• 02:05 – Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad 
  • 19:01 – Bərzani və Bərzanilər (2) 
  • 16:30 – Şamaxı rayon Mərkəzi kitabxanasının əməkdaşı doğum gününü qeyd edir 
  • 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 17:30 – Kürdəmirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirilib 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 

Şövkət Kərimov: 85-ci bahar

Şövkət Kərimov: 85-ci bahar Şövkət Kərimov: 85-ci bahar Filologiya üzrə fəlsəfə doktoru Nailə Mirzəyeva

Şövkət Kərimov: 85-ci bahar

Şövkət Manaf oğlu Kərimovu 1992-ci ildən, AzTU-ya işə daxil olduğum gündən tanıyıram. Qədim türk diyarı olub, Azərbaycan türkcəsinin ən təmiz və doğma layını yaşadan bir diyarda, Qərbi Azərbaycanda dünyaya göz açıb. Dədələrimizin müdrik nəsihətləri, ana-nənələrimizin ürək oxşayan, ibrətlə dolu layla, nağıl, bayatılarıyla boy atıb. Qulaqlarından anasının nəvazişlə söylədiyi

Laylay dedim gündə mən,
Kölgədə sən, gündə mən.
Ildə qurban bir olar,
Sənə qurban gündə mən.

laylayının sədası getməmiş, sınağa çəkib zaman onu. Özünün də dediyi kimi atası Manaf kişini erkən itirən kiçik Şövkət 1941-1945-ci illər müharibəsinin acılarını dadmış, ailənin yeganə övladı olduğu üçün anası Telli Nağı qızına həm övlad, həm də dayaq olmuşdur. Müharibənin yaşatdığı möhnətlər, ağır zəhmət bahasına qazanılan çörək o dövrdə yaşayan bütün uşaqlar kimi onun da xarakterini formalaşdırdı. Öz yaşıdları kimi tez “böyüdü” kiçik Şövkət. Keçən hər gün arzulara doğru apardı bu dəliqanlı gənci.

Qoca Murğuzdan qalxan duman onun doğulduğu Gölkənd üzərində topalaşanda, sərin yaylaqlardan soyuq küləklər əsəndə, yayın qızmar günəşi cığırları, bələnləri isidəndə körpə arzu pöhrələri göyərirdi qəlbində. Elə bu istək gətirdi onu Gəncəyə. Müəllim peşəsinə könül bağladı və bugünə qədər sadiqdir seçdiyi sənətə. 1988-ci ilə, Azərbaycanımızın qədim İrəvan mahalı haylar tərəfindən işğal olunanadək olan böyük zaman kəsiyində Gölkənd məktəbində dərs hissə müdiri, Çənbərək rayon Maarif Şöbəsində inspektor, ən nəhayət, orada keçirdiyi ömür payının son 25 ilində vaxtilə təhsil aldığı məktəbdə direktor vəzifəsində çalışdı Şövkət müəllim. Haqlı olaraq “Gölkənd Akademiyası” adlanan bu ocağın yetirmələri və məktəbin adlı-sanlı məzunları ilə fəxr edir. Doğrudur, böyük əmək sərf edərək yetişdirdiyi ziyalılarla öyünür. Ancaq o yerləri, o günləri xatırlayarkən, qürur qarışıq bir nisgil oxunur gözlərində, səsi titrəyir Şövkət müəllimin.

Hər zaman Gölkənddə dərs dediyi şagirdlər, onların uğurları və əsil ziyalı adını daşımağa layiq olan iş yoldaşları haqda böyük şövqlə danışır. O zaman həsrət dinir səsində. Gölkəndli günlər və xatirələr siralanır yaddaşında. Orada yaşadığı hər bir gün, bələd olduğu hər bir cığır, kölgəsində şirin xəyallara daldığı ağac haqda xatirəsi var Şövkət müəllimin.

Sən demə, II Dünya müharibəsinin yaraları sağalmamış, daha bir zərbə alacaqmış Azərbaycan. 80-ci illərdə qaçqınlıq da var imiş qismətində ağsaqqalın. Ancaq nə bu möhnətlər, nə də övlad itkisi sındıra bilmədi dəmir iradəsini müdrik insanın. Onu, bəlkə də hamımızdan fərqləndirən əsas cəhət həyatın sevinci kimi, kədərini də təbii qarşılamaq bacarığıdır.

Mən də özümü, qiyabi də olsa, o torpağın yetirməsi hesab edənlərdənəm (soyum o torpaqdan olduğu üçün). Ona görə də o doğma torpaq haqda, onun insanları, təbiəti haqda söylənən hər bir söz, fikir çox doğmadır mənimə. Bu doğmalığın yaranmasında Şövkət müəllimin rolu misilsizdir. Çünki Şövkət müəllim kimi mənim də damarlarımda axan qan o məkandan alıb öz başlanğıcını. Ulularımızın narahat ruhunun dolaşdığı qədim məskənlərimiz onun kimi, məni də çağırır o yurda. Elə ona görə də müəllimin doğma yurd mövzulu söhbətləri məni də xəyalən o yerlərə aparır.

Şövkət müəllimdə ən çox dəyərləndirdiyim xüsusiyyətlərdən biri onun öz müəllimləri haqda məhəbbətlə danışmasıdır. Onların zəhmətini hər addımında qiymətləndirən, haq dünyasında olanları ürək ağrısı ilə yad edən bir qədirbiləndir Şövkət müəllim. Elə onlardan örnək alaraq gənclərə dəstək olur. Mənim elmi işlə məşğul olmağımda və namizədlik müdafiəmdə Şövkət müəllimin zəhməti az deyil. Elə bu səbəbdən də hər zaman minnətdarlıqla yanaşır və məsləhət alıram bu müdrik insandan.

Şövkət müəllim yaşının bu müdrik çağında təhsil sistemindən ayrılmağı xəyalına belə gətirmir. Öz biliklərini gənc nəslə böyük həvəslə öyrədir. Tələbələr onun simasında yaxın dost, məsləhətçi və eyni zamanda ciddi müəllim görürlər.

Onun yaddaşı, hətta ən yaxşı hafizəsi olan insanı heyran edəcək dərəcədə yaxşı və dəqiqdir. Söhbət əsnasında orta məktəbdə oxuduğu mövzuları çox dəqiqliklə xatırlayır. Tez-tez cavanlarla mübahisəyə qoşulur və əksər hallarda qalib çıxır. O, zəhmətsevərliyi, məsuliyyəti ilə hər zaman diqqət mərkəzindədir. Yuxarıda qeyd etdiyim kimi Azərbaycan Texniki Universitetinin “Azərbaycan dili və pedaqogika” kafedrasında çalışır. Lakin təkcə tədrislə kifayətlənmir o. Bugünədək onun qələmindən xeyli sayda məqalə və kitab çıxmışdır. Şövkət müəllim 1972-ci ildə “Ermənistan SSR Krasnoselo və İcevan rayonlarında Azərbaycan şivələri” mövzusunda namizədlik dissertasiyası (akademik Məmmədağa Şirəliyevin rəhbərliyi ilə) müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. Müasir dövrdə onun tərtib etdiyi “Azərbaycan dilinin Çənbərək və Karvansaray şivələri” adlı kitabı dialektologiya sahəsində yazılmış ən gözəl əsərlərdən biri kimi qiymətlidir. Yaşının müdrik çağında belə yazıb-yaratmaqdan qalmır. Ömrünü “qələmlə dostluq”da keçirən bu insan, həm də torpağın sirlərinə yaxından bələddir.

Digər bir tərəfdən mahir bir bağban hesab etmək olar onu. Yaşlıların təbirincə desək, Şövkət müəllim “köhnə kişi”lərdəndir. Bu kişilərə xas olan sözübütövlük, ağır- taxtalılıq, bağışlamaq və qanyatırmaq kimi xüsusiyyətlər cəm olub Şövkət Kərimov şəxsiyyətində.

Bütün bunlarla yanaşı, o həm də gözəl ailə başçısıdır. Vəfalı ömür-gün yoldaşı Həvva xanımla bərabər 8 övlad böyüdüblər. Şövkət müəllim hər zaman övladlarına gözəl tərbiyə və təhsil verməsi ilə fəxr edir. İndi isə nəvələrinin yaxşı təlim-tərbiyə alması qayğısına qalır. Onların Azərbaycanımıza layiq insanlar kimi yetişməsində var-qüvvəsi ilə çalışır. Şövkət müəllim islam dininin valideynlər qarşısında qoyduğu bütün tələbləri: övladlara gözəl tərbiyə, savad vermək və onları “ev eləmək” problemlərini yerinə yetirib.

Hörmətli Şövkət müəllim. Həyatınızı çox məsuliyyətli bir işə-müəllim peşəsinə bağlamış və bugün də bu yolda yorulmadan çalışırsız. Sizə bu çətin, ancaq şərəfli yolda möhkəm cansağlığı və qələmlə uzunmüddətli dostluq arzulayıram. Sizi doğma Gölkənddə salamlamaq arzusu ilə, hələlik.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV