Əliağa Vahidin qəzəlləri



GÖZƏLDİR

Hər aşiqə öz istədiyi yarı gözəldir,
Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.

İlqarı gözəl olmayanı istəməz aşiq,
Can ver elə cananə ki ilqarı gözəldir.

Mən bir uca boylu gözəlin zülfünə bəndəm
Rüxsarı gözəl, şivəsi, rəftarı gözəldir.

Yüzlərlə gözəl başqa vilayətdə də çoxdur,
Amma bizim ölkə bütün - elcari gözəldir.

Yar olsa mənimlə mənə biganə nə eylər?
Uçmaz elə bir xanə ki memarı gözəldir.

Mən istədiyimçün o gülü qeyri də sevdi
Qiymətli o şeydir ki xiridarı gözəldir.

Vahid, mənə insaf elə, sima ilə baxma,
Əhsən elə bir şairə əşarı gözəldir.

**************

DƏLİDİR

Demə Məcnuna dəli, bəlkədə Leyla dəlidir
Eşq olan yerdə bütün aqilü dana dəlidir.

Saldı Yusif kimi öz sevgilisin zəncirə
Qoydu rüsvalıqı aləmdə Züleyxa dəlidir.

Eşq zincirinin iftadəsi bir mən degiləm
Həvəs-i silsileyi eşq ilə dünya dəlidir.

Sarılır çiğninə gah qoynuna, gah qamətinə
Əjdəhalər kimi ol zülfi çəlipa dəlidir.

Bir vəfasız gül üçün naləsi dünyanı tutur
Aşiqin qəlbi kimi, bülbülü şeyda dəlidir.

Bircə Şirin ilə Fərhada məzəmmət yoxdur
Vadiyi eşqdə Varmiq dəli, Əzra delidir

Əl götürməz bu qara gözlülərin zülfündən
Hər yetən zənn eləyir Vahidi guya dəlidir.

**************

BİZİ

Əvvəlindən salan olsaydı əgər başə bizi,
Cəhlimiz salmaz idi, məncə, dağa-daşə bizi.

Azacıq elmimiz olsaydı əgər əsrə görə,
Boyun əydirməz idi qonşuya, yoldaşə bizi.

Nə hünər var, nə biligimiz, nə də bir dövlət ü mal,
İtə atsan da yeməz, hiss eləməz laşə bizi.

Şübhəsizdir tüpürər surət-i idbarımıza,
Göstərə olsa bu sima ilə nəqqaşə bizi.

Üzü dönsün görüm ol ağuya dönmüş çörəyin,
Yaxşı möhtac elədi fahişəyə, oğraşə bizi.

**************

YALVARMA

Könül, vəfasız olan nazlı yarə yalvarma!
Nə e'tibar ona, bi'etibarə, yalvarma!

Darıxma, yaxşı-yaman ruzgarımız keçəcək,
Bu beş gün ömrə görə ruzgarə yalvarma!

Sənin də bir gün olar novbaharın, ey bülbül,
Xəzan cəfasına səbr eylə, xarə yalvarma!

Faqirə, aciz, məzlumə ehtiram eylə,
Əduyə, qaniçənə, zülmkarə yalvarma!

Vətən uğrunda ölüm mərd üçün səadətdir,
Həyat üçün fələki-kəcmədarə yalvarma!

Müxalif əhlinə baş əymə, sən də Mənsur ol,
"Ənəlhəqq" üstə çəkilsən də darə yalvarma!

Məhəbbət əhlinə, Vahid, həmişə xidmət eylə,
Nə təcdarə, nə bir şəhriyarə yalvarma!

**************

GÖZLƏRİNƏ

İcazə ver , baxım ey gül , o qarə gözlərinə ,
Vurulmuşam , nə edim , aşikarə gözlərinə .

Qəm etmərəm , məni yüz dəfə gündə öldürəsən ,
Baxanda bir də dirilləm , dübarə gözlərinə .

Camalın açma , gülüm , qorxuram görüb üzünü ,
Gün olsun hüsnünə aşiq , sitarə gözlərinə .

Olaydı qismət öpəydim o nazik əllərini ,
Ürəkdən eyləmişəm ixtisarə gözlərinə .

Kəməndi - ah ilə səyyadlar dalınca düşər ,
Bu naz ilə əgər etsən işarə gözlərinə .

Gözüm götürməyir əğyarlar baxanda sənə ,
Bir ayrı gözlə edirlər nəzarə gözlərinə .

Şikəstə Vahidə olmaz təbiblərdən əlac ,
Qalıbdır indi sənin bircə çarə gözlərinə

**************

YOX

Hər aşiqin yanındakı öz nazlı yarı yox,
Bənzər şikəstə bülbülə, bağü baharı yox.

Canım fəda o dilbərə ki etibarı var,
Mən neylirəm o dilbəri ki etibarı yox.

Sənsiz gecə-gündüz işim ahu fəğan keçir,
Seyli-bəla tutubdu məni, bir kənarı yox.

Min nazənin gözəl görürən, könlüm istəmir,
Bir səndən özgə aşiqinin intizarı yox.

Dönya behiştə dönsə, cəhənnəm keçir mənə,
Sənsiz, inan ki könlümün əsla qərarı yox.

Arzum budur ki, bir də görəydim cəmalını,
Onsuz bu bülbülün daha bir laləzarı yox.

Eyb etmə Vahidə, bu sözü yazsa dostuna,
Şairdü, başqa bir şey ilə yadigarı yox.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi