Bayramınız mübarək, ətirli çiçəklərim!



Qadın! Əslində ilk baxışdan 5 hərf, 2 samit 3saitdən ibarət sadə bir söz kimi görünür. Amma gəl ki, sadə görünən bu sözün mürəkkəbliyi ilə seçilən, hələ də tam təhlil oluna bilməyən cümlələri var. O cümlələr ki, həyatın bəxş etdiyi bütün suallar sonunda nöqtəsini qoya bilməyərək - hissini, həyacanını kiçik bir nidanın üzərində kökləyir. Diqqətlə baxsaq, elə hər sözün içində belə qadın baxışı, qadın barmaqları, qadın nəfəsi, qadın ətri öz qoxusu,rəngarəngliyi ilə seçilir. Ən böyük qadınlıq isə bir körpəyə can verib ,varlığının necə olacağını düşünmədən dünyaya gətirə bilmək, həyatın bahasına olsa belə onu qoruyaraq böyütmək, tərbiyə və təhsil verə bilməkdir. Düşünsək ki, hər ailədə təhsilli uşaqlar böyümür, onun səbəbi madiyyatdan çox —ailədəki Ananın təhsilsiz olmasıdır. Bax, o baxımdan qızlarına ailədən öncə təhsil verən valideynlər xoşbəxt olur. Ələlxüsus da o qızları dünyaya gətirərək, gələcəyin layiqli qadını, anası edən Analar! Çünki acı da olsa deyə bilərik ki, Şərq dünyasında qızların hər birinin təhsil alma şansı yox. Kimi zorla ailə qurmağa sövq edilir, kimi ev işləriylə məşğul olmağa məhkum edilir, kimlərinin orqanları zədələndirilirək satılır və ya diləndirilir, kimiləri isə zəngin, yaşlı -babası yaşındakı məxluqların çirkin niyyətlərinin qurbanı olur. Amma az da olsa qızlarını göz bəbəyi kimi sevən, onlara təhsil verən, cəmiyyətdə müəyyən yer tutmasına mənəvi cəhətdən dəstək olan ailələr var. Həmin ailələr ki, atanın övladlarına olan sevgi tərəzisi oğlan və qız olaraq dəyişdirilmir, tarazlıq hər zaman bərabərləşir. Və ən gözəli də bir Atanın öz qızına olan istəyini, bağlılığını poetik sözlərlə sətirlərə düzməsidir. Sözün köklərini məharətlə suvarmasını bilən dəyərli şairimiz -Vasif Süleyman kimi:

QIZIM SƏYALIYA

Gülər gözlərində tapdım xoş günü,
Çəkildi ağrım da, acım da, qızım!
Bu boyda şirinlik tapa bilmərəm,
Dünyanın o biri ucunda, qızım!

Nə möcüzə belə, nə sirr beləcə,
Ruhuma can verir səsin beləcə.
Nanə yarpağı tək əsir beləcə,
Ürəyim ovcumun içində, qızım!

Ayrı nə diləyim, ulu Tanrıdan,
Odur Yaradan da, odur yarıdan.
Yoxdu bir gileyim ağ gün sarıdan,
Sən də yanımdasan, bacın da, qızım!

Bütün gözəllikləri özündə cəmləyən gözəl şeir. Hər bir qız övladına yaraşan həm də. Bir Atanın qızına arzuladığı ən gözəl arzu nə? Övladının ilk öncə peşə sahibi ola bilməsi, ağılla, əxlaqla davrana bilməsi, sonunda isə belində qırmızı lenti, əynində bəmbəyaz gəlinliyi ilə ata ocağında çıraq ətrafında dolanaraq, böyüklərinin xeyir-duası ilə yeni həyata qədəm qoymasıdır. Məhz şair öz qızının timsalında bütün qızlara xeyir-duasını bu şəkildə verərək, qızların varlığının ata üçün nə qədər müqəddəs və dəyərli olduğunu göstərmişdir. Bir sözlə-ruhunuz var olsun şair !

Qadın dünyasına uzaqdan qadın gözüylə baxmaq bəlkə də asan. Amma mənim gözümlə necə olacaq-orası çətin. Anamın bir cümləsi hər zaman qulaqlarımda Ana laylası kimi səslənir:
—Nə zaman ki, ANA olarsan, o zaman məni anlaya bilərsən!
Bəlkə də, nə deyim. Mənim söyləyə bilmədiklərim isə şairlərin qələmindən süzülərək qadın gözəlliyinin ,qadın saflığının şeirinə öz ətrini vermişdir. O şairlərdən Elməddin Nicatın düşündürən bir şeirini oxuyaq, ki, əslində bir kişi baxışıyla qadın məhfumunun dərinliyinə çata bilək.

BU QADIN

Seçilməz içindən hüsnü rəglərin,
Çəhrayı bu qadın, yaşıl bu qadın.
Dünyanın sərhəddi ruhunda bitir
Ruhun sərhəddini aşır bu qadın.

Nədən öləzisin, nədən səngisin?
Saplanıb köksünə dərdin süngüsü.
Çölündə çəkdiyi əzab güzgüsü
İçindən içinə daşır bu qadın.

Alovundan payız yanır, qış doyur
Bir həsrətin sinəsinə baş qoyur
Hər il bir az yaş üstünə yaş qoyur
Hər il bir az uşaqlaşır bu qadın.

Xəzan vurdu ümüdləri tökdü bar
Bu qadını ana etdi dörd divar.
Uzaq-uzaq yaxınlaşmaq cəhdi var
Yaxın-yaxın uzaqlaşır bu qadın.

Hər il bir az uşaqlaşır bu qadın....Necə doğru söyləmiş. Anamı gördüm bu şeirdə. Hər kəs qadın cinsinə aid ola bilər-bir yolla. Amma Qadın olmaq, bu adı daşıya bilmək,bu adla özünü doğrulda bilmək hər qadın cinsinin üzvünə nəsib deyil. Qadınlıq-nəciblik, kübarlıq, səbr, təmkinlilik, cəsarət, iffət, sədaqət, fədakarlıq demək. Şair də hər sətirdə bütün bunları şairanə şəkildə ifadə etmişdir-hətta qadın ola bilməyin sözlə deyil,əməllə ola biləcəyini də. Bir kişi ürəyindən qadına verilən dəyərin və hörmətin təcəssümü. Bu baxımdan var olun şair -deyirəm!

Qadın haqqında nəyi desək də,yenə də bu gözəl varlıqlar üçün yetməz deyə düşünürdüm. Ta ki, ensiklopediyanı araşdırarkən rast gəldiyim məlumatadək. Sizlərlə bölüşməyi özümə borc bildim.
Günlərin bir günü Süleyman peyğəmbərdən bir nəfər soruşur?
-Nə üçün peyğəmbərlər arasında qadın olanı yoxdur?
Süleyman peyğəmbər təbəssümlə cavab verir:
—Çünki biz kişi peyğəmbəri dünyaya gətirən qadının özüdür. Ən böyük peyğəmbərlər isə onlardır—bizləri böyüdüb, bu yaşa çatdıran Ana kimi!

Ana! Bəli məhz qız övladın çatdığı ən böyük zirvə Analıqdır. O da dünyaya övlad gətirməklə bitmir. Övladın üçün dünyanın bütün dadlarından, həyatın nisbi həzzlərindən, talenin yanan tonqalından belə keçməyi bacaran qadına yalnız ana adı halaldır. Məhz o anaların yeri cənnətdir bu dünyada əzizlərim. Məhz o analar qarşısında baş əyir, ömür boyu səcdə edirik. Eynilə söz ustadı İbrahim İlyaslının Anası timsalında bütün Analara həsr etdiyi şeirdə olduğu kimi:

Səndən uca tanıdığım bəndə yox,
Səndən şirin nemətmi var dünyada?!
Gecə-gündüz dolanaydım başına,
Bundan gözəl sənətmi var dünyada?!

Aydan arı, sulardan da durusan!–
Köksüm altda ürək kimi vurursan.
Sən gözümün, sən könlümün nurusan,
Adın kimi zinətmi var dünyada?!

Nə arayım GÖYün yeddi qatında,
Nə axtarım YER üzünün çatında?!
Bərqərardı ayaqların altında, –
Daha özgə cənnətmi var dünyada?!

Susuram Ana sevgisinin möhtəşəmliyi qarşısında. Və elə bu şeirlə də şərəfli qız adını ləyaqətlə daşıyan qızlarımızı, duvağını ləkəsiz bağlayaraq tərtəmiz alınla yaşayan qadınlarımızı və övladlarının başını hər zaman uca etməsini gözəlliyini , qadınlığını fəda edərək qazana bilən analarımızı -qadınlar günü münasibəti ilə təbrik edir,hər birinə ailə xoşbəxtliyi, qarşılıqlı hörmət və övlad fərəhi arzulayıram! Bayramınız mübarək, ətirli çiçəklərim!

Məryəm Əliyeva

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi