• 16:30 – Şamaxı rayon Mərkəzi kitabxanasının əməkdaşı doğum gününü qeyd edir 
  • 17:30 – Kürdəmirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirilib 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 
  • 15:30 – Bu zəhrimar Koroğlunu görməzdik... 
  • 14:00 – Mərakeş Krallığının Azərbaycan Resublikasinda fövqəladə və səlahiyyəti Səfiri Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb. 
  • 23:59 – Serj Sarkisyan Putinlə görüşdə nədən danışacaq 

Bir görüm bu uşaq necə böyüyüb,söykənib o hansı gücə,böyüyüb…

  • Tarix: 10.09.2017, 16:35,
  • Bölmə: Manşet
  • Baxılıb: 5381
Bir görüm bu uşaq necə böyüyüb,söykənib o hansı gücə,böyüyüb… Bir görüm bu uşaq necə böyüyüb,söykənib o hansı gücə,böyüyüb…
Analoq.az Musa Yaqubun şeirlərini təqdim edir:

MƏN ELƏ ÖZÜMƏM…

Vaxt var ikən yetmədim o murada,
Gül içində çaşıb qaldım çəməndə
Səhv elədim, mən qalmışam piyada,
Öz arzumu mindirmişəm səməndə.

Başım üstə bir tayacıq buluddu,
Ötən durnam daha məni unutdu.
Şeh otları köynəyini qurutdu.
Al günəşin tellərini əməndə.

Çox gəminin küləklənib yelkəni,
Bu dünyanın çox uzundur örkəni.
Hörüyünü qırıb qaçan ürgəni
Bir tük ilə vaxt salacaq kəməndə.

Şah dağının başı salamat deyil,
Piyada dağ nə şah, nə də mat deyil,
Şerimdəki lirik mənlər yad deyil
Bu mən elə mən özüməm o məndə.
İyul, 1983

*******

BU PAYIZIN DƏRDİ

Bu payızın dərdi götürüb məni,
Çox mətləb üstünə gətirib məni -
Görəsən bir daha açılmacayaq
Gedəri ağaclar sonuncu kərə
Yarpaq tökümünə necə dözəcək?..
Taleyin hökmünə necə dözəcək?..
İlk yarpaq tökümlü o üryan budaq,
Soyusa havalar necə dözəcək?
Bir daha leyləyi qayıtmayacaq
O tənha yuvalar necə dözəcək? -
Bu payızın dərdi götürüb məni.

Vaxt özü fırladır ömür çarxını,
Çətin o həvəsdə bir daha bitim.
Yaman çayır basıb payız arxını,
Bulaq nəğməsi də donacaq, bildim
Xəzan budayacaq, yonacaq, bildim…
Torpaq bu yonqara necə dözəcək?..
Nə zərif bədəni var o ağacın,
İlk qara, son qara necə dözəcək -
Bu payızın dərdi götürüb məni.

Nə qədər hicranlar var bu dünyada,
Payızın ən həzin çağı olanda,
Kimsə bu payızla tənha qalanda
O hicranlı təklər necə dözəcək?
O solan sevgilər, insan ağaclar,
O insan çiçəklər necə dözəcək -
Bu payızın dərdi götürüb məni.

Guya ki, xəzanı almaz eyninə,
Yaman inadkardı o tənha yarpaq -
Qışacan birtəhər necə dözəcək?
Bu payız toyları geciksə yenə
Görən sevgililər necə dözəcək -
Bu payızın dərdi götürüb məni.
1985

*******

BİR GÜNAH SƏNİN, BİR GÜNAH MƏNİM

Bir gözün mən əydim, bir gözünü sən,
Niyə narazıyıq bu tərəzidən?..
Sən çeşmə qurudan, mən ağac kəsən
Bir günah sənindir, bir günah mənim.

Bu südə su qatıb hərə bir qaşıq,
Arını şəkərə dadandırmışıq.
Bazarın yağı şor, balı qarışıq
O mətah sənindir, bu mətah mənim.

Söz sözə gələndə sən nəfsi qıran,
Mən dünya malına göz yumub duran.
Amma ayrılıqda daşı da yaran,
Bir tamah sənindir, bir tamah mənim.

Görürük bu silah vurmur hədəfə,
Vurmur, ha atırıq mininci dəfə.
Əlimiz dolaşıb düşüb kələfə,
Bu əl gah sənindir,bu əl gah mənim.

Qoyma yalanımız qalxsın ayağa,
Hay deyirik, haya gəlmirik, qağa.
Sözü güləşdirib, əhdi danmağa,
Bir vallah sənindir, bir vallah mənim.

Yamanca ustayıq hər ehtiyatda,
Dostluq şirnisi də dilimiz altda.
Amma yaman günə əlimiz altda
Bir silah sənindir, bir silah mənim.

Ömür təsəllidi, ümid sabahdı,
İndi öz xeyrinə çoxu agahdı.
Hərə dolanışa bir cür nigahdı,
Bir nigah sənindir, bir nigah mənim.

Orda bulanıq su hopur torpağa,
Burda üzə çıxıb dönür bulağa.
Hələ ki, vaxtımız var durulmağa,
Bir sabah sənindir, bir sabah mənim.
1985

*******

İLAHİ,BU KÖRPƏ NECƏ BÖYÜYÜB

Demirəm mehriban qucaq görməyib,
Demirəm qayğılı isti bir nəfəs,
Demirəm ev bilib, ocaq görməyib -
Bu körpə anasız necə böyüyüb?

Doğmalıq deyilən ilahi bir əl
Onun üz-gözünü oxşamayıbsa,
Görəsən bu körpə necə qımışıb?
Hansı donda görüb ilk doğmalığı,
Sevinci sevincə necə qarışıb?

Bilibmi həsrətdir ali nemətə -
Ana döşündəki südə, bilibmi?
Bir yemək yeyəndə,əmzik tutanda
Görəsən şıltaqlıq edə bilibmi?
İlahi,bu uşaq necə böyüyüb?

Bir xoş yuxu vaxtı, bir gecə yarı
Bu körpə ayılıb necə ağlayıb?
Alıb bir yuxunun şirin çağını
O kimə ərk edib gecə ağlayıb?
O vaxt ağlı kəsib söz anlasaydı
Necə saxlayaydı ağlamağını?

Ana baxışından şəfəq almadan
Necə işıqlanıb üzü görəsən?
Doğmaca laylasız necə uyuyub,
Necə çiçəklənib sözü görəsən?
O necə oynadıb əl-ayağını,
Bəs kimin üzünə qımışıb hərdən?
Hansı rəngdə sevib oyuncağını?
Ana fərəhindən güc alıb təzə
Bir daşqın sevincə bürünməyibsə,
İlk dəfə o necə qalxıb ayağa,
Görən necə atıb ilkin addımı?
Lap heyrət götürür vallah adamı…
İlahi,bu uşaq necə yeriyib,
Kefi pozulanda necə kiriyib?

Dayan,bu sualdan alışdı bağrım,
Durub yan otaqdan anamı çağrım.
Qoy ondan soruşum bir də özümü,
Anlayım fikrimi,bilim sözümü.
Bir görüm bu uşaq necə böyüyüb,
Söykənib o hansı gücə,böyüyüb…
Dekabr 1987

*******

MƏN HEÇ BU DÜNYADAN RAZI QALMARAM

Həyatla otursam min il diz-dizə
Yenə də əcəldən salam almaram.
Olum da, ölüm də haqq işidirsə,
Mən heç bu dünyadan razı qalmaram,

Nədir könlümdəki bu gizli üsyan -
Mən dərə bilmədim o çiçəkləri.
Şüşə ürəkləri sındırmaq asan,
Sındırmaq olmursa daş ürəkləri,
Mən heç bu dünyadan razı qalmaram.

Dərya incisini gizlədir hələ,
Amma çör-çöpünü çıxarır üzə,
Alıb mərdini də, namərdini də
Bir süfrə başında yedizdirirsə
Mən heç bu dünyadan razı qalmaram.

Mehri çox şirindir,
qəzəbi acı.
Necə qalım razı,
Dünyadan razı –
Bu boyda qəlb verib,
bu boyda arzu,
Amma ömür verib bir iynə ucu,
Bir iynə ucuyla neyləmək olar?

Dəryada damcıyla neyləmək olar?
Eh, bir göz dolusu, ürək dolusu
Sevgisindən doymaq olmayacaqsa,
Gedib bir mənzilə yetənə qədər
Yol-izindən doymaq olmayacaqsa
Mən heç bu dünyadan razı qalmaram.

İşığı çatmadı quzey ormana,
Bir ömrün günəşi batana kimi.
Tikdiyi yuvanın istisi cana,
Sevinci ürəyə çatana kimi.
Vədə yetəcəksə, vaxt çatacaqsa
Mən heç bu dünyadan razı qalmaram.

Yolları çox uzun,
Göyləri dərin,
Bir də Vətən verib
sevgisi şirin.
Heç bu şirinlikdən doymaq olmadı.
Bir göz qırpımında keçən günlərin
Xoşca anlarını saymaq olmadı.
Bir göz qırpımında neyləmək olar?
Bir qəlb çırpımında neyləmək olar?

Nədir o boşalan,
nədir o dolan?…
Bizi borclu salıb borcunu almaz,
Elə tələsdirər, xərcini almaz…
Nə biz borc verənik, nə o borc alan,
Könlüm bu dünyadan heç razı qalmaz.
1984

*******

BU KƏND–QƏBRİSTANI ÖZÜNDƏN BÖYÜK

Qalıb tayalıqda pas atmış yaba,
Bostanı dağılmış,bağı xaraba.
Ah, zəhərli külək,maqnitli hava,
Vallah,öldürəcək bizi bu körük;
Bu kənd –
qəbristanı özündən böyük.

Hanı bu cığırın cığırdaşları?..
Üstünü gəndalaş, gicitkan basan
Uçulmuş evlərin topa daşları
Sanki bir məzardır torpağa bir yük,
Bu kənd-
qəbristanı özündən böyük.

Üz tutub tanrıya tüstüsüz baca,
O evin həyəti deyingən qarı,
Bu evin kətili mürgülü qoca,
Zamanı qarışıq,adamı dönük.
Bu kənd-
qəbristanı özündən böyük.

Şirin adətimiz,peşəmiz qalıb…
Məzar meşəbəyi ruhuna rəhmət,
Bir qəbristan boyu meşəmiz qalıb -
Qalanı tüstüdür, olanı kötük,
Bu kənd -
qəbristanı özündən böyük.

Dekabr 1989


Analoq.azскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV