SÖZLÜ DASTANDAN YAZILI DASTANA



SÖZLÜ DASTANDAN YAZILI DASTANA

XVI yüzildən başlayaraq Azərbaycan və Anadolu sahəsində qurumsallaşan aşıq sənətinin XVIII əsrdə yetkinləşib məktəblər yaratması, XIX yüzildə zirvəyə ulaşması tarixi gerçəkliyin məntiqi nəticəsi idi. Hətta aşıq sənətinin yazılı ədəbiyyata təsiri, klassik şeirin yavaş-yavaş yerini heca vəznli poeziyaya buraxması da XVIII-XIX yüzillərdə başlar. Bu gün Azərbaycan poeziyasının aşıq şeiri təsirindən çıxa bilməməsi aşıq ədəbiyyatının qüdrəti ilə bağlıdır. Dörd əsrlik aşıq sənəti sonrakı XX və XXI yüzillərə də təsirsiz qalmamışdır. Ancaq Azərbaycanda siyasi çalxantıların yaşandığı XX yüzildə və sonrakı XXI əsrdə də yazılı ədəbiyyatda aşıq şeiri üslubu aparıcı mövqeyini qorusa da, XX yüzilin 30-cu illərindən sonra aşıq sənətinin özü geriləmə yaşamış, ənənədən az da olsa uzaqlaşmış, ideolojik bir görünüm almış, süni şeirlər yazılmışdır. Aşıqlar da kommunist partiyasının nəzarəti altında fəaliyyət göstərmiş, sovet rejiminin təbliğat kampaniyasına qoşulmuşdular. Buna baxmayaraq, aşıq sənətinin bəzi nümayəndələri əskidən gələn ənənəni yaşatmış, hətta dini-irfani şeirləri qismən də olsa qoruyub saxlaya bilmişlərdir. Belə aşıqlardan biri də Aşıq Şəmşirdir. Saz ilə sözü, ənənə ilə yeniliyi bir yerdə tuta bilən Aşıq Şəmşir XX yüzilə damğasını vurmuş sənətkarlardandır.

Azərbaycan folklor elmində aşıq dedikdə, hecanın, əsasən, onbirliyində, ondördlüyündə, səkkizliyində şeir deyənlər, son zamanlarda isə yazanlar nəzərdə tutulur. Aşıq ən azı beş yüzillik bir ənənəni yaşadan, dastanlarımızı məclislərdə icra edən, dini-təsəvvüfi dünyagörüşümüzü formalaşdıran, xalq sufizminin daşıyıcısı olan, qoçaqlamaları, gözəlləmələri, qıfılbəndləri, divaniləri, deyişmələri, ustadnamələri, vücudnamələri, təcnisləri və digərlərini usta-şagird əlaqəsi vasitəs ilə sonrakı aşıq nəslinə ötürən bilicidir. Aşığın biliciliyi sadəcə söylədiyi qoşmalarla, ... çaldığı saz havacatları ilə, ... oxuduğu mahnılarla bəlirlənməz. Onun biliciliyi öncə ənənədə yetişməsi, aşıqlığın ədəb-ərkanından tutmuş dastanlarına, qoşmalarından tutmuş ifa tərzinə qədər kompleks halda götürüldükdə məlum olur. Bizsə bu sənətkarın sazından, musiqisindən, ifa tərzindən, aşıqlıq sənətindən çox şeirləri ilə məşğul olmuşuq və onu bilicilikdən adi şairə endirmişik. Təbii ki, söz əsasdır, söz bu sənətin ən mühüm göstəricisidir, ancaq sənətin tamamı deyildir. Həm də aşıqlıqda söz musiqisiz mövcud deyidir, musiqi icrada, ifada anlamlıdır. Aşıq sazla sözün vəhdətini anlayan sənətkardır.
Texnologiyanın həyatımızın bütün sahələrinə sirayət etdiyi bir zamanda usta-şagird ənənəsi ortadan qalxmış, ustanın yerini musiqi məktəbləri, müəllim, şagirdin yerini də tələbələr almışdır. Aşığa və ya saz çalana öyrədilən havalar, mahnılardır. Ədəb-ərkanın öyrədilmədiyi, çünki öyrənilməz yaşanar, musiqi məktəblərindən yetişən “gənc aşıqlar”ın şou proqramlarında sazla, yaxud havacatla şou göstərmələri təəccüblü deyildir. Söhbəti-irfan görməyənin hansı izzətindən danışmaq olar ki?!

Son dövrlərdə aşıq sənətindən araşdırmaçıdan çox maraqlılar, alimdən çox publisistlər yazmağa başlamışlar. Bu meylin aşıq ədəbiyyatının yayqınlaşmasında müsbət rolu olduğu kimi, bəzi zərərli və qüsurlu tərəfləri də vardır. Nədənsə aşıqdan, aşıq yaradıcılığından yazarkən məqalələrin, monoqrafiyaların, kitabların üslubu da dəyişir. Soyuq, obyektiv elmi üslub yarıbədii, yarıpublisistik üsluba çevrilir, faktların, sitatların yerini bəsit yozumlar, təxminlər, xəyali izahlar tutur. Bir sözlə, elmin kriteriyaları ucuz bədiiliyin boyasında yox olub gedir. Telekanallarda çoxsaylı aşıq verilişləri bu sənət haqqında təsəvvürləri dərinləşdirmək yerinə daha da dayazlaşdırır.

XVIII yüzildən klassik ədəbiyyatımızda aparıcı mövqeyə çıxan xalq şeiri dediyimiz heca vəznli poeziya zamanla aşıq ədəbiyyatı ilə o qədər yaxınlaşdı ki, hətta aşıq ədəbiyyatının bir çox tədqiqatçıları da aşıq şeirinin yazılı ədəbiyyatdan fərqlənməməsini böyük uğur kimi təqdim etməyə başladılar. Bu təmayül, çox təəssüf ki, yarım-yapalaq hazırlığı olan maraqlıların qələmindən çıxan aşıq sənəti ilə bağlı yazılar üçün artıq xarakterik olmağa başlayır. Aşığın və haqqında çox yazılan Aşıq Şəmşirin böyüklüyü divan şairləri və ya müasir hecaçı şairlərlə müqayisədə üzə çıxmır, ənənəyə bağlılığında, ənənəni yaşatmasında, aşıqlığın qayda-qanunlarını bilməsində, məclis aparmasında, dastan söyləməsində və s. özünü göstərir.

Görünür, yazılı ədəbiyyatda üç yüz ildən çox davam edən heca vəzninin hökmranlığına son qoyulmayınca və poeziya yeni formaları aparıcı mövqeyə çıxarmayınca aşıqlarla şairləri, folklorla ədəbiyyatı fərqləndirmək asan olmayacaq. Burada məqsəd bu iki ədəbiyyat növünü fərqləndirmək deyildir. Məqsəd şairin şair yerində, aşığın aşıq yerində olmasıdır.Yoxsa ip sapa qarışar. Bir vaxtlar bədahətən şeirlər söyləyən, məclis üzvlərindən birinin verdiyi ayağa uyğun saatlarla şeirləşə bilən aşığa/aşıqlara rast gəlmək dəryada iynə axtarmaq kimi bir şeydir. Bu isə aşıq sənətinin daxili məzmununun sarsılması, beşyüz il yaşı olan aşığın köklü şəkildə dəyişməsidir.

Yaradıcılığının əsas hissəsi XX yüzilin 30-cu illərindən sonraya düşən, XX yüzil aşıq sənətinin tanınmış nümayəndələrindən olan Aşıq Şəmşirin böyüklüyü, əgər deyilənlərə inansaq, qırxdan çox şagird yetişdirməsi, çox sayda dastan ifa etməsində, yeni dastan yaratmasında, aşıq şeirində özünəməxsus yol aça bilməsindədir. Aşıq Şəmşir həm şəxsiyyəti, həm də mənəvi-əxlaqi cəhətləri ilə mükəmməl bir aşıq, söz və saz bilicisi kimi Qurbanidən, Aşıq Abbasdan, Aşıq Valehdən, Xəstə Qasımdan, Aşıq Ruhsatidən, Aşıq Alıdan, Aşıq Şenlikdən, Aşıq Ələsgərdən, Aşıq Sümanidən, Aşıq Hüseyn Bozalqanlıdan sonra aşıq sənətinin zirvələrindən sayılmağı haqq etmişdir. Sonradan onun adına bağlanan dastanlar da, məsələn, “Səməd Vurğun-Aşıq Şəmşir dastanı” aşığın böyüklüyündən xəbər verir.

Folklorumuz, aşıq sənətimiz üçün bir böyük problem də fakelor məsələsidir (Bax: Bayat F. “Fakelor-folklor qarşıdurması və fakelorçuluq haqqında”, Dədə Qorqud, 2008/2, s.71-80). Nə qədər ki folkloru fakelordan, süni dastanı təbiidən fərqləndirə bilmirik, dastan “yaratmaq ənənəsi” davam edəcək. Ancaq bu meyil mənfi tərəfləri ilə bərabər, müsbət özəlliyə də sahibdir. Sadəcə, meyil xəstəliyə dönüşdükdə qorxulu olur. “Səməd Vurğun–Aşıq Şəmşir dastanı” ənənəvi dastanlarımıza uyğunlaşdırılmağa çalışılsa da, əslində, iki sənətkarın müxtəlif vaxtlarda yazdıqları şeirlər əsasında qurulmuş deyişmə-dastan, başqa sözlə, fakelordur. Bu dastan fakelor hadisəsi olsa da XX yüzilin son böyük aşıqlarından Aşıq Şəmşirlə yenə də, XX yüzilin son böyük şairlərindən biri olan Səməd Vurğunun oxucuya, hətta araşdırıcıya məlum olmayan məqamlarını üzə çıxarmaqda və ən əsası da deyişmə-dastan növünün gözəl örnəyi olması baxımından dəyərlidir. Belə olduqda bu kiçikhəcmli deyişmə-dastan ənənədən kənara çıxmamaqla dastan yaradıcılığımızın yeni bir mərhələyə daxil olduğundan xəbər verir.

Bu mərhələ aşıq sənətində var olan, sözə və saza dayanan ənənəvi motivlər, ənənəvi klişelər, ənənəvi dastan arxitektonikası üzərində yüzillərlə formalaşan dastanlardan XX yüzildə yazılan dastanlara keçidlə xarakterizə edilir. Təbii ki, burada xalq düşüncəsinə tərs düşən, geniş kütlə tərəfindən bəyənilməyən, hətta aşıq mühitində yayılmayan inqilabi dastanları nəzərdə tutmuruq. Söhbət “Səməd Vurğun–Aşıq Şəmşir” kimi yazılı dastanlardan gedir. Bir çox aşıqların son dönəmlərdə yazdıqları, milli duyğularımızın tərcümanına çevrilən yazılı dastanlar fakelor hadisəsi olsa da, aşıq sənətinin, dastan anlayışının yeniləndiyindən, texnoloji çağa ayaq uydurduğundan xəbər verir.

Yazılı dastan ənənəsi, belə demək mümkünsə, aşıqlar və el şairləri arasında geniş yayılmışdır. Bunlar mövzuca macəra, səyahət, eşq, tarix, dini və s. sahələri əhatə edir. Burada yeni mərhələdə yaranan nağıl-dastanları, deyişmə-dastanları, sual-cavab dastanlarını da xatırlatmaqda yarar vardır. Təbii ki, bu yeni formalı, yeni məzmunlu dastanların poetikasının öyrənilməsi də vacib məsələdir. Bir müəllif tərəfindən yazılsa da, bu dastanlar ənənə üzərində şəkillənməsi baxımından şifahi ədəbiyyatın məhsuludur. Hər halda aşıq yaradıcılığında sözdən yazıya keçid ayrıca öyrənilməyə ehtiyac duyulan mövzulardan biridir.

Bir zamanlar sovet rejiminin ən fəal ruporuna çevrilən, kommunizmi, partiya işçilərini, kolxozu tərifləyən şeirlər yazan, sifarişlə süni inqilabçı dastanları yaradan, müstəqillikdən sonra isə tıxanıb qalan aşıq sənətinə, dastan ənənəsinə yeni hava, yeni çalar gətirən Səməd Vurğun–Aşıq Şəmşir deyişmə–dastanının nəşri, Şəmşirin digər dastanlarında olduğu kimi, dar mühitdən çıxaraq geniş oxucu kütləsinə ulaşacaq və məşhurlaşacaqdır.
Son olaraq bu dəyərli kitabı toplayıb tərtib edəni Cəmilə Çiçəyə və əməyi keçən hər kəsə təşəkkür etməyi özümə borc bilirəm.

Füzuli BAYAT
Filologiya üzrə elmlər doktoru, professor,



скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

StevMymn

написал 0
Purchase Synthroid Chologuardhills buy zoloft Foto Levitra In Farmacia