Cabbar bəy Sultanov-Ənvər Çingizoğlunun araşdırması



Qarabağın tanınmış həkimlərindən biri də Cabbar bəy Sultanovdur. Əvvəlcə onun sos-kökü, nəsl-nəcabəti ilə tanış olaq. Cabbar bəy Qarabağın Püsyan elinə məxsusdur. Ulu babası Hüseynqulu sultan Püsyandır. XVIII əsrdə Qarabağın Bərgüşad mahalının Qubadlı kəndində sakin idi. Mülkədar kimi bir neçə kənd və obaya yiyəlik edirdi.

Hüseynqulu sultanın Məmmədqulu bəy, Həsənqulu bəy, Ələkbər bəy, Paşa bəy, Cabbar bəy adlı oğulları vardı. Onların törəmələri sultanov soyadını qəbul etdilər.

Babası Cabbar bəy Hüseynqulu sultan oğlu 1818-ci ildə Bərgüşad mahalının Qubadlı kəndində anadan olmuşdu. Molla yanında oxumuşdu. Qardaşları ilə bərabər atadan qalma Qubadlı, Zeyvə, Hacıalılı, Məmər, Hal, Davudlu, Mac, Ağbulaq, Qurdqulağı və başqa kəndləri idarə edirdi.

Cabbar bəyin İldırım bəy, Camal bəy, Cahangir bəy adlı oğulları vardı.

Cabbar bəyin atası İldırım bəy Cabbar bəy oğlu 1842-ci ildə Şuşa qəzasının Zəngəzur sahəsinin Qubadlı kəndində doğulmuşdu. Molla yanında oxumuşdu. Ata mülkünü idarə etməklə dolanırdı. Qeyrət və şəxsiyyəti ilə bütün Qarabağda ünlü idi.

İldırım bəy Sona xanımla ailə qurmuşdu. Şəmil bəy, Cabbar bəy, Çingiz bəy bəy adlı oğlanları vardı.

İldırım bəyin ikinci oğlu Cabbar bəy 1885-ci ildə Zəngəzur qəzasının Qubadlı kəndində doğulmuşdu. İbtidai məktəbi doğma kəndlərində oxumuşdu. Sonra gimnaziyada təhsilini davam etdirmişdi. Orta təhsilini bitirib Sankt-Peterburq Hərbi Tibb Akademiyasına qəbul olmuşdu. 1912-ci ildə akademiyanı tamamlamışdı. 1912-1918-ci illərdə Rusiya imperiyasının 84-cü piyada alayın Kuşkimski lazeretində çalışmışdı.

Cabbar bəy Sultanov 27 iyul 1919-cu ildə Milli ordunun 2-ci diviziyasına diviziya həkimi təyin olunmuşdu. (ГААР, ф.2894, оп.1, д.40, л.113.)

Sonra Azərbaycan Respublikasının diviziya həkimi, Azərbaycan SSR Səhiyyə Komissarlığının hərbi sanitar idarəsinin rəisi işləmişdir. 1921-ci ildə inqilabçı həkim M.N.Qədirli səhiyyə komissarlığının kollegiyasında dəyişiklik etmişdir. Kollegiyanın sədri M.N. Qədirli, üzvləri isə Cabbar bəy Sultanov, Tağı Abbas oğlu Şahbazi, Poltoratski təyin olunmuşlar.

M. İsrafilbəyov (Qədirli), T. Şahbazi, C.Sultanov, E. Neyştodt, M.Qayıbov, D.Uriusov, A.Kazımov Qırmızı Aypara Cəmiyyətinin təşkili işində gənc Azərbaycan respublikası dövründə böyük aktivlik və fəaliyyət göstərmişlər. Cabbar bəy Sultanov dosent vəzifəsində Moskva və Kislovodskidə də çalışmışdır. Alim-həkim Cabbar İldırım oğlunun bir sıra çap olunmuş əsərləri vardır.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi