Mesajlar yazırıq, danışırıq da,



Bilmirəm

Nə zaman gülsəniz, bil, mən də gülləm,
Ağlasan, gözünün yaşını silləm.
Sağında birtəhər dayana billəm,
Neyləyim, soluna düşə bilmirəm.

Könlümü istəsən, verə bilirəm,
Şəninə gül-çiçək dərə bilirəm,
Telini oxşayıb hörə bilirəm,
Gedəndə qoluna düşə bilmirəm...

Bu necə yazıdı, bu necə baxtdı?
Mən deyən bəzənmir bu eşqin taxtı.
Nədənsə qəmlisən gör neçə vaxtdı,
Bir gün xoş halına düşə bilmirəm.

Bəxtikəm olmuşam məhəbbətimdə,
Giley var, Təmkinin hər söhbətində.
Oluram nazirin kabinetində,
Sənin qəbuluna düşə bilmirəm.

*******

Hara aparırsan bu gözəlliyi?

Jurnalist dostum xanım Vüsalə Rüfətə ithaf olunur

Hüsnü-camalına söz ola bilməz,
Gözün tək bir qaynar göz ola bilməz.
Belə gözəllikdə qız ola bilməz,
Hara aparırsan bu gözəlliyi?

Qırmızı libasın rəng qatır gülə,
Min sevinc bəxş edir, mən tək bülbülə
Səni sevdiyimi sən bilə-bilə,
Hara aparırsan bu gözəlliyi?

Nurundan nur alır günəş də, ayda,
Əksindi bərq vuran, ay kimi çayda.
Nazlana-nazlana süzdükcə toyda,
Hara aparırsan bu gözəlliyi?

Sən Allah, bəndədən gizlət üzünü,
Bədnəzər edərsən özün-özünü.
Oynada-oynada o qaş-gözünü,
Hara aparırsan bu gözəlliyi ?

Qoyma ürəyimdə yenə qəm dinə,
Zilim susa, avazımda bəm dinə.
Salıb bu Təmkini eşq kəməndinə,
Hara aparırsan bu gözəlliyi ?
Hara aparırsan bu gözəlliyi?

*******

Sən də havalısan,mən də havalı


Hər dərdə, möhnətə dözürük elə,
Eşqin dəryasında üzürük elə.
Mən sənsiz, sən mənsiz-gəzirik elə,
Dolaşır səsimiz bəmdə havalı,
Sən də havalısan, mən də havalı.

Çəməni adlayıb, bağı aşıram,
Solu ötürürəm, sağı aşıram.
Dərəni keçirəm, dağı aşıram,
Gəzirəm dumanda, çəndə havalı.
Sən də havalısan, mən də havalı.

Baxma ki uzaqdır gözüm gözündən,
Əlim tellərindən, üzüm üzündən,
Ruhum səndə qalır, canım özümdə,
Gəlirəm pərişan kəndə- havalı,
Sən də havalısan, mən də havalı.

Göylərə od qalxır könül ahımdan,
Yandırdım hər yanı, keç günahımdan.
Yaradan Tanrının haqq dərgahında,
Varmı bizim kimi bəndə, havalı?
Səndə havalısan, mən də havalı.


Sevməyim kiməsə xəyanət deyil


İlahi şahiddi, göylərdən baxır,
Eşq yoxsa ürəkdə, gətirər paxır.
Deyirsən, ,, sözündən şirinlik yağır,"
Hər sözüm bal-şəkər, qənd olub sənə.

Mesajlar yazırıq, danışırıq da,
Sevincə, kədərə qarışırıq da.
Hərdənbir küsürük, barışırıq da,
Küsüb incimək də fənd olub sənə.

Könülsüz məhəbbət məhəbbət deyil,
Sevmək ki dünyada qəbahət deyil.
Sevməyim kiməsə xəyanət deyil,
Ürəkdi sevir də, bənd olub sənə.

Mais Təmkin

Azərbaycan Yazıçılar Birliyinin üzvü, ,,Qızıl qələm" ,,Azərbaycan Bayrağı" ali media mükafatları laureatı.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi