Donald Trampın İslam ölkələri ilə əməkdaşlığa addımlar atması...



Amerika Birləşmiş Ştatlarının yeni prezidenti Donald Trampın fəaliyyətə başlayar-başlamaz İslam ölkələri ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı addımlar atması, isti mesajlar verməsi rəsmi Vaşinqtonun xarici siyasətində mühüm dəyişikliklərdən xəbər verir.

Ağ Ev sahibi bəyan edib ki, ABŞ əvvəlki dövrlərdə olduğu kimi, öz xarici siyasətini digər ölkələrin daxili işlərinə müdaxilə, onları idarə etməyə çalışmaq prinsipi üzərində qurmayacaq. ABŞ prezidenti digər ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyi qarşısına məqsəd qoyub.

Bu siyasət ABŞ-ın keçmiş prezidenti Barak Obamanın dövründə ABŞ-Azərbaycan əlaqələrində müşahidə olunan neqativ hallar və soyuqluğun aradan qaldırılmasını, iki ölkə arasında faydalı və bərabərhüquqlu əməkdaşlığın, strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsini nəzərdə tutur.

Xüsusilə, bu yaxınlarda D.Trampın Azərbaycan prezidenti İlham Əliyevə göndərdiyi iki məktub-müraciətdə əks olunan fikirlər ABŞ-Azərbaycan münasibətlərində də yeni mərhələnin başlandığından xəbər verir.

ABŞ prezidentinin istər 28 May - Respublika günü, istərsə də Bakıda keçirilən 24-cü Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi- konfransı ilə bağlı göndərdiyi məktub-müraciətlər Tramp administrasiyanın Azərbaycana olan rəğbətini, isti münasibətlərini özündə əks etdirir.

Hər iki məktub Birləşmiş Ştatlar prezidentinin Cənubi Qafqaz regionunun söz sahibi ölkəsi olan Azərbaycanla ABŞ arasında iki və çoxtərəfli yeni əməkdaşlıq əlaqələrinin qurulmasına göstərdiyi böyük maraqdan irəli gəlir. Bu, ilk növbədə Azərbaycanın beynəlxalq nüfuzunun artması, dünya birliyi üçün ciddi əhəmiyyət kəsb etməsi ilə bilavasitə bağlı olan bir məsələdir.

Təsadüfi deyil ki, D.Tramp həm Azərbaycan və ABŞ, həm də dünya üçün daha gözəl gələcək naminə prezident İlham Əliyevlə fəal tərəfdaş kimi işləməyi səbirsizliklə gözlədiyini bildirib. ABŞ prezidenti Azərbaycanı Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşı hesab edir və son 25 ildə qurulmuş ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin daha da gücləndirilməsini arzu edir.

D.Tramp İlham Əliyevin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və islahatların həyata keçirilməsi istiqamətində gördüyü işləri dəstəkləyir və alqışlayır, habelə iki ölkə arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəyir. ABŞ prezidenti Azərbaycan və Amerika xalqlarının rifahına xidmət edən digər əməkdaşlıq sahələrinin də araşdırılmasını səmimiyyətlə arzulayır.

Qeyd olunub ki, hər iki ölkə birgə səylərlə terrorizmə qarşı mübarizə apararaq qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışırlar: “ABŞ Azərbaycan xalqının yanındadır və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərin daha da möhkəmləndirilməsinə sadiqdir”.

Bundan əlavə, D.Tramp prezident İlham Əliyevə hər iki məktubunda iqtisadi əməkdaşlıq məsələləri, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələrinə diqqət çəkib. Bildirilib ki, ABŞ Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal enerji layihələrini, o cümlədən, Cənub Qaz Dəhlizini qəti surətdə dəstəkləməkdə davam edir, Azərbaycanın və beynəlxalq tərəfdaşların onun tamamlanmasına yönəlmiş səylərini alqışlayır.

Birləşmiş Ştatlar qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində, o cümlədən, Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı rolu yüksək dəyərləndirir.

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Elman Məmmədov qeyd edib ki, ABŞ prezidenti Donald Trampın 28 May - Respublika günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubları iki ölkə arasında əməkdaşlığa daha yüksək önəm verdiyini nümayiş etdirir.

O, “Trend”ə bildirib ki, Ağ Ev rəhbərinin mesajlarından məlum olur ki, ABŞ prezidenti Azərbaycanı Birləşmiş Ştatların dəyərli tərəfdaşı hesab edir və ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin gücləndirilməsini arzulayır: “Bu məktublar Azərbaycan prezidentinə olan diqqət və dəyərin təzahürüdür.

Bu onu göstərir ki, Azərbaycanla ABŞ arasında bütün istiqamətlərdə münasibətlər günü-gündən daha da genişlənir. Bu, həmçinin Azərbaycanın dünya siyasətində əldə etdiyi uğurlardan xəbər verir”.

Deputat qeyd edib ki, Donald Trampın məktubları Azərbaycan prezidentinin uzun illər apardığı siyasətin nəticəsidir: “ABŞ prezidenti İlham Əliyevin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və islahatların həyata keçirilməsi istiqamətində gördüyü işləri dəstəkləməsi, habelə iki ölkə arasında yeni faydalı biznes əlaqələrinin qurulmasına maraq göstərməsi bizim nailiyyətimizdir”.

Deputat Bəxtiyar Sadıqov isə hesab edir ki, ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktublarından görünür ki, ABŞ Azərbaycanı Cənubi Qafqazda xüsusi fərqləndirir, Azərbaycanla əməkdaşlıqdan məmnunluq duyur və bu əməkdaşlığı davam etdirmək niyyətindədir.

O bildirib ki, D.Tramp ABŞ prezidenti seçildikdən sonra ABŞ-Azərbaycan münasibətlərinin hansı məcrada inkişaf edəcəyi hər kəsi maraqlandırırdı: “ABŞ-ın yeni administrasiyasının Azərbaycanla münasibətdə hansı mövqe tutacağını diqqətlə izləyirdik.

ABŞ-Azərbaycan əməkdaşlığı çoxtərəflidir, terrorizmə qarşı birgə mübarizədən tutmuş bir çox sahələri əhatə edir və biz həmişə istəmişik ki, ABŞ-la münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsində qalsın və davam etsin.

Trampın məktubları bu məsələlərə aydınlıq gətirdi və ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək niyyətində olduğunu göstərdi”.

Deputat vurğulayıb ki, eyni zamanda ABŞ prezidentinin məktublarında Azərbaycanın ABŞ-la indiyə qədər olan əməkdaşlıq münasibətləri yüksək qiymətləndirilir: “Bu məktublarda ABŞ-Azərbaycan əməkdaşlığının perspektivi ilə bağlı söylənilən fikirlər də qane edicidir.

Hesab edirəm ki, bundan sonra ABŞ-Azərbaycan əməkdaşlığı qarşılıqlı anlaşma, bir-birinin maraqlarına hörmət və bütövlükdə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində davam edəcək”.

Deputat Fuad Muradov isə ümid edir ki, Azərbaycan bundan sonra ABŞ ilə bütün sahələrdə çox yaxşı əməkdaşlıq edə biləcək.

O, “Milli.az”a bildirib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra çalışır ki, bütün dövlətlərlə normal ikitərəfli münasibətlər qursun: “Təəssüf ki, bizim belə yanaşmamız bəzi ölkələrdə elə fikir yaradır ki, guya biz onlardan nəsə kömək, yardım istəyirik.

Azərbaycanın istər fövqəldövlətlərdən, istərsə də kiçik dövlətlərdən istəyi odur ki, hər dövlət öz suveren, müstəqil siyasətini yürütsün, qarşılıqlı olaraq bu siyasətə hörmətlə yanaşılsın və lazım gəldikdə bir-birinə dəstək olsunlar.

ABŞ isə dünyanın fövqəldövlətidir. Buna baxmayaraq, hər dövlətdə olduğu kimi, onların öz daxili problemləri, qayğıları var.

Amma biz çalışırıq ki, heç bir dövlətin daxili işlərinə, siyasətinə müdaxilə etməyək. Yalnız onlara dəstək baxımından kömək edə bilərik, o da əgər bizə müraciət edib bunu xahiş etsələr.

Biz də eyni münasibəti böyük dövlətlərdən, xüsusən də ABŞ-dan gözləyirik. Hər hansı sahədə birgə nailiyyətə, irəliləyişə ehtiyac varsa, biz o istiqamətdə ABŞ prezidenti Donald Trampla və onun yeni administrasiyası ilə işləməyə hazırıq”.

F.Muradov D.Trampın prezident İlham Əliyevə ünvanladığı məktublarda Azərbaycanla bağlı fikirlərini yüksək qiymətləndirir: “Tramp qeyd edib ki, Azərbaycan müstəqillik yolu ilə gedir və ABŞ Azərbaycanı müxtəlif istiqamətlərdə dəstəkləməyə hazırdır.

Biz də əməkdaşlığa hazırıq. Azərbaycan heç kimdən heç nə xahiş etmir. Biz birgə əməkdaşlıq edirik. Sadəcə ölkəmizin ərazi bütövlüyü məsələsi bizim üçün prinsipial məsələdir və hər hansı ölkə bunu dəstəkləyirsə, biz onunla müxtəlif layihələr həyata keçirməyə hazırıq.

Biz fərq qoymadan bunu hər bir ölkədən tələb edirik. Azərbaycanın ərazi bütövlüyü məsələsi müzakirə predmeti ola bilməz. Cənab Trampın məktublarında isə bu məsələ, eləcə də Azərbaycanın keçdiyi müstəqillik yolu xüsusi vurğulanır.

Mən inanıram ki, yaxın keçmişdən fərqli olaraq, həm Tramp administrasiyası ilə, həm də gələcəkdə ABŞ ilə ümumiyyətlə, çox yaxşı əməkdaşlıq edə biləcəyik. Azərbaycan terrorizmə qarşı mübarizə edən nadir ölkələrdən biridir ki, bütün öhdəliklərini yerinə yetirir.

Azərbaycan, ümumiyyətlə qoşulduğu bütün beynəlxalq müqavilələrə və konvensiyalara əməl edir. Biz bundan sonra da götürdüyümüz öhdəlikləri vicdanla yerinə yetirəcəyik. Eyni yanaşmanı biz ABŞ-dan da gözləyirik”.

Politoloq Qabil Hüseynli də APA-ya açıqlamasında Donald Trampın Azərbaycan prezidentinə göndərdiyi hər iki məktubu yüksək dəyərləndirdiyini vurğulayıb: “Bu, ABŞ-ın yeni administrasiyasının bölgə problemlərinə yanaşmasının ifadəsidir.

ABŞ əvvəlki dövrlərdə olduğu kimi, öz xarici siyasətini digər ölkələrin daxili işlərinə müdaxilə, onları idarə etməyə çalışmaq prinsipi üzərində qurmayacaq. Bu siyasət iki ölkə arasında faydalı və bərabərhüquqlu əməkdaşlığın, strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsini nəzərdə tutur.

Donald Trampın Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı müraciətlərdə əks olunmuş fikirlərdə ölkələr arasında ikitərəfli münasibətlərin yeni dönəminin başlandığına işarə edilir. Donald Tramp həm Azərbaycan və ABŞ, həm də dünya üçün daha gözəl gələcək naminə prezident İlham Əliyevlə fəal tərəfdaş kimi işləməyi səbirsizliklə gözlədiyini bildirib.

ABŞ prezidenti Azərbaycanı ABŞ-ın dəyərli tərəfdaşı hesab edir və son 25 ildə qurulmuş ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin daha da gücləndirilməsini arzu edir.

ABŞ Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və islahatların həyata keçirilməsi istiqamətində gördüyü işləri dəstəkləyir və alqışlayır, habelə iki ölkə arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəyir.

ABŞ prezidenti Azərbaycan və ABŞ xalqlarının rifahına xidmət edən digər əməkdaşlıq sahələrinin də araşdırılmasını səmimiyyətlə arzulayır. ABŞ və Azərbaycan birgə səylərlə terrorizmə qarşı mübarizə apararaq qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışır”.

Politoloq bildirib ki, Trampın məktublarında Dağlıq Qarabağ münaqişəsinin həllinin vurğulanması diqqət çəkir: “Bu, onu göstərir ki, ABŞ bölgədə bəzi dövlətlərin təkbaşına “at oynatması”na imkan verməyəcək və nəticə etibari ilə münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli formada həll edilməsi üçün səylərini əsirgəməyəcək.

ABŞ prezidentinin məktubları yüksək dəyərləndirməyə ehtiyacı olan vacib hadisədir. Hesab edirəm ki, ABŞ-Azərbaycan əlaqələrinin durmadan inkişaf etməsi hər iki ölkənin siyasi və iqtisadi maraqlarına tam uyğundur”.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi