Namiq Hacıheydərli: "QIZ AĞACLAR"



Məcnundan sonra

Məcnundan sonra;
Min ildi səhra küləkləri
Sərgərdan gəzir-dolaşır
Ayağına toxunmağa...
Min ildi güllər-çiçəklər
Ağaclar quşlar
Ceyranlar-cüyürlər
Və...
Yırtıcılar insan axtarır...
İnsan axtarır; səcdəsinə durmağa...



Qız ağaclar

Bir kərə bəzənər ağaclar
Cəmi bir kərə
Hər il bahar gəlincə
geyər güllü donunu qız ağaclar
ağac qızlar;
Oğlan yolu gözlərlər
Onlara oğlanı küləklər gətirər
Günəş evləndirər onları
Hamilə qalınca çıxarar güllü donunu
Ana olmağa baxar
Övlad böyüdər.
Bir kərə bəzənər ağaclar
Cəmi bir kərə...


Tərəzidə

Tərəzidə yüngül gəldik
Tanrının yazığı gəldi
Dərd verdi bizə böyümək üçün
Ağır gəlmək üçün
Böyümədik
Böyüyə bilmədik
Dərdlərimizə qurd düşdü
Yazıq oldu...



Şam

Axşam
Yanan şam
Qaranlığın tən ortasından
Başladı yol açmağa
Bizi ardınca aparmağa...
Cığır uzandı sabaha doğru
Işıq cığırı...
Bu gecə
Dilim-dilim yandı
Gilə-gilə əridi şam
(Səhərə qədər
Oyaq qaldı
açdığı cığırla yol getdi şam)
Dan yeri ağaranda
Bizi günəşə əmanət verib
Canını tapşırdı.
Ölmədi;
Göylərə yüksəldi,
Şəhid oldu şam...



Yalquzaq

Ömründə bircə yol
Eş seçər özünə boz qurd
Birlikdə gəzər
Birlikdə ömür sürər
Birlikdə yatıb-durar nəfəs-nəfəsə...
Eşini itirərsə;
Tənhalaşar
Bir daha eş aramaz
Beləcə,
Yalquzaq olar bozqurd
Boz qurd – yırtıcı dediyin...


Zəminxarə

Zəminxarə
Qorqud Atadan sonra
Bitib-tükənmək bilməyən
Min illik acılarımın ismidi.
Güneydə əzilən
Kərkükdə üzülən
On yerə bölünən
Divlərdən hava
əjdahadan su dilənən...
millətimin
səslə çəkilmiş rəsmidi zəminxarə...



Min adam

Üç gündü
Soyuducunun qapısı açılıb-bağlanmırdı
Üç gündü
Çocuqlar oyuncaq yox
Çörək istəyirdi ondan
Üç gündü qonşu otaqdan
Xanımının səsi gəlmirdi:
“Yeməyin hazırdı, gəl”!-deyə...
...Telefonu gözdən keçirdi
Adlara, nömrələrə baxdı bir-bir
Nə az, nə çox: min nömrə!
Min nömrə, min ad vardı telefonunda
Fəqət,
Min adamın içindən
Durumunu söyləyəcək
Dərdini aça biləcək
Kimisə seçə bilmədi...
Iniltili ah qopdu sinəsindən
Acı-acı güldü adam
Telefondan min adın
Minini də sildi adam...
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi