Tanrının özünə qarışıb başı



Bir bilsən, əzizim, sənsizlik kimi,
Bu qədər qayğılar ömrə yük olmur.
Məni həsrətindir yıxıb-sürüyən,
Dərdin adı çıxıb, dərd böyük olmur.

Ürəkdir, başını qatardım onun.
Birtəhər dilini tapardım onun.
Çevirib başına atardım onu,
Heyif ki, ondan da üzərlik olmur.

Qəmin bacısı yox, dərdin qardaşı,
Nisgili ürəyə daşı ha, daşı.
Tanrının özünə qarışıb başı.
Mənim çəkdiyimə heç şərik olmur...

Xatirən var

Xatırlayıb kövrəlməyə,
Qoşayarpaq xatirən var.
Bir yadigar şəklin yoxdu,
Yenə ancaq xatirən var.

Niyə getdin deyə-deyə,
Qəlbim döndü qəmli neyə.
Bircə kərə dön geriyə,
Bir boylan bax, xatirən var.

Həsrət yaman ətəkləyib,
Qəm təntidib, dərd təkləyib.
Ayaq izin çiçəkləyib,
Qucaq-qucaq xatirən var.

Telim yoxdu saz olmağa,
Gülüm yoxdu yaz olmağa.
Qoymaz məni buz olmağa,
İsti-sıcaq, xatirən var.

"Mixəyi" havası üstə...

Yaman ümidliyəm gələn novruza,
Haray, ay ellilər, məncə, qayıtdıq.
Qolumu açmışam dağlara sarı,
Dərdimi qoymuşam küncə, qayıtdıq.

Ya isti, ya da ki, bir qarlı gündə.
Gedək o dərdini aldığım kəndə.
Vallah, nə desəniz muştuluq məndə,
Ay Qazax, ay Tovuz, Gəncə, qayıtdıq.

Hayıf ömürümüzü qürbətə verdik.
Ürəyim yun kimi of, didik-didik.
Gələndə on minlər, yüz minlər idik.
Gedəndə bəlkə də onca qayıtdıq....

****

Gəl ay mənim şəkərburam, gəl ay mənim paxlavam
Sən yoxsan bu şəhərdə çatmır ki, çatmır havam...
İçim bayram xonçası gör nə qədər ələm var,
Ürəyimdən gözümə torba atdığım qəm var..
Sinəmdəki sözlərin pozulubdu səfi gəl,
Yan-yörəmi kəsdirib gör nə qədər əfi, gəl.
Gülür hamının gözü, mənim gözüm nə isə...
Qulağım həsrət qalıb doğma, əziz bir səsə...

*****

İndi durub qalmışam könlüm dərddə, ələmdə,
Yüz il də sönməyəcək ocaq yanır sinəmdə.
Sən hansı cənnətdəydin, mən hansı cəhənnəmdə,
Sənin tək qız varıymış, mən niyə bilməmişəm...

****

Bağlı qalıb nə vaxtdı,
Bu sükutun daş ağzı.
Mən sussam da gözümün,
Açılacaq yaş ağzı.

Günü qara-ağ verib,
Dərdi ağ vərəq verib.
Ömrü şuma döndərib,
İllərimin xış ağzı.

Göyərər toxum olmaz.
Yataram yuxum olmaz.
Ölümdən qorxum olmaz.
Bal dili var, xoş ağzı.

Nə bağım var, nə barım.
Ay gecikən baharım.
Gözləyirəm nübarı,
Mən bu qara qış ağzı.

Hafiz Hacxalılскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi