Frina - kişilərin utancaq məşuqəsi



Onun haqqında yazırdılar ki, Frina çox utancaq olub, könülsüz soyunurdu. Hətta o, öz kişilərini qaranlıqda qarşılayırdı.

Dünyanın ən mükəmməl pozğun qadını sayılan Frinanın həyatının ilk dövrü haqda məlumat çox azdır. Bilinən odur ki, o, Fespi şəhərciyində doğulub. Özünün fiziki gözəlliyinin fərqində olandan sonra Fespi ona darlıq edib və Afinaya köçüb. Əsl adı Mnesaret imiş. Frina ləqəbidir və deyilənə görə, müştərilərinin biri dərisinin rənginə görə onu nəvazişlə belə adlandırırmış («frina» sözü quru qurbağası mənası verir). Dövrün ən gözəl qadınlarından və bacarıqlı geteralarından biri kimi Frina tanınmış alim, şair, sərkərdə, siyasətçiləri bir-bir özünə cəlb edərək külli miqdarda vəsait toplayıb. Onun aşiqlərinin ən çılğınları vəslinə yetmək üçün bütün var-yoxlarını sərf edərdilər. Frina bir ölkənin bütün say-seçmə kişilərinin ciblərini boşaltmışdı.

Deyirlər ki, heç bir kişi onun gözəlliyi qarşısında duruş gətirə bilmirmiş. Amma beləsi tapılır. Bu, o vaxtın tanınmış filosofu, Platonun Akademiyasına iyirmi beş il rəhbərlik etmiş Ksenokrat olur. Onun Frinanı rədd etməsi barədə iki rəvayət var. Birincidə deyilir ki, bir dəfə gününü əyləncədə keçirən, Frina ilə qədəh yoldaşı olan və pulunu ona xərcləyən afinalı gənclərdən bir qrupu öz aralarında mərc gəlirlər. Gəncin bir qrupu deyir ki, Frina çox ciddi əxlaqı ilə seçilən Ksenokratı yoldan çıxara bilməz. O biri qrup deyir ki, çıxarar. Mərcləşirlər. Frinafillər ziyafətlərin birində işi elə qururlar ki, Ksenokratla Frina yanaşı oturası olur. Ksenokrat yaxşıca içəndən sonra Frina öz gözəlliklərini işə salır, böyük filosofu şirnikdirmək üçün gah ona söz atır, gah bədəninin bəzi hissələrini ona göstərir, gah sürtünür, qucaqlamağa çalışır… Amma boşuna. Onun ilanı yuvasından çıxaran dili, nəvazişli təmasları və başqa şeytani hərəkətləri filosofun iradəsi qarşısında aciz qalır. Frina çox sarsılsa da, özünə bəraət qazandırır: «Mən söz vermişdim ki, bədəni və canı olan, damarlarında qan axan istənilən kişini yoldan çıxararam. O, adam deyil, cudamdır, hissiz-duyğusuz heykəldir».

Başqa bir variantda yenə mərc söhbəti var. Amma əhvalat ziyafət məclisində vaqe olur. Guya bir gün Frina əyninə təhrikedici geyim, zinət əşyalarını taxır və gecə yarısı Ksenokratın qapısını döyür. Filosof qapını açanda Frina tövşüyə-tövşüyə içəri soxulub deyir ki, guya ardınca oğrular düşüb, onu qarət elmək istəyirlər. İcazə versə, bu gecə onun evində qonaq qalar. Ksenokrat isə qonaqpərvər adam olub. Onu hörmətlə qəbul edir, yemək, su və yatmağa yer təklif edib… öz yatağına qayıdır. Frina bir qədər sonra çılpaq halda onun yatağına girir. Bütün təhrik arsenalını işə salsa da, cəhdləri heç bir nəticə vermir, Ksenokrat onun ehtiraslı hərəkətlərinə etina belə etmir. Özünə son dərəcədə arxayın olan Frina Ksenokratın iradəsindən dəhşətə gəlir və başını tutub qışqıraraq qaranlıqda evə qaçır.

Frina çox bic qadın olub. Onun aşiqlərindən biri heykəltəraş Praksitel imiş. Bir gün o, «məni çoxmu istəyirsən?» sualının cavabında Frinaya deyir ki, emalatxanasındakı heykəllərin hamısı ona qurbandır, hansını istəsə, götürə bilər. Amma Frina heç nə demir. Bir neçə gün sonra Praksitel küçədə gedərkən qabağına Frina çıxır. O çılğınlıqla qışqırırmış: «Emalatxananız yanır! Alov hər yeri bürüyüb». Praksitel ağlayıb saçını yolmağa başlayır: «Əgər «Satir» VƏ «Eros» yansa, demək, məhv oldum, məhv oldum». Bunu eşidən Frina gülərək bildirir ki, yanğın-filan yoxdur, zarafat edir. Sadəcə, bilmək istəyirdi ki, kolleksiyadakı ən qiymətli heykəl hansıdır. Bundan sonra Frina heykəltəraşın emalatxanasına gedib «Eros»u götürür və doğma vətəni Fespiyə hədiyyə verir. Deyilənə görə, heykəl orada uzun müddət qalır. Sonra Neron onu özü ilə Afinaya aparır və heykəl orada yanğın zamanı məhv olur.

Nə qədər qəribə də olsa, deyirlər, Frina qədim yunan geteralarından ən utancağı olub. Adamların içinə çox abırlı geyimlə çıxarmış. Heç kəs hətta onun saçlarını belə görməzmiş. Qolları biləyinəcən paltarın altında qalarmış. İctimai hamamlara getməz, məhəbbət macəraları ilə qaranlıqda məşğul olarmış. Onu ildə bircə dəfə – Poseydon bayramında çılpaq görmək hər kəsə müyəssər olarmış.
Deyildiyi kimi, Frina ölkənin bütün say-seçmə kişilərini yoldan çıxarmışdı. Amma təkcə öz ölkəsininmi? Mənbələr yazır ki, heyranlarından biri də Lidiya çarı imiş. Frina ondan xoşu gəlmədiyindənmi, ya varlı olduğuna və ya Frinaya vurğunluqdan ağlını itriəcək dərəcəyə gəldiyindən ona çox absurd, ağlasığmaz bir məbləğ «oxuyub». Çarəsiz qalan çar onun dediyi məbləği ödəyib. Amma bu, Lidiya xalqına çox baha başa gəlib. Bu ödənc nəticəsində xəzinədə yaranan boşluğu doldurmaq üçün çar bütün ölkə üzrə vergiləri artırmalı olub.
Frina yeri gələndə bəzilərinə lütf etməyi də bacarırdı. Məsələn, məşhur kinik filosof, pifosda (küpdə) yaşayan və bazardakı meyvələrin artığını təmizləyib yeməklə dolanan Sinoplu Diogendən bir qəpik də almayıb. Çünki onun ağlına valeh olmuşdu.

Frina özünə əməlli-başlı var-dövlət yığıbmış. Hətta deyirlər ki, Makedoniyalı İsgəndər Fiv şəhərinin divarlarını uçuranda Frina deyir ki, dağıntını öz vəsaiti hesabına bərpa etdirməyə hazırdır. Bircə şərti var: «Divarda bir lövhə asıb orada yazsınlar: «Fiv Makedoniyalı İsgəndər tərəfindən uçurulub, Frina tərəfindən bərpa olunub».. Fiv əhalisi bununla razılaşmayıb.
Frina dövrün məşhur heykəltəraşı Apellesin məşuqəsi olub və onun Afroditası üçün model olub. Sonra Praksitelin məşuqəsi olub. Praksitel ona baxaraq iki Afrodita yaradıb: biri geyimdə, o biri lüt.

Praksitelin hazırladığı çılpaq Afrodita Knid şəhərində məbəddə qoyulmuşdu. Müasirləri yazırlar ki, buraya yüz minlərlə adam ziyarətə gələr, mərmər heykələ öpüşlər göndərər, ucadan «Ah Afrodita, gözəl Afrodita» deyər, ürəklərində isə pıçıldayardılar: «Sən necə gözəlsənmiş, Frina!»
«Knidli Afrodita» yunan incəsənətində ilk çılpaq ilahə təsviri idi. Bu heykəl o zaman Knid şəhərini bütün ellin turizminin mərkəzinə çevirmişdi. Plini yazır ki, məbədi ziyarətə gələnlər inanırdılar ki, bu heykəl hazırlanarkən Frina deyil, Afrodita özü poza verib.

Hər il Poseydon bayramında camaat dəniz qırağına yığılanda Frina əfsanədə olduğu kimi tam lüt vəziyyətdə dənizə girər və oradan çıxarmış. Nəhayət, bu hərəkəti onu ölüm təhlükəsi ilə üz-üzə qoyur. Etirazlar belə başlanır. \”O, demək istəyir ki, Afrodita elə mənəm».
Bu hadisə e.ə. 340-cı ildə baş verir. Ağzında bir dənə də dişi olmayan orator Evtias Frina tərəfindən rədd olunandan sonra onu allahsızlıqda ittiham edir. Frina dövrün məşhur natiqi Giperidi özünə vəkil tutur. Ona vəd verir ki, məhkəməni udsa, məşuqəsi olacaq. Çox qalmaqallı keçən məhkəmədə Giperid nə qədər çalışsa da, onun artqumentləri yetərsiz görünürüb. Artıq hər kəs – bir kənara çəkilib oturmuş Frina da düşünürmüş ki, edam cəzası qasılmazdır – onun əxlaqsızlıqları və cinayətləri ilə bağlı o qədər zəngin dəlillər var ki… Əslində Evtias mənəviyyat adamı olduğu üçün yox, Frinadan rədd cavabı aldığına görə onun edamını istəyib. O, Frianın edamında israrlı imiş, başqa cəza ilə razılaşmırmış: «Əgər sadəcə əmlakı müsadirə edilib sürgün olunsa, gedib başqa yerləri də korlayacaq. Mütləq edam olunmalıdır».
Elə bil hər şey bitmişdi. Amma Giperidə müyəssər olur ki, ona bəraət alsın. Birdən o üzünü Frinaya tutur: «Ayağa qalx, Frina, irəliyə gəl! Möhtərəm hakimlər, mən hələ sözümü qurtarmamışam». Bunu deyib Giparid Frinanın paltarını əynindən çıxarır (bu səhnə sonralar bir çox rəssamlar üçün mövzu olur). Hakimlər Frinanın qüsursuz gözəlliyini görəndə dilləri tutulur. Handan-hana özlərinə gəlirlər. Hakimlərin yadına o vaxtın estetikasındakı kalokaqatiya konsepsiyası düşür. Bu nəzəriyyə insanda bədən gözəlliyi ilə mənəvi mükəmməlliyin vəhdətdə olduğunu deyirdi. Sokrat və Platon bu nəzəriyyəni işləyib belə bir qənaətə gəlmişdilər ki, gözəllik və xoşxasiyyətlilik eyni şeydir. Dünyada bir harmoniya, tərtib var. Gözəllik və xoşxasiyyətlilik insanda bu tərtibin, düzülüşün təzahürüdür. Hakimlər buna əsaslanıb belə bir qərar veriblər: bu gözəllikdə bədəndə günahkar ruh ola bilməz. Nəhayət, yunan femidası Frinaya «Afroditaya xidmət edən dindar qadın» statusu verir. O, bəraət alır, şikayətçi Evtias isə cərimələnir.

Ölümündən sonra Frinanın sadiq aşiqi Praksitel saf qızıldan onun heykəlini düzəldib. Həmin əsər Efesdə Diana məbədində bu günə kimi durur.

Toplayıb tərcümə edən: Əzim Cavanşir

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi