Aidə Eyvazlı:"Məhəmməd peyğəmbər özünə qədər olan dinlərin hərəsindən yaxşı bir şey götürüb təbliğ edib ki, ərəbləri rəzalətdən qurtarsın"

Aidə Eyvazlı:
Tarix: 22-09-2016, 12:39 Oxunma Sayı: 1 595 dəfə oxundu. Toplam: nəfər paylaşdı.


"Doğmalarının ölüm tarixini bilməyə-bilməyə imamlar üçün niyə ağlayırsan? "

Modern.az saytı dini mövzuda olan müsahibələri davam etdirir. Budəfəki həmsöhbətimiz tanınmış jurnalist Aida Eyvazlıdır.


Aida Eyvazlı söhbətə girişi bu yaxınlarda Monqolustana, Türk xaqanlarının ikinci dəfə hakimiyyət qurub, dünyaya hökmdar kimi yayıldığı areala - Ötükənə səfəri haqqında və bunun onda yaratdığı təəssüratlarla etdi.

-Bu yaxınlarda Ötükəndə oldum. Bu səfərim məndə olan bəzi düşüncələri bir az da möhkəmləndirdi. Bütün dillərdən əvvəl türk dili və türk əlifbası yaranıb. Dünyanın ilk dili türk dili, əlifbası isə türk əlifbasıdır. Bu gün türk dünyasında, o cümlədən Azərbaycanda kimsə uşağını yatırtmaq üçün ona layla çalır. Hətta Azərbaycanda yaşayan etniklər də. Ancaq hamısı laylanı eyni dildə - azərbaycanca oxuyur. Deməli, bu, bizim ana dilimizdir.

Qədim türklərin hələ neçə min il bundan qabaq Cənubi Amerikada qırmızı dərililərin içərisində olduğu da məlumdur. Türklərin yaranma tarixi çox qədimdir. Sadəcə sivilizasiyalardan-sivilizasiyalara dəyişiblər. Onlar hər şeyin öz nəzarətlərində olmasını istəyiblər. Onlar niyə hakimiyyətə , hakim olmağa həris olublar? Məqsədləri insanlara xeyir vermək, ərazilərini möhkəmləndirmək , ordu ilə düşməndən qorunmaq olub. Türklərin beyinləri həmişə iti və gözəl işləyib.

-Qədim şumerlərin də türk olduğu haqqında çoxlu tədqiqat var. Şumer mədəniyyətinin dünya siviliziyasına böyük töhfəsi olub. Onların da öz mifoloji, dini inancı olub. "Bilqamıs dastanı”nda şumer mifoloji təfəkkürü əks olunub. Nuhun dastanı da bu dastanla eyni motivdədir, sadəcə obrazlar dəyişib.

-İslama qədər türklərin inancları olub.İslam dinində olan məqamların çoxu türk inanclarından götürülüb.Türklərin belində o zamanlar göy ləkələr var idi. Bu gün bu göy ləkələr hindu tayfalarında da var. Deməli, onlar da göy türklərdir.

Beynəlxalq Türk Akademiyası 2010-cı ildə yaranıb. 2014-cü ildə Bişkekdə beynəlxalq status aldı. Bu akademiya türk kökümüzü, mədəniyyətimizi araşdırmağa başlayıb və çox gözəl nəticələr ortaya qoyub. Professor Darxan Xıdıralı həmin akademiyaya gələndən sonra elmi tədqiqatlar və əldə edilən nəticələr çoxalmağa başlayıb. Sözün əsl mənasında türkün Sovet dönəmindən gizlədilən qaranlıq səhifələrinə işıq tutulub.

Darxan Xıdıralının əsl adı Tərxandır. Türk sərkərdəsi Gültəkinin də əsl adı deyilənlərə görə Tərxan olub. Mən Darxan Xıdıralıya baxanda elə bilirdim ki, Gültəkin onda təzahür edib. Bu adam çox istedadlıdır. O gedir daşları, torpağı qazır, axtarışlar aparır. Sanki Ötükəndə olan daşlar, Göy Səma onunla danışır. Ötükən ona gizli sirrlərini açır. Bəlkə elə buna görədir ki,

Beynəlxalq Türk Akademiyası Monqolustanla birgə arxeoloji qazıntılar apardılar. Çox gözəl nəticələr əldə olundu. Ən maraqlısı isə odur ki, Ötükəndəki məbədimizi tapdıq. Monqolustanda bu ərazi Bayan-aqt adlanır.

Bir baxın, Gültəkin, Tonyukök, Bilgə xaqan daşlara məktub yazmışdı. 1893-cü ildə həmin daşı Tomson oxuyub. Həmin daş kitabədə yazılıb: "Siz Ötükəndə qalsanız, buradan karvanlarınız gedəcək. Heç zaman qəzəb, pislik görməyəcəksiniz”. Bu, sətirlər Quran ayəsi kimidir. Daha sonra yazılıb: "Siz o zaman başqa ölkələrə hökmranlıq edəcək, var-dövlət içərisində yaşayacaq, aclıq görməyəcəksiniz”. Bunlar 6-7-ci əsrlərə aid mətnlərdir. Yəni, İslamdan da qabaq.

Bir görün bu daşlardakı mətnlər , yazılar nə qədər vacib bir sənəd idi ki, Çar Rusiyasının şahzadəsi II Yekatrina öz alimini dəvə karvanları ilə böyük türklərin imperatorluq etdiyi səhralara sirr öyrənməyə göndərmişdi. O yerləri gedib görmək mənə də nəsib oldu və o müqəddəs maəkana çatanda məəttəl qaldım. Fikirləşdim ki, bizdən 100-150 il bundan əvvəl insanlar elmə nə qədər maraq göstəriblər! At keçməz, adam keçməz yolları gedib o məkana çatıblar. Mən inandım ki, Ötükən həqiqətən də müqəddəs məkandır. Orada insana xəta gəlmir. Orada insan yorulmur, darıxmır. Orada təbiət bütün gözəlliklərini, sirrini açır. Orada bir harmoniya var. Təbiət insanla təmasa girir. Və bu da "türk mifologiyasının, türk hakimiyyətinin əsasıdır” desəm, yanılmaram. Çünki təbiətlə həmahəng olanda, insan güclü olur.

-Demək istəyirsiniz ki, soykökümüz türk olduğuna görə, bu yerlərə müqəddəs ziyarət gerçəkləşdirməliyik?

-Söhbəti elə buna gətirmək istəyirdim. İnsan özündən nəsə quraşdırıb kütlələrə, bir-birlərini öldürməyə, döyməyə vadar etməməlidir. Təbiətin fəlsəfəsi ayrılıq olmamalıdır. Mən dediyim qutsal yeri, məbədi tapmışıq.

Daş məktubda yazılıb qoyulan, dərin mənalı mətnlərin hamısı oradadır. O məktubda yazılanlar bütün türk dünyasının, sülh tapmaq istəyənlərin konstitusiyası olmalıdır. O məktublarda o qədər gözəl, alt mənalı sözlər var ki! Bunu duyub xalqa, dünyaya çatdırmaq lazımdır.

Monqolların Sveet Ulan, türklərin Kutluq Xaqanın məbədi deyilən həmin mərkəzi yerdə ocaq var, qurbangah var. Monqolustan, Türkiyə və digər türkdilli xalqların arxeoloq alimləri artıq burada xeyli iş görüblər. Daş yazılı abidələrdən tapılan faktlar belə nəticə hasil edir ki, burada təkallahlılıq təbliğ edilir. Orada yazılır ki, Gültəkin öləndə Tanrıya qovuşdu. Bunu hər adam üçün yazmırlar. Bu gün tanrıçılıq dini oralarda qalıb. Çünki bu yerlərə İslam dininin ayağı dəyməyib.


-İslam dini də təkallahlılığı təbliğ edir axı.

-İslam bərqərar olduğu yerlərdə sonradan din, məzhəb ayrılığı saldı. Amma tanrıçılıq olan yerdə İslamın ortaya qoyduğu ayrılıqdan söz gedə bilməz. Bütün dinlərdən olan adamlar ora gələr, ibadət edər, oda sitayiş edər, qurbanlarını kəsər və ya şamançılıq edərdilər. İki tonqal arasından keçib, ölənlərin ruhuna dualar oxuyardılar. Göy Səmaya, Tanrıya əl açardılar, insanlar üçün yardım, xoşbəxtlik diləyərdilər. Mən o məkanda olanda inandım ki, Tanrı burada edilən duaları daha tez eşidir.

-Belə anladım ki, həmin kitabələrdəki qeydlər sizin üçün Quran ayəsindən də müqəddəsdir.


-Bəli, həmin mətnlər mənim üçün Quran ayəsindən də müqəddəsdir.

-O zaman mən bu fikrinizi türk dünyasına yönəlmiş ittiham kimi dəyərləndirirəm. Düzdür, türklər ən qədim mədəniyyətə, dinə sahib millətdir. Amma İslam dinini türklər qədər təbliğ edən, onu yayan bir millət olmayıb.

-Türklərin əksəriyyəti İslamı ona görə qəbul edib ki, onları bu dinin təkallahlı olmasına inandıra biliblər. İslam dini ikitirəlik, insanlara inancına görə fərq qoyulandan sonra cılızlaşdı. İnsana da dini inancına görə "kafir” deyərlərmi? İnsana əməlinə görə qiymət verərlər. Orta Asiyada İslamın geniş yayılmış Nəqşibəndilik qolu var . O cərəyanın insanları elmə, inkişafa meylli idilər. Və deyirdilər: "Dil bə yaru, dəst bə karu”. Yəni ki, ürəyin Allahın ilə, əlin isə əməkdə, işdə olsun. İslamın fəlsəfəsi həmişə belə qalsaydı nə var idi ki?! Nə yazıqlar olsun ki, Məhəmməd peyğəmbərin vəfatından sonra, İslamda dini ayrı-seçkiliklər yarandı. Din ikiyə bölündü, o gündən bu günə kimi qardaş-qardaşı öldürür. Özü də mübahisələrin əsası ancaq hakimiyyət və var dövlət davasıdır.

-Öz dinləri də təkallahlılıq ideyalarının daşıyıcısı idisə, niyə İslamı qəbul etdilər?

-Türklərdə təkallahlılıq var idi. Ancaq bununla yanaşı, şamanizm, buddizm elementlərini özündə daşıyan dini dünyagörüşü də var idi. Türklər 12-13-cü əsrlərdə buddizmi yaymağa başlamışdılar. Bir qrup isə artıq İslam dininə sitayiş edirdi. "Qılınc müsəlmanı” ifadəsi nahaqdan yaranmadı ki... Kimi qılıncdan keçib, tapınmağa başladı, kimisi də öz xoşu ilə.

-Bu gün İslama sitayiş edən türkləri bağışlayırsınız?

-Xeyr. İslamı qəbul edən, ona tapınan türkləri bağışlamıram. Elə özümü də.

-O zaman bütün türk dünyasını əfv etmirsiniz. Çünki türklərin əksəriyyəti İslamı qəbul edib, onu ictimai və fərdi davranışın bir formasına çevirib.

-Əslində əfv etmirəm. Mən Ötükənə gedib-gələndən sonra ürəyimdə o türklərə acıdım. Sual etdim ki, niyə o cür gözəl Tanrı dinini rədd edib, gəlib var-dövlət dinini seçdin?! İslam gələndən sonra görün nələr baş verdi. Var-dövlət uğrunda mübarizə başladı. Əmioğlu ilə əmiqızını evləndirdi ki, var-dövlət başqasına keçməsin. İnsanın da bəlası var-dövlətdən sonra başladı.

Bu gün isə Ötükəndə bunlar yoxdur. Onlar buddist olsalar da, var-dövlətə, həris deyillər. Tanrı mal-dövlətlərini artırır, çoxaldır. Bir dənə balaca yurdlarına, çadırlarına 5-6 çarpayı, ortaya da odun sobası qoyurlar. Tüstüsü bacadan ərşə çıxır. Buna Tanrı da sevinir ki, bu yerlərdən od-ocaq ətri iyi gəlir. İnsanları korlayan var-dövlət oldu. Var-dövlətin də əsasını Məhəmməd peyğəmbərdən sonrakı hakimiyyətpərəstlər qoydu

-İslama qarşı fikirlər səsləndirsəniz də, nəticədə siz də bir inanc daşıyıcısınız...

-Mən Göyə, orada bir Tanrının , Yaradanın, Allahın olduğuna inanıram. Onun adını nə qoyuruqsa qoyaq, fərq etmir. Yalnız onu deyə bilərik ki, o, təkdir. Mən bu təkə inanıram.

-Ancaq o, sizin təfəkkürünüzdə İslam dininin Allah anlayışı ilə assosiasiya olunmur.

-O qüvvənin adı İslam dini gələndən sonra Allah olub. İslamdan qabaq isə təktanrıçılıq olub. Mən Ötükəndə bunun şahidi oldum. Oranı tədqiq edənlər, elə-belə, ucuz adamlar deyil. Onlar karvan-karvan kitab oxumuş adamlardır.

-Aida xanım, nə zamandan etibarən sizdə İslama qarşı aqressiya yaranmağa başladı?

-Şiəliklə sünniliyin bir-birinə qarşı qoyulmasını tam olaraq dərk etdikdən sonra. Mən bunun şahidi olmuşdum. Mənim anam guya şiə idi. Atam da sünni. Anam da dini mükəmməl bilmirdi. Eşitdiklərini bilirdi. Bizdə bilirsiniz ki, İslamı kitabla yox, dildən-dilə ötürüblər. Halbuki dünyanın hər gözəl öyüdü, işi mən dediyim daş kitabələrdədir. Ancaq biz türklərə sonradan İslamı yayanlar az kitabsız demədilər. Biz isə sübut edirik ki, 6-cı əsrə, hətta ondan da əvvələ məxsus daş kitabələrimiz çöllərdə qalıb. Onların hələ bir neçəsini dağıdıblar: biri çinlilər , birini İslamı gətirənlər, birini isə SSRİ. Bu günə qədər 54 belə daş kitabımız tapılıb və artıq oxunub.

Hə sozüm harda qaldı ?!... Nə isə. Mən anam və atamla Sumqayıtda məscidə getmişdim. Gördüm ki, 500 manata (bir Nizami) parça satırdılar. Və məhərrəmlik ayininə gələnlərin də hər biri bu qara 5 sm-lik bezi alıb qollarına bağlayırdılar, deyirdilər ki, imam ehsanıdır, bu qoldan qopub düşəndə, həmin adam arzusuna çatacaq. Mən sanki ayıldım.Yadıma gəlir, uşaq vaxtı məhləmizdə qadınlar teşt qoyurdular. Çıxıb işığı söndürürdülər və deyirdilər: "Şiələrik gəlmişik şamü-qəribanə biz, başsağlığı verməyə Zeynəbi nalənə biz”. O teşti qoyan Züleyxa xalanın evinə yığılanlar da, bir ahu-zar edib, bir ağlayırdılar ki, bəs Allah indi də işıqları söndürdü.

Qonşumuz bunun hesabına teştin içərisinə pul yığırdı. Amma o zaman da tam dərk etmirdik. Mən sapı görəndən sonra hər şeyi dərk etdim. Sual etdim ki, bu necə İslamdır ki, bir sapı pulla satırlar və bunu müqəddəs don geyindirirlər?!

Bir gün evə gəldim və gördüm ki, anam "Araz” proqramı tutub və ona qulaq asdıqca ağlayır. "Ay ana, niyə ağlayırsan?” dedim. Cavab verdi ki, imamım yasıdır. Sual etdim: "Ana, atan nə vaxt ölüb, yadındadır?” "Yox” dedi. Mən də sual verdim ki, bəs öz doğmalarının ölüm tarixini bilməyə-bilməyə imamlar üçün niyə ağlayırsan? "Bu sənin atan deyil, baban deyil. Sadəcə iki tayfa bir-birilə vuruşub, düşmən olub. Özü də qohumdurlar” dedim. Görün bunlar nə qədər qəddar olublar ki, hakimiyyət üstündə qohumlar bir-birinə qarşı olub.

- Qorxmursunuz ki, bu dediklərinizdən sonra, sizi hədəfə alacaqlar? Çünki bu məsələlər dolayısı ilə imamlara gedib çıxır.

-Qorxmuram. Qoy məni hədəfə alsınlar. Bunun adı qəddarlıqdır da. Qan tökmək, qohumun qohumu öldürməsi qəddarlıq deyil?! Mənim imamım Məhəmməd Füzulidir, İmadəddin Nəsimidir, Seyid Əzim Şirvani, Hüseyn Caviddir. Mənim imamım atamdır. Yazdıqları Kitabına inandıqlarımdır.

-Nəticədə inanclı insanlar var və sizin dediyiniz onlarda qıcıq yaradır. Onları qıcıqlandırmaqla, böyük aqressiya dalğasını özünüzə qarşı qaldırırsınız.

- Mən insanam, azad doğulmuş biri. İnsanı da öz inancına görə daşa basarlarmı?! Mən dinsiz və Allahsız deyiləm axı. Sadəcə belə qəbul edirəm. Belə düşünənlər özləri bir az öz aqressiyaları haqqında fikirləşsinlər.

Onlar hakimiyyət üstündə bir-birini qırdılar. Neçə min insan öldü. Bunun adı nədir?! Mənim imamlarla işim yoxdur. İmam Əliyə də, imam Hüseynə də Allah rəhmət eləsin! Onlar da öz dinləri, hakimiyyətləri uğrunda canlarından keçiblər. Buna bir söz deyə bilmərəm. Yaxşı ediblər, vuruşublar. Fərq ondadır ki, onların ardıclıları çox güclü oldular, dini ideyalarını bu günə qədər gətirib çıxardılar. İndi isə növbə bizimdir. Bizim borcumuz isə odur ki, İslama qədərki o daş məktubları, konstitusiyamızı açaq və təbliğ edək.Və Və son nəticədə analiz edək görək, hansı daha güclüdür. Onu da demirəm ki, hamı dönüb Tanrıçı olmalıdır. Din azaddır axı.

Azərbaycanda din dövlətdən ayrıdır. Bu yaxınlarda xüsusi dini mərasimlərin gülünc halda keçirilməsinə məhdudiyyətlər qoyuldu. Çox gözəl addımdır. Məhdudiyyət, qadağa məsələsinə o qədər sevindim ki... Axır ki, mənim istədiyim oldu. Kiminsə baş yarması, zəncir vurması bizim cəmiyyətə yaraşmaz. Dinə də mədəni surətdə, ağılla əməl etmək lazımdır.

Mən Ötükəni ziyarət edəndə gördüm ki, hamı orada gəlib oynayır, tonqal başında rəqs edir. Hələ özlərinin at, dəvə südündən hazırladıqları araqdan da içirlər. Əsl azadlıq diyarıdır. Mən belə bir din istəyirəm. Hamı azad olsun, dinə təhkim olmasınlar. Sevinsinlər, azad olsunlar. Bilsinlər ki, dində qorxu olmamalıdır. Tələb etməməlidir ki, başını bağla. Niyə məni qara yaylıq bağlamağa, qara əba geyməyə məcbur etməlidirlər?! Özbəkistanda, Qazaxıstanda, Türmənistanda, həta Rusiyanın İslam mərkəzlərində kimsə qara bağlamır, qara geyinmir. Bütün din xadimlərinin əynində və başındakılar ağ rəngdədir. Nə zamana qədər 1400 il bundan əvvəl bir-biri ilə vuruşub ölən qohumların yasını saxlamalıyıq?! Biz Xocalını, 20 Yanvarı, cəbhədəki aprel hadisələrini dünyaya yaymaq üçün çalışsaq daha məqsədəuyğun olmazı?

-Türkçüsünüz, bu ideyanıza görə kiminsə sizə irad tutmağa haqqı yoxdur. Amma olmazmı ki, öz inancınızla İslamı qarşı-qarşıya qoymayasınız? Əksinə, bu birgə mədəniyyət şəklində təzahür etsin.

- Mən əslində qarşı-qarşıya da qoymaq istəmirəm. Dediyim odur ki, məzhəblər İslama ziyan vurub. Şiəlik İslama xəta gətirib. Bunu həmişə demişəm. İslam sünnət etməyi də o Tanrıçılıqdan götürüb. İslam yaxşı olan şeyləri özlərində birləşdirmək istəyiblər.O zamanın yazılarından, xəbərlərindən də məlum olur ki, ərəblər, bir-birlərini öldürürdülər. Qızları diri-diri basdırırdılar.

Məhəmməd peyğəmbər də gördü ki, bu ərəblər bir-birini qırır, onları düzgün yola yönəltməyə başladı. Məhəmməd peyğəmbər çox gəzmişdi və buna görə də çox bilirdi. Gəzdiyi yerlərdə yeni yerlərdə mədəniyyətlər görmüşdü. O səfərdən qayıtdıqdan sonra öz əshabəsini də düzgün yola dəvət etməyə başladı.

Camaatı inandırmalı idi. Buna görə də bəyan etdi ki, ona ilahidən, göydən ayələr endirilib. Göydən kitab gəlmir, kitabı yazırlar. Mən gördüyüm daş kitabələr kimi.
Məhəmməd peyğəmbərə Allah rəhmət eləsin! O özünə qədər olan dinlərin hərəsindən yaxşı bir şey götürüb təbliğ edib ki, onları rəzalətdən qurtarsın. İnsanları düz yola gətirmək təşəbbüsünün özü də gözəl şeydir.

Fikir verək, bəs Məhəmməd peyğəmbərdən sonra nə oldu? Ümməti onun ideyalarına sadiq qalmadı, öz yolunu tutmadı. Öz ümmətinin səhv getdiyi yolu isə Azərbaycana da gətirdilər. Məsələ bir az da qəlizləşdi.

-İslamdan qaynaqlanan adət-ənənə var və bu heç kimdən yan keçmir. Məsələn, ölümüz olanda istədik-istəmədik ona "Yasin” oxutdururuq. Belə şeylərdən də imtina etməyi düşünürsünüz?

-İnsanı öləndən sonra basdırmaq yaxşı ənənədir.

-Qədim türk inancı ilə yas mərasimi təşkil edilsə nə olacaq? Bu cəsarəti özünüzdə tapıb belə bir addım ata bilərsiniz?

-Şəxsən deyirəm ki, mən öləndə üstümdə mollalar oxumasın, mərsiyə deməsin.. Cansız bədənimi son mənzilə yola salmağa gələn insanlar məni necə tanıyırsa, o cür də xarakterizə etsinlər. Qoy pisliyim keçibsə, biri durub bunu dilə gətirsin.

Mənim anam rəhmətə gedəndə məclisə mərsiyə demək üçün qadın gətirmişdilər. O deyirdi ki, mərhum o biri dünyada xanım Fatimənin qulluğunda dursun. Etiraz etdim. Dedim ki, o cür xanım anamın niyə qulluqçu olmasını istəyirsən? Onsuz da yazıq bu dünyada əziyyət çəkib də, durub o biri dünyada da qulluqçu işləsin?! İnsanları bu qədər şişirtmək olmaz. Fatimə də bir evin xanımı olub. Amma mənim üçün də Tomris ana, Umay xatun dəyərdir.

-Səmavi sayılan kitabları oxumusunuz? Bu sualı demək olar ki, bütün müsahiblərə verirəm.

-İncili oxumuşam. Quranı isə oxuyuram, ancaq başa düşmürəm. Daha doğrusu çətin anlayıram. Quranda o qədər qorxu görürəm ki! "Onu eləmə, bunu elemə”, "bu qadağandır, bunu etsən, cəhənnəmdə yanacaqsan” kimi qorxu dolu ifadələr adamda çaşqınlıq yaradır.

-Qorxursunuzsa, deməli, bu sizin şüuraltı reaksiyanızdır. Yəni, qorxursunuzsa, deməli inanırsınız.

-Xeyr. Mən Quranın insanları niyə bu qədər qorxutmasını sual edirəm. Olmazdı ki, qorxutmayaydı?! Deyəydi ki, bunu etsəniz, Allaha xoş gedər. Yoxsa durub yazılır ki, filan neməti dadsanız, cəhənnəmdə yanacaqsanız. Mən Tanrının verdiyi nemətlərdən dadmalı deyiləm ki, o bir dünyada cəhənnəmə düşəcəyəm?!

Ya da yazılanlara əməl etsək, cənnətdə hürilər, qılmanlar olacaq, əlimizə su tökəcək. Mən hürilərlə qılmanların gözəl suyunu Orxon çayında gördüm. Əlim sanki buludlara çatırdı, ora dünyanın ən gözəl yeri idi.Bilirsiniz ki, dünyanın çox yerində olmuşam. Dünyanın heç bir yerində orada olan gözəl hava yoxdur. Orada səma o qədər təmizdir ki. Dünyanın mərkəzi Ötükəndir. Daş kitabın 8-9-cu bəndində yazılıb ki, Ötükənə gəlin, bura gəlsəniz, güclü olarsınız. İnanıram ki, günlərin birində Türk dünyasının bütün liderləri güclənmək, Türk birliyini yaratmaq üçün öz görüşlərinin birini mütləq Ötükəndə keçirəcəklər. Onların ora gedib-qayıtmasından sonra Türk Birliyinin yaranmasına zəmin yaranacaq.

-Bayaq da vurğuladım ki, nəticədə inanclı birisiniz. İnanc sisteminin əsaslarından biri də alternativ dünyalardır. O biri dünyaya inam məsələsində hansı mövqedəsiniz?

-Ruhumun göylərə uçacağına inanıram. Kitabələrdə də yazılıb ki, Gültəkinin ruhu göylərə, Tanrıya uçdu. Deməli, qədim türklər də o biri dünyaya inanırdı. O biri dünyada ruhla danışırlar. Bədənə heç nə olan deyil, o elə belə kütlədir.

Anam rəhmətə gedirdi, ölməyinə hardasa 2 saat qalmış idi. Görürdüm ki, gülür və "gəlirəm” deyir. Ölüm anında onun sifəti bir başqa cür gözəlləşmişdi. Sonradan bildim ki, onu özü ilə aparacaq kimdirsə, anam həmin varlığı görmüşdü. Və gördüyü o gözəl ruha gülürdü. Bu da ki, anamın əməlləri idi. Qarşısına çıxmışdı. Atam da, anam da inanclı adam olublar. Atam namaz üstündə dünyasını dəyişdi. Canını quş kimi tapşırıb. O öləndə canı ağrımayıb.Anam da eyni ilə dünyasını bir göz qırpımında, inildəmədən dəyişdi. Tanrı gözəl bir ruhu qarşılayırdı.

Deməyin ki, özü öz dediyini təkzib edir. Valideynlərim inanclı adamlar olub. Əsrlər boyu bizim insanların varlığında İslam təşəkkül tapıb. Nəsilbənəsil görüblər ki, ölənin qəbri üstündə, tabutu üstündə "Yasin” oxunur. Ona görə də Anam öləndə mən onun başının üstündə "Yasin” oxudum. Yenə oturub, anam, atam üçün "Yasin” oxuyuram. Ona görə ki, bu, onlara xoşdur. Onların ruhları bunu istəyirsə, mən bunu etməliyəm.

-Bəs siz rəhmətə gedəndə?

-Mənim üçün gəlib gözəl şeirlər oxusunlar. Mən öləndə mənim tabutumun üstündə "Döymə kərəmi” , "Şirvan şikəstəsi” çalınsın . Dostlarım Tanrıya dualar etsinlər. Çox istərdim ki, ruhum Göy Tanrının yanında olsun. Ölümdən isə heç qorxmuram.

-O biri dünyada hansı sərkərdə ya da mütəfəkkir ilə görüşmək istərdiniz?

-Nəsimi ilə, Gültəkinlə görüşmək istərdim. Gültəkinə deyərdim ki, ay xaqanım, niyə səndən sonra belə gücsüz olduq? Niyə bizi bir araya yığmadılar? Qayıt gəl, bizi yenidən Tanrımıza, haqqımıza qaytar.

-Belə anladım ki, Ötükəndə ruhunuz dincəlib...

-Bəli. Mən ürək xəstəsiyəm, bir dəfə infarkt keçirmişəm. Bir az yol gedirəm, nəfəsim daralır. Amma Ötükəndə ceyran kimi qaçırdım. Əlimdə də tutan yox idi, dağa-daşa dırmaşırdım. 2 metr yarımlıq hasarı aşıb o baş, bu başa getmişəm. Bu, ilahi qüvvədir də! Bu mənim ruhum idi, o təzələnmişdi.

Mən Ötükəndə hiss etdim ki, təzədən doğulmuşam. Orada başqa dinlərdən olanlara da çox hörmətlə yanaşırlar. Monqollar bizim üçün qoyun kəsdirəndə, gedib başqa uzaq ərazilərdə yaşayan qazax tapıb gətirirdilər. Onlar deyirdilər ki, qoy bunlar öz müsəlman adətləri ilə kəsilən heyvanın ətindən yesinlər. Görün nə qədər hörmət edirlər. Kimsə başqasını digər dinə mənsub olduğuna görə qınamır. Orada oğurluq yoxdur, kimsə başqasının malına göz dikmir. Orada ümumiyyətlə oğurluğun nə olduğunu bilmirlər. Özlərinin dediyi kimi Göy Səma varı-dövləti başlarından tökür. Onların var dövləti isə qədimdən bizim də kifayətləndiyimiz mal-heyvandır.

-Ailənizdə də yəqin sizin düşüncədə olanlar var.

-Bir qızım var. O da mənim kimi düşünür, dünyanı mənim qəbul etdiyim kimi dərk edir.

-Niyə müdaxilə edirsiniz?

-Qətiyyən. Mən sadəcə söhbət edirəm, o da qəbul edir.

Müsahibəni apardı: Aqşin KƏRİMOVскачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10