Dərin və genişmiqyaslı islahatlar dövrü

Dərin və genişmiqyaslı islahatlar dövrü
Tarix: 12-04-2016, 20:25 Toplam: nəfər paylaşdı. Baxılıb: 5325


Dərin və genişmiqyaslı islahatlar dövrü
Prezident İlham Əliyev “yeni yolun başlanğıc”ı kimi qiymətləndirdiyi müasir inkişaf mərhələsinin daha böyük perspektivlərə malik olduğunu bəyan etdi

Nazirlər Kabinetinin son iclası Prezident İlham Əliyevin xalqı qarşısında hesabat verməsi üçün olduqca mühüm bir mərhələyə təsadüf etdi. Unutmayaq ki, dünyanın nəbzinin Azərbaycanda döyündüyü zaman ölkəmizin cəsarətli, Prezidentin isə qətiyyətli addımları məmləkətdə olduğu qədər, beynəlxalq birlikdə də dərindən və diqqətlə öyrənilir. Azərbaycanın qarşıdakı dövrdə fəaliyyət konturlarını müəyyənləşdirmək istəyənlər ölkə rəhbərinin artıq cümləsini deyil, hər bir sözünü, hətta sətiraltı məna verən kinayəsini belə haqlı olaraq, xüsusu həssaslıqla izləyirlər.
Azərbaycan Prezidentinin - Azərbaycanın Ali Baş Komandanının iqtidar komandasının mənsubları ilə keçirdiyi son müşavirə də bu baxımdan yalnız “ötən rübün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas” kimi qəbul edilmirdi. Bu tədbirdən gözləntilər çox idi. Ötən dövrün nailiyyətləri iqtisadiyyatdan sosiala, xarici siyasətdən enerji layihələrinin uğurla gerçəkləşməsinə qədər böyük bir miqyası əhatə etsə də, şübhəsiz, bütün diqqət əsas məsələyə yönəlmişdi. Son 10 günün əsas məsələsi isə dəyişməzdir: cəbhə xəttində erməni təxribatı nəticəsində yaranan gərginlikdə Azərbaycanın qazandığı hərbi üstünlük.

Mövqe yenə dəyişməzdir

Proseslərin başlanmasına rəvac verən səbəblər, Ermənistanın riyakar və cığal mövqeyi, hərbi əməliyyatların ilkin nəticələri barədə ictimaiyyətdə geniş məlumat olsa da, Prezident bu prosesin ən dərin qatlarını, görünməyən tərəflərini də müfəssəl təhlil etdi və ən obyektiv təəssüratı yalnız öz vətəndaşlarına deyil, ümumilikdə dünya birliyinə çatdırdı. Həqiqətən də işğalçı dövlət son iki ildə cəbhəboyu durumu süni yollarla gərginləşdirməyə, Azərbaycanı təxribata cəlb etməyə çoxsaylı cəhdlər göstərib. Sonuncu cəhdə qarşı ölkəmizin qətiyyətli mövqeyi isə Ermənistanın qazdığı quyuya məhz özünün düşməsinə səbəb oldu.
Yeni hərbi şərait cəbhə xəttində artıq Azərbaycanın hərbi üstünlüyünü təmin edib. Yəni, ordumuz “İkinci Qarabağ savaşı” deyə biləcəyimiz son hadisələrin uğurla tamamlanan ilk mərhələsini elə son mərhələyə çevirmək gücündədir və bunu həyata keçirə də bilərdi. Lakin Rusiyanın, həmçinin ABŞ-ın, Avropa Birliyinin, digər ölkə və təşkilatların rəhbərliyinin aramsız atəşkəs təşəbbüsləri rəsmi Bakı tərəfindən razılıqla olmasa da, anlayışla qarşılandı və dəstəkləndi, dərhal icra edildi. Atəşkəslə bağlı bütün təkliflər kənar qüvvələr tərəfindən irəli sürülsə də, heç kəsə gizli deyil ki, bu istək birbaşa olaraq, Ermənistandan - məğlubiyyət silsiləsinin Xankəndinin itirlməsi ilə nəticələnəcəyini anlayan təcavüzkarın özündən gəlirdi.
Prezident İlham Əliyev Azərbaycanın atəşkəsə əməl edəcəyini sülh siyasətinə sadiqliyin bir göstəricisi kimi dəyərləndirdi. Lakin Ali Baş Komandanın qətiyyətindən o da anlaşılırdı ki, 22 ildir davam edən “status-kvo”nun son ongünlükdə qısa ştrixlərlə də olsa dəyişməsi, artıq onun geniş miqyasda da dəyişməsini zəruri edir.
Digər mühüm məqam isə Prezidentin münaqişənin həllində Azərbaycanın ənənəvi tələblərinin dəyişməz qaldığını göstərməsidir. Bu tələblər isə birbaşa beynəlxalq hüququn prinsipləri əsasında müəyyənləşib: erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalıdır; Azərbaycan vətəndaşları doğma yurdlarına qayıtmalıdır; bununla da regionda sülh və təhlükəsizliyin yaranması təmin olunur; xalqların öz müqəddəratını təyin etməsi prinsipi isə Helsinki Yekun Aktına əsasən “münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır” müddəasına əsaslanmalıdr.
Prezident münaqişənin bu prinsiplər əsasında nizamlanmasının prioritet olması ilə yanaşı, ümumilikdə problemin həllinin iqtidar üçün əsas vəzifə olduğunu da xüsusi vurğuladı.

Azərbaycanın yeni regional təşəbbüsləri

Ötən dövrün mühüm nailiyyət göstəricilərindən biri də xarici siyasət yönümündə olan yüksək fəallıqdır. Belə ki, bu müddətdə ölkə rəhbəri Davos İqtisadi Forumunda, Münxen Təhlükəsizlik Konfransında, Londonda Suriyaya dəstək konfransında, Nüvə Təhlükəsizliyi sammitində iştirak edib, burada ümumilikdə 50-dən artıq görüş keçirib. Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinə, İran İslam Respublikasına, Türkiyəyə, Amerika Birləşmiş Ştatlarına səfərlər Azərbaycanın çoxşaxəli xarici siyasət apardığının növbəti təzühürü olub.
Bu səfərlər sırasında ABŞ xüsusi diqqət çəkir. Belə ki, bu fövqəldövlətin rəhbərliyi Prezident İlham Əliyevin fəaliyyətini, siyasi kursunu dəstəklədiklərini birmənalı şəkildə bəyan etdilər. Həmçinin ötən üç ayda ölkəmizə 10 xarici dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəsmiləri səfər etmişlər.
Azərbaycanın regional miqyasda yeni əməkdaşlıq modelləri əsasında münasibətləri daha da möhkəmləndirmək səyləri də səmərəli olub. Azərbaycan-İran-Rusiya, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə üçtərəfli əməkdaşlıq formatlarının real fəaliyyət mərkəzlərinə çevrilməsi ölkəmizin diplomatik gedişlərinin uğurlu nəticələrini isbat edir.

Prezidentin prioritetləri

Dünyada hələ də davam edən, daha doğrusu, günü-gündən artan qlobal iqtisadi-maliyyə böhranı, əlbəttə, Azərbaycana da təsirsiz ötüşmür. Əvvəldən də proqnozlaşdırıldığı kimi, ümumi daxili məhsulda artım olmayıb. Neftin qiymətləri ilə birbaşa bağlı olan bu problemin həllinə isə əminlik var. Yalnız bir faktı misal çəkək: qeyri-neft sektoru 5 faiz artıb. Yəni, iqtisadi inkişafda əsas prioritet kimi qəbul edilən bu sektor artıq davamlı olaraq özünü doğruldur.
Məlum olduğu kimi, 2016-cı ili Prezident dərin iqtisadi islahatlar ili elan edib və islahatların geniş miqyasını müəyyənləşdirib. Cari ilin ötən dövründə bu sahədə həyata keçirilən tədbirlərdən razı qalan ölkə rəhbəri biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialının reallaşdırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması, habelə maliyyə nizam-intizamı, şəffaflıq kimi istiqamətlər üzrə çox ciddi qərarların qəbul edildiyinin və hələ çox əlavə tədbirlərin görüləcəyinin anonsunu verdi.
Prezident konkret tələblər də qoydu: Azərbaycanda bütün iqtisadi-maliyyə sektoru aparıcı dövlətlərin təcrübəsinə əsaslanaraq ən mütərəqqi prinsiplər əsasında inkişaf etməli, idarəetmə mexanizmləri təkmilləşdirilməli, şəffaflıq tam şəkildə təmin edilməlidir.
Prezident İlham Əliyev qarşıdakı dövrdə hakimiyyətin fəaliyyətində əsas prioritetləri də müəyyənləşdirdi: biznes mühitinin yaxşılaşdırılması üçün sahibkarlara daha da böyük dəstək veriləcək; xarici sərmayəni daha da böyük həcmdə cəlb etmək üçün hüquqi baza, şəffaf iqtisadi-maliyyə sistemi daha da təkmilləşdiriləcək; investisiyaların təşviqi, bank sektorunun möhkəmlənməsi və sağlamlaşdırılması, manatın məzənnəsinin sabitləşdirilməsi istiqamətində tədbirlər davamlı olacaq; kənd təsərrüfatının inkişafına yönələn səylər artırılacaq, məhsulların ixracı sürətləndiriləcək, bölgələrdə istifadəsiz qalan torpaqların səmərəli istifadəsi təmin ediləcək; on minlərlə ailənin maraqlarına cavab verəcək sosial mənzil layihəsinin hazırlanıb icraya yönəlməsi tezləşdiriləcək; əhalinin məşğulluq probleminin həllinə töhfə verəcək dövlətin kompleks tədbirlər proqramı tezliklə yekunlaşacaq; müxtəlif istiqamətlər üzrə hazırlanan nəqliyyat dəhlizləri layihələrinin tam işə düşməsi və tranzit daşımalarının səmərəli həyata keçirilməsi üçün dövlət tərəfindən təşəbbüslər daha da artırılacaq.
Prezident Nazirlər Kabinetinin son iclasında Azərbaycanın Qarabağ münaqişəsinin həlli prosesində güzəştə getməyəcəyini, hətta hərbi üstünlük imkanlarından lazım gəlsə yenidən bəhrələnəcəyini bəyan etdi, həm də ölkənin perspektiv inkişaf istiqamətlərini bir daha vurğuladı. Ölkə yeni hərbi şəraitlə yanaşı, həm də artıq xeyli müddətdir yeni iqtisadi münasibətlər mərhələsini yaşayır və bu sahədə ciddi islahatlar həyata keçirilir. Tətbiq olunan yeni iqtisadi kursun uğurlu ilkin nəticələri isə qarşıdakı gözləntilərin də müsbət sonluğunu əsaslandırır.
“Biz hələ yolun başlanğıcındayıq” - Prezidentin bu ifadəsi qlobal miqyasda baş verən iqtisadi-siyasi-hərbi proseslərin fonunda Azərbaycanın özü üçün müəyyənləşdirdiyi inkişafın yeni istiqamətlərinə baxışını əks etdirir. Bəli, yeni yolun başlanğıcındayıq. Bu yolu da uğurla keçib, nəzərdə tutulan nəticəyə çatmağa isə indi daha böyük əminlik var.
Çünki bu günün Azərbaycanı dünənkindən güclü, həm də hərbi potensialına görə daha qüdrətlidir...
İxtiyar HÜSEYNLİ,
“Azərbaycan”скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10