Ələvilik dinmi, təriqətmi?



Ələvi ümumi ad kimi, Həzrət Əlinin tərəfdarlığını edənlərə deyilir. Həzrət Əli və ondan sonra gələn digər 11 İmamın tərəfdarı olanlar şiə, ələvi, cəfəri olaraq adlandırılırlar. Şiə məzhəbinin təriqətlərindən hesab olunan günümüzdə müstəqil bir təriqət kimi hesab olunan ələvilik təsəvvüfü bir təriqətdir.

Ələvilər dinindən və dilindən asılı olmayaraq hamıya sevgi ilə yanaşır, başqa əqidə ardıcıllarına qarşı dözümlü davranırlar.

Anadolu (Türkiyə) ələviliyinin təməl prinsiplərində bəktaşiyyə, heydəriyyə, yəsəviyyə kimi sufi təriqətlərinin, hürufiyyə və vəhdəti-vücud dünyagörüşlərinin təsiri aydın görünür. Hətta İslam düşüncəsinə yad olan tənasüx (reinkarnasiya) və hülul (kamil insanın vücudunda Allahın həll olması) ideyaları da ələviliyə yol tapmışdır.

Ələviləri Şiələrdən (Cəfəri şiələrindən) fərqləndirən bir neçə cəhət vardır. Bu fərqləndirici cəhətlərin ən mühümü, olanların Şiələr kimi Əhli-Beyt İmamlarının fiqhinə tabe olmamalarıdır. Bu da, Ələvilərlə Şiələrin arasındakı açıq fərqi göstərir. Şiə məzhəbi Əhli-Beyt İmamlarının imamət məqamına bağlanaraq onların, etiqadını, fiqhini, əxlaqını bir bütün olaraq qəbul edirlər. Ələvilər isə Əhli-Beyt İmamlarının təsəvvüf xəttini mənimsədiklərinə görə Şiə məzhəbindən çox fərqlənirlər. Belə bir mühüm fərqi burada qeyd etməyimin əsas səbəbi, insanların, Ələviliklə Şiə məzhəbini bir hesab edib, onları qarışdırmalarını istəməməyimdir.

İslam təriqətləri terminologiyası baxımından isə, ələvilik - ənənəvi şiə (cəfəri) məzhəbindən xeyli fərqlənən, bəzi ifrat inancları özündə ehtiva edən dini cərəyandır. Ələvilər çox zaman özlərini "əhli-həqq" adlandırırlar. Türkiyədə onlara "qızılbaş" deyirlər. Qızılbaşları bəzən əlialllahilərlə eyniləşdirsələr də, bu, tamamilə yanlışdır.

Tarixdə bəzi alimlər ələvilərlə nuseyriləri eyniləşdirməyə çalışmışlar. Lakin, ələvilərlə nuseyrilərin bir çox fərqli cəhətləri vardır. Ələvilər, onların nəzəriyyə və əqidələrini qəbul etmədiklərinə görə onları Nuseyriyyəyə aid etmək olmaz. Çünki Nuseyriyyə 12-ci İmamın İmamətini qəbul etmir. Onlar İmam Əlini (Ona Allahın salamı olsun) də ilahiləşdirmişlər. Nuseyrilər İmam Əlini (Ona Allahın salamı olsun) namazda qılınc zərbəsi ilə vuran İbni Mülcəmi lənətləyənlərə qarşı çıxaraq, onu həzrət Əlinin maddi aləmlə olan əlaqəsini kəsib, əbədi həyata qovuşdurduğu üçün çox sevirlər. Bütün bunlarla yanaşı, onlar şərabı da halal hesab etmişlər. Nuseyriyyə hicrətin beşinci əsrində İbni Nuseyr adlı şəxs tərəfindən meydana gəlmişdir. O özünü Ələvi kimi qələmə verdiyi üçün son dövrün Ələvi alimləri də özlərini onun davamçıları hesab etmişlər.

Ələvilər insanın haqqa doğru yüksəlişində 4 mərhələnin mövcudluğunu qəbul edirlər. Bu, təsəvvüfdəki şəriət, təriqət, həqiqət və mərifət pillələridir. Sıravi ələvilərin əksəriyyəti yalnız şəriət və təriqət mərhələlərini keçməyə qadirdirlər. Ələvi iyerarxiyasının zirvəsində duran dədələr və xəlifələr həqiqət və mərifət pillələrinə çata bilərlər. Ələvilər bu dörd pilləni "dörd qapı" adlandırır, hər qapının da 10 məqamdan ibarət olduğunu söyləyirlər.

Ələvi ənənəsində qadın hüquqları mühüm yer tutur. Kişilər yalnız bir qadınla evlənmək hüququna malikdirlər. Boşanmaq, habelə, boşanmış qadınla evlənmək ələvilikdə günah sayılır. Bundan başqa, ələvilər adam öldürməyi, zina etməyi və oğurluğu da günah bilirlər.

Ələvilikdə ədəbiyyat və musiqi mühüm yerə malikdir. Ələvilər 7 şairə xüsusi ehtiram bəsləyirlər. Bunlar Mühəmməd Füzuli, Seyyid İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Pir Sultan Abdal, Qul Himmət, Yəmini və Viranidir. Hacı Bəktaş Vəlinin də adı ələvilikdə xüsusi hörmətlə çəkilir.

Ələvi mərasimlərindən biri mumsöndü adlanır. Bu mərasimdə ələvilər 12 imamı təmsil edən 12 şam yandırır və sonra onları su ilə söndürürlər. Mumsöndü mərasimində kişilərlə yanaşı qadınların da iştirak etməsi sonralar ələvilərə düşmən olan qüvvələr tərəfindən guya bu mərasimlərdə əxlaqa zidd olan əməllərin icra edildiyi barədə şayiələrin yaranmasına səbəb olmuşdur.

Ələvilər mühərrəm ayının 10-da (aşura günündə) xüsusi matəm mərasimi keçirirlər. Bundan əlavə, Qədir-Xum günü (18 zilhiccə), Novruz bayramı (Həzrət Əlinin (ə) doğum günü sayılır), mübahilə günü (24 zilhiccə), hicrət gecəsi (Həzrət Əli (ə) həmin gecə Peyğəmbərin yatağına uzanmışdı) də müqəddəs sayılır.

Ələvilər klassik İslam ibadətlərini vacib saymırlar. Namaz, oruc, zəkat və həcc kimi vacib ibadətlər ələvilər tərəfindən simvolik şəkildə yozulur. Qədr gecələrinə keçən 3 gündə, mühərrəm ayının ilk 12 günündə oruc tutulur. Mühərrəmdən əvvəlki 3 günlük oruc məsumi-paklar orucu, mühərrəmdən sonrakı 3 günlük oruc isə Xızr orucu adlanır.

Ələvi ənənəsində qadın hüquqları mühüm yer tutur. Kişilər yalnız bir qadınla evlənmək hüququna malikdirlər. Boşanmaq, habelə, boşanmış qadınla evlənmək ələvilikdə günah sayılır. Bundan başqa, ələvilər adam öldürməyi, zina etməyi və oğurluğu da günah bilirlər.

Cümə günləri ələvilər qadınların da qatıldığı cəm mərasimini təşkil edirlər. Bu mə¬rasimin daha kiçik miqyaslı variantına dərnək deyirlər. Cəm mərasimi Qurandan bir surə və ya ayə oxunuşu ilə açılır, sonra xüsusi zikrlər deyilir. Mərasim ibadətdən daha artıq, musiqili-ədəbi məclis təsiri bağışlayır. Bu tədbirlərdə Həzrət Əlini (ə) və digər imamları mədh edən şeirlər deyilir, nəğmələr oxunur.

Ələvilik hal-hazırda Türkiyə ərazisində daha geniş yayılmışdır. Amma Orta Asiya və Xorasan əsilli dərvişlər vasitəsilə inkişaf etdirildiyi ehtimal olunur.

Ələvilərin əksəriyyəti Türkiyənin Sivas, Ərzincan, Tokat, Malatya, Qəhrəman Mərəş məntəqələrində məskunlaşıb. Ələvilərin üçdən-bir hissəsi İstanbul bölgəsində yaşayır. Bundan əlavə, Şimali İraq və Qərbi İran ərazisində, eləcə də, Balkan ölkələrində ələvi icmaları mövcuddur.

Ənvər Çingizoğlu
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi