İlham Əliyev:"2019-cu ildən bizim islahatlarımızın yeni mərhələsi başlayır"



Azərbaycan prezidenti İlham Əliyevin Real televiziya kanalına müsahibəsi ictimaiyyətdə böyük maraqla qarşılanıb, eyni zamanda, gündəmin əsas müzakirə edilən mövzusuna çevrilib.

Dövlət başçısı öz geniş müsahibəsində cəmiyyətə bir sıra vacib mesajlar ünvanladı, ölkənin daxili və xarici siyasətinə, inkişaf istiqamətlərinə, həyata keçirilən islahatlara, bir sözlə, demək olar ki, bütün sahələr üzrə məsələlərə ətraflı toxundu. Prezidentin səsləndirdiyi fikirlər həm də Azərbaycan vətəndaşında öz dövlətinə, öz liderinə güvəni, etimadı, daha yaxşı sabaha inamını artırmış oldu. Xalq bir daha əmin oldu ki, arxasında güclü dövlət və onun güclü lideri dayanır. Ölkə rəhbəri isə görülən hər bir işin, atılan hər bir addımın Azərbaycan vətəndaşının daha yaxşı yaşamasına, dövlətimizin maraqlarının dünyada yüksək səviyyədə qorunmasına hesablandığını öz mesajları ilə təkrar bəyan etdi.

İlham Əliyevin müsahibəyə Azərbaycan mediası ilə bağlı fikirlərlərini söyləməklə başlaması, "Mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm", deməsi onun Azərbaycan mediasına verdiyi önəmin, etimadının göstəricisi idi. Dövlət başçısı bu yanaşması ilə də bir mesaj verdi, nümunə göstərdi. Yəni bütün qurumlar medianı diqqətlə izləyib, əks olunmuş hansısa problemlərə dərhal reaksiya verməlidirlər. Belə olanda, təbii ki, vətəndaş da razı qalır və onun öz dövlətinə, hakimiyyətinə inamı daha da artmış olur.

Prezident müsahibəsində Azərbaycan mediasına həmişə böyük dəstək göstərdiyini, media nümayəndələri ilə çoxsaylı görüşlərinin bunun əyani sübutu olduğunu, həmişə öz işi ilə medianın inkişafına dəstək verməyə çalışdığını deyib. İlham Əliyev gələcəkdə Azərbaycan mediasının ölkəmizin həyatında bundan da böyük rol oynayacağına əminliyini ifadə edib.

Dövlət başçısının mühüm mesajlarından biri də heç şübhəsiz ki, islahatlarla bağlı söylədiyi fikirlərdir. Dövlət başçısı islahatların surətlə aparılacağını anons edib: "2019-cu ildən bizim islahatlarımızın yeni mərhələsi başlayır. Bu da təbiidir. Çünki ötən il keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı mənə bir daha böyük etimad göstərib və mən bu seçkilərə islahatlar gündəliyi ilə getmişəm. Təbii ki, keçən ilin ikinci yarısından başlayaraq islahatların dəqiqləşdirilməsi, müəyyən edilməsi və ardıcıllığı haqqında çox geniş işlər aparılırdı və bu ilin əvvəlindən yeni islahatlara start verildi".

İlham Əliyev 2019-cu ildən başlayan islahatların əsas hədəfinin Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirmək, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaq, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaq, insanların rifah halını yaxşılaşdırmaq, daha güclü, qüdrətli dövlət qurmaq olduğunu vurğuladı:

"Biz bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparırıq, həm beynəlxalq mövqelərimizi möhkəmləndiririk, həm də regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edirik. Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib. Yəni nəqliyyat mərkəzlərindən birinə yox, məhz nəqliyyat mərkəzinə çevrilib. Çünki Şimal-Cənub və Şərq-Qərb dəhlizləri ölkəmizin ərazisindən keçir. Biz bu coğrafi vəziyyətdən çox səmərəli istifadə etdik, güclü infrastruktur yaratdıq".

Görülən böyük miqyaslı işlərin nəticəsində regionun lider dövləti olan Azərbaycan bu gün həm də dünyada nüfuz, söz sahibinə çevrilməkdədir. Bunun başlıca səbəblərindən biri təbii ki, qeyd etdiyimiz kimi, həyata keçirilən düzgün siyasət, xüsusilə, müstəqil xarici siyasət xətti, aparılan islahatlar, iqtisadi inkişafdır. Bu ildən start götürən surətli islahatlar isə ölkəmizin dünyada mövqeyinin daha da güclənməsinə, beynəlxalq reytinqlərdə mövqeyinin irəliləməsinə, vətəndaşlarımızın sosial rifahının daha da yüksəlməsinə gətirib çıxaracaq.

Dövlət başçısının səsləndirdiyi fikirləri şərh edən Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət deyib ki, Prezident İlham Əliyev Azərbaycan mediası ilə çox açıq və dostyana münasibətləri olan bir siyasi liderdir: "Xatırlayıram, dövlət başçısı Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə media ilə bağlı çox dəyərli fikirlər səsləndirmişdi. Bildirmişdi ki, bəzən məmurlar yalan informasiya verirlər, cəmiyyətdəki ab-havanı doğru-dürüst çatdırmırlar. Ona görə də ən doğru informasiyaları jurnalistlərdən aldığını söyləmişdi. Hətta bizə tövsiyə etmişdi ki, yazmağa, tənqid etməyə davam edək. Real TV-yə müsahibədə də cənab prezident bu yöndə fikirlərini bəyan etdi. Vurğuladı ki, Azərbaycan mediasını həqiqətən də yaxından izləyir və mətbuatda gedən istənilən məsələyə reaksiya verir. Biz çox sevinirik ki, jurnalistlərin yazdıqlarını prezident bu qədər yaxından izləyir və qərar verərkən jurnalistlərin qaldırdığı məsələləri diqqətə alır. Əgər belə olmasaydı, dövlət başçısı şəhid ailələri ilə bağlı məsələlərdə, zəlzələdən əziyyət çəkən vətəndaşlarla bağlı proseslərdə bu qədər həssas davranmazdı. Yaxud da ayrı-ayrı siyasi manipulyasiya dəllallarının ölkədə ictimai rəyi çaşdırması baş tuta bilərdi. Problemlərin yaranmamasının səbəbkarı əlbəttə ki, cənab prezidentin özüdür. Çünki dövlət rəhbəri mətbuatla çox yaxından işləyir. Şəxsən özü medianı, hətta sosial medianı izləyir".

A.Həsrət düşünür ki, indiki zamanda dövlət idarə edən şəxslərin medianı izləməsi ancaq və ancaq işin xeyrinədir: "Fikir verirsizsə, son zamanlar ölkədə bir çox məmurlar mətbuatda barələrində hansısa tənqidlərin yayılmasından çox böyük narahatlıq keçirirlər. Çünki onlar öz hesabatlarını verərkən hər şeyin əla və yerli-yerində olduğunu deməyə alışıblar. Ancaq mətbuatda gedən tənqidlər birbaşa cənab prezidentin özünün diqqətinə çata biləcəyi üçün həmin məmurlar narahat olurlar. Hesab edirəm ki, bundan sonra da jurnalistlərimiz ölkədə ab-havanın sağlamlaşdırılması, korrupsiyaya qarşı mübarizənin güclənməsi ilə bağlı öz fikirlərini açıq şəkildə yazmalıdırlar ki, cənab Prezident alternativ informasiyanı məhz jurnalistlərdən ala bilsin".525.az

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi