ƏSAS SƏHİFƏ Manşet Nurlu insan

Nurlu insan

Nurlu insan

Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Bu gün akademikin əbədiyyətə qovuşmasından 31 il keçir.

Böyük alim Zərifə Əliyevanın fəaliyyəti geniş və zəngindir. Xeyirxahlığına, yüksək intellektinə, diqqət və qayğısına görə hamının hörmət və məhəbbətini qazanmış bu insan ilk növbədə böyük ziyalı, işıqlı, nurlu şəxsiyyət idi. Sözün həqiqi mənasında bu böyük ziyalının insanlara bəxş etdiyi nur mənəvi paklığından, intellektinin kamilliyindən, şəxsiyyət ucalığından və bütövlüyündən qidalanmışdır.
Zərifə xanım həkim ailəsində böyümüşdü, sənətinə vurğunluğunu atası Əziz Əliyevdən əxz etmişdi. 1942-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və təhsilini 1947-ci ildə başa çatdırmışdı. Sonra Moskvada Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçmiş və bu ixtisasa dərindən yiyələnmişdir.
Elmi tədqiqatlara olan marağı Zərifə Əliyevanı Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirir. Orada həkim-ordinator kimi fəaliyyətə başlayır. 1950-ci ildə aspiranturaya daxil olur, sonra isə institutda elmi işçi kimi çalışır.
Həmin illərdə Azərbaycanı traxoma göz xəstəliyi bürümüşdü. Üstəlik də, bu xəstəliyə qarşı təsirli müalicə üsulları yox idi. Odur ki, onunla mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütünlükdə respublika səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edirdi. O, Bakıda insanları müalicə etməklə kifayətlənmir, traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, oftalmoloqlara mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı.
Bununla da sanki Zərifə xanımın ilk elmi araşdırmalarının mövzusunu həyat özü diktə edirdi. Alim tədqiqat işi olan traxomanın müalicəsi ilə bağlı məsələlərə, daha doğrusu, traxomanın müalicəsində və onun ağırlaşdığı hallarda daha təsirli vasitələrin öyrənilməsinə xüsusi diqqət yetirirdi. Nəticədə traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində müvəffəqiyyətli nəticələr əldə edir. Çünki sintomisin geniş antibakterial spektrlərlə yanaşı, antixlamedik fəallığa da malik idi. Tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə uğurla müdafiə etdiyi "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil edir. Zərifə xanımın təklif etdiyi yeni müalicə metodu Azərbaycanda tezliklə geniş təcrübi tətbiqini tapır və nəticədə respublikada traxoma xəstəlik kimi ləğv edilir. Ona görə də qətiyyətlə demək olar ki, Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğv edilməsi Zərifə Əliyevanın adı ilə bağlıdır. El məhəbbətindən, insanları korluq əzabından qurtarmaq zərurətindən doğan bu şəfqətli tədbirlərin həyata keçirilməsi təbii ki, böyük zəhmət, fiziki və zehni gərginlik, uzun müddətli vaxt tələb edirdi. Zərifə xanım bu çətinliyin öhdəsindən uğurla gəlir.
1967-ci ildə Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət alır. Həmin dövrdə həkimlik fəaliyyəti ilə məşğul olur, bir çox cərrahiyyə əməliyyatları aparır, xəstələri qəbul edirdi. Bir sözlə, fəaliyyəti təkcə klinikada qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını əhatə edirdi. Göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji işi genişləndirir, elmi tədqiqatları üzərində çalışırdı.
Getdikcə oftalmologiyanın aktual məsələlərinə daha çox diqqət yetirirdi. Bu məsələlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi və s. xüsusi yer tuturdu. Çox keçmir ki, alimin diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının patologiyası cəlb edir.
1968-ci ildən məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başlayır. Bu problem üzərində iş apararkən çox vaxt sənaye müəssisələrində olur, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirirdi. Bununla yanaşı, Bakının və Sumqayıtın bir sıra sənaye müəssisələrinin, o cümlədən Şin zavodunun sexlərində laboratoriya şəraitində elmi təcrübələr aparırdı. Genişmiqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində alim zərərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxara bilmişdir.
Zərifə Əliyevanın elmi nailiyyətlərinin bir çoxu Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutu ilə bağlıdır. Onun yüksək elmi təşkilatçılığı, təşəbbüsü və rəhbərliyi ilə 1979-cu ildə burada yaradılmış göz xəstəliklərinin professional patologiyası laboratoriyası Azərbaycan oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olmuşdur.
Alimin çoxillik elmi araşdırmalarının nəticəsi olaraq kimya sənayesi işçilərinin göz xəstəliklərinin tədqiqini ümumiləşdirən, ciddi elmi nəticələr doğuran işi 1976-cı ildə doktorluq dərəcəsinə layiq görülmüşdür. Görmə orqanının vəziyyəti və funksiyasının dərindən və hərtərəfli nəzərdən keçirilməsi zamanı şin və yod istehsalı sahəsində çalışan 1500-dən çox insan üzərində müşahidələr aparılmış, spesifik iş şəraitinin, sanitar-gigiyenik durumun görmə orqanlarına mənfi təsiri elmi dəlillərlə sübuta yetirilmişdir.
Doktorluq dissertasiyasını müdafiə etdikdən az sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur. Ətrafına istedadlı həmkarlarını toplayaraq elmi-tədqiqat işini, kadrların və elmi işçilərin hazırlanmasını yüksək səviyyədə təşkil edir.
1977-ci ildə professor Zərifə Əliyevanın təklifi ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilir. Plenuma hazırlığın və onun təşkilinin əsas ağırlığı da Zərifə xanımın üzərinə düşür. Bu, çox əhəmiyyətli bir tədbir idi. Belə ki, Azərbaycanda, eləcə də keçmiş SSRİ-nin oftalmologiya sahəsinin inkişafına və elmi-pedaqoji kadrların hazırlanmasına öz töhfəsini verir.
Elmi araşdırmalarının nəticəsi kimi Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən "Şin istehsalında gözün peşə patologiyası", "Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya", "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" monoqrafiyalarını çap etdirir. Bunlar dünya elmi ictimaiyyətinin diqqətini cəlb edən əsərlər idi. Sonra "Həkimin əxlaqi tərbiyəsi, deontologiya, səhiyyə etikası və əxlaq məsələləri" kitabını nəşr etdirir. Burada da məhz Zərifə xanımın daxili aləmi, vəzifə borcuna, xəstələrə və ümumən ətrafdakılara münasibəti bir daha öz əksini tapır. Əsər elmi səciyyə daşısa da, mahiyyət etibarilə daha geniş əhəmiyyət kəsb edir. Kitab səhiyyə mövzusu çərçivəsindən çıxaraq məişət və ailə əlaqələri də daxil olmaqla bütövlükdə insanların qarşılıqlı münasibətlərinin öyrənilməsində mühüm əhəmiyyət daşıyır.
1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə Zərifə Əliyeva o zaman oftalmologiya aləmində ən yüksək mükafat sayılan SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülür. Professor Zərifə xanım həmin mükafatı alan ilk alim qadın olur.
Professorun elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Alimin görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətə yaxşı məlumdur. Həmin elmi işlərin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş "Herpetik göz xəstəliyi", "Ağır virus konyuktivləri" və digər dərs vəsaitləri məhz bu məsələyə həsr olunmuşdu. Bu dövrdə alim həmçinin qlaukomanın etimologiyası, diaqnostikası və müalicəsi məsələlərinə həsr olunmuş xeyli tədqiqatlar aparmışdır. Sonralar bu tədqiqatların nəticəsində bir sıra məqalə və monoqrafiyalar yazıb çap etdirmişdir.
Zərifə Əliyeva gözün zədələnməsinin profilaktikası və müalicəsi imkanlarını da öyrənmişdir. Bir sıra elmi işlərində görmə orqanı zədələndikdə mövcud olan cərrahiyyə əməliyyatları üsullarını araşdırmış, həmin üsulların təkmilləşdirilməsi üçün faydalı tövsiyələr işləyib hazırlamışdır. Həmin tövsiyələr cərrahiyyə əməliyyatına məruz qalan zədələnmiş gözün müalicəsini xeyli yüngülləşdirmişdir.
Akademikin bir sıra elmi işləri isə görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Onun daktriologiyadan bəhs edən "Göz sulanmasının fiziologiyası", "Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi" monoqrafiyaları təkcə oftalmoloqların deyil, həm də fizioloqların diqqətini cəlb etmişdi.
Bu gün də oftalmoloqların stolüstü kitablarından olan fundamental "Terapevtik oftalmologiya"nın müəlliflərindən biri akademik Zərifə Əliyevadır.
Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında dəyərli sözlər demişlər. Moskva oftalmologiya məktəbi Zərifə xanımı oftalmologiyanın mirvarisi adlandırırdı. Dünya şöhrətli oftalmoloq, akademik A.Nesterov yazırdı: "Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli alim idi". Akademik N.Puçkovskaya "xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi" deyərək alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulamışdır. Professor A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırmışdır. Professor N.Şulpina Zərifə xanımı dünya şöhrətli alim adlandıraraq "Biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik" - demişdir.
Akademik Zərifə Əliyeva 150-dən artıq elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, bir çox dərs vəsaitlərinin müəllifi idi. Alim onlarca elmlər doktorunun və elmlər namizədinin rəhbəri olmuşdur. Akademik oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərinə görə Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Görkəmli alim həm də keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi fədakarcasına çalışmış, respublika "Bilik" Cəmiyyəti İdarə Heyətinin və keçmiş ittifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur.
Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan, yüksək intellekt sahibi, dünya şöhrətli alim Zərifə Əliyevanın yazıb-yaratdığı monumental əsərləri, qoyub getdiyi elmi nailiyyətləri, pedaqoqluq səriştəsi, yüksək səviyyəli mədəni irsi daim araşdırılır, öyrənilir.
Görkəmli elm xadimi, akademik Zərifə xanım Əliyevanın unudulmaz xatirəsi insanları daim öz işığına toplayır, həyat yolumuza, elmimizə, təhsilimizə sanki sönməyən çıraq tutur.

"Azərbaycan" qəzetiскачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu