Azərbaycan həm də idman ölkəsidir



İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyi dövründə Azərbaycan idmanı ən uca zirvələrə yüksəlib

Gənclik güc, qüvvət, tükənməz enerji deməkdir!
Gənclik arzuların gerçəkləşdirilməsi yolunda dayanmadan və yorulmadan mübarizə aparmaq deməkdir!
Gənclik həm də özünütəsdiqə can atmaq deməkdir!
Enerjinin, gücün düzgün istiqamətə yönəldilməsinin, arzuların gerçəkləşdirilməsinin, habelə özünütəsdiqin üsul və yolları çoxdur. Baxır kim hansını seçir. Bunlardan biri də idmandır!
İdman həm də sağlamlıq deməkdir.
Müstəqilliyin ilk illərində böyük çətinliklər və sınaqlarla üzləşən Azərbaycan hətta bir dövlət kimi məhvolma, dünya xəritəsindən silinmə təhlükəsini də yaşadı. Xalqın arzu və tələbi ilə ulu öndər Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıtması müharibə bölgəsində atəşkəsin yaranmasına, dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasına, ümummilli böhranın aradan qaldırılmasına, ölkədə möhkəm və dönməz sabitliyin yaradılmasına, bazar iqtisadiyyatı münasibətlərinə keçidə imkan verdi. Ümummilli lider Heydər Əliyevin çoxcəhətli və gərgin səyi nəticəsində nəinki Azərbaycan müstəqilliyini qoruyub saxladı, hətta yeni inkişaf yoluna çıxaraq dünyaya inteqrasiya olundu.
Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən cənab İlham Əliyev ölkəmizin sürətli yüksəlişini təmin etdi, iqtisadi, siyasi, mədəniyyət və idman sahələrində bir sıra uğurlara imza atdı. Görülən işlər sayəsində bu gün hər bir azərbaycanlı öz vətəni ilə hədsiz qürur və iftixar hissi duyur!
SSRİ-nin tərkibində olduğu yetmiş il ərzində Azərbaycanda bir sıra güclü, adlı-sanlı idmançılar yetişmişdi. Lakin həmin dövrdə beynəlxalq yarışlarda və Olimpiya oyunlarında iştirak etməkdən ötrü SSRİ yığmasının tərkibinə düşmək vacib idi. Bu isə asan məsələ sayılmırdı. Hətta komandaya düşüb qalib gəldikdə belə Azərbaycan Himni səsləndirilərək bayrağı ucaldılmırdı. Bu, yalnız müstəqillik dövründə mümkün oldu. Lakin müstəqilliyin ilk illərinin idman problemləri də çox idi. İdman qurğuları və avadanlıqları köhnələrək sıradan çıxmış, mərkəzi respublika stadionu “tolkuçka”ya çevrilmişdi. Yeniləri isə tikilmirdi. Təcrübəli məşqçilər və istedadlı idmançılar çörək ardınca başqa ölkələrə gedərək özgə bayrağı altında çalışırdılar.
Ulu öndər Heydər Əliyev bu sahədə də ciddi dəyişikliklərə yol açdı. Cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ölkə idmanında intibaha səbəb oldu!
Böyük səriştə və enerji ilə fəaliyyətə başlayan cənab İlham Əliyev idmanın sürətli inkişafı üçün möhkəm maddi-texniki baza yaradılmasına xüsusi diqqət yetirdi. İdman qurğuları təmir edildi, təzələndi, yeniləri tikildi, xaricdəki məşqçilər və ümidverən idmançılar vətənə çağırılaraq geriyə qaytarıldı. Fəxrlə deyə bilərik ki, artıq bu gün müxtəlif ölkələrin bacarıqlı idmançıları Azərbaycan bayrağı altında yarışlara qatılmağı özləri üçün şərəf hesab edirlər.
Cənab İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra da idman sahəsindəki fəaliyyətini nəinki davam etdirdi, hətta bir qədər də gücləndirdi. Onun ən böyük xidmətlərindən biri də idmanın inkişafının Azərbaycan modelini yaratması oldu. Düşünülmüş, uzaqgörən siyasət və səmərəli fəaliyyətə əsaslanan bu model Azərbaycan idmançılarının bütün ranqlı və hər növ yarışlarda yüksək nailiyyətlər qazanmalarını təmin etdi. Artıq Azərbaycanda idman dövlət siyasətinin tərkibinə çevrilmişdir.
İdmanın inkişafının Azərbaycan modeli I Avropa Oyunlarının yüksək səviyyədə təşkili, keçirilməsi və ölkə idmançılarının həmin yarışlarda yüksək nailiyyətlər qazanılmasının stimuluna çevrildi. Unikallığı və möhtəşəmliyi ilə seçilən bu modelin elementlərini beynəlxalq tələblərə cavab verən idman qurğu və saraylarının inşası, uşaq idmanının inkişafı, regionlarda da idmanın kütləviləşməsinə xüsusi diqqət yetirilməsi, ölkənin hər bir guşəsində olimpiya idman komplekslərinin tikilməsi, təcrübəli məşqçilərin ölkəyə işə dəvət edilməsi, yerli idmançıların digər ölkələrin tanınmış idmançıları ilə birgə məşqlərinin təşkili, idmançıların öz formalarını saxlamaları üçün ilboyu müxtəlif yarışlarda iştiraklarının təmini, idmançıların sistemli şəkildə maddi və mənəvi cəhətdən həvəsləndirilməsi və digərləri təşkil edir.
Təkcə I Avropa Oyunları ərəfəsində ölkə paytaxtı Bakıda yeni Olimpiya stadionu, “Kristall Holl”, Bakı Su İdmanı Sarayı, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi, Avropa Oyunları Parkı, Velopark, Müvəqqəti Basketbol Arenası, Heydər Əliyev adına İdman Konsert Kompleksi tikilmiş, yaxud əsaslı şəkildə yenidən qurularaq ən müasir standartlara uyğunlaşdırılmışdır.
Ötən il ölkəmizdə keçirilən I Avropa Oyunları idmanın inkişafının Azərbaycan modeli üçün əsl imtahana çevrildi. Həm model, həm də idmançılarımız bu sınaqdan şərəflə çıxdılar!
Azərbaycan nəinki oyunları ən yüksək standartlar səviyyəsində təşkil edərək keçirdi, üstəlik, bir çox Avropa dövlətlərinin komandalarını geridə qoyaraq yarışları ikinci pillədə başa vurdu. Bütövlükdə 20-si bürünc, 15-i gümüş, 21-i qızıl olmaqla 56 medala sahib çıxdı!
Ümumiyyətlə, son 24 il ərzində Azərbaycan idmançıları 5 Olimpiya, 3 paralimpiya, dünya, Avropa çempionatları və birinciliklərində, kubok yarışlarında 8.238 medal əldə etmişlər.
Müstəqillik dövründə idmançılarımız beş yay Olimpiya oyunlarının iştirakçısı olmuşlar. Əgər birinci - 1996-cı ilin Atlanta Yay Olimpiya Oyunlarında cəmi bir (gümüş) medal qazanılmışdısa, sonuncu London (2012-ci il) Yay Olimpiya Oyunlarında idmançılarımız 2 qızıl, 2 gümüş, 6 bürünc - cəmi 10 medala layiq görülmüşlər. Müstəqillik dövrü yay Olimpiya oyunlarında 6-sı qızıl olmaqla 26 medal qazanılmışdır.
Azərbaycanın digər mühüm uğuru ölkədə beynəlxalq yarışları bacarıqla təşkil etməsidir. Hər növ idman yarışlarının keçirilməsi üçün müvafiq idman qurğu və saraylarına, mehmanxana komplekslərinə, bütün növ nəqliyyat vasitələrinə və qonaq qarşılamaq mədəniyyətinə, unikal mətbəxə malik olan ölkəmizdə hamı həvəslə yarış keçirməyə çalışır. Ötən il I Avropa Oyunlarını uğurla təşkil edən Azərbaycan növbəti ildə İslam Oyunlarına evsahibliyi edəcəkdir.
Bu gün “Formula-1” Qran-pri yarışları başlayır. Cənab İlham Əliyevin rəhbərliyi ilə bu yarışlara da yüksək səviyyədə hazırlıq görülmüşdür. Bir həftə ərzində Azərbaycan dünya idmansevərlərinin diqqət mərkəzində olacaqdır. Ölkəmizə bu münasibətlə gələn qonaqlar, habelə paytaxt sakinləri yarışları canlı şəkildə izləyə biləcəklər. Şübhə yoxdur ki, “Odlar ölkəsində, sürət zirvəsində” devizi ilə keçirilən bu yarışlar da insanlara uzun müddət xatırlanacaq həyəcanlı və sevincli dəqiqələr bəxş edəcəkdir!
Başqa cür ola da bilməz! Axı bu yarışların təşkilatçısı dünyanın tanınmış idman xadimlərindən olan Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev və müstəqil Azərbaycan dövlətidir!
İdman özü də siyasətə - xalqlar arasında dostluğa, əməkdaşlığa, sülhə xidmət edir.
İdman açıq siyasətdir - yarışlar aşkarlıq şəraitində, hamının gözü qarşısında keçirilir.
İdman yarışlarında bir nəfər, bir komanda qalib gəlir. Lakin həmin yarışların həyəcan və sevincindən çoxları pay götürür.
İdmanda, adətən, bir standart olur - ədalətli, obyektiv və qərəzsiz standart!
Azərbaycan həmişə belə yarışların, dostluğun və əməkdaşlığın tərəfdarı olub: vahid standarta və qayda-qanuna əsaslanan ədalətli, obyektiv və hər iki tərəfin maraqlarını təmin edən əməkdaşlığın.
Kaş bütün siyasətlər idman siyasəti kimi açıq, aşkar, qərəzsiz və məkrdən kənar olaydı!
Müstəqil Azərbaycanın yeritdiyi idman və dövlət siyasəti tək!

Bəxtiyar SADIQOV
azerbaijan-news.azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi