəmiyyətinə diqqət çəkib: “Bundan bir ay əvvəl bölgəmizin ən strateji xətlərindən biri olan TANAP-ı əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə birgə istifadəyə verdik. “Enerjinin ipək yolu” adlandırılan TANAP-la ildə 16 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyə və Avropa istehlakçılarına çatdırılacaq. Qarşıdakı illərdə TANAP-ın ötürmə gücünü əvvəlcə 24 milyard kubmetrə, daha sonra da 31 milyard kubmetrə çatdırmağı planlaşdırırıq”.

Beləliklə, yaradılan qaz nəqli infrastrukturu ortaq meqalayihənin formalaşmasına doğru gedir. Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsində də bu, istisna edilməmişdi. Müxbirin “Tərəfdaşlıq Avropaya göndərilmək üçün Rusiya qazının alınması ilə davam edə bilər” fikrinə dövlətimizin başçısı belə münasibət bildirmişdi: “Bəli, şübhəsiz. Düşünürəm ki, gələcəkdə biz yenə də çoxtərəfli səmərəli əməkdaşlıq çərçivəsində əvvəllər bəlkə də həyata keçirilməsi mümkünsüz görünən bir çox birgə layihələri reallaşdıra bilərik. Bu cür əməkdaşlığın örnəyi kimi mən Azərbaycan və Türkiyənin dəmir yolu xətlərini birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini misal gətirə bilərəm. Bu gün rusiyalı təchizatçılar Rusiyadan yükləri Azərbaycan ərazisi ilə Türkiyə limanlarına, ilk növbədə, Mərsinə çatdırırlar. Daha sonra Avropa ölkələrinə yüklərin limanlarda yükaşırma olmadan dəmir yolu ilə daşınması perspektivi var. Bu gün biz artıq milyonlarla tona çatacaq mümkün həcmlərdən danışırıq. Həm də biz Azərbaycanla Türkiyə arasında dəmir yolu xəttinin tikilməsi təşəbbüsünü irəli sürəndə çoxlarına elə gəlirdi ki, bu, yalnız Çin və Mərkəzi Asiyadan olan yükgöndərənlərə aid ediləcək, lakin bu gün rusiyalı yükgöndərənlər artıq yüklərini bu istiqamət üzrə daşıyırlar. Buna görə də istisna etmirəm ki, Türkiyə ərazisində cəmləşəcək bizim yaratdığımız və artıq Rusiyanın da yaratdığı mövcud qaz nəqli infrastrukturu müəyyən mərhələdə ortaq infrastruktura çevrilə bilər”.

Beləliklə, enerji sahəsində əməkdaşlıq bölgəyə iqtisadi inkişaf, təhlükəsizlik, sabitlik və rifah gətirir.

Azərbaycan Prezidenti İlham Əliyevin TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində əməkdaşlığın əhəmiyyəti ilə bağlı fikirləri bu kontekstdə də yerində səslənir: “Bu gün Cənub Qaz Dəhlizi özündə 7 ölkəni birləşdirir və bu, artıq beynəlxalq əməkdaşlıq layihəsidir. Bu layihə ölkələr arasında körpülər yaradacaq və daha böyük anlaşmaya yol açacaq. Bu layihədə iştirak edən 7 ölkə, - onlardan üçü Avropa İttifaqının üzvüdür, - bundan sonra uzun illər birlikdə çalışacaq və bunun faydasını bölüşəcəklər. Yəni bu layihə əməkdaşlıq, sabitlik, uzunmüddətli anlaşma gətirir”.

Vüsal Məmmədov
Mənbə: Aztv.az

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi