• 19:00 – Rövşən Rzayev:"Əlimdən gələni edəcəyəm" 
  • 22:30 – Aleksandr Duqin:" Putin Sərkisyanı ona görə dəstəkləyir ki" 
  • 20:00 – İlham Mirzəyev toylarda aparıcılıq edir 
  • 19:30 – 46 qızı zorlayan falçı SAXLANILDI 
  • 18:15 – Yeni hökumət təsdiqləndi: Ciddi dəyişikliklər - Sərəncam 
  • 15:30 – Novruz Məmmədovun yeni baş nazir vəzifəsinə namizədliyi təsdiqləndi 
  • 20:00 – Məktəb direktoru avtomobilini görün harada saxlayır 
  • 16:00 – Məstan Günərin ikicildliyi təqdim edildi 

Qarabağda başlayıb İstanbulda bitən həyat hekayəsi - Firudin bəy Daryal

  • Tarix: 29.03.2016, 00:22,
  • Bölmə: Mədəniyyət
  • Baxılıb: 5813
Qarabağda başlayıb İstanbulda bitən həyat hekayəsi - Firudin bəy Daryal Qarabağda başlayıb İstanbulda bitən həyat hekayəsi - Firudin bəy Daryal
Cümhuriyyət tarixi və cümhuriyyət mühacirlərinin sonrakı məşəqqətli həyatı,xalqımızın azadlığı uğrunda apardıqları mübarizə, 1988-ci ildə xalq hərəkatının başlamasından sonra bir çox tarixçilərin və araşdırmaçıların diqqət mərkəzində olmuşdur.

Uzun illər aparılan araşdırmaların nəticəsi olaraq, mühacirlərin bir qismi haqqında xeyli məlumatlar əldə edilmiş, haqlarında çox danışılıb,xeyli məqalələr və kitablar yazılmışdır. Ancaq bütün bunlara rəğmən nə yazıq ki, cümhuriyyət mühacirlərinin bütününü əhatə edəcək ciddi bir araşdırma aparılmamaışdır. Bu gün araşdırılmayan olduqca çox mühacirimiz vardır ki, onların arasında Türkiyə ordusunda albay və general rütbəsinədək yüksələn Azərbaycan Cümhuriyyəti ordusunun zabitləri də vardır. Onlardan biri də Türkiyə silahlı Qüvvələrində Albay rütbəsinədək yüksəlmiş Firudin bəy Daryaldır.

Firudin bəy Daryal 1901-ci ildə Zəngəzur qəzasının Hacısamlı nahiyyəsinin (İndiki Laçın rayonu) Təzəkənd kəndində anadan olmuşdur. Əsl adı Fərman olsa da mühacirət dönəmində sovet təhlükəsizlik orqanlarının təqibindən qorunmaq üçün digər mühacirlər kimi adını dəyişmək məcburiyyətində qalıb. Ad olaraq əmisi oğlu Firudinin,soyad olaraq isə kəndlərində olan “Dar yal” adlı ərazinin adını götürmüşdür.

Kiçik yaşlarından cəsarəti və qoçaqlığıyla həmyaşıdlarından fərqlənər,atlara böyük maraq göstərər,atın üzərində müxtəlif akrobatik hərəkətlər edərmiş. Firudin bəy Kazanda hərbi məktəbdə təhsil almışdır.Daha sonra Azərbaycan Cümhuriyyəti ordusunun süvari alayında xidmət etmiş, alayın tərkibində Qarabağda gedən döyüşlərə qatılaraq, Şuşanın erməni daşnaklarından azad edilməsində iştirak etmişdir. Rəvayət olunur ki, Şuşada gedən döyüşlər zamanı Azərbaycan ordusunun mövqeləri yüksəklikdə olan erməni-daşnak dəstələrinin mövqelərindən pulemyot və top atəşinə tutulurmuş. Kəşfiyyatçıların verdiyi məlumatlardan bəlli olur ki, bir erməni zabiti bir neçə gündən bir ətrafında əsgərlərlə ağ atın belində həmin mövqelərə gedərək baxış keçirir. Firudin bəy Daryal komandanlığa ona bir ağ at verilərsə, həmin mövqelərdə olan erməniləri zərərsizləşdirə biləcəyini deyir. Ağdamın Xındırıstan kəndinin bəylərindən birinə məxsus olan ağ atı ona verirlər. Firudin bəy Daryal ağ atın belində, ətrafında da əsgərlərlə birgə erməni zabitin getdiyi yolla erməni əsgərlərinin yerləşdiyi mövqelərə doğru hərəkət edir. Gələnin öz zabitləri olduğunu zənn edən ermənilər heç bir reaksiya vermirlər. Və beləliklə Firudin bəy və onun əsgərləri heç bir təhlükə gözləməyən düşmən əsgərlərini anidən atəşə tutaraq, məhv edirlər. 1919-cu ilin yanvar ayında keçirilən baxış yoxlaması zamanı Firudin bəyin xidmət etdiyi süvari alayı göztərdikləri igidliyə görə hərbi nazirin şəxsi təşəkkürünü alır. Yanvar ayının 15-i Qarabağın General Qubernatoru vəzifəsinə təyin olunan Xosrov bəy Sultanov Firudin bəyin igidliyinə bələd olduğu üçün onu özünə köməkçi götürür.
1919-cu ilin mart ayında Qarabağ və Zəngəzurda düşmən təhlükəsi yenidən artır. Erməni daşnak qoşun birləşmələri martın 21-dən 22-nə keçən gecə Xankəndində yerləşən Cavanşir piyada alayının kazarmalarına qəfləti basqın edib, daha sonra Əsgəran yolunu bağlayırlar. 22 mart tarixindən etibarən Xosrov bəy Sultanovun başçılığıyla erməni generalı Dronun qoşunlarına qarşı Əsgəran bölgəsində şiddətli döyüşlər baş verir. 2 aprel 1919-cu ildə Dronun qoşunları məhv edilir.Firudin bəy həmin döyüşlərdə də igidliklə vuruşur.

28 aprel 1920-ci ildə Azərbaycan Cümhuriyyəti süquta uğrayıb,bolşeviklərin işğalına məruz qaldıqdan bir müddət sonra Xosrov bəy Sultanov bolşeviklər tərəfindən həbs olunur. Firudin bəy həmin zaman Şuşada Qubernatorluq binası üzərində dalğalanan üç rəngli Azərbaycan bayrağını doğma kəndi Təzəkənd kəndinə gətirib ailəsinə əmanət edir.

Firudin bəyin həmkəndlisi Arif Feyzullayev bildirir ki,həmin bayraq uzun illər gizli saxlanılır.Çox sonralar 1988-ci ildə Xalq hərəkatı başlayan zaman üzə çıxarılır. Nə yazıq ki, bayraq 1992-ci ildə Laçın rayonu işğal olunan zaman ailənin bütün əşyalarıyla bərabər Laçında qalır.

Firudin bəy Daryal ailə üzvləriylə vidalaşıb yenidən Azərbaycan Cümhuriyyəti ordusunun süvari alayına qoşulur. 24 may 1920-ci ildə başlayan Gəncə üsyanında iştirak edir. Cümhuriyyətin 2-ci ildönümünə təsadüf edən və minlərlə insanın həlak olmasıyla nəticələnən üsyan 31 may 1920-ci ildə “Qızıl ordu” tərəfindən qəddarlıqla yatırılır. Firudin bəy Azərbaycan Cümhuriyyəti ordusunun süvari və piyada alaylarının sağ qalan əsgərləriylə birgə, Polkovnik Nuh bəy Sofiyevin və Polkovnik Səməd bəy Rəfibəylinin (Sayqın) rəhbərliyiylə Araz çayını keçib İran ərazisinə daxil olurlar. İran hökumətinin silahları təhvil vermək tələbini yerinə yetirmədikləri üçün hücuma məruz qalırlar. Araz çayı boyunca Türkiyəyə doğru hərəkət edir,lakin tabeliklərində olan ağır səhra toplarını apara bilmədikləri üçün, həmin topların çaxmaqlarını çıxararaq yollarına davam etmək məcburiyyətində qalırlar. Türkiyə ərazisinə keçdikdən sonra Əhməd Ağaoğlunun Atatürkə müraciətindən sonra 1200 nəfərlik Azərbaycan süvari və piyada alayının əsgər və zabit heyyəti, Kazım Qarabəkir paşanın komandanlıq etdiyi şərq ordusunun sıralarına qəbul olunurlar. Azərbaycan hərbi birliklərinin Türkiyə ordusuna qoşulacağıyla bağlı xəbəri 8 iyul 1920-ci il tarixdə TBMM-də ümumi hərbi vəziyyətlə bağlı çıxış edən İsmət İnönü verir. Sənədlərdən məlum olur ki, Azərbaycan birliyi 31 iyul 1920-ci ildə Həsənqalaya gəlir və yanlarında Türkiyə ordusunun böyük ehtiyac duyduğu səhra topu çaxmaqları da olur.Firudin bəy Daryal 56 nəfəri zabit olan 1200-nəfərlik Azərbaycan birliyinin tərkibində Türkiyənin istiqlal savaşına qoşulur. 15-ci süvari alayda bölük komandiri vəzifəsini icra edir. 1920-ci ilin payızından başlayaraq,1921-ci ilin əvvəllərinə qədər şərqi anadolunun ermənilərdən təmizlənməsiylə sona çatan doğu hərəkatına igidliklə vuruşur. Sarıqamışın, Qarsın, Gümrünün geri alınmasında iştirak edir. Savaşdan sonra, Mustafa Kamal Atatürk tərəfindən “İstiqlal” ordenilə təltif olunmaqla bərabər həm də İstanbul şəhərində Ali hərbi təhsil alır. Azərbaycan Cümhuriyyəti ordusunda birgə xidmət etdikləri bir neçə zabitlə orduda qalaraq hərbi xidmətlərini davam etdirirlər. Sonralar həmin zabitlərdən Səməd bəy Sayqın (Rəfibəyli), Cahangir Berker, Hüseyin Turqut general, Yunus Xəzərli, Məhəmməd Ağpolad, Aslan Berkan, Baba Behbud, Saleh Aksoy, Vəli Yadigar, Osman Kazak albay (polkovnik) rütbəsinədək yüksəlir.

Firudin bəy Daryal 1925-ci ilin fevral ayında Türkiyənin Güney doğusunda başlayan “Şeyx Səid” üsyanının yatırılmasında,kürd aşırətlərinin başlatdığı üsyanlara qarşı, 1926-cı ildə 1-ci Ağrı, 1927-ci ildə 2-ci Ağrı, 1930-cu ildə 3-cü Ağrı hərəkatında, 1937-ci ildə Seyid Rzanın başlatdığı “Dersim üsyanı”nın yatırılmasında iştirak edir. Sonralar yazar olan Əli Çaxmaq adlı keçmiş bir zabit Türkiyənin güney doğusunda baş verən üsyanlar haqqında Cümhuriyyət qəzetinin 10 mart 1981-ci il buraxılışında yazdığı məqalədə Firudin bəy Daryal haqqında xatirələrini yazaraq, onun qorxusuz, dəlisov, mərd bir zabit olduğunu və atın üzərində qeyri-adi hərəkətlər etdiyindən bəhs edir.

Türkiyə Silahlı Qüvvələrinin tərkibində bir zabit olaraq müxtəlif bölgələrdə hərbi xidmətini davam etdirərək albay rütbəsinədək yüksəlmişdir. Xidməti dövründə bölük, tabor, sonralar alay komandiri, İzmir və İstanbul şəhərlərində isə hərbi komendant vəzifələrini icra edir. General olmamasına rəğmən 1950-ci illərdə Kağızmanda vəkalətən tuqay komandirliyi vəzifəsini icra edir. 1965-ci ildə təqaüdə çıxımışdır. Təqaüddə olarkən İstanbul şəhərində yaşayır. Qafqaz Almanaxı adlı əsərini yazır. Azərbaycandan və Şimalı Qafqazdan olan mühacirlərlə sıx əlaqələr quran Firudin bəy həm də Qafqaz dərnəyinin fəaliyyətlərində yaxından iştirak edir.

Firudin bəy Daryal iki dəfə ailə həyatı qurur.Birinci nigahını İstanbulda hərbi təhsil alarkən qurur.Həmin nigahdan bir oğlu və bir qızı olur.Qızı Leyya Daryal Şimali Qafqaz mühacirlərindən birinin oğluyla ailə qurur.1985-ci ildə vəfat edir,bir qızı var. Oğlu Prof.Dr Əli Murad Daryal Türkiyədə tanınmış İlahiyyatçı alimdir.Firudin bəy İkinci nigahını çox sonralar 1952-ci ildə qurur.Həmin nigahından övladı olmur.1933-cü ildə Xosrov bəyin Firudin bəyə yazdığı qeyddən də görsənir ki,Firudin bəy İstanbulda olarkən Cümhuriyyət mühacirləriylə,xüsusəndə Doktor Xosrov bəy Sultanzadə ilə sıx əlaqədə olur. Mərhumun oğlu Əli Murad Daryalla telefonla danışarkən Doktor Xosrov bəylə Taksimdə bir məhəllədə yaşadıqlarını, həmin dövrdə uşaq olmasına rəğmən Xosrov bəyi və yoldaşı Lena xanımı xatırladığını bildirdi.Firudin bəy Daryalın yaxın qohumu Səlim Səlimbəyli 1986-cı ildə uzun axtarışlardan sonra əmisini tapır.Və onunla tez-tez telefon əlaqəsi qurur. 1989-cu ildə 88 yaşında vəfat edir. Cənazəsi xüsusi mərasimlə,böyük hörmət və ehtiramla Qaraca Əhməd məzarlığında dəfn edilir. Vəfat etməzdən öncə baş daşına İstiqlal savaşı qazisi, süvari albay olmasını, 1901-ci ildə Şuşa şəhərinin 25 kilometrliyində yerləşən Təzəkənd kəndində anadan olduğunu və “Arkadaş : Başın taclı, altın tahtlı dahi olsan milletin, vatanın olmadan bedbahtsın!” sözlərinin yazılmasını vəsiyyət olaraq yazır.

Məqalə üçün verdikləri dəyərli məlumatlara görə Arif Feyzullayevə,mərhumun oğlu Əli Murad Daryala,Əli Murad bəyin əlaqə qurmama köməklik etdiyi üçün qohumu Cem Ormana, fotolar üçün isə Səlim Səlimbəyliyə təşəkkür edirəm.
Qarabağda başlayıb İstanbulda bitən həyat hekayəsi - Firudin bəy Daryal

Orxan CƏBRAYIL
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV