Tahir Talıblı:"Məni ölüm ayağında yazacağım son şerin qorxusu,xofu basdı"

Tahir Talıblı:


ƏVVƏLİN VƏ SONUN ŞEİRLƏRİ

Görəsən, bu kitabı üzə çıxarmaqla “möhtəşəm” maklatura siyahısına bir əlavə də mən eləmirəmmi? Sonuncu əl boyda kitabçam 2003-cü ildə rəhmətlik Akif Səmədin təkidiylə işıq üzü gördü.Çapına qədər çox işi özü elədi, torpağı yüngül, ruhu şad olsun.

İçimin, çölümün ağrıları çoxdu.Bu kitabın məni sevindirəcəyi heç ağlıma da gəlməz.Ona görə ki, ömrüm boyu özümlə daşıdığım ağrıları yaza bilmədim, çəkəcəklər daha da artdı, çoxaldı.

Bu ağrıları, çəkəcəkləri canımdan yazı şəklində çıxara, soyuna bilmədim.Bu heç mümkün də deyil.Rəhmətlik anamın həmişə qorxacaq, ehtiyatla dilinə gətirdiyi bir söz vardı:“Allah adamı sonku ayıbınnan saxlasın”. Ömrün sonku ayıbı, nədisə, çox ağır ittihamdı.

Adamı bir kabus kimi qarabaqara izləyər.Bu “sonku ayıb” yurd itkisi oldu.Qibləsini, yönünü bildiyin, ağrını, acını çəkən yurd.O yurd ki, nisgili azalan, göynəyi soyuyan deyil.

Bu kitabda yurda dediklərim də var, yuxuda gördüklərim də. Adı da belə gəldi: “Qurdu qəmgin, quşu qərib”. O qurdun, quşun qəribliyi, qəmginliyi umaxşıdır.

Məni daha çox Bu yazıları bir yerə topladım ki, itibbatmasın.Hər halda yaşadığım ömürdən qopuntulardı.Köhnələri dönə-dönə oxudum, düzəlişlər elədim,təkrar-təkrar oxuduqca elə çoxunda əzəlki varianta qayıtdım.

Bu yazılar istəklərimi ifadə eləyə bilməsə də, hər halda hər birində yaşantılarım qalır.Özüm-özümü indiyə qədər necə tanımışamsa,necə öyrənmişəmsə,açığını deyim ki, bu yazılarda eləcə də yenidən gördüm.

Bir az köyrək,bir az çılğın,elə o qədər də ötkəm, bir az da özü-özünnən çəkinən.Amma, nə yazıqlar ki,bu kitabda özümü qane eləyən bir şeirin üstünə əlimi qoya bilmərəm.

Bunu tam səmimiyyətimnən deyirəm.Bu da Tanrı qədəridi.Düzü o Gözəgörünməzin izni nə qədərdisə, sözə o qədər yaxın olursan.Yəni ürfana, haqqa yaxın olduğun qədər.Söz haqda çox deyilib, çox yazılıb... Söznən bağlı təzə nəsə demək də mümkün deyil.

Tanrıya söz qədər yaxın heç nə yoxdu, odu ki, insan əlinin sözə çatmağı Tanrı ətəyinə çatmağa bərabərdi.Hər halda təəssüf elədiyim bir acı həqiqət budu:«Çox demirəm,ildə, könül dəftərlərinə düşəsi bircə şeir yaza bilsəydin,indi qırx,əlli şeirin yiyəsiydin.Bu isə şair xoşbəxtliyin olardı. Bu xoşbəxtliyə sahib olanlara şükür. Qismətə şükür»

Bir də o var ki, söz yalana büküləndə adamın içinnən, çölünnən ruh kimi çəkilib gedir.Başın üstən göyün, ayağın altdan yerin çəkilir.Sözün yalana bükülməyinnən haşa...

İyirmi yaşımnan bu yana adda-budda yazdıqlarımı adda-budda bu kitabda topladım. Bayaq dediyim kimi,bir az özümə oxşuyannarı, bir az səmimi bildiklərimi.

Yeridi deyim, özümə oxşuyannarnan da yola getməyim bir az çətin olur.Bu yaşıma qədər özümə cavabı olan və cavabı olmayan suallarım çox olub.Belə suallardan bəlkə də məni çox incidəni «niyə şeir yazdım»dı.

Doğrudan da,nə üçün? Ona görəmi ki, ömrün boyu özün də, yazdıqların da xəcalətli qalsın? “Zəif şeirlərim xəcalətlənər.O qızın könlünü fəth edəmmədi”. İkinci sinifdə oxuyurdum. Bir dəfə tənəffüs vaxtı yeddinci sinif şagirdlərinin (o vaxt məktəbimiz yeddiillik idi) şeir haqqında mübahisələrini gördüm.Kiminsə yazdığı şeiri təhlil eləyirdilər.

Anladım ki, yazılan bu şeirdə misralardakı hecaların sayı bir-birini tutmur.Yeddincilərdən Süleyman, Şərif, daha kimlərsə israrla şeirin müəllifini başa salmaq istəyirdilər ki,bütün misralardakı hecaların sayı eyni olmalıdı.

Səndə isə hecaların sayı düz gəlmir.İlk baxışda mübahisədən anladıqlarım bu oldu,sözün düzü eşitdiklərimin heç fərqində olmadım da, keçib getdim.Axşam şər qarışan vaxtı səhər-səhər rastlaşdığım söhbətin təzədən fərqinə vardığımı hiss elədim.Həmin andaca “Kənd axşamı” adlı bir şeir qaraladım.

Şeirdən yadımda qalanlar təxmini belədi: “Kənd axşamıdı,mal-naxır, qoyun-quzu örüşdən qayıdan vaxtdı.Uşaqlar malheyvanın, qoyun-quzunun naxırdan,sürüdən ayrılıb həyətlərə sürülməsinə kömək eləyir.Bir sözlə, romantik bir mənzərə”...

Kəndin o gözəl mənzərəsi, o romantik axşam yadıma düşdükcə indi də içim silkələnir.Şeirin misralarındakı hecaları saydım, gözlərimə inanmırdım.Bütün misralarda hecaların sayı on biriydi.

Dönə-dönə hesablamalı oldum. “Qələbəm” özümü də heyrətləndirmişdi, necə olub ki, yeddinci sinfin şagirdinin şeirində hecalar düz gəlmirdi?

Heyrət və təəccüb qarışıq bir hiss keçirdim.Bir anlığa özümü söz sahibi bildim,şair kimi hiss elədim.Açığını deyim ki, bu hiss ilk andaca içimnən, həm də bir qorxu kimi keçdi.

Mənə elə gəldi ki,bütöv bir şair ömrü yaşamışam,indi ölüm ayağındayam.Məni ölüm ayağında yazacağım son şerin qorxusu,xofu basdı.Onu da deyim ki, ömrüm boyu o xof mənimlə qaldı.

Amma o şeir yazılmadı, başa düşdüm ki,heç yazılası da deyil.Əslində hər doğulan şeir ölüm ayağının şeiri kimi yazılmalıdı.Bəlkə buna görə də az yazdım.Çox az yazdım.Şairliyimi yazanda yox,yazmayanda daha çox hiss eləmişəm. Yazmayanda daha çox şair oluram.

Hər halda şeirə gəlişim aldanış idi.Şeirin tamını, sözün duzunu N.Hikmətin, S.Yeseninin şeirlərinnən daddım.Daha sonralar anladım ki, xalq şerimizin hikməti dəryalar dərinliyi,göylər sonsuzluğu qədərmiş.

Bu yazdıqlarımın ən cavanının iyirmi,ən ahılı isə cavanınnan qırx dörd,qırx beş yaş böyükdü. İyirmi yaşlılar tələbə yaşının şeirləridi.

Bilmirəm,bunlar indi bir tələbə könlünü qanadlandıra biləcək,ya yox? Bunları sevən bir tələbə oxuyacaq, ya yox?

Məlum olan budu ki,bu şeirlər kitaba yığılannan sonra da dəfələrlə özüm oxuyacağam,sonra bir ömür səhifələri kimi örtüləcək.Yəqin ki,tələbə sevgisinin ünvanı kimi o qız da bu şeirləri heç vaxt oxumayacaq.

Bu ön söz də,demək istədiklərim, amma deyə bilmədiklərimin hamısı da,bu təkəmseyrək yazılan şeirlər də özümün özümə hesabatım, özümün özümə demək istədiklərim,verəcək suallarımdı.

Suallarsa cavabı yox tənliklər kimidi.Hər halda əvvəlin şeirləri ömrümün əvvəli kimidi. Daha yaşlılar isə ölüm ayağının şeirləri olmasa da, sonun şeirləri kimi qalsın.

Tahir Talıblı yanvar 2013

Tahir Talıblı:"Məni  ölüm  ayağında  yazacağım son  şerin  qorxusu,xofu  basdı"

скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10