ŞƏHİDLƏRİN İLİNİ GÖRƏN ŞƏHİD



…Neçə ildi Vətən şəhid paylayır. İgid-igid xərclənir,oğul-oğul kiçilir.Hansını deyəsən, hansını yazasan. Dərd ovunmur ki,ovunmur, yara qaysaqlanmır.Görən, hansı günahın sahibiyik, ilahi!

Məhəmməd Peyğəmbərin müdrik bir kəlamı yadıma düşdü:«Allahın bir millətə qəzəbi tutanda içinin ən zəifini ona başçı göndərir».

Bəlkə bizə Allahın qəzəbi tutub.Yoxsa,bu başımıza gələnlər nədi?Baş açmaq olmur.Düşmənə doy gəlməyə nə var.

Sapı özümüzdən olan baltalar aman vermir, kökümüzə döyür.Gözümüz açılmır.Nə qədər faciə görmək olar?Qaçqınlıq,ağrı, dərd, səfalət, itkilər.

Buynuzsuz qoçun hayıfı buynuzlu qoçda qalmaz deyiblər.Səni buynuzsuz eləyənin boynu sınsın. Vətən! Vətənin dərdi hamımızın dərdidi.Torpağın ağrısı hamımızın ağrısıdı.

Buna söz ola bilməz.Məhz bu dərd,bu ağrı mənim soy-kökümə də qələm çaldı.

Ağır yaraların silinməz izlərini qoydu.Torpaqcanlı, yurdcanlı Talıflı kökü minillik qoca palıd kimi yerindən qopdu.Kabab şişə taxılan kimi mənim dərdə taxılmağıma elə bu bəs elədi.

1989-cu ilin 16 sentyabrında düşmən əliylə Yevlaxda partladılan Bakı-Tiflisi avtobusunda 90 yaşlı, ömründə bir dərman həbi atmamış, Canbağca dağları kimi uca və sağlam,ocağın ən yaşlı ağsaqqalı babam Nəcəf Maşa oğlu həlak oldu.Bu ocağın südəmər körpəsi üçyaşlı Azər yaralandı.

«Neobyavlennaya voyna» kitabında üz-gözü qanlı balaca Azərin üzüqoylu şəklinə həyəcansız baxmaq olmur.

Vaxt gələcək Azər böyük oğlan olacaq.Kitabdakı yaralı şəklinə baxıb görən nə fikirləşəcək?Ocağın ən ağır itkilərindən biri,ən qəribə taleli şəhid,otuz yaşlı Maşayev İmran Hacı oğlu oldu.

Tərcümeyi-halından:

1961-ci ildə Ermənistan SSR,Kalinino rayonunun Evli kəndində anadan olub.Orta məktəbi bitirib, sovet ordusu sıralarında xidmət edib.Döyüş və təlim əlaçısı kimi fərqlənib.

Qarabağ hadisəsi başlayan gündən yurd-yuva keşikçisinə çevrilib.İki ilə yaxın məsuliyyətli ağır günlər keçirib.

Nəhayət, 1988-ci ilin dekabrında 200 minlik soydaşı ilə birlikdə sovet ordusu tərəfindən deportasiya edilib.

1990-cı ilin 19 yanvar gecəsi yüz minlərlə birgə,əliyalın sovet ordusu tanklarının qabağına çıxıb.«Xilaskar sovet ordu»su onun şəhidliyinə səbəb olub.

Yanvarın 20-si günü,qanla-qada ilə birlikdə bir xəbər də gəldi ki,Osman da evə gəlməyib.(Şagird yoldaşlarından başqa hamı ona Osman,deyə müraciət edirdi.İki adı var idi).

Bütün şəhər yas içində idi.Ölənlər haqda dəqiq məlumat yox idi.Şəhərdə həyat elə bil ki, dayanmışdı.Televiziya bloku partladılmışdı. Qəzetlər çıxmırdı. Əhali əli qoynunda qalmışdı.

Heç yandan Osman haqda xəbər-ətər yox idi.Onu
19-u gecəsi Salyan kazarmasının yanında görənlər olubmuş.Nə öldüsü,nə qaldısı məlum deyildi.

Üç-dörd gün beləcə keçdi.Axtarmadığımız yer,baş çəkmədiyimiz meyitxana qalmadı.

O isə yox idi.O günlər mən belə bir hiss keçirirdim. Kaş cəsədi tapılaydı.Elə bilərdim ki,heç ölməyib. Əlimiz hər şeydən üzülmüşdü.

Ayın 24-də birdən-birə Osman özü gəlib çıxdı.Əsl
möcüzə baş vermişdi.Tanınmaz vəziyyətə düşmüşdü.

İtkin düşdüyü dörd gündə başına nələr gəlməyibmiş.

Təsadüfən sağ qalıb.İki gün Salyan kazarmasında bir küncdə qısılıb qalıb, heç cür çıxmağa imkanı olmayıb.Bütün atışmanın şahidi olub.

Güllələr başı üstdən vıyıldayıb.İki gündən sonra əsgərlər onu tapıb əsir götürüblər.

Həbs ediblər,iki gün də əlavə ac-susuz qalıb.Sonra «silist» başalyıb.Təcavüzkar əsgərlərin başı qarışanda necə olubsa,bir təhər qaçıb,çətinliklə evə gəlib çıxıb.

Həmin gündən yorğan-döşəyə düşüb.Ancaq buna baxmayaraq hamı sevinirdi ki,Allah körpəsinə qıymadı.

İşlədiyi BMZ-nin işçiləri, dostları,qohumları,şagird yoldaşları ona tez-tez baş çəkirdilər.

Bir dəfə də gileylənmədi.Sağalacağına böyük ümidi var idi.

Respublika Ankoloji institutunda sentyabrın 12-də həkim Məhərrəm Əliyev mədəsindən cərrahiyyə əməliyyatı apardı.

Xəstəliyin əlacsızlığı məlum oldu.Dəfələrlə evə yazıldı, xəstəxanaya qaytarıldı.Sağalacağına ümidi necə böyük idi, həm də onu həkimi buna inandırmışdı.Ermənidən qisas alacaqdı…

Ölüm də yaxşıları,cəsurları bəyənir.Bəlkə bu da
təbiətin bir qanunauyğunluğudu.

Mən ona baş çəkməyə gələndə halının get-gedə pisləşdiyini görürdüm.Ancaq özünü o yerə qoymurdu.

Gələnləri mərdliklə qarşılayır,mərdliklə yola salırdı. Yanına gələnlərlə oturub çay da içməyə çalışırdı.

Axı bir ailənin kişisi idi.Yaşlı anası,gənc bacısı, cavan ömür-gün yoldaşı,oğul payı onun
ümidinə idi.

(Bir oğlu da ölümündən sonra doğuldu).Ölümü ağlına belə gətirmirdi.Sağalıb yoldaşlarının hayıfını da alacaqdı hələ.

Şəhidlərin ilinəcən dözdü,ölümlə əlbəyaxa oldu.
Bir il addamışdı.Yanvarın 24-ü idi.O isə ölümlə əlbəyaxa idi. Halı da xarablaşdı, əsəbləri də.

“Məhərrəm doxturu çağırın,-dedi.–Axı, onunla belə danışmamışdıq”.Məhərrəm həkim gəldi. Yenə təssəlli verdi.

Qeyri-ixtiyari axan göz yaşlarını xəstəyə göstərməmək üçün yana buruldu.

Siqaret yandırdı.Bayıra çıxdıq.Son dəqiqələrini yaşayır,dedi.

Osman keçindi.Elə bil ki,son ümid kimi Məhərrəm həkimi görmək üçün canını dişinə tutmuşdu.

Buradaca 20 yanvar şəhidlərinin ilini görən 20 yanvar şəhidlərindən birinin hekayəti beləcə bitdi.Gör neçə ildi vətən şəhid paylayır...

Tahir Talıblı
«Yeni fikir» qəzeti,
Yanvar 1993-cü il

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi