• 18:30 – Messencerlərdəki yazışmalar izlənəcək 
  • 16:00 – Atəşkəsin pozulması göstərir ki, status-kvo dayanıqsızdır 
  • 15:00 – Göyçaylılar Göyçay-Avtonəqliyyat ASC-nin müdirindən şikayət edir 
  • 14:30 – Nazir vətəndaşları qəbul edib 
  • 12:00 – Millət vəkilləri AŞPA-nın yay sessiyasında iştirak edəcəklər 
  • 11:00 – Goranboyda təbii fəlakət təsərrüfata ciddi ziyan vurub 
  • 10:00 – İqor Dodon iyunun 22-də Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib 
  • 22:05 – Azərbaycan və Türkiyə qoşunlarının Türkiyədə təlimlər keçirməsi isə Ermənistanı daha da təşvişə salıb. 

Ölmədik bu günü də gördük...

Ölmədik bu günü də gördük... Ölmədik bu günü də gördük... Analoq.az Milli.az-a istinadən Cəlil CavanşirinÖlmədik bu günü də gördük... köşə yazısını təqdim edir..

Şükür xudaya!
Deyirəm şükür xudaya, bom-boz həyatımıza hərdən Murat Boz kimi sənətçilər rəng qatır. Onlar da yolunu bizim ölkədən salmasa, yeknəsək həyatımız, cansıxıntısı, dilxorçuluq, qanıqaraçılıq bizim sonumuza çıxar, həqiqətən, şükür! Yaxşı ki, türkiyəli sənətçilər gənc "fanatka"ları, çılğın və çoşğun sənətsevərləri çox intizarda saxlamırlar. Vaxtaşırı gəlib-gedir, qala gecəsindən, konsertdən-zaddan təşkil edib yanan barmağımıza maz çəkirlər.

Bu günlərdə türkiyəli müğənni və aktyor Murat Boz "Dönerse, senindir" filminin qala gecəsi üçün paytaxtımıza təşrif gətirib. Gözünüz aydın olsun, mənim əzizlərim. Həqiqətən, sevindirici xəbərdir və hətta dərinə getsək, böyük sənət hadisəsidir. Hər zaman olduğu kimi, xaricdən gələn müğənni, şoumen və aktyorları qarşılayan, yola salan, onlara sevgilərini nümayiş etdirən paytaxtımızın incə-mincə, nərmənazik, xoşxasiyyət yeniyetmələri, həyəcanlı və dəliqanlı gəncləri Murat qardaşımızın da pişvazına çıxmışdılar. Telefonlar, planşetlər, fotoaparatlar ətrafa nur saçır, üzləri işıqlandırır, ruhları rövnəqləndirir, kənardan baxan ziyalıları şənləndirir, ümidləndirirdi. Hələ "Murat" deyib səs-səsə verən izdihamın şən səsləri qəlbimizi nəşələndirir, ruhumuzu riqqətləndirirdi. Şəxsən mən elə sevinirdim, elə sevinirdim ki...

...Qala gecəsindəki izdiham, azərbaycanlı gənclərin coşğusu və sənətə verdiyi dəyər bir müddət sosial şəbəkələrdə və mətbuatda müzakirə olunacaq. Qınamıram vallah, mətbuatın işi elə Murat Bozu müzakirə etməkdir, kimə lazımdır fındığı, almanı, qozu müzakirə etmək? Sənətdə, mədəniyyətdə, incəsənətdə hansı böyük, qeyri-adi hadisə baş verdi ki, mətbuat müzakirə etmədi?

Yenə deyirəm, şükür xudaya! Əsas Murat Bozun gəlişi idi, çox şükür o da gəldi. Murat gəlməsə, bayramları yenicə yola salmış şən-şux növcavanlarımızın sonu necə olardı? Bəli, biz ellikcə Murat müəllimin ölkəmizə təşrif gətirməsinə sevinməli, bunu bayram kimi qeyd etməli, onun qədəmlərinə quzu qurbanı kəsməliyik.

Düşünürəm ki, gənclərimiz ölkəmizə gəlib-gedən sənət adamlarını hər zaman həvəslə, sevgiylə qarşılamalı, coşğuyla, alqışlarla yola salmalıdır. Dünyada hansısa müğənninin, aktyorun, sənət adamının fanatı olmaqdan daha ülvi, daha müqəddəs nə ola bilər ki?

Bəzi ağzıgöyçəklər Murat Boz kimi qonaqlarımızı sevgiylə, coşğuyla qarşılayan gənc və sevgi dolu fanatlarımızı haqsız yerə qınayır. Məncə, bu yanlışdır. Bəs gənclərimiz neyləsin? İlin-günün bu vaxtı gənclərimiz gedib qalın-qalın kitablar oxusun, ciddi-ciddi sənət filmləri izləsinlər? Gəlin gənclərimizə qarşı haqsızlıq etməyək. Onlar lazım gələndə Üzeyir Mehdizadəyə də, Mahir Aybrata da, Şəbnəm Tovuzluya da öz heyranlıqlarını bildirirlər. Bu cür gənclərdən kitab oxumağı, film izləməyi, lap elə elmlə məşğul olmağı gözləmək insafsızlıq deyilmi?

Gəlin insaflı, diqqətli və anlayışlı olaq.

Məncə, Azərbaycan gəncliyi həyatının ən gözəl günlərini kinoteatrlarda, stadionlarda, konsert salonlarında, əyləncə məkanlarında müğənnilərə, aktyorlara, şou ulduzlarına fanatlıq edərək keçirməlidirlər. Bütün gün kitabxanalarda, laboratoriyalarda, bilgisayar qarşısında "küllənən" gənclikdən bizə nə fayda? Bizə coşğun ruhlu, dəliqanlı, əli telefonlu, planşetli gənclik lazımdır. Məhşurlarla selfi etməyə həvəs göstərməyən gənclik sabah necə valideyin olacaq, övladına hansı xatirələrini danışacaq? Şəxsən mən bu cür gənclik yaşamadığım üçün utandığımdan övladlarımın üzünə baxa bilmirəm. Bizim vaxtımızda uzaqbaşı Əmrahın, İbrahim Tatlısəsin, Hülya Avşarın filmlərinə baxıb o sənətkarlara heyran olmaq, saqqızdan çıxan şəkillərini yığmaq mümkün idi. Onu da hər gənc bacarmazdı.

...Mən Murat Boz müəllimin alovlu pərəstişkarlarına səmimi qəlbdən təşəkkür edir, hər birini tək-tək, dostcasına öpüb bağrıma basıram.

Xudaya şükür kərəminə! Ölmədik, bu günü də gördük...

Cəlil Cavanşir
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV