Xalq artisti Yalçın Əfəndiyev vəfat edib




Azərbaycanın tanınmış kinorejissoru,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin pedaqoqu, Azərbaycan Respublikasının xalq artisti Yalçın Əfəndiyev qəflətən vəfat edib.

Məlumat üçün bildirək ki, Yalçın Əfəndiyev 24 iyul 1937-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Bakıdakı 6 nömrəli rus məktəbini bitirib. Hələ 9-cu sinifdə oxuyarkən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) daxil olmaq üçün Moskvaya getməyi arzulayıb. Lakin valideynlərinin təkidi ilə Geoloji coğrafiya fakültəsinə daxil olub. Həmin illərdə ÜDKİ-də ilk dəfə ali təhsilli qrup təşkil olunacağını eşidib. Artıq ali təhsili olduğu üçün həmin təhsil ocağına düşməyə şansı yaranıb və ÜDKİ-yə daxil olub. Orada 5 il müddətində Lev Kuleşov və Boris Belokurovdan rejissorluğun sirrlərini öyrənib.

Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib Bakıya gələndən sonra bir il assistent işləyib. Daha sonra Süleyman Dəmirəl haqqında kinojurnal çəkib.

"Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli və bədii filmin quruluşunu verib. "Nə yaxşı ki, dünyada Səməd Vurğun var" filmi uğurlu işlərindəndir. Bu filmə görə yaradıcı heyət - ssenari müəllifi İsmayıl Şıxlı, rejissor Yalçın Əfəndiyev və operator Zaur Məhərrəmov 1976-cı ildə Azərbaycan Komsomolu mükafatına layiq görülüblər.

Yalçın Əfəndiyev bir müddət "Azərbaycanfilm" kinostudiyasının xronikal-sənədli və elmi-kütləvi filmlər istehsalı birliyinə rəhbərlik edib. Həmin dövrdə Azərbaycan tarixinə, mənəvi dəyərlərinə həsr edilən onlarla film araya-ərsəyə gəlib.

"Azərbaycanfilm" kinostudiyasında cizgi filmləri sexinin bərpasından sonra çəkilən ilk cizgi filmi də məhz Yalçın Əfəndiyevin adı ilə bağlıdır. Onun 1969-cu ildə çəkdiyi "Cırtdan" cizgi-applikasiya filmi Azərbaycan milli kinosunda bu sahənin bərpasından sonra cizgi filmlərinin əsasını qoyub. Sənədli filmlərilə Azərbaycan kinematoqrafiyasında xüsusi yer tutan Yalçın Əfəndiyevin yeganə tammetrajlı bədii filmi "Xatirələr sahili" filmidir.

Yalçın Əfəndiyev ömrünün son illərini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişdir.

Yalçın Əfəndiyevin Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib, Azərbaycan SSR əməkdar incəsənət xadimi və Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb.

Allah rəhmət eləsin,ruhu şad olsun !

Turab Etibaroğlu
Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi