Şəhid ailəsinə olan hörmətsizlik



"Oğlumun şəhidliyindən iki aydan artıq vaxt keçsə də, hələ onun qəbirüstü abidəsi götürülməyib.”

Aprel döyüşlərində şəhid olan Xaçmaz rayon sakini Elvin Mirzəyevin anası Gülnaz Mirzəyeva bu günə qədər oğlunun qəbirüstü abidəsinin götürülməməsindən narahatdır. Şəhid anasının dediyinə görə, bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə və İcra Hakimiyyətinə müraciət etsələr də ortada bir nəticə yoxdur. İki qurum bu məsələni bir-birlərinin üzərinə atır.

Daha sonra şəhid anası oğlunun təltif edildiyi medalın hələ də onlara təqdim edilmədiyindən şikayətləndi.

“Evimin sonbeşiyi olan övladımı itirmişəm. Yeganə təsəllim ona edilən diqqət və hörmətdir. Onu da görməyəndə dərdim yenidən təzələnir. Müdafiə Nazirliyindən öyrəndik ki, Elvin 3-cü dərəcəli medalla təltif olunub. Ancaq medalı bu günə kimi ailəmizə təqdim etməyiblər. Səbəbini də deyən yoxdur. Diqqətsizlik və saymazlıq məni incidir.”

Femida.az hər iki məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi ilə əlaqə saxlayıb. İdarənin Fazil adlı əməkdaşının verdiyi məlumata görə, şəhidin qəbirüstü abidəsinin götürülməsi ilə İcra Hakimiyyəti məşğul olmalıdır. Bunun gecikdirilməsinin isə səbəbini bilmədiyini söylədi.

“Bəs şəhidin medalı ailəsinə niyə təqdim edilməyib” sualına isə Fazil müəllim belə cavab verdi:

“ Bu məsələdən xəbərdaram. Müdafiə Nazirliyi ilə əlaqə saxladıq. Bizə dedilər ki, şəhid medalla təltif edilib. Həmin medalı nazirliyin polkovnik rütbəli Abdulla adlı bir əməkdaşı təhvil verməlidir. Ancaq medal bu günə kimi təqdim edilməyib.”
Məsələ ilə bağlı Xaçmaz rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin əməkdaşı İlhamə Nəzərova açıqlamasında bunları bildirib:

“ Qeyd edim ki, şəhidlərin qəbirlərinin düzəldilməsi hər zaman həyata keçirilir. Ancaq Elvinin ailəsi tərəfindən bizə müraciət edilməyib. Amma biz bunu düzəldəcəyik.”

“Bəs bu vaxta kimi niyə düzəldilməyib” sualına İlhamə xanım “heç bir problem yoxdur, düzəldiləcək” deməklə cavab verdi.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi