Silkələnənlər sektası - ARAŞDIRMA



Silkələnənlər – 1774-cü ildə ingiltərəli qadın Anna Li (1736-1784) tərəfindən əsası qoyulan dini sektadır. Sektanın əsl adı "İsanın ikinci gəlişinə inanların cəmiyyəti"dir.

Sektantlar İngiltərədə Kuakerlərdən (Quakers) ayrılmışdılar. Onlara əvvəlcə "silkələnən kuakerlər" (Shaking Quakers) deyirdilər.

9 may 1774-cü ildə Anna Li və onun 8 müridi "Mariya" adlı gəmi ilə kapitan Smithin başçılığı altında Liverpuldan Nyu-Yorka üzdülər. Anna ana ilə gedənlər: əri Abraham Stenli (Abraham Stanley), qardaşı Uilyam Li (William Lee), qardaşı qızı Nensi Li (Nancy Lee), eləcə də Ceyms Uitteker (James Whittaker), Con Hoknill (John Hocknell), Ceyms Şeperd (James Shephard) və Meri Partinqton (Mary Partington) idilər. Onlar gəmidə səs-küylü dua mərasimi təşkil etdilər. Sonda səs-küydən cana yığılan kapitan onları gəmidən atacağı ilə hədələdi.

Bu sekta üzvlərinə ABŞ-da şeykerlər deyirdilər. Şeykerlər ABŞ-da çoxalıb, bir neçə yaşayış məntəqəsi saldılar. Əsas mərkəzləri Olbani şəhərində yerləşirdi. Koloni şeykerlərin ən çox cəmləşdiyi şəhər sayılırdı.

Anna Li hesab edirdi ki, tanrını dərk etmək üçün insanlar əldən düşənə qədər rəqs etməli və silkələnməlidirlər. Adətən, silkələnərək özlərini taqətdən salan sekta üzvləri “orgiya” ilə məşğul olurdular. Bu orgiyalar zamanı doğulan uşaqlar müqəddəs elan olunurdular.

Anna Linin vəfatından sonra sektaya Cozef Miçem, onun 1796-cı ildə vəfatından sonra isə Lüsi Rayt (1796—1821) başçılıq etdi. Lüsi nənə sekta üçün yeni himn və rəqslər tərtib etdi. Sektanın ali məclisi iki Böyük qardaş (Elders) və iki Böyük bacıdan (Eldresses) ibarət idi.

Bu sektanın əsas qaydaları – kommunal həyat tərzi, cinslər arasında bərabərlik, ağır fiziki iş idi. Tabita Bebbitt bu şeyker cəmiyyətində yaşayır, Massaçusetdə toxucu işləyirdi. 1810-cu ildə o, qardaşlarının işini yüngülləşdirən üsul kəşf etmişdir. O, müşahidə etmişdir ki, qardaşları odunları xüsusi, iki qulplu mişarla kəsərkən, onu irəli-geriyə aparırlar. Bu zaman odun yalnız mişar irəli hərəkət edən zamanı kəsilirdi, arxaya mişar boşuna gedir və insanın enerjisi mənasız xərclənirdi. Beləliklə o, sonralar sənayedə tətbiq olunan dairəvi şəkilli mişar ixtira etdi. Bu mişarın dairəvi ülgücü olduğundan bütün hallarda, yəni həm irəli, həm də geriyə hərəkət edən zamanı effektli işləyirdi. Lakin yaşadığı cəmiyyətin qaydalarına görə Bebbit ixtirasına görə patent almamışdır.

Bu sektanın üzvləri borclu olmağı sevmirdilər. Əsas devizləri: Əllər işdə, qəlb Tanrıda.

Gənclər 21 yaşa qədər sekta daxilində yaşamalıydılar. Sonra seçim özlərinə qalırdı. İlk məktəbləri 1815-ci ildə açılmışdı.

Bu sektada ailə qurmaq ümumiyyətlə haramdır. Dinlər və məzhəblərin varisləri tərəfindən çoxalaraq genişlənmələrinə görə bu sekta artıq yer üzərindən silinmək üzərədir. Sonuncu statistik məlumatlara görə XXI əsrin əvvəllərində bu sektadan yalnız yeddi qadın Şeyker qalmışdı.

ƏNVƏR ÇİNGİZOĞLU
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi