YAZI UMUDU,TANRI UMUDU



Əhəd Qəniyev!

Bu kişini Azərbaycan Teleradio Qapalı Səhmdar Cəmiyyətinin işçiləri yaxşı tanıyır.Fəhlədi.

Sakit,təmkinli ilk baxışda adama bir qədər ləng kimi görünür.Bu,ilk baxışda belədi.Amma simurq quşu kimi hamının hoyuna yetəndi. Hamını birər-birər tanıyır, ədəblə saldam-kəlamı da öz yerində. Hamı da ona şirin-şirin «Əhəd» deyə müraciət eləyir.

Əsas işlərindən biri otaqlara içməli su paylamaqdı. Ömrü-günü su qədər duru olsun.Su bu dünyanın ən təmiz olanıdı.Su,bəlkə də Allahın yerdəki əksidi.Xülasə,təmiz, içməli su axtaran Əhədi səsləyir.

Əhəd nə qədər sakit təbiətlidirsə gözlərində bir qaynarlıq və duruluq var.Su duruluğu,su qaynarlığı.

Bir az qəribəlikləri hiss olunan adamdı.Mən hər dəfə onu görəndə,özündən öncə qəribəliklərini görürəm, elə bil.

Bu günlərdə Əhədi AzTV-nin həyətində bir küncdə əyləşib cib dəftərinə nəsə yazan gördüm. Salamlaşdıq.

-Əhəd,şeir yazırsan yoxsa?-yarızarafat soruşdum.

Elə soruşduğum ahəngdə o da yarızarafat, yarıciddi:

«Yox»-dedi.Söhbətin məğzi hər ikimizə qeyri-ixtiyari bəlli olduğu üün hər ikimiz gülümsədik. Keçib getdim.Səhərisi Əhəd iş otağıma gəldi.Bir qədər utancaq tərzdə cibindən bir dəftərçə çıxartdı.

-Zəhmət olmasa, baxarsınız,-dedi.Dəftərçəni götürüb vərəqlədim.Doğrudan da Əhəd şeir yazırmış.

Bəlkə davranışındakı qəribəlik,gözlərindəki qaynarlıq,duruluq yazdığı şeirlərindən gəlirmiş.

Cib dəftərini bir də vərəqlədim, yazılarını təkrar-təkrar oxudum.Əslində Əhədin bu yazdıqları,tam yetkin şeir nümunələri deyil.

O,sadəcə olaraq ürəyindən keçənləri dilinə gətirir, qələminin ucundan kağıza ötürür.Əhədin yazılarında Vətənə, yurda,Azərbaycana həsr olunan sözlər daha çoxdu.

Onun bu cib dəftərlərinə yazdıqları içərisində bircə dənə də bədbin misra, tozlu fikir tapmaq mümkün deyil. Bu misralarda, yazdıqlarında Əhəd olduqca xoşbəxt və nikbin görünür.

Bu nikbinlik içərisində,yenə deyirəm,ən aydın görünən Vətəndi,Vətənin xoşbəxtliyidi.Bu misralar sevgi pıçıldayır, yaz suları kimi qaynayır,puçur-puçur çiçəklər açır.

Mən Əhədin yazılarından qəsdən sitat gətirmirəm. Amma bu yazılarda nə yoxdu?Uzun-uzun yollar, çataq-çutaq körpülər,dənizlər,dəryalar,suları yara-yara gözdən itən, gəmilər.Getdikcə bir nöqtə boyda balacalaşan gəmilərə həsr edilən misralar daha çoxdu.

Uzaq-uzaq sularda üzən gəmilərin arxasınca baxan gözlərin həsrəti,intizarı aydınca sezilir.Bu sezintilər diqqətidən yayınmır.

Sonra söhbətimiz əsnasında məlum olur ki,Əhəd uzun illər gəmiçilik sənayesində işləyib, gəmi mexaniki kimi gəmilərdə uzun yollar qət eləyib,suların içindən keçib-gedib, keçib-gəlib.

- Xəstəliyimlə bağlı sevimli işimdən ayrıldım,-deyir.

Nə yaxşı ki indiki iş yerim AzTV-di.İyirmi ilə yaxındı ki,burdayam.Burdakı mühit, yaxşı insanlar mənim gəmilərə olan xiffətimi az da olsa yadımdan çıxarır.İndi mənə Əhədin bir küncə çəkilib yazı yazmasının səbəbi aydın olur.

Ona yazı yazdıran səbəblərdən biri çəkdiyi xiffətdisə,keçən günlərə olan nostaljidisə,digər tərətfdən bu qədər yazı-pozu adamının içində gördüyü,hiss elədiyi işıqdı.

-Yazı yazanda yüngülləşirəm,-deyir.Odur ki,ürəyi dolanda bir küncə çəkilib hisslərini kağıza,qələmə etibar eləyir.Bir də kəndimizə gedəndə yüngülləşirəm,nə qədər olmasa da kənddi,təmiz havası, ağartısı,qatığı-südü,..sözünə əlavə eləyir.

Az qalır ki, deyəm:«Eh Əhəd,mənim kəndim də yoxdu».Bu kəlmələri dilimin ucundan geri qaytarıram,ovqatını korlayaram,deyə.

Bir anlıq sükut çökür.Əhədin yazı haqda dedikləri bir daha beynimdən sürət qatarı kimi keçir.

«Doğrudan da yazı adamı yüngülləşdirir,təzələyir».
Bir də o var ki,burda kiçikdən böyüyə kimi hamı söz umuduna,yazı umuduna yaşayır.Tanrı umuduna yaşayan kimi.

Tahir Talıblı
əməkdar jurnalist
Kaspi» qəzeti,
May 2011
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi