• 14:45 – Kənd Təssərrüfatı Nazirliyinin əməkdaşı bazarda vətəndaşa hədə-qorxu gəldi-Ona bu səlahiyyəti kim verib-Videoda izlə 
  • 23:56 – Araz Əlizadənin atası 75-ci ildə Əbülfəz Elçibəyin üzünə durub - Tanınmış şairdən açıqlama 
  • 19:43 – Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin xəstəxanadakı fotosu yayıldı 
  • 17:44 – "Fidan” MTK sakinlərə göz verir işıq vermir-Sakinlərin etirazı hələ də cavabsızdır 
  • 15:30 – Vahid Əhmədov:"Energetika Nazirliyi nə ilə məşğul olur? 
  • 13:59 – Xeyrəddin Qoca :"Araz Əlizadənin Milli Məclisdə oturması Paşinyanın Xankəndinə getməsi kimi bir təxribatdır” 
  • 10:46 – Kökdən düşən Ələsgərin sazı və ya falçının sazla meydan sulaması 
  • 02:22 – 1 yaşlı Kamalın yaşaması üçün kömək edək – Təcili ilik köçürülməlidir 

Uzaqda yurd qoxusu var...

Uzaqda yurd qoxusu var... Uzaqda yurd qoxusu var... ... Söz Yerlə Göy arasında ən etibarlı rabitə vasitəsidir. Göydən Yerə enər, Yerdən Göyə buxarlanar...Söz vaxt adlı dəyirmanın boğazından qaçan bugda dənidir, üyütsən də üyünməz, öz "torpağını" tapıb cücərər...Söz zamanın yaddaşını, əhval-ruhiyyəsini, dərdini-sərini nəsildən-nəsilə ötürən gözəgörünməz körpüdü, daş körpülər sınar, söz körpüsü yaşayar...

Tahir Talıblının ötən ilin sonlarında işıq üzü görən "Qurdu qəmgin, quşu qərib" kitabıbu mənada bir şairin yox, bütövlükdə bir xalqın taleyindən, yaşantılarından, dərdlərindən bağlanan yaddaş kitabıdır.

Vərəqləri çevrildikcə, əsrlərin səsi, insan ovqatının fəsilləri, rənglərin ətri bir-birinə qarışır, sevginin o üzündən kədər, həyatın bu üzündən ölüm, dünyanın o üzündən işıq boylanır. Bunlardan da betər, torpaq həsrəti, yurd itkisi, qəriblik dərdimin çalarda boy verir.

Çünki tanıyanlar tanıyır, bilənlər bilir ki, Tahir Talıblı sözü-sözdən seçən söz adamıdı - ŞAİRDİ. Allah ona SÖZ verib, o da ağlı kəsəndən, əli qələm tutandan YARADANın verdiyini şükranlıqla qəbul edib. SÖZÜ sevib, SÖZƏ sığınıb, elə qorxduğu da SÖZ olub:

Su kimi torpağa hopduq,
Atadan, anadan olduq
Bu dünyada nədən qorxduq
Sözdən, Allahdan savayı.

"Vücudnamə"

"Mən sözə vaxta baxan kimi baxıram" - deyən şair Yerlə Göy arasında imkan tapıb vaxtın əqrəblərindən asa biləcək, zamanın yaddaşına yaza biləcək şeirlər yazıb.
Sular dəyə-dəyə gedir,
Daşı döyə-döyə gedir,
Adam gizlənməyə gedir
Bəlkə də torpaq altına.

Tahir Talıblı bütöv ŞAİR ömrü yaşasa da, özü dediyi kimi az yazıb. "Əslində hər doğulan şeir ölüm ayağının şeiri kimi yazılmalıdır. Bəlkə buna görə də az yazdım. Çox az yazdım. Şairliyimi yazanda yox, yazmayanda daha çox hiss eləmişəm. Şeir yazmayanda daha çox şair oluram" - deyir söz zəmisindən söz seçən şair.

Bu necə əfsundu ki,
Min illərdi əsirəm.
Xan Kərəmin səsiyəm,
Xan Əslimi gəzirəm.

"Yanıq Kərəm"i dinlərkən

"Qurdu qəmgin, quşu qərib" kitabında ömrün fəsillərinin rəngi ən gözəl biçimdə, ən gözəl ritimdə bir-birini tamamlayır. Uşaqlıq, tələbəlik, gənclik və müdriklik çağının şeirləri 247 səhifədə sıralanır. Bütün şeirlərin, bütün yaşantıların, bütün duyğuların içindən keçən isə SAİRin özü, sözü, ürəyi və duyğularıdır.

Bürünüb göylərin qəribliyinə
Harasa bir durna təklənib gedir.
Bir qatar durnanın intizarı da
Onun qanadına yüklənib gedir.

"Tək durna"

Tahir Talıblının hər misrasında ürək döyüntüsünün izləri, səmimiyyətin istisi, həyatın özü var. 1971-ci ilin soyuq noyabr günlərinin birində yazdığı "Balıqçı və su pərisi" şeirində olduğu kimi:

Sular qalxa-qalxa, gah enə-enə,
Sular ləpə-ləpə axdı baxtına.
Bir gün tor atmışdı sulara yenə
Bir gün su pərisi çıxdı baxtına.

Uzaqda yurd qoxusu var...Tahir Talıblının yaradıcılığı çoxqatlı, çoxçalarlı, çoxsəslidi. Diqqətli oxucu hər şeirin öz nəğməsini, hər misranın zümzüməsini eşidər, ozanvari, nağılvari axara düşüb üçbəndlik şeirlərin belə dastan yükünü hiss edər. Bəlkə də, bu, Tahir Talıblının xalq yaradıcılığını dərindən bilməsindən, şifahi xalq yaradıcılığının gizli kodlarına, şifrələrinə bələd olmasından irəli gəlir.

Dünya minilki dünyadı
Elə, bildirki dünyadı
Bir üzdə iki dünyadı
Yoxdandımı, haqdandımı.

"Yazı"

Nə yazıq ki, yurd itkisi, qürbət ağrıları Tahir Talıblının yaradıcılığından qara yol kimi keçir.

Yanır, yanır...
İçim qürbət havasına.
Bu ağıvari misraları ürəyi Vətən həsrəti ilə alışıb-yanan, dərdi içindən, kədərin köynəyindən keçən SÖZADAMI yaza bilər.
Uzaqda yurd qoxusu var,
Neçə bələn, dağ ayırır.
Təzə qürbət qoxusu var
Gözlərim qürbət səyirir.

"Qürbət"

Görün daha nə deyir ŞAİR:
Gedəmmirəm, gələmmirəm, ay Allah,
Nə uğrunda öləmmirəm, ay Allah,
Gennənsə də görəmmirəm, ay Allah,
Mən nə qədər yuxularda yurd görüm?!

"Yuxularda yurd"

Zaman-zaman taleyimizə yazılan yurd itkisi, yaddaşımıza yazılan kədər, dərd, qınaq misralarda belə cücərir:

Yollar yol gəlmir köyünən,
Ruhlar perikib ölünnən.
Allah çəkilir göyünnən
Kişi ki, zülmü götürür.
Məncə artıq şərhə ehtiyac yoxdu...

İnanmıram ki, dünyanın hansısa şairi qurdun qəmginliyini, quşun qəribliyini özünədərd edib misralara çevirsin:

Beləcə dörüb, törəyib
Qurdu qəmgin, quşu qərib.
Bizi yiyəsizmi görüb
Ölüm üstümüzə gəlir.
Vətən haqqında o qədər şeirlər var ki... min ovqatda, min çalarda... Tahir Talıblı Vətənə belə deyir:
Bağında gülşən olmağa,
Dağında yovşan olmağa,
Çölündə kövşən olmağa
Yaradasan, Vətən, məni.

"Vətən silsiləsindən"

Tahir Talıblı həm də kədərin, dərdin, ağrıların içindən sıyrılıb çıxan şairdir. Pisi yaxşıdan, haqqı nahaqdan, doğrunu yalandan, tükü-tükdən seçən şairdi.

Tanrıdan aşağı
başımızdan yuxarı
dünya səslə doludu
Ama gözüqıpığın səsi olmur.
Ahı-vayı çox olsa da
Qara kütlənin
Qələbəsi olmur.
"Qara budun"

Sözümün əvvəlində Tahir Talıblı sözün bütün mənalarında ŞAİRdi - dedim. Bir kollektivdə çalışdığımızdan Tahir Talıblını bir az da yaxından tanımaq imkanı qazanmışam. Tahir müəllim Azərbaycan Radiosunun Xalq Yaradıcılığı Redaksiyasının baş redaktorudur, Əməkdar jurnalisti, "Bulaq" verilişinin yükünü illərlə, elə günün bu günüdə çiyinlərində daşıyan, şifahi xalq yaradıcılığının incilərini günümüzdə yaşadan, dilimizin gözəlliyini qoruyan tək-tük qələm sahiblərindəndir. Verilişlərinin, filmlərinin sayı-hesabı olmasa da,hamıdan təvazökar, hamıdan sadədir. Tahir müəllim qanadı qırılan sözün, budağı sınan ağacın, yuvası dağılan quşun, ruzi axtaran qarışqanın dərdini çəkən İNSANdı. Hərdən küləkdən, yağışdan, yayın cırhacırında bürküdən inciyə bilər, amma heç kimi incitməz, xətrinə dəyməz.

Beləcə ömrü bitirdik
Əmri yerinə yetirdik,
Gəldik, gördük, nə götürdük
Quru günahdan savayı?!

"Vücudnamə"

ŞAİRin yükü söz, yolu düz, qazancı savab olar. Söz yolun da, ömür yolun da uzun olsun, Tahir müəllim!Yurda dönən köçlərin sevinci misralarında tumurcuqlasın, qurdun qəmgin, quşun qərib olmasın.

Təranə Vahid
525.azскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV