Zaur Sahilin şeirləri



Qəzəbimi kin edib,
İstəyimi çin edib,
Dartma sinəmi dartma.
Yırtma canımı yırtma.

Yarım torpaq altında,
Yarım üzdə gəzirəm.
Mənə olan sitəmə,
Hələ durub dözürəm.

Ayrılığı kök atan,
Dərdə böyük adamam.
Namərdə kiçik adam,
Mərdə böyük adamam.
Dartma sinəmi dartma.
Yırtma canımı yırtma.
26.06.2016.

********

Həyat yoldaşım Nərmin üçün.

Gözündən lalələr axıb gedirdi,
Düşürdü könlümün qərib bəxtinə.
Bilirəm,dərdimi yaman çəkirsən,
İslanmış arzular sərib bəxtinə.

Həsrəti uzanmış,gödək adamsan,
Boyun çatmayacaq məni görməyə.
Darıxma,günləri nərdivan edib,
Bir gün çıxacağam səni görməyə.
26.08.2016

********

Qışın soyuqluğuna,
Yayın istiliyinə baxmayın.
Qış yaydan varlı olur.
Qışın günəşi,yağışı,qarı,küləyi,
dumanı-çəni,şaxtası-buzu var.
Yayın təkcə günəşi var.
15.09.2016.

********

Özümü unutdum.

Günəşin rəngini duyandan bəri,
Özümü tanıdım bu yer üzündə.
Axşamın sirrinə uyandan bəri,
Ayı,ulduzları gördüm gözümdə.

Bəzən çılğın oldum,bəzəndə fağır,
Könlüm xəyallara yaman alışdı.
Gördüm nağıllara almalar yağır,
Nağıllar istədim,nənəm danışdı.

Önə baxa-baxa getdim irəli,
Geriyə baxanda itdi illərim.
Darıxdım özümçün,ağlamaq tutdu,
Özüm de,özümü necə unutdum.
19.09.2016

********

Qış həsrətim.

Həyat yoldaşım Nərmin üçün

Yay həsrətimi geridə qoyub,
Payız həsrətimi qarşılayıram.
Qış həsrətimi gözləyirəm.
Qarı geyinib əynimə,
Şaxta babaya dönəcəyəm.
Minib buz təyyarəmə,
Sənə gələcəyəm.
Soyuqluğumdan qorxub,üşümə ha.
İsidib nəfəsimi,gətirəcəyəm,
İsti nəfəs gətirəcəyəm.
Qış həsrətimi əridəcəyəm.
21-22.09.2016.

********

Məni qoymur yatmağa,
Bu darıxmaq azarı.
Sənə qoymur çatmağa,
Ay darıxmaq azarım.

Bəlkə,deyil yaşamaq,
Ölmək idi gəncliyim.
Gəldi ömrün dərd işi,
Getdi daha dincliyim.
22.09.2016скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi