ELDAR NƏSİBLİ SİBİREL - Mən ölmədim



ELDAR NƏSİBLİ SİBİREL - Mən ölmədim


Mən ölmədim

Bu dünyaya niyə gəldim, bilmirəm?!
Zalım fələk, sənə yoxdur sözüm hey.
Dizin-dizin süründürdün dünyanı,
Yollarında qabıq qoydu dizim hey.

Ayrı saldın vətənimdən, elimdən,
Kilidləyib qıfıl asdın dilimdən.
Nəyim vardı, tutub aldın əlimdən,
Mənə qaldı bu dünyada dözüm hey.

Daşdan deyil, ağacdandır otağım,
Ağac üstə saman döşək yatağım.
Neçə dosta məzar oldu qucağım,
Mən ölmədim, deyən bərkdi üzüm hey.
1989


NƏ QƏDƏR GEC DEYİL

(Sən öz dərdini çək, atamın pulu məni yüz il də innən belə saxlaya bilər- deyənə)

Mənim nə dərdim var, nə çəkim, axı
Öz halal ruzumu qazana billəm.
Qəlbimin odundan bir ocaq catıb,
Qışda dövrəsində qızına billəm.

Ömrümü işığa aparır yollar,
Məndədir inadı kükrək sellərin.
Mənim dağdan ağır ümidlərim var,
Qoymaz daş altında qala əllərim.

Ürəyin sinəndə baxmır sözünə,
Dilin ömrün boyu yalan toxuyub.
Aldığın diplomu soxma gözümə,
Sənin yerinə dədən oxuyub.

Ancaq bir məsəli çıxarma yaddan.
Dibi sudan deyil varın, dövlətin.
Tutub qalmayacaq dünyanı atan,
Qanunu, hökmüdür bu təbiətin.

Bil ki, ağır olur elin töhməti,
Öyünmə atanın, gəl, varıyla sən.
Nə qədər gec deyil, alış zəhmətə,
Öyün əlləriyin qabarıyla sən.
12.01.1974

ELDAR NƏSİBLİ SİBİREL - Mən ölmədim


Torpaq Nəğməsi

Ana torpaq, ilk məskənim, son yerim
Dağın, dərən mənə arxa , həyandı.
Boynubükük bənövşələr-kədərim,
Alovlanan lalələrin-həyamdi.

Üfüqlərin xəyalımın yoludu,
Hər qarışın müqəddəsdi, uludu,
Yanğım olsa, göylərinin buludu,
İstəyimi bir baxışdan duyandı.

Bir zərrən də səni məndə yaşatdı
Yaddan çıxsa bir yer adı, daş adı-
Küləklərin yaddaşıma daş atdı,
Mürgüləyən xatirələr oyandı.

Min il keçsə ömür sənə yad olmaz,
Sənsiz bir gün ürəyimdə od olmaz,
Nəm duyğular atəşindən od almaz,
Ha yelpiklə, ha alışdır, ha yandır.

Baş açmadım, heç bu necə sirr idi?
Eşqim dəcəl uşaq kimi kür idi.
Bir gözəli görən kimi kiridi,
Axşam, səhər yollarında dayandı.

Ana torpaq susdurmaqçün düşməni,
Al, güllə tək sinəsinə sıx məni.
Bir saz üstə zəfər adlı nəğməni,
Sazım, sözüm bu dünyaya yayandı.

ELDAR NƏSİBLİ SİBİREL - Mən ölmədim

VAXTINDA DEYİLMƏYƏN SÖZ

Dedilər ki, heyfin gəlsin özünə,
Söz qaytarma böyüklərin sözünə.
Qanlı-qanlı baxır indi üzümə
Öz vaxtında deyilməyən sözlərim.

Daşa dönüb ürəyimdən asılıb,
Yaşa dönüb kirpiyimə qısılıb,
Kədər olub taleyimə yazılıb,
Öz vaxtında deyilməyən sözlərim.

Bir sevginin ləçəyində xal olub,
Kəmfürsətin fürsətinə yol olub,
İndi qəlbim qarşısında qul olub,
Öz vaxtında deyilməyən sözlərim.

Bu sirrimi bildirməsə yaxşıdır,
Yadı mənə güldürməsə yaxşıdır.
Məni vaxtsız öldürməsə yaxşıdır,
Öz vaxtında deyilməyən sözlərim.
1984

Türkəm mən

Mərə kafir,unutdunmu?
Azman türk oğlu türkəm mən.
Bir nərəylə halayları
Pozan türk oğlu türkəm mən.

Var dünyada yolum, izim.
Yox kimsəylə bir qərəzim.
Hər zaman haqqa tərəzi,
Mizan türk oğlu türkəm mən.

Azmamışam duman, çəndə.
Aç oxu tarixi məndə.
Şəhidə qəbri sinəmdə
Qazan türk oğlu türkəm mən.

Dözümdə- Bamsı Beyrəyəm,
Sözümdə- Yunis İmrəyəm.
Sazımda- dəli nərəyəm,
Ozan türk oğlu türkəm mən.
1994

NƏ TAPAR...

Bu dünyayın milyon-milyon sirri var
Sualından, sorğusundan savayı.
Kim düz baxıb gözlərinə ölümün?
Qurd ürəkli doğrusundan savayı.

Ər qəzəbi çaylar kimi bulanıb,
Vaxt olub ki, dağı, daşı dolanıb
Bu dünyada kimlər yaxşı dolanıb?
Oğrusundan, əyrisindən savayı.

Öz yolundan nə vurulur, nə sapar?
İlhamıyla qaya yarar, dağ çapar.
Bu dünyada sənətkarlar nə tapar?
Ürəyinin ağrısından savayı.
1987

DUYAN OLSA

Misra-misra ürək sancar sinəmdə,
Elə sanma ağrısından üzülləm.
Ömrun-günün səhərində şeh kimi,
Çiçəklərin yanağına düzülləm.

Dağ çayından ahəng alıb bu nəbzim,
Tufan olsa dalğasıyam dənizin.
Qayaların sərtliyindən, əzizim,
Göz yaşıtək damcı-damcı süzülləm.

Bir vüsalın güneyində gözüm var,
Hələ onun zirvəsində gözüm var,
Bu dünyada mənim bircə üzüm var,
Duyan olsa bir baxışdan sezilləm.

Arzularım, duyğularım təzə-tər.
Qara bulud görən kimi tez ötər.
Hədəfindən yayınsa da nə qədər,
Dəyər bir gün hədəfinə söz gülləm.

Daha məni xəyalına gətirmə,
Yollarında, izlərində bitirmə,
Demədimmi, gülüm, məni itirmə,
Tapammazsan axtarsan da yüz ilnən.
1980скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi