İSMAYIL ŞIXLININ ƏDƏBİ-TƏNQİDİ GÖRÜŞLƏRİ: Yazıçı və zaman problemi



İsmayıl Şıxlı Azərbaycan nəsrinin sovet dövründə tutduğu mövqeyə, oynadığı rola, toxunduğu problemlərə münasibət bildirir, ən səciyyəvi məqamları oxucuların və ədəbi ictimaiyyətin diqqətinə çatdırırdı. O, “nəsr və zaman” məsələsinə konkret dəlillər əsasında aydınlıq gətirir, maraqlı mühakimələr irəli sürür.

Ən yaxşı ədəbi nümunələrimizi, sovet dövrü Azərbaycan ədəbiyyatının təşəkkülündə, inkişafında xidmətləri olan yazıçıların adlarını xüsusi olaraq qeyd edir, onların ədəbiyyatımızın İttifaq miqyasında tanınmasında mühüm işlər gördüklərindən ürəkdolusu danışırdı. İsmayıl Şıxlı müsahibələrinin birində deyirdi: “Ən yaxşı ədəbi nümunələrimiz bir çox dillərə tərcümə olunmuş və rəğbət qazanmışdır. Burada yaşlı nəslin, sovet dövrü ədəbiyyatımızın təşəkkülü və inkişafında böyük xidmətləri olan ağsaqqal yazıçılarımızın adlarını xüsusi qeyd etmək lazımdır.

M.S.Ordubadi, Mehdi Hüseyn, Mirzə İbrahimov, Süleyman Rəhimov, Əbülhəsən, Mir Cəlal, Əli Vəliyev və başqaları nəsrimizin bir sıra problemlərinin həllində, xalq həyatının mürəkkəb, ziddiyyətli və mühüm bir dövrünün bədii salnaməsinin yaradılmasında, ədəbiyyatımızın İttifaq miqyasına çıxarılmasında ciddi iş görmüşlər.

Mən hələ yaradıcılıqları, əsasən, inqilabdan əvvəlki illərə təsadüf edən qocaman ədiblərimizin – C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin, Y.V.Çəmənzəminlinin sovet dövründə yazdıqları əsərləri demirəm”. İsmayıl Şıxlını 70-ci illərin nəsri (XX əsrin) maraqlandırır, bu dövrün ədəbiyatının özünəməxsusluğu, qəhrəmanlarının ümumi əhval-ruhiyyəsi maraqlandırır.

Müsahibələrinin birində deyir: “Ədəbiyyatımız yenə də inkişaf edir, yeni bədii əsərlər yaranır, ancaq onların Ümumittifaq miqyasına çıxarılmasında az iş görürük. Əvvəllər yaxşı ənənə var idi, layiqli əsərləri mətbuat səhifələrində müzakirə edir, başqa dillərə tərcüməsinə çalışırdıq. Nədənsə, indi tərcümə işi bir növ özbaşına şəkil alıb. Bir də görürsən, İttifaq oxucularına ədəbiyyatımızın səciyyəvi olmayan nümunələri çatdırılır. Buna görə də özümüzü yaxşı tanıda bilmirik”.

Ədəbiyyat tariximizə əbədi həkk olunmuş əsərlər sırasında 70-ci illərin nəsri layiqli yerlərdən birini tutur. “Dəli Kür”, “Pərvanə”, “Dünya Qopur”, “Səhər”, “Şamo”, “Saçlı” və s. əsərlər monumentallığı, bədii möhtəşəmliyi, sanbalı ilə seçilir. Ancaq bu nəsr nümunələrini bəşəriyyətin, dünya nəsrinin incilərinə çevirmək üçün xeyli işlər görmək lazımdır.

Hər şeydən əvvəl, özümüz belə nəsr nümunələrini öyrənməliyik, eləcə də dünya ədəbiyyatının yaxşı nümunələrini öyrəndikdən sonra onunla müqayisə etməliyik. Bütün bunlardan sonra nəsrimizin özəlliklərini təqdim etməliyik.

İsmayıl Şıxlı tarixi roman janrına müraciətin bəzi məqamlarına aydınlıq gətirir, bu meylin səbəblərini açıqlayır. O, yazıçının tarixə müraciət etməsinin səbəblərini izah edərkən onun (yazıçının) öz dövrünün idealları mövqeyindən çıxış etməsini və bu zaman tarixin bir vasitə rolunu oynadığını qeyd edir. Məhz tarixdən yazmağın asan olmadığını, bunun üçün yazıçının zəhmətkeşliyinin və istedadının önəm daşıdığını nəzərə çatdırır.

Bu mənada İsmayıl Şıxlının fikirlərinə istinad edək: “Əvvəla aydınlaşdırmaq lazımdır ki, yazıçı tarixə nəyə görə müraciət edir? Mənim fikrimcə, bunun iki səbəbi var: birinci, yazıçı müasir həyatda mövzu tapa bilmir, ikincisi, bu günü daha yaxşı görmək, dərk etmək üçün tarixə əl atır; tarixdə bu günün kökünü axtarır, hansı özül üzərində dayandığımızı göstərməyə çalışır”.

Daha sonra qeyd edir: “... Əsl yazıçı hansı dövrə müraciət edir-etsin, yaşadığı cəmiyyətin, zəmanəsinin bədii-estetik və ictimai idealları mövqeyindən çıxış edir; tarix məqsəd olmur, vasitə olur. Düzdür, bu gündən yazmaq çətindir: həyat mürəkkəbdir, bir çox proseslər yanaşı inkişaf edir, hələ başa çatmayıb; belə axınlar içərisində başlıca olanı, səciyyəvi olanı seçə bilmək, dövrün, cəmiyyətin xarakterini duyub ümumiləşdirmək ağır işdir və böyük istedad tələb edir. Ancaq bu o demək deyildir ki, tarixdən yazmaq asandır, tarixdən yazmağa az zəhmət, az istedad gərəkdir...”

İsmayıl Şıxlı tarixi mövzulara müraciət baxımından Fərman Kərimzadənin “Qarlı aşırım” romanını yüksək qiymətləndirirdi. Onun fikrincə, tənqidçilər belə bir romanı hələ də qiymətləndirə bilmir. İsmayıl Şıxlı bu romanı Fərman Kərimzadə yaradıcılığında xüsusi hadisə hesab edirdi.

“Fərman Kərimzadənin qələmə aldığı mövzu sovet ədəbiyyatı üçün yeni deyildir; kollektivləşmə dövrünün kəndindən çox yazmışlar. Amma Fərman köhnə mövzuya təzə baxış guşəsindən, 60-70-ci illərin yazıçısı gözü ilə, bu illərin ədəbi-bədii tələbləri mövqeyindən yanaşmış, özünəməxsus orijinal yol seçmiş, təzə və təravətli obrazlar yarada bilmişdir. Onun hətta mənfi surətləri də mürəkkəb, hərtərəfli və ziddiyyətli insanlardır”.

İsmayıl Şıxlının fikrincə, yazıçının tərcümeyi-halı, topladığı həyat materialı yaradıcılıqda mühüm rol oynayır. Bu mənada İsmayıl Şıxlı “Qarlı aşırım” barədə deyəndə ki, bu əsərin “... əsas məziyyəti bundan ibarətdir ki, inqilabi proses milli həyatımızın özünəməxsus cəhətləri ilə əlaqədar şəkildə, zəruri, qarşısıalınmaz bir hadisə kimi verilib və Abbasqulubəy Şadlinski obrazında bir növ rəmzləşdirilib”, onda o, yazıçının tərcümeyi halının, topladığı həyat materialının yaradıcılıqda həlledici rol oynadığını nəzərə alırdı.

Eyni zamanda Fərman Kərimzadənin öz həyatının romanındakı qəhrəmanlarla və hadisələrin cərəyan etdiyi yerlərlə qırılmaz bağlılığını unutmurdu. Burada İsmayıl Şıxlı öz yazıçı təcrübəsindən çıxış edərək fikir söyləyir, həm də öz təcrübəsindən danışırdı. Belə ki, o, “Dəli Kür”də istifadə etdiyi həyat materialları barədə deyirdi: “Kür sahilindəki Şıxlı kəndində baş verən hadisələr haqqında eşitdiklərim və gördüklərim uşaqlıqdan məni həyəcanlandırırdı. Hələ tələbəlik illərində bir hekayə də yazmışdım. İnstitut qəzetində dərc olunmuşdu. Adı da “Dəli Kür” idi.

Romanın yazılmasına məni cəlb edən cəhətlərdən biri də - Qori seminariyasının mədəniyyət tariximizdəki yeri olmuşdur. Yaxşı bilirik ki, bu seminariyanı kimlər bitirib!” Bununla da İsmayıl Şıxlı öz topladığı həyat materiallarının onun yaradıcılığında, xüsusilə “Dəli Kür” əsərində mühüm rol oynadığını nəzərə çatdırırdı. İsmayıl Şıxlı tarixi roman təcrübəsindən və yazıçının tərcümeyi-halının onun yardıcılığında rolu məsələsindən danışarkən xalq dastanlarından, Tolstoyun, Şoloxovun, Floberin yaradıcılığından çox şey öyrəndiyini (təkcə özünün deyil, digər yazıçıların da öyrəndiyini) qeyd etməklə yanaşı , Çəmənzəminli və Ordubadi yaradıcılığını da yüksək qiymətləndirir. Onların həyat və yaradıcılıq yolunu böyük məktəb, örnək məktəb hesab edir.

“Ordubadinin zəngin həyat və yaradıcılıq yolu böyük, nümunəvi məktəbdir. Yenə əvvəlki fikrimə qayıtmaq istəyirəm. Yazıçının tərcümeyi-halının yaradıcılığındakı rolu məsələsinə. Təbiidir ki, Ordubadi Cənubi Azərbaycan inqilablarının iştirakçısı və şahidi olmasaydı, “Dumanlı Təbriz” kimi monumental roman yaranmazdı. “Gizli Bakı”, “Qılınc və qələm” əsərləri Ordubadinin çox geniş yaradıcılıq diapozonunu aydın göstərir. “Dumanlı Təbriz”dən sonra “Şamo”, “Səhər”, “Gələcək gün” yaranmışdır. Mən bu əsərləri Ordubadi ənənələrindən ayırmır və həmin ənənələrin inkişafı və kamilləşməsi hesab edirəm”.

İsmayıl Şıxlı M.S.Ordubadidən söhbət düşmüşkən ona birtərəfli münasibətlərin olmadığını da unutmur və bu münasibətlərin özünə aydınlıq gətirir. Vaxtilə M.S.Ordubadinin tənqid olunduğunu, ona Düma estetikasının davamçısı kimi yanaşıldığını, sonradan bu qəbildən olan tənqidçilərin onun məddahlarına çevrildiyini ədəbi mühitlə bölüşür. “Düzdür, Ordubadidə macəraçılıq meylləri də var. Təsvir və hadisələrə münasibətində buna rast gəlmək mümkündür.

Onda Valter Skott, hətta Düma ənənələrinin təsirlərini axtarmaq da olar. Buna baxmayaraq, Ordubadi böyük vətəndaş-yazıçıdır. Onun tarixə münasibəti düzgündür. Çünki bu münasibət xalqın keçmişinə məhəbbət, bu gününə, gələcəyinə inam yoludur. Bu yol – səkkiz əsr əvvəlki hadisələrə müasir ictimai ideallar mövqeyindən baxmaq yoludur”.

İsmayıl Şıxlı müasir qəhrəman probleminə onun müasir ideallarla yaşayan və bu günün tələblərinə cavab verən keyfiyyətlərinə bədii nümunələr əsasında münasibət bildirir. Məsələn, müasir qəhrəman məsələsinə o, müxtəlif istiqamətlərdən yanaşaraq aydınlıq gətirir. Bu mənada İsmayıl Şıxlının müasirlik haqqında fikirlərinə diqqət yetirək: “Müasir qəhrəman-müasir ideallarla yaşayan, bu günün tələblərinə cavab verə bilən şəxsiyyətdir”. Yaxud, “... Ədəbiyyat belə fədakar, cəfakeş, sağlam idealların daşıyıcısı olan qəhrəmanlarsız yaşaya bilməz”. Digər bir məqam: “Əslində, insanın böyüklüyü konfliktlərdə açılır: ən çətin, gərgin hallarda insanın daxilində hətta özünə aydın olmayan yeni yüksək keyfiyyətlər baş qaldırır”. Digər bir məqam: “Ədəbiyyat – insanşünaslıqdırsa, bu cəhətləri ön plana çəkə bilməlidir”.

İsmayıl Şıxlı nəsrimizdə nəsillər estafetinin davam etdiyini, nəsrimizdə yeni gənclərin yetişdiyini ədəbiyyatımızın nailiyyətləri hesab edir. O, özündən əvvəl nəsrimizə, geniş mənada ədəbiyyatımıza gələn yazıçıları – H.Mehdini, Mir Cəlalı, S.Rəhimovu, M.İbrahimovu, Əbülhəsəni, Ə.Vəliyevi istedadlı yazıçı kimi qiymətləndirir və sonrakı nəslin onlardan çox şey öyrəndiyini, bununla da irəli getməyə çalışdıqlarını yaxşı mənada etiraf etmişdir. Bununla da ədəbiyyatın bədii-estetik tələblərinin genişləndiyi, nəsrimizin yeni keyfiyyətlərlə zənginləşdiyi həssas və obyektiv bir şəkildə qiymətləndirilmişdir.

Deməli, İsmayıl Şıxlı ədəbi nəslin nümayəndələrini və onların xidmətlərini unutmur, varislik prinsipinin ədəbi nəsillər arasında qorunduğunu ürəkaçıqlığı ilə qiymətləndirir. Onun fikrincə, “Nəsrimizdə nəsillər estafeti davam edir. Hazırda savadlı, geniş dünyagörüşlü, ağıllı yazıçılarımız yetişir”. İsmayıl Şıxlı həmin yazıçılar sırasında Anarın, Elçinin, İsi Məlikzadənin, Sabir Azərinin, Sabir Əhmədovun və digərlərinin adlarını çəkir.

Onların yaradıcılığının müsbət cəhətlərini belə xarakterizə edir: “... həyatın dramatikliyini, daxili hərarətini göstərə bilirlər. Süni möhtəşəmlik və monumentallıqdan, gurultulu pafosdan uzaqdırlar. Həyata münasibətləri müəyyən mənada mikromünaibətdir, lakin onlar belə mühitdə də ciddi şey görə bilirlər. Eyni zamanda, həmin gənclərin əsərlərində bir narahatlıq, insani kədər, meşşanlığa, eyniləşməyə, xırdaçılığa qarşı etiraz var”.

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi