• 02:05 – Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad 
  • 19:01 – Bərzani və Bərzanilər (2) 
  • 16:30 – Şamaxı rayon Mərkəzi kitabxanasının əməkdaşı doğum gününü qeyd edir 
  • 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 17:30 – Kürdəmirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirilib 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 

Mərhəmət və humanizmin növbəti nümunəsi

  • Tarix: 24.05.2016, 19:00,
  • Bölmə: Manşet / Ölkə
  • Baxılıb: 5622
Mərhəmət və humanizmin növbəti nümunəsi Mərhəmət və humanizmin növbəti nümunəsi Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi amnistiya aktı məhbusların ümumi sayının üçdəbirini əhatə edəcək

Mayın 20-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyeva tərəfindən təqdim olunan “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi Milli Məclisdə müzakirəyə çıxarıldı.
İclasın gündəliyindəki məsələ təsdiq edildikdən sonra Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov bildirdi ki, 1995-ci ildən bu günə qədər respublikamızda 61 əfv fərmanı, 10 amnistiya aktı qəbul edilib. Bunlar Azərbaycan dövlətinin humanist mahiyyətini və dövlət başçılarımızın humanist xarakterlərini göstərən əsas əlamətlərdən biridir. Qeyd olunan amnistiya aktlarından üçü məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul edilib. Bu gün isə fondun, bilavasitə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 4-cü amnistiya aktının layihəsi Milli Məclisə təqdim edilib.
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva amnistiya elan edilməsi barədə qərar layihəsi ilə bağlı çıxış etdi:
- Hörmətli həmkarlar, ölkəmizin ən dəyərli humanizm ənənələrinə əsaslanaraq 28 may - Respublika Günü münasibətilə amnistiya elan olunmasını təklif edirəm.
2007-ci ildən başlayaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları əsasında 30 minə yaxın məhkum müxtəlif növ cəzalardan azad edilmişdir. 2007-ci, 2009-cu və 2013-cü illərdə fondun təşəbbüsünü dəstəkləyən və minlərlə insana azadlıq bəxş edən həmkarlarımın hər birinə dərin minnətdarlığımı bildirirəm.
Heydər Əliyev Fondu özünün 12 illik fəaliyyəti ilə həm ölkəmizdə, həm xaricdə böyük hörmət və inam qazanmış bir təşkilatdır. Fond hər bir addımında, hər bir fəaliyyətində insanpərvərlik və humanizm ideyalarını rəhbər tutur, qayğı və yardıma ehtiyacı olan insanlara daim kömək etməyə çalışır. Təsadüfi deyil ki, bu gün bizə üz tutan insanlar Heydər Əliyev Fondunu son ümid yeri kimi qiymətləndirirlər və biz bu ümidi hər zaman doğrultmağa çalışmışıq.
Bu gün azadlıqdan məhrum olmuş minlərlə həmvətənimizin ən böyük ümidi azadlığa çıxmaq, ailələrinə qovuşmaq və normal həyat tərzini qurmaqdır. Onları bağışlamaq, onlara yeni şans vermək həyatlarında başqa yolu, cinayətə yer olmayan, qanunlara hörmətlə yanaşma prinsiplərinə əsaslanan yeni ömür yolunu vermək deməkdir. Cinayət törədən hər bir insan öz səhvini, təbii ki, dərk etməlidir və gələcəkdə bu səhvlərə yol verməməlidir. Eyni zamanda, həm dövlətimiz, həm ictimaiyyətimiz, hər birimiz azadlığa çıxan insanlara onların normal həyat tərzini qurmasında yardım etməliyik.
Hörmətli həmkarlar, amnistiya aktının layihəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər cəzadan azad ediləcəklər. Bundan əlavə, bir sıra cinayətlərə görə məhkum edilmiş qadınlar, yetkinlik yaşına çatmayanlar, əlillər, qoca və ahıllar, öhdəsində yetkinlik yaşına çatmayan və ya əlil övladı olanlar və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər. Xüsusilə diqqətinizə çatdırmaq istərdim ki, amnistiya aktı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş şəxsləri, həmçinin bu döyüşlərdə həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarını əhatə edəcək. Bundan başqa, islah işləri, ictimai işlər, cərimə cəzalarına məhkum edilmiş şəxslərə də amnistiya şamil ediləcək. Ümumilikdə, 10 min məhkumun amnistiya aktının təsiri altına düşəcəyi, onlardan 3 min 500-ə yaxın şəxsin cəzaçəkmə müəssisələrindən azad ediləcəyi gözlənilir.
Hörmətli həmkarlar, hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdəki həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, demək olar, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Bu gün biz yenidən cəmiyyətdə öz yerlərini tutmaları, layiqli həyat yaşamaları üçün onlara şans verməliyik.
Əminəm ki, amnistiya aktı bir daha Azərbaycan dövlətinin gücünü nümayiş etdirəcək. Ümidvaram ki, amnistiyanın şamil olunacağı şəxslər cəmiyyətimizin layiqli vətəndaşları olmaq şanslarını istifadə edəcəklər.
Sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qərar layihəsi barədə ətraflı məlumat verdi. Bildirdi ki, sənəd qanunvericilik baxımından dürüst və indiyədək qəbul edilən amnistiya haqqında qərarların təcrübəsinə əsaslanaraq mükəmməl hazırlanıb. Onun sözlərinə görə, ölkəmizdə amnistiya aktlarının məhz Heydər Əliyev Fondu tərəfindən hazırlanıb Milli Məclisə təqdim edilməsi xalqımız və cəmiyyətimiz tərəfindən alqışlanan dəyərli ənənəyə çevrilib. Fondun amnistiya təşəbbüsləri ölkəmizdə cinayət hüquq siyasətinin liberallaşdırılmasına, məhkumların sayının azaldılmasına gətirib çıxaran vacib amilə çevrilib. Bu təşəbbüs həmçinin ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasına da öz töhfəsini verir. Yeni amnistiya qərarından sonra söylənildiyi kimi, təxminən 10 min şəxsin müxtəlif formada azadlığa buraxılması gözlənilir. Bu, məhkumların ümumi sayının təxminən üçdəbiridir.
Ə.Hüseynli vurğuladı ki, bu amnistiya qərarı 3500 şəxsin tam azadlığa buraxılmasını özündə ehtiva edir. Əvvəlki qərarda 2 min şəxs tam azadlığa çıxırdısa, budəfəki rəqəm kifayət qədər böyükdür - əvvəlkilərlə müqayisədə 1000 nəfər çoxdur. Təbii ki, amnistiya qərarının ikinci hissəsi özündə bir neçə məhdudiyyətləri əks etdirir. Bu da normaldır. Çünki ağır cinayətlərə, ümumiyyətlə, amnistiya qərarlarında yer verilmir. Cinayətin xarakteri və ictimai təhlükəsizliyi nəzərə alınmalıdır. Əks təqdirdə, onun humanizm ideyası tətbiq edilə bilməz.
Komitə sədri qeyd etdi ki, qərar 2016-cı ilin iyun ayının 15-dən qüvvəyə minəcək. Amnistiyanın müvafiq orqanlar tərəfindən hansı qaydada icra olunacağı müəyyən edilib. Qərarın ümumi icra müddəti 4 aydır. Amma tam əminliklə deyə bilərəm ki, Azərbaycanın ədliyyə, məhkəmə və hüquq-mühafizə orqanları bu qərarın daha tez icrasına nail olacaqlar. Əli Hüseynli dedi: “Hörmətli millət vəkilləri! Şübhə yoxdur ki, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyevanın bu nəcib təşəbbüsü də hamılıqla dəstəklənəcək, amnistiya qərarı qəbul olunacaq və azad olunmuş minlərlə insan cəmiyyətə qovuşacaq. Araşdırmalar onu göstərir ki, fond tərəfindən təqdim edilmiş son amnistiya aktları ilə azadlığa buraxılanların arasında yenidən cinayət törətmək meyilləri, demək olar ki, yoxdur. Bu onu göstərir ki, Heydər Əliyev Fondu insan hüquqlarının qorunması sahəsində də qarşıya qoyduğu məqsədə nail olub. Buna görə əminliklə demək olar ki, respublika günü münasibətilə irəli sürülən amnistiya təşəbbüsü vətəndaşlarımızın dövlətə sədaqət və qanunlara hörmət ruhunda formalaşmasında öz töhfəsini verəcək. İnsanların haqq-ədalət inamını daha da möhkəmləndirəcək”.
“28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərar layihəsi barədə deputatlar fikirlərini bildirdilər. Xanhüseyn Kazımlı, Fərəc Quliyev, Zahid Oruc, Rafael Cəbrayılov, Çingiz Qənizadə, Qənirə Paşayeva və Musa Qasımlı çıxış edərək amnistiya elan edilməsi təşəbbüsünü yüksək qiymətləndirdilər. Qeyd edildi ki, sənəd hüquqi və qanunvericilik baxımından tamamilə təkmil hazırlanıb. Ümumilikdə isə, bu amnistiya qərarı istiqlaliyyətimizə olan hörməti özündə ehtiva edir.
Deputat Fəzail İbrahimli qeyd etdi ki, amnistiya aktı təşəbbüsünün əhəmiyyətini hər hansı düşüncə ilə izah etmək mümkün deyil. Amnistiya aktının siyasi və mənəvi əhəmiyyəti olduqca böyükdür. Bu, həm də Azərbaycanı insan hüquqları məsələsində ittiham edənlərə cavabdır. Onun sözlərinə görə, daim humanizm prinsiplərindən çıxış edən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə növbəti amnistiyanın elan edilməsi cəmiyyətimizin əhval-ruhiyyəsini daha da yüksəldəcək, minlərlə ailəyə səadət, sevinc bəxş edəcək. Amnistiya aktına əsasən, cəzadan azad edilmiş şəxslər müasir Azərbaycan dövlətinin layiqli vətəndaşı olacaq, qanunlara hörmət ruhunda davranaraq vətənə və xalqa sədaqətlə xidmət edəcəklər.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə belə bir təşəbbüsə görə Mehriban Əliyevaya dərin təşəkkürünü bildirdi. Qeyd etdi ki, Heydər Əliyev Fondu yarandığı dövrdən onun siyasətində humanizm prinsipi dayanır. Sözügedən amnistiya aktı da Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın bu ideyalara sadiqliyinin bariz nümunəsidir.
S.Novruzovun sözlərinə görə, Mehriban xanım Əliyeva tərəfindən Milli Məclisə təqdim olunan layihədə göstərilir ki, qərar nəinki Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş, hətta beynəlmiləl borcunu yerinə yetirmiş insanlar, yəni Əfqanıstan müharibəsi veteranlarına, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlərə, Qərbi Azərbaycandan deportasiya olunanlara, Xocalı soyqırımına və 20 Yanvar hadisələrinə məruz qalanların hər birinə şamil olunur. Humanizm addımının bu qədər geniş əhatə dairəsinə nəzər salanda aydın olur ki, həqiqətən də amnistiya aktı çox zəruri bir təşəbbüsdür.
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev isə vurğuladı ki, bu amnistiya aktı, ilk növbədə, insanların törətdikləri əməldən müəyyən bir nəticənin çıxarmasını və yalnız cəmiyyət üçün faydalı ola biləcək əməllərə yönəlməsini və təşviq etməsini nəzərdə tutur. Eyni zamanda, amnistiya böyük bir humanizm faktıdır. Bu, Heydər Əliyev ənənələrinin yaşadılması deməkdir.
Deputatın sözlərinə görə, xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanı məhv olmaqdan xilas edən ulu öndər möhkəm, güclü və müstəqil dövlət qurdu və bir çox xoşməramlı ənənələrin əsasını qoydu. Vaxtilə fərarilik, gənclərin ordudan yayınması kimi əməllər artıq müxtəlif əfv fərmanları və amnistiya aktları nəticəsində tamamilə yox olub. Əksinə, hər bir Azərbaycan gənci bu gün orduda xidmət etməyi özü üçün şərəf hesab edir. Bu, Azərbaycanın yürütdüyü çox müdrik siyasətin nəticəsidir ki, hazırda ölkədə vətəndaşlıq mövqeyi daha da möhkəmlənib. Artıq Azərbaycanda vətəndaş cəmiyyəti olduqca möhkəm əsaslara söykənir.
Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov qeyd etdi ki, Konstitusiyamızın 12-ci maddəsində göstərilir ki, Azərbaycan dövlətinin əsas məqsədi, mahiyyəti və fəlsəfəsi insanın hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir: “Dövlət başçılarımız, o cümlədən Heydər Əliyev Fondu və onun rəhbəri Mehriban xanım Əliyeva da bu prinsipi hər zaman fəaliyyətlərində rəhbər tutublar. Biz də inanmaq istərdik ki, bu amnistiya aktı ilə azadlığa çıxan hər bir məhkum düzgün nəticə çıxaracaq və dövlətin onlara olan bu humanist münasibətindən bəhrələnəcək”.
Sonda “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edildi.
Elgün MƏNSİMOV,
“Azərbaycan”
azerbaijan-news.azскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV