Azərbaycanla bağlı hesabat təqdim olundu



Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri,səfir Roland Kobia Avropa Gününə və Avropa Qonşuluq Siyasəti çərçivəsində dərc olunmuş Azərbaycanla bağlı hesabata həsr olunmuş mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Avropa Birliyinin əsasını qoymuş Şuman Bəyannaməsinin 62-ci ildönümünə həsr olunmuş mətbuat konfransında səfir bildirib ki, Avropa Birliyi ölkələri insan hüquqları, demokratikləşmə və fundamental azadlıqlar kimi əsas elementlər ətrafında birləşiblər: “Avropa Birliyi öz tarixi boyu inkişaf etməkdə davam edir və tərəfdaş ölkələrlə münasibətlərin genişləndirməkdə maraqlıdır”.

Səfir Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti proqramı çərçivəsində Azərbaycanla bağlı mayın 15-də dərc etdiyi hesabatı təqdim edib. Hesabatda Azərbaycanın Avropa Birliyi ilə imzalanmış Fəaliyyət Planı çərçivəsində gördüyü işlər, həmçinin öhdəliklərin yerinə yetirilməsinə dair tövsiyələr öz əksini tapıb.

Səfir qeyd edib ki, hesabatda pozitiv dəyişikliklər kimi Azərbaycanın iqtisadi uğurları, yoxsulluq səviyyəsinin aşağı salınması, yeni gömrük kodunun qəbulu, monetar və maliyyə stabilliyi, AB ilə ticarət dövriyyəsinin artması, energetika sahəsində əməkdaşlıq, cinayətkarlığa, çirkli pulların yuyulması və terrorçuluğa qarşı mübarizənin gücləndirilməsi, göstərilib.

Səfir Azərbaycanın korrupsiya ilə mübarizədə uğurlarını alqışlayıb və qeyd edib ki, bu sahədə daha böyük işlər görmək olar.

Avropa Birliyinin daha çox səy göstərilməsini tövsiyə etdiyi sahələr isə insan hüquqları, demokratikləşmə sahəsində siyasi islahatlar, sərbəst toplaşmaq azadlığı, media azadlığı, diffamasiya haqqında qanunun qəbulu, QHT-lər sahəsində qanunvericiliyini təkmilləşdirilməsi, özəl sektorun inkişafı, biznesin şəffaflığı, Ümumdünya Ticarət Təşkilatına qəbul istiqamətində tərəqqiyə nail olunmasıdır.

Azərbaycanda insan haqlarının durumuna dair sualı cavablandıran Roland Kobia bildirib ki, bu sahədə tərəqqiyə bir gündə nail olmaq mümkün deyil: “Mən Avropa Birliyinin yalnız Azərbaycanı sərt şəkildə tənqid etdiyini söyləyənlərin fikirləri ilə razı deyiləm. Azərbaycanla bağlı vəziyyətdə müsbət məqamlar da var. Məsələn, son vaxtlar Bakıda bir neçə dəfə mitinq keçirilməsinə icazə verilib. Əlbəttə, tərəflər arasında anlaşılmazlıqlar qalmaqdadır, xüsusilə mitinqlərin keçirildiyi yerlə bağlı. Lakin yenə də bu faktı pozitiv məqam kimi dəyərləndirmək olar. Bu, ümidləri artırır”.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi