EŞQİN ANA VƏTƏNİ QALU-BƏLA



Eşq, eşq dedikləri səndən doğuldu.

Həsrətimsən, qalu-bəla. Gerçəyimsən, unutmadığımsan dünyada. Həsrətəm sənə, həsrətəm sonsuzluğa. Eşqin vətəni deyil ki dünya. Eşqin ana vətəni sənsən, qalu-bəla.
İçimdəki şövq, içimdəki xar, içimdəki yar. Ruhum səninlə dünyaya deyil, məhşərə baxar. Sevdiyim, ruh yoldaşım, iki cahanım yar! Sevdanla ürəyim qalu-bəlaya üz tutar. Dünya deyil mənim vətənim; dünyada mən qürbətdəyəm; sonsuz eşq üçün növbədəyəm.
Göz yaşımın qaynağı, ruhumun sığınacağı; rahatlıq tapdığım sözsən, qəlbimdəki əminliksən; arzuladığım məkansan mənə. Boynumdakı qoxu; ruhumdakı hiss səndən əmanət mənə. Necə unudum, unuda bilmərəm ki, mən səni, qalu-bəla?
Eşq, eşq dedikləri səndən doğdu. Bilirəm sözü, andı və şükrü olmayanın eşqi də olmaz; ruhlar səni unudarsa dünyada rahatlıq tapa bilməz. Bunu bilməyənin, buna inanmayanın xoşbəxtliyi ötəri, sevdası tükənəndir.
Azadlıq sənsən. Sonsuzluq sənsən. Sevinc sən. İmanın doğulduğu və batmayacağı, könül gözünün gördüyü sərhəddi olmayan üfüqsən, sən. Səndə doğuldum, səndən qopdum, sənə dönəcəyəm mən.
Dağlar, təpələr, küləklər, ovalıqlar və bütün təbiət səni zikr edər. Könüllər, eşqlə dolu, könüllər daim Birlə vəhdətdə. Fikrimsən, nəfəsimin əsası; ruhumun doğulduğu yersən, sən. Səndən qeyrisi yalan; səni unudanın halı pərişan.
Eşq, Xüdaya iman; sevda quldan Yaradana dua; xoşbəxtlik sonsuzluğa həsrət və şükür hər şəkildə yoldur Rəhmana.
Unutma bizi Ya Rəb; unutma ki, şən olsun könlüm. Mən səni ara-sıra unudaramsa, tövbəylə sənə hər gəlişimdə gülüstana dönsün dünyam.
Şükrüm əlcək kimi sarsın ruhumu; təslimiyyət daim bəsləsin ümidimi. Qalu-bəla. Sənə verdiyim sözə sadiqəm; mən öncə Rəbbimə, sonra ruh yoldaşım olan yara aşiqəm.
Eşqin ana vətəni üçün necə darıxıramsa; sənin üçün də eləcə burnumun ucu göynəyir, yar. Əlindən gələni etsin həsrət; necə olsa da, ölümdən sonra sonsuzluq deyilən gerçək var.
İman etdim; eşqin ana vətənisən, qalu-bəla. Dualarım, şükrüm, təslimiyyətim sonsuzluğun və hər şeyin sahibi ərşi-əlayadır.

Günlərdən o məşhur gün mənim sahibim oldun,
Ömrümü həsr etdiyim; eşqim, həbibim oldun.
Dünya əzab dərgahı eşqin dəvasız bir dərd,
Məhşərədək sevgili könül təbibim oldun.




EŞQİN MÖVSÜMLƏRİ BAŞQADIR

Əslində hər mövsümün özü, özün içindəki öz olan Təkdədir

Bilinən mövsümlər deyil eşqin mövsümləri; adları başqa-başqa, özəllikləri fərqli-fərqlidir onların.
Payız, həsrət mövsümüdür, məsələn.
İçimizdəki solan yarpaqların və xəyalların töküldüyü; hər nəfəsdə bizi dəli-divanə edən, qaynar bir mövsüm.
Ona hakim olan rəng gözəl. Yağmurları qəlbimizdəki çiskinlər; göy qurşağı gözümüzdən axan yaşlar. Həsrət hər dəfə gizli durur bir küncdə, meydanı boş görərsə, qısqanclıq yelləriylə coşar və parça-parça edər qəlbimizi, atəşdən yanar bir dağa çevirər bədənimizi.
Qış ayrılığın mövsümü.
Göy üzünün bu mövsümdə adı hicran; günəşin adı fəraq məsələn. Hicrandan yağan qar dənələri acı, iztirab və ələm. Hüzün, qrip kimi saran bu mövsümdə; hər kəs zaman-zaman təslim olur özü-özünə.
Ölümü arzuladan, ölməyi çarə kimi göstərən bu iqlimə yenilənlər olur, lakin bilmədən özlərini zülmə salarlar. Sevgili möhtacıdır aşiqə; aşiqsə baharı gözləyər, qış bitsin vüsal gəlsin deyə dua edər bu mövsümdə. Gəlməyəcək olan getməzdi deyə, düşünməz belə. İztirab bu iqlimdə hər addımda.
Baharın adı vüsaldır; o bir daddır aşiqə.
Hər aşiq vüsalı arzular; dualarla bu mövsüm heç bitməsin istər, şükürlə daim ibadətgaha üz tutar. Bahar gözəllikdir; eşqdir.
Dünyadakı bahar keçici; üqbadakı sonsuzdur. Vüsalı bədəndə deyil, qəlbdə yaşayanlar; qismətdən razı olanlar ancaq onda sonsuz qala bilər; digər mövsümlər gəlsə də, qovuşmağı ruhən bacarmış olanlar ruhun ölümsüzlüyüylə eşqdə ölümsüzlüyə qovuşur.
Sadəcə, dünyada ruh yoldaşını tapanlar bu lütflə gerçək olur və əbədi bu iqlimdə yaşayarlar, digər mövsümlər gəlsə də. Qışda baharı yaşayarlar; eşqdə eşq açar onlar.
Yazın adı şükürdür eşqdə.
Bahardan yaza keçə bilənlər təvəkküllə, səbirlə və dualarla yalvarırlar Allaha. Ömürlük baharda qalmaq şükürlə, bahara ram olmaq niyazla mümkündür ancaq.
Eşqi bir bayraq kimi qoruyan və daşıyanlar qovuşa bilər bu mövsümə. Bu iqlimə çatmaq bir nemətdir aşiqə; eşqi eşqlə sulamaq, şükürlə bəsləmək və sonsuz təvəkküllə gözləmək əsasdır bu mövsümdə.
Əslində hər mövsümün özü, özün içindəki öz olan Təkdədir Vəhdətdə. Birdir, Təkdir O. Hər şeyin sahibi və özüdür O. Bütün mövsümləri yaradandır O. Yaratdıqlarını sevgi və mərhəmətlə qucaqlayan bir iqlimdir O.
Ona qovuşan hər nəfəsdə şükr edir; Fənafillaha yol tapır. Keçici deyil, sonsuzdur bu fəsil; hüzündən, acıdan, ələmdən və cümlə əskikliklərdın uzaqdır bu mövsüm.
Vəhdəti yaşamaq üçün Vücudi-Mütləq olana aşiq olmaqdır əsas. Qisas tələb etməz, bənzərsizdir O.
Bu gerçəyə inananlar və Ona tamamən təslim olanlar ancaq və ancaq Ona qovuşa bilər. Ona çatan xoşbəxt; Onu yaşaya bilən bəxtiyardır. Bu iqlim daim xoşbəxtliyin çiçək açdığı, solmayan gözəllikləri içində saxlayan bir diyardır. Vəhdət mövsümü sərhədsizdir.
Nə xoşbəxtdir vəhdətə qovuşa bilənlər; nə xoşbəxtdir eşqdə eşq aça bilənlər.

Mənim könlümdə hər kəs məhşərədək yasaqlı,
Məhşərimi verdiyim gözəl içimə bağlı.
Ağlım, könlüm hamısı onun; mənliyimə sindi o,
Uzun zamandır hakim mənə Məcnunun ağlı.

Mehmet Nuri Parmaksızскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi