Faiq Hüseynbəyli:"Yeri-göyü danmışam"



Yeni dünya qurmuşam,
Qadir olub gəlmişəm.
Mirzə Cəlil olmuşam,
Sabir olub gəlmişəm.

Cəhənnəmdə yanmışam,
Hər sözə aldanmışam.
Sevgimi din sanmışam,
Kafir olub gəlmişəm.

Dünyanı tərk etmişəm,
Yox olmuşam, itmişəm...
Artıq zühur etmişəm,
Zahir olub gəlmişəm.

Gəlmişəm fərman ilən,
Şöhrət ilən, şan ilən.
Bu ruh ilən, can ilən,
Şakir olub gəlmişəm.

Yetib əhli-ürfana,
Səs salmışam dörd yana.
Nəzir-niyaz ver, ana,
Şair olub gəlmişəm.


*****************

YENƏ GƏLSƏM DÜNYAYA

Yenə gəlsəm dünyaya,
Yenə qurban olaram.
Uca dağ tək dumana,
Çənə qurban olaram.

Eşqdən su içən Aya,
Qəmə nur saçan Aya -
Səninlə keçən aya,
Günə qurban olaram.

Ürək aç həqiqətə,
Uyma hər şəriətə.
Sən olan təriqətə,
Dinə qurban olaram.

Yenilər bu sevdaya
Hər divar, hər daş-qaya...
Yenə gəlsəm dünyaya,
Sənə qurban olaram.

*****************

İlahi, bu qisməti
Faiqə düz vermədin.
Arzu-xəyalı verdin,
Gerçəyi söz vermədin.

Sonra gecdi, indi gəl,
Bu könül sənindi, gəl.
İşıq vermisən, di gəl,
Baxmağa göz vermədin.

Yeri-göyü danmışam,
Uçub qanadlanmışam.
Səni ocaq sanmışam,
Yanmağa köz vermədin.

Söz üstə söz ələrdim,
Sözləri sürmələrdim.
Lap yanına gələrdim,
Sən mənə üz vermədin.

*****************

Sənə müqəddəs sözüm

Həyat bulmacadı, həyat sualdı,
İpucu verməyir, çözüm səndədi.
Baxışlar sağırdı, baxışlar laldı,
İradə səndədi, dözüm səndədi.

Zaman xəlbirində ələnir ömrüm,
Bir eşqə əl açıb dilənir ömrüm.
Sənli sənsizliyə bələnir ömrüm,
Birim ayrı gəzir, yüzüm səndədi.

Gəldin kədərimi daşımaq üçün,
Gəlmədin yar deyib qovuşmaq üçün.
Mən sənə söz verdim yaşamaq üçün,
Mənim ən müqəddəs sözüm səndədi.

Yadıma düşməyir şən olduğum gün,
Yuxu tək, arzu tək çin olduğum gün.
Özümü unutdum sən olduğum gün,
Ruhumsan, canımsan, özüm səndədi.

Daş üstə daş qoyub divar hörmədim,
Laləyə, nərgizə könül vermədim.
İkinci kəlməni lüzum görmədim,
Sandım, çarə səndə, lüzum səndədi.

Yollar inadkardı, tərsdi necə də,
Günəşli səhərdə, aylı gecədə...
Qarşıma çıxırsan evdə, küçədə,
Haraya baxıram, gözüm səndədi.

Küsmərəm dünyadan, yar yara yarsa,
Yarı yar ilə bir alıb aparsa...
Dünyada Faiqə aid nə varsa,
Nə varsa dünyada, quzum, səndədi.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
On Line 500 Keflex Mg canadian cialis How Much Is Zithromax