Politoloq:"Bu gün beynəlxalq hüququn gücləri deyil, beynəlxalq güclərin hüququ işləyir".



Bəzi ekspertlər aprel ayında yenidən müharibə ehtimalının ola biləcəyindən danışırlar
Danışıqların demək olar ki, dalana dirənməsi, cəbhədə baş verən son hadisələr yenidən atəşkəs rejiminin pozulmasına və aktiv döyüşlərin başlamasına səbəb ola bilər.

Döyüşlərin bərpa olunma ehtimalı, hazırki şərait, beynəlxalq güclərin bölgədəki maraqları barədə politoloq Elşən Manafov fikirlərini Ölkə.Az-la bölüşüb:

"Güman etmirəm ki, tərəflər hərbi əməliyyatların bərpasına getsinlər, çünki hazırda Tramp və Putin arasında baş tutacaq görüş ərəfəsində ABŞ və Rusiyanın dünyanı nüfuz və təsir dairələrinə necə böləcəkləri ilə bağlı məsələlərə kifayət qədər aydınlıq gətirilməyib.

Super dövlətlər arasında dünyanın bu günü və sabahı ilə bağlı əldə edilmiş razılıqlar əslində dünyanın müxtəlif bölgələrində mövcud olan, hələ də öz həllini tapmayan münaqişələrin həllinə təsir imkanlarına malik olan bir vasitə kimi qəbul olunur.

Bu mənada düşünürəm ki, bu danışıqlar baş tutmayana qədər post-sovet məkanındakı münaqişələrin daha da dərinləşməsi ilə bağlı söylənən ehtimallar gerçək reallıqlara istinad etmir.

İstisna etmək olmaz ki, Ermənistan iqtidarı atəşkəs rejiminin pozulması istiqamətində bundan sonra da siyasətini davam etdirəcək. Onsuz da atəşkəs rejiminin hər gün Ermənistan tərəfindən pozulduğunu müşahidə edirik. Bu da ondan irəli gələ bilər ki, bu il Ermənistanda parlament seçkiləri keçiriləcək.

Seçkilər ərəfəsində Ermənistandakı siyasi böhran, sosial-iqtisadi problemlər, Ermənistan əhalisinin indiki iqtidara olan kəskin narazılığı Sərkisyan iqtidarını müəyyən manevrlər etməyə məcbur edir.

Bu manevrlər Ermənistan ictimaiyyətini psevdo millətçiliklə yükləmək, problemləri Dağlıq Qarabağ məsələsi ilə bağlamaq, yenidən Azərbaycanla münasibətlərdəki mövcud problemləri Ermənistan dövlətinin əsas qayəsinə çevirmə istəyindən irəli gələcək.

Erməni ictimaiyyətinin daha qabaqcıl hissəsi anlayır ki, məhz Dağlıq Qarabağ problemini həll etmədən, işğal altında olan əraziləri azad etmədən Ermənistanın perspektivdə gerçək bir dövlət olaraq inkişafı mümkün deyil.

Azərbaycan tərəfinin israrlı mövqeyi nəticəsində Ermənistan bölgə ilə bağlı bütün iqtisadi layihələrdən kənarda qalıb.

Bölgə ilə bağlı geoiqtisadi, geosiyasi əhəmiyyət kəsb edən layihələrdən Ermənistan heç bir dvident əldə edə bilmir. Ermənistan bu gün faktiki olaraq Rusiyadan maliyyə, iqtisadi, hərbi cəhətdən asılıdır".

Ermənistana Qərbin təsir etməli olduğunu deyən politoloq əlavə etdi ki:

"Problemin öz həllini tapması üçün Qərb dövlətləri Ermənistanı Rusiyanın təsir dairəsindən qoparmağa çalışmalıdırlar. Biz isə hələ bunu müşahidə etmirik. Ermənistanda müxalif qüvvələrin əksəriyyəti də Rusiyameyilli siyasi qüvvələrdir.

Müxalifətdə olan Köçəryan da zamanında Rusiyanın xeyir-duası ilə hakimiyyətə gəlmiş siyasi fiqurlardan biri idi. Köçəryanın siyasəti Sərkisyanın siyasətindən heç nəyi ilə fərqlənmirdi.

Ermənistanda Sərkisyan Köçəryanın xələfi olaraq hakimiyyətə gəlmiş, onun dövründə prioritetləri müəyyən edilmiş xarici siyasəti həyata keçirməyə başlamışdı.

Bu mənada böyük dövlətlər arasında post-sovet məkanı ilə bağlı ciddi razılıqların əldə edilməyənə qədər problemin həlli istiqamətində tərəflərdən hər hansısa biri ciddi addımlar atmayacaq.
Azərbaycan prezidentinin ötən həftə Belçikada keçirdiyi görüşlərdə Avropa Birliyinin rəsmiləri də dəfələrlə bəyan etdilər ki, problemin hərbi həll variantı yoxdur.

Beynəlxalq birlik, ATƏT beynəlxalq hüquq normalarına sayğısızlıq nümayiş etdirərək bu problemin Azərbaycan dövlətinin ərazi bütövlüyü çərçivəsində hərbi yolla həlli variantına göz yumurlar.

Halbuki BMT-nin qüvvədə olan nizamnaməsinin 51-ci maddəsində göstərilir ki, təcavüzə məruz qalmış dövlət təbii ki, təcavüzə beynəlxalq birliyin yol verdiyi imkanlar çərçivəsində cavab verməyə, təcavüzün nəticələrini aradan qaldırmağa borcludur və buna da hüququ var.

Azərbaycanın ərazisi artıq 25 ildən çoxdur ki, işğal olunub. Nədənsə bu problemin həlli məsələsində ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlar bəyan edirlər ki, problemin hərbi yolla həll variantı yoxdur.

Halbuki dünyanın digər bölgələrində yaşanan, daha çox Qərb dövlətlərinin maraqlarına cavab verməyən, şərait yaranan kimi bu dövlətləri ya beynəlxalq terrorizimə dəstək verən dövlətlər sırasına aid edirlər, ya həmin dövlətlərdə insan haqlarının pozulması ilə bağlı amilləri qabardaraq həmin dövlətlərə sanksiyalar tətbiq edirlər.

Ən pis halda isə İraq, Suriya və Liviyada olduğu kimi hərbi müdaxilə edib, o dövlətlərin hakimiyyətini devirirlər.

Sonra isə Obama kimi prezidentlər bəyan edirlər ki, biz İraqa hücum etməklə səhvə yol verdik. Bu onun göstəricidir ki, dünyanın müqəddəratını həll edən həmin bu dövlətlərin səyləri nəticəsində beynəlxalq hüquq iflic vəziyyətinə gətirilib. Bu gün beynəlxalq hüququn gücləri deyil, beynəlxalq güclərin hüququ işləyir".

Azərbaycan tərəfinin bu problemi necə həll edəcəyi ilə bağlı Elşən Manafov bunları söylədi:

"Azərbaycan bu problemi özünün hərbi, iqtisadi resusları çərçivəsində həll emək imkanına malik olan bir dövlətdir.

Çox təəssüflər olsun ki, bölgə ilə bağlı geosiyasi, geoiqtisadi layihələrdə bölgədə maraqları olan dövlətlərə meydan oxuya bilmərik. Azərbaycanın gerçəkdən Ermənistana qarşı müharibə elan etməsi Azərbaycana qarşı Ermənistan tərəfindən çıxış edə biləcək dövlətləri də öz qarşısına alması konteksində qəbul olunmalıdır.

Azərbaycan təbii ki, hazırda özünün resusları ilə bu qədər koalisiyaya qarşı təkbaşına döyüşmək imkanlarına malik deyil.

Qardaş Türkiyənin bu münaqişəyə cəlb olunması Türkiyə və Azərbaycan maraqları baxımından doğru olmazdı. Çünki Türkiyənin münaqişəyə cəlb olunması NATO-nun münaqişəyə cəlb olunması deməkdir. Bu isə KTMT ilə NATO arasında bölgə uğrunda hərbi savaş olacaq ki, bu savaş 3-cü Dünya Müharibəsinin başlanmasına səbəb ola bilər.

Güman edirəm ki, danışıqların aparılması üçün limit tükənməyib. Ermənistanın qeyri-konstruktiv mövqe sərgilədiyini israrla Azərbaycan diplomatiyası beynəlxalq birliyə, bölgədə maraqları olan dövlətlərin nəzərinə çatdırmalıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycana investisiya qoymuş dövlətlər var, bu dövlətlər heç bir vəchlə bölgədə sabitliyin pozulmasında maraqlı deyillər.

Nə Qərb dövlətləri, nə Rusiya, nə də Ermənistan hazırki durumun dəyişdirilməsində maraqlı deyillər. Bir şey bəllidir ki, bu problem öz həllini tapmayana qədər bölgədə sülh və sabitlik uzunmüddətli ola bilməz".


Səxavət Məmməd
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi