Qoru gözlərimi gün işığından...VASİF ZÖHRABOĞLU şeirlər...



Sən nə gözəl unudursan adamı...

Könlüm küsdü sevgilərin dadından,
Çoxmu gördün sən mənə bir salamı?
Elə gözəl çıxıram ki yadından,
Sən nə gözəl unudursan adamı...

Necə sevdim, necə gəldin xoşuma,
Ötən günlər xatirədir bir udum,
Mən haranın külün töküm başıma,
Heç bilmirəm səni necə unudum.

Hələ ki səbrimin daş tərəfisən.
Hələ ki yaramda duz saxlayıram.
Sən mənim ömrümün qış tərəfisən,
Səndən ürəyimi buz saxlayıram.

Könlüm küsdü sevgilərin dadından,
Çoxmu gördün sən mənə bir salamı?
Elə gözəl çıxıram ki yadından,
Sən nə gözəl unudursan adamı...





Üzməyi bilirdi balıq ürəyim?

Soldurub gülünü, çiçəyini də,
Mənim yoxluğumu qəm eyləmisən.
Eşitdim mənimçün ürəyini də,
Atıb balıqlara yem eyləmisən.

Adımı yadlara nişan vermisən,
Adımı min dəfə qarğışlamısan.
Məni balıqlara qurban vermisən,
Məni dənizlərə bağışlamısan...

Ayrıldıq xatirəm olsun gərəyin,
Ayrıldıq mənimçün bu ölüm olsun.
Qoy bütün dənizlər sənin ürəyin,
Qoy bütün dənizlər sevgilim olsun.

Balıq doğmamışdı məni anam ki...
Mən axı bu ömrə indi nə deyim?
Eh, bircə mən ondan nigaranam ki,
Üzməyi bilirdi balıq ürəyim?

Soldurub gülünü, çiçəyini də,
Mənim yoxluğumu qəm eyləmisən.
Eşitdim mənimçün ürəyini də,
Atıb balıqlara yem eyləmisən.




Sənintək qadından gəlməz dünyaya...

Sənintək qadından gəlməz dünyaya,
Çətin bu sevgidən əlimə düşsün.
Qoy səni sevənlər min-bir bəlaya,
Qoy səni sevənlər ölümə düşsün.

Sevgimsən, ruhumsan, göz yerimdəsən,
Mənim inanc yerim, haqq yerim də sən.
Dünyaya gələndən əzbərimdəsən,
Qoymaram başqası dilimə düşsün.

Nə yerim, nə yurdum, şəhərim olsun,
Nə kəbəm, nə məkkəm, nə pirim olsun.
O incə əllərin kəmərim olsun,
Ölçüsün düz götür belimə düşsün.

Gəl sinəm üstündə yaz saçlarını
Oynayım, oxşayım qız saçlarını.
Bahar saçlarının, yaz saçlarının,
Etrindən biraz da gülümə düşsün.

Sənintək qadından gəlməz dünyaya,
Çətin bu sevgidən əlimə düşsün.
Qoy səni sevənlər min-bir bəlaya,
Qoy səni sevənlər ölümə düşsün.



Divarlara yuxu şəkli çəkirəm...

Özümüzdən özümüzə kim şərik?
Tilsim mənəm, sehir mənəm,
sir mənəm.
Bu otaqda yenə iki nəfərik,
Bu otaqda bir özüməm
bir mənəm .

Sakitlikdir hamı yatıb bayaqdan.
Mən oyağam fikrim yenə qarışır...
Görən olsa gülüb deyər qraqdan,
Dəlidirki öz-özüylə danışır...

Məndən qopub qayıdıram özümə.
Qoca bilir saçımdakı dən məni.
Gecə keçir yuxu getmir gözümə.
Danışdırır içimdəki mən məni.

Divarlara yuxu şəkli çəkirəm,
Gözlərimi qarğışlaya bilmirəm.
Mən özümün günahından keçirəm,
Mən mənimi bağışlaya bilmirəm...



Heykəltəraş...


Batmağa yollanar gun yavaş-yavaş,
Şəkilim üşüyər başın üstündə.
Mən dəli bir sevgi, sən həykəltaraş,
Yon mənim əksimi daşın üstündə.

Bu daş ki, sukutdur-sukut hələlik,
Tozumdan gözünə vurmasın külək.
Biraz tənhalıq ver, biraz dəlilik,
Vicudum ruhunu oxşasın gərək!

Ürək qoy sinəmin üstünü oyub,
Bəlkə də qədrimi bilərsən mənim.
Darıxsan gözünün üstünə qoyub,
Arada tozumu silərsən mənim.

Yenə daş oyandım bu sübh çağına,
Gözlərim kor oldu yaraşığından.
Qaldır əllərini tut qabağına,
Qoru gözlərimi gün işığından!



Yaxın dur...

Nə yatmısan, sığınmısan kənd elə,
Nəfəsinlə gəl şəhərə toxun, dur.
Gözlərini gözlərimə bənd elə,
Əllərini əllərimə toxundur.

Sənsən mənim elmim, fikrim,
savadım,
Bu sevgini al qanımla boyadım.
Səhər tezdən öpüb səni oyadım,
Qoy dağılsın gözlərindən yuxun, dur.

Ulduzumsan sönməyə nə gərək var,
Mələk, göydən enməyə nə gərək var.
Danışmağa, dinməyə nə gərək var...
Ürəyini gözlərindən oxundur.

Nə yaxşı ki, özgəyə can deyilsən,
Mümkünsüz bir eşqə qurban deyilsən.
Vasif ovçu, sənki ceyran deyilsən,
Qorxma məndən, qaçma məndən,
yaxın dur....

Tarix: 21:00 Oxunma Sayı: 967dəfə oxundu.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Amoxicillin Dosage For Treating Uti cialis prices Pharmacy India Online Propecia Causa Impotencia