Sarkisyanı dəstəkləmədilər



Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində baş verən son hadisələr dünya ölkələrinin diqqət mərkəzindədir. Dünya liderləri Dağlıq Qarabağla bağlı çıxışlarında Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirdilər. Və bu məsələnin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayırlar. Almaniyanın federal kansleri Angela Merkel Berlində Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra keçirdiyi brifinqdə bildirib ki, Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

Merkel bildirib ki, Qarabağ münaqişəsinin həllinin əsasında Helsinki yekun aktının üç əsas prinsipinin durması önəmli uğurdur. Almaniya kansleri həmin prinsiplərin millətin öz müqəddəratını təyin etməsi, ərazi bütövlüyü və güc tətbiqindən imtina olduğunu bildirib: “Biz bu üç prinsipi dəyişməməliyik və hər şeyi etmək lazımdır ki, qan tökülməsin və insanlar ölməsin. Regionda uzunmüddətli sülhü bərqərar etmək üçün bu istiqamətdə səylər daha fəal olmalıdır və həll yolu axtarılmalıdır”. Bu Qərb dünyasının Qarabağ məsələsində mövqeyinin bir göstəricisidir.

Görünən odur ki, Ermənistan prezidenti Almaniyadan əliboş qayıtdı. Artıq Sarkisyan da başa düşür ki, əksər dünya ölkələri münaqişənin həllində ərazi bütövlüyü prinsipini qəbul edir ki, bu da Azərbaycanın haqlı mövqeyinə uyğundur. Ermənistan hakimiyyətinə isə yalnız qəbul olunan qətnamələri qeyd-şərtsiz icra etmək qalır. Angelə Merkelin səsləndirdiyi fikirləri “Cümhuriyət”ə şərh edən politoloq Fikrət Sadıqov bildirib ki, artıq bütün dünya dövlətləri başa düşür ki, işğal olunan torpaqlar Azərbaycana məxsusdur: “Qonşu dövlətlər və Qərb ölkələri, xüsusilə Almaniya bu günlərdə çox təmkinli davrandılar. Biz onlardan özümüzə qarşı heç bir mənfi bəyanat eşitmədik. Digər tərəfdən Angela Merkelinin səsləndirdiyi Heslinki aktı yeni bir şey deyil.

Ərazi bütövlüyümüz bütün dövlətlər tərəfindən tanınır. Burada həm Azərbaycanın ərazi bütövlüyü tanınır və eyni zamanda bizə qarşı müsbət notların səsləndiyi hiss olunur. Bu, o deməkdir ki, Sarkisyan gərək bu regionda ilk növbədə, BMT-nin və digər beynəlxalq strukturların qətnamələrini yerinə yetirsin. Və bundan nəticə çıxarsın. Artıq dünya birliyi bilir ki, Azərbaycanın torpaqları işğal altındadır, Ermənistanın yox. Bu artıq göz qabağındadır və burda heç bir sirr də yoxdur. Bunu rəsmi Berlində və digər Qərb ölkələri də yaxşı başa düşür. Ona görə də Sarkisyanın Berlinə getməsi və kömək istəməsi heç bir nətcə vermədi.

Çünki ona Berlində faktiki olaraq yol göstərdilər ki, qayıt regionda müəyyən şərtlərə əməl et, tələbləri yerinə yetir və işğal etdiyin torpaqları geri qaytar”. Politoloq sonda vurğulayıb ki, Dağlıq Qarabağ bütün beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən Azərbaycan torpağı kimi tanınır. Sarkisyan bunu başa düşməlidir, ya da kimsə onu başa salmalıdır: “Helsinki aktında da ilk növbədə, bu tələblərin yerinə yetirilməsi göstərilib. ATƏT-in müxtəlif sammitlərində də bu fikirlər səslənib. Biz də onların “milli müqəddəratın təyin olunması” prinsipini qəbul edirik, ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində. Orada göstərilmir ki, kimsə dövlətdən ayrılıb ayrıca bir dövlət elan olunsun. Helsinki aktı ilə Azərbaycanın ərazi bütövlüyü tanınır. Ona görə də Dağlıq Qarabağ konstitusiyaya görə və faktiki olaraq BMT-yə daxil olan zaman Azərbaycan ərzisi olaraq qəbul olunub. Bunu Sarkisyan dərk etməlidir. Başa düşmürsə demək ki, kimsə onu başa salmalıdır”. cebhe.info
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi