Əslində BOCCİA...



Yazımın necə başlamasının heç bir önəmi yoxdur, sən indi əllərinə bax. Qollarından süzülüb gələn, biləklərindən açılan incə barmaqlarına, gözəldir elə deyilmi?! Bəlkə də, bu vaxta qədər heç bunun fərqində belə olmamısan. Eləcə də, sənə verilən sağlamlığa, sahib olduğun bədən quruluşuna, möhkəm əzələyə, gücə, asanlıqla görə bildiyin hər işə-sonuncu dəfə nə vaxt diqqət etmisən. Yəqin, düşünürsən ki, bütün bunlar belə də olmalıdır.
Elə isə indi bütün bunların tam əksinə sahib olan birini düşün.
Əlil arabasında olan, gücü bəzən içdiyi suya, tutduğu qaşığa yetə biləcək bir insanı...
Və bu insanın həyatda qalması, yaşaması, mücadilə etməsi üçün bir səbəb düşün...
Çətindir elə deyilmi...

Həyata ikinci dəfə gəldiyim (2014) ilin yay ayları idi.
Təbiətin izah olunmayan və mənim ikinci dəfə doğulmağım haqqında bitməyəcək poemanı başlamadan, sadəcə onu deyə bilərəm ki, isti yay günləri idi.
Doğulduğum mərkərin qapısından içəri girdim. Bura 1 Sayılı Sağlamlıq İmkanları məhdud Gənclərin Peşə reabilitasiya mərkəzi idi.
Darıxma, əllərinə niyə diqqətlə baxmağını istədiyim üçün də məni qınama. Əllərini və sonra düşündüyün arabalı insanı, tapa bilmədiyin çarəni də unutma.
İndi mən mərkəzin direktoru ilə görüşməli idim. Amma isti deyil, izahı olmayan hisslər məni bürümüşdü, nəfəsim kəsilirdi.
Qapı açıldı və biz üz-üzə gəldik.
İlahi! Bu sadə direktor ola bilməzdi. O, bir mələk idi.
****
Mənə mərkəzə yeni gəlmiş idman növü haqqında danışdı. Müəyyən sayda, fərqli rəngdə olan kiçik topları seçilmiş hədəflərə atmalıydım. Belə başa düşdüm və bacara bilsəm mənim də yazıla biləcəyimi söylədi.
Məni tutan isə bacara bilsən, sözü oldu...
Tez əllərimə baxdım, nə yalan deyim bir az təəssüfləndim. Gücsüz olduğu üçün bacara bilməyəcəm qorxusu yarandı. Əllərimi bir-birinə sıx bərkidib, dizlərimin arasında gizlətdim. Nə vaxta qədər gizlədəcəyimi bilmirdim, amma, deyəsən, O dediyi toplarla olan idman növünə yazılana qədər bunu gizlətməli idim.
Oyun haqqında heç nə başa düşməsəm də, sadəcə çox istədiyim üçün -hə, mən bacararam- dedim.
Razılaşıb yollandıq idman zalına.
Qarşımda heç tanımadığım əlil arabasında əyləşmiş, yüksək enerjili, məmnun halda, dəqiqliklə toplar atan insanlar vardı.
Salamlaşıb yeni gəldiyimi və uyğun olarsa, mənim də, onların sırasında olmaq istədiyimi söylədim. Amma kənardan məni görsəniz, sinfə yeni gəlmiş, uşaqlara və müəlliminə məzlum-məzlum baxan kənd qizcığazını xatırladırdım.
Uşaqlarda -həə....bu yenidir-, tipi vardı.
Məşqçi məni yoxlamaq üçün əlinə bir neçə rəngli toplar alıb kənara çəkdi.
Heç bir şey bilməsəm də, içimdə mən bacaracam deyib dururdum.
Topları mənə verib özü isə qarşımdan 7-8 addım uzaqda dayanıb topu ora atmağımı istədi.
Ürəyimdə, bəh, bütün məsələ budurmu deyib gülümsədim və topu var gücümlə uzağa atdım, məşqçi topu qaytarıb eyni şeyi təkrar etməyimi istədi. Mən bacarmalıyam deyib, topu bu dəfə daha da uzağa atdım. Amma məşqçinin üzündə elə də xoş ifadə yox idi.
Bir neçə dəfə topları yenidən verdi, məsafə yerini dəyişdi, kiçik hədəflər qurdu və lazım olanı etməyimi istədi. Sonda olar deyib səhər saat 10:00-da zalda olmağımı tapşırdı.
Qayıdarkən, olar- sözünün sürətimi azaltdığımdan və olduğum kimi davranmağımdan sonra baş verməsini anladım.
O zaman dərk etməmişdim ki, əslində məndə olan məhdudiyyət, əngəl, zəiflik mənim və bu oyun üçün olan bir özəllilkdir.
İndi o gündən nə az, nə çox 3 il keçib. Bu illər haqqında o qədər daxilimdə yazılıb, işıq üzü görməyən kitablarlarım var.
Onu deyim ki, toplar atmaq dediyimiz və belə tanıdığımız idman növü BOCCİA-dır.
Boccia məhz əllərində, əzələsində zəifliyi olan, həyata tutunma səbəbləri tükənən, qurduğu evləri qumdan olan, arzuları səhradakı qum kimi bir ovuc suya həsrət, qurduğu xəyallara ulduzlar qədər mümkünsüz baxan insanların ümid yeridir.
BOCCİA əslində əngəllərin avantaj olmasının sübutudur.
BOCCİA əngəllərin yox olmaması, gələcəyin qurulmasıdır.
BOCCİA kəlimələrlə ifadə oluna bilməyəcək, hər bir əlilliyi olan insanın öz övladı kimi Ona ad verə biləcəyi yaşam mənbəyidir.
Siz bilirsiniz əllərini hərəkət etdirə bilməyən insanların medalını sıxması nece olur?!
Toplara toxunub nəfəs alması, gözlərində ümidin doğulması...
Bilirsiz necə olur danışa bilməyənlərin qələbə sevinci, susaraq hayqırması?
Sevincdən ağlamsı, qazandım deyə bağıra bilməməsi, sadəcə gözlərinin səssizcə yaşarması...
Öz xəstəliyini sevməsi, bilirsən necə olur?
Yenidən doğulması, ölmüş məninin oyanması, yenidən yaşaması, bilirsən necə olur?
Bütün əngəllər ölür, BOCCİA həyat doğur.
Əslində BOCCİA hər insanın sahib ola bilməyəcəyi bir həyatdır.

Mətanət Qüdsiскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi