İftixar Piriyev:" İrəvan teatrını fərqləndirən cəhətlərdən biri də hər mövsümdə yeni layihələrlə çıxış etməsidir"



İrəvan Dövlət Azərbaycan Dram Teartının direktoru,sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyevlə söhbət


Azərbaycanlıların qocaman sənət ocaqlarından, milli teatrımızın ilk binələrindən biri  qədim yurd yerimiz İrəvanda yaradılan, özünəməxsus yaradıcılıq yolu keçən və bu gün də tarixi adını yaşadan İrəvan Dövlət Azərbaycan Dram Teatrıdır.  Artıq neçə illərdir ki, tarixi torpaqlarımızı tərk etməyə məcbur olmuş minlərlə soydaşımız kimi doğma yurdda didərgin, qaçqın taleyi yaşayan teatr bütün çətinliklərə baxmayaraq, böyük sənət üçün yüksək amallara xidmət yolunda inamla çarpışırb. Bizimlə müsahibəsində bu məqamı xüsusi qeyd edən teatrın direktoru, əməkdar mədəniyyət işçisi, sənətşünslıq üzrə fəlsəfə doktoru  İftixar Piriyev zəngin tarixə malik teatrın dünəni və bu günkü nailiyyətləri barədə danışır.

– İftixar müəllim, İrəvan teatrının 134-cü mövsümünün başlanğıcında sizi xoş gördük. Bayramınız mübarək!

– Xoş gününüz olsun. Bu bayarm geniş mənada milli mədəniyyətimizin bayramıdır.

– 134 il. Bir sənət ocağı, xüsusən teatr üçün bu çox böyük tarixdir.

– Nəzərə alaq ki, teatrımızın tarixinə dair bəzi faktlar da vardır ki, onlara əsaslanaraq bu sənət ocağının təşəkkülünün daha qədimə təsadüf etdiyi barədə də fikir yürütmək olar.

– Doğrudur. Ancaq bu geniş araşdırma tələb edən bir mövzudur.

– Əlbəttə. Həm də vacib olan bir məsələdir. Məncə Qərbi Azərbaycan – İrəvan xanlığının tarixi ilə maraqlanan vətənpərvərlərimiz bu barədə daha çox düşünməli və araşdırmalar aparmaq üçün mütəxəssislərimizə konkret yardımlar göstərməlidirlər.   

– Hələlik İrəvanda tetarın təşəkkülü ilə bağlı elmi təsdiqini tam tapmış tarixin özü də çox zəngindir. By gün sizinlə söhbətimiz ilk növbədə teatrın çağdaş durumu, kollektivin qaçqınlıq dövründə yaradıcılıq konsepsiyasının necə reallaşdığı barədə olacaq. Eşitdiyimizə görə teatrınız növbəti səfərdən uğurla qayıdıb. Söhbətimizə səfər təəssüratlarınızdan başlamazdan əvvəl istərdik bir qədər yaxın keçmişə qayıdaraq. On beş il əvvəl İrəvan teatrına rəhbər təyin olundunuz. Bu hansı zərurətdən yarandı və fəaliyyətinizə hansı məramla, yaradıcılıq proqramı ilə başladınız?

– Öncə onu deməyi özümə borc hesab edirəm ki, ölməz ədib Cəfər Cabbarlının adını daşıyan İrəvan Dövlət Azərbaycan Dram Teatrı öz işgüzar kollektivi, geniş tamaşaçı auditoriyası və dəyərli sənət xadimləri ilə mənim həyatımın çox qiymətli anlarını özündə birləşdirir. Ömrümün 15 illik bir tarixini özünə bağlayan və mənə parlaq anlar bəxş edən bu sənət ocağına və məni bu sənət ocağı ilə birləşdirən insanlara həmişə minnətdaram. Bu sənət məkanında yaşadığımız bəzən çətin, bəzən asan, bəzən gərgin olan bütün hadisələr, ümumiyyətlə, İrəvan teatrı və onun istedadlı kollektivi müqəddəs məkan olaraq, mənim üçün əvəzi olmayan bir anlam kəsb edir.

İrəvanın adına, keçmişinə, yaşamına məsuliyyətin anlamını məsuliyyətlə dərk edirəm. Hesab edirəm ki, belə bir qədim sənət məbədinə rəhbərlik etmək üçün başqa cür düşüncədə olmaq yanlışlıqdır. Çünki bu teatr Qərbi Azərbaycanı özündə ehtiva edən yeganə canlı, yaəni fəaliyyətdə olan mədəni məkandır. Bu teatr təkcə adi məkan deyil, həm də zamanın tələblərinə uyğun öz İrəvanı, irəvançılığı üçün mübarizə aparan, Ermənistan adlanan dövlətə öz bədii kredosu ilə birbaşa meydan oxuyan, döyüşə çıxmağa hazır olan bir sənət ocağıdır.

– Sizin taleyinizə ölkəmizdən kənarda olan milli mədəniyyət ocaqlarımızda işləmək səadəti nəsib olub. Bu bəlkə də tale yazısıdır.

– Əsas odur ki, mən bu tale yazısı ilə fəxr edirəm. 1999 – 2000-ci illərdə müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin tapşırığı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən bünövrəsi 1873-cü ildə qoyulmuş Tiflis Azərbaycan Dövlət Dram Teatrının bərpa prosesinə rəhbərlik etmək üçün iki il müddətinə Tiflis şəhərinə ezam olundum. Halbuki 1991-ci ildə təsis etdiyim Azərbaycan Milli Dastan Teatrında müəyyən təcrübələr əldə etmişdim və onuninkişaf proqramını da işləyib hazırlamışdım. Buna baxmayaraq nazirliyin təklifini məmnuniyyətlə qəbul etdim. Tiflis teatrının bərpası dövründə əldə etdiyim təcrübə İrəvan Teatrının yenidən qurulmasında çox önəmli rol oynadı. Bu prosesin uğurlu nəticəsinə görə 2000-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor vəzifəsinə təyin olundum və bu günə kimi də həmin missiyanı şərəflə yerinə yetirməyə çalışıram.

– Xüsusi binası olmayan, kirayənişin həyatı yaşayan, truppası hələ tam formalaşmamış, dekor, butafor, rekvizit, geyim sexləri çox kasıb teatrda fəaliyyətə ilk növbədə nədən başladınız?

– Rəhbərliyə  başladığım andan ilk növbədə İrəvan Teatrının bütün ənənələrini, bu günə qədər keçdiyi uzun, keşməkeşli yolda nail olduğu intibahı qoruyub saxlamağa çalışdıq. Eyni zamanda teatrı zəngin ənənələr üzərində sabaha doğru yeni yaradıcılıq uğurları ilə aparmağı uzunmüddətli strategiya kimi qarşıya məqsəd qoyduq. 2000-ci ildən əldə olunan nailiyyətlər barədə qısa olaraq belə deyə bilərəm ki, fəaliyyətimizin dəyəri 125 illik yubileyimizə qədərki (2007) bir zaman kəsiyində ölkə başçısının ali fərmanları ilə öz həqiqətinə qovuşa bildi. Həmin ərəfədə, yarandığı gündən etibarən heç vaxt binası olmayan teatrımız dövlətimiz tərəfindən bina ilə təmin edildi. Mədəniyyət və turizm nazirinin qayğısı ilə dəfələrlə xarici ölkələrdə teatr sənətimizi uğurla nümayiş etdirmək nəsibimiz oldu.  Bütün bu fərəhverici qayğılar teatrı daım genişmiqyaslı beynəlxalq layihələr həyata keçirməyə sövq edir. Kollektivimiz dəfələrlə Türkiyə Cümhuriyyərində, Gürcüstan Respublikasında, Rusiya Federasiyasında səfərlərdə olub. Əsas odur ki, həmin səfərlərin hamısından uğurla qayıtmışıq. Bu fərəh təbii ki, bizi daha böyük sənət nailiyyətlərinə səfərbər edib.

– Dediyiniz bu yaradıcılıq axtarışlarında kollektivinizin peşəkarlığı bir rəhbər kimi sizi qane edirmi?

– İrəvan teatrı keçdiyi uzun yolda tam olaraq peşəkarlaşa bilmişdir. Peşəkarlıq, yaratdığımız sağlam yaradıcı mühit nəticəsində bu gün də qorunub saxlanılır. Fəaliyyətə başladığım ilk gündən teatrın yaradıcı və texniki heyətinin gənc qüvvələrlə zənginləşməsinə verdiyimiz rəvac iş prinsipimizin prioritetinə çevrildi. Nəticə etibarı ilə bu gün teatrımızda  püxtələşmiş sənətkarlarla yanaşı çoxlu istedadlı, peşəkarlar gənclər fəaliyyət göstərir. Onların da hər biri təkcə bacarıq və istedadları ilə kifayətlənmirlər, teatr sənətini sevə-sevə, yorulmadan bir gündə iki-üç əsərin məşqlərində böyük həvəslə çalışırlar. Teatrımızda qısqanclıq deyilən “xəstəlik” yoxdur. Peşəkarlar öz təcrübəsini istedadlı gənclərə həvəslə öyrədirlər. Yaranmış sağla yaradıcılıq mühiti bu sənətə gələn hər bir gəncə anlada bilir ki, teatr arenası  yalnız və yalnız mənəvi qida bazası, özünüifadə meydanıdır. Yaşanan ömrün bütün mahiyyəti, bu sənəti seçənlər üçün yalnız bu sənət meydanda öz mənasına qovuşa bilir.

Kollektivimizin sənət fədailəri anlayırlar ki, ömrünü teatra bağlayanlar burada çox ağır çətinliklərlə üz-üzə dayana bilər. Bu prosesdə gərgin məqamlarla mübarizə aparmalı, bəzən maddi imkansızlıqla çox səmimi şəkildə üzləşməli olacaq. Xoşbəxtlikdən gənclərimiz belə halları özlərinə, öz talelərinə məhkum olunmuş bir həqiqət kimi qəbul etməyi idrakla anlayırlar. Yaradıcılıq mühiti üçün vacib olan belə ab-hava ilə ruh yüksəkliyi, böyük sənət yanğısı ilə, qürurla çalışırlar. O da anlaşılır ki, bu sənətin sahibləri hər kəsə nəsib olmayan, düşüncə, hiss, duyğu, daxili bütövlük, mənəvi rahatlıq və təmizlənmə, saflaşma, kövrək və istiqanlı qəlb dolğunluğu, idrak və təfəkkür dərinliyi, zövqlü və kübar zənginlik, alicənab və mükəmməl şəxsiyyət və sair kimi mütləq sərvət zənginliyi ilə Tanrının mükafatını qazanmaq imkanında ola bilirlər. Və o da dərk olunur ki, bu sənətə məhz sənət naminə gələnlər gec-tez həmin mükafata layiq görülürlər və özlərindən sonra həyatda qoyub getdikləri böyük sənət nümunələri ilə tarixin sənət salnaməsində öz yerlərini tuturlar. Belə bir müstəvi insan olan kəs üçün ən mötəbər bir məkandır. Mən də teatrın rəhbəri olaraq  əlimdən gələni edirəm ki, kollektivin üzvləri bu ecazkar məkanda özlərini rahat hiss etsinlər, istər maaddi, istərsə də mənəvi qayğı ilə əhatə olunsunlar.

– Bu gün respublikanın bütün teatrları kimi İrəvan teatrı da dövlətimizin diqqəti və qayğısı ilə əhatələnib. Biz bu qayğıdan səmərəli şəkildə yararlanmağa həm bütün düşüncəmizlə, həm də coşqun yaradıcılıq ehtirasımızla çalışırıq.

– Teatr səhnəsində, televiziyada müxtəlif səpkili rolların mahir ifaçısı kimi tamaşaçı yaddaşında qalmısınız. Aktyorların yaradıcılığı pərdə qapanan kimi sanki görünməz olur. Buna görə də bu sənət daha çox diqqət, qayğı tələb edir. Sizin fikrinizcə, aktyorun uğuru ilk növbədə nə ilə bağlıdır və onu necə qorumaq lazımdır?

– Aktyorun uğuru səhnədəki zəfəri ilə bağlıdır. Eyni zamanda teatrı yaşadan aktyordur... Aktyorlar da digər yaradıcılıq sahəsinin nümayəndələri kimi, fərdi xüsusiyyətlərə malik olan yaradıcıdırlar. Onların özlərinə məxsus yaradıçılıq aləmləri vardır. Ancaq iş burasındadır ki, digər sənət sahələrindən fərqli olaraq aktyorların yaradıcılığı pərdə qapanan kimi müəyyən mənada görünməz olur. Və bu görünməz olan məkanda onlar adi insanlar kimi qarşı-qarşıya dayandıqları asanlı-çətinli həyat tərzlərinə qovuşurlar. Məhz bu məkanda onların qayğısını çəkmək və yardım göstərmək vacibdir. Ona görə ki, aktyorlar səhnədə nə qədər fədakardırlarsa, qüdrətli və bacarıqlıdırlarsa, real həyat məkanında adətən, belə desək, daha doğru olar, yaranmış çətinliklərə sinə gərərək, bu vəziyyətdən qorxmayanlar qismində təmsil olunurlar. Yəni bu çətinlik onlar üçün adiləşmiş hala çevrilir. Aktyor sənətinin hüsnü və ləzzəti də ondadır ki, bu sənətin sahibləri yalnız və yalnız öz potensiallarını səhnədə sərf etmək üçün kodlaşdırırlar.  Bu, başqa bir aləmdir. Buna görə də teatrın rəhbərlərindən tutmuş, ta qapıçısına qədər aktyorlara qarşı son dərəcə həssas, diqqətli və son dərəcə qayğıkeş olmalıdırlar.

– Siz etdiklərinizlə kifayətlənməyi xoşlamırsınız. Öz enerjinizi dramaturgiya, tənqid, elmi-təqdiqat sahələrinə də yönəldirsiniz. Ciddi elmi araşdırmalarınızın nəticəsi olaraq sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almısınız. Amma bütün bunlarla yanaşı əzəli peşəniz olan aktyorluğa eşqiniz heç zaman sönmür. Azərbaycan teatr səhnəsində ilk dəfə olaraq Ümummilli lider Heydər Əliyevin bədii obrazını mükəmməlcəsinə canlandırmısınız. Belə möhtəşəm obrazı oynamaq hər bir aktyor üçün  böyük şərəfdir. Bu  sizə çətin olmadı ki?

– Əlbəttə, çətin oldu. Dahi rəhbərin obrazını yaratmaq hər bir aktyordan böyük məsuliyyət tələb edir. Əsas odur ki, mən bu prosesdə üzərimə düşən məsuliyyətin ciddiliyini çox yaxşı dərk edirdim. Ümummilli liderimizin bədii obrazının portret cizgilərindən daha çox onun  zəngin daxili aləmini əks etdirməyə çalışırdım. Biz Ulu öndərimizə həsr olunmuş tamaşa ilə Gürcüstan, Dağıstan respublikalarında, Türkiyə Cümhuriyyətində uğurla çıxışlar etdik.

– İrəvan teatrını fərqləndirən cəhətlərdən biri də hər mövsümdə yeni layihələrlə çıxış etməsidir. Belə layihələrlə bağlı açıqlama vermənizi istərdik.

– Bir daha təkrar edirəm ki, İrəvan Teatrı davamlı olaraq genişmiqyaslı Beynəlxalq layihələr həyata keçirir və bu layihələrlə qastrol səfərlərində ölkə mədəniyyətini layiqincə təmsil edir. Biz əvvəlki illərdə də çoxlu orijinal beynəlxalq layihələr həyata keçirmişik. 133-cü mövsümdə isə ilk olaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət!" beynəlxalq təbliğat və təşviqat kompaniyası kontekstində gürcü yazıçısı Nodar Dumbadzenin əsərlərinin motivləri əsasında "Didro" tamaşasını hazırladıq (26 fevral 2015-ci il). Tamaşa İrəvan teatrının, Binəqədi rayon ziyalılar cəmiyyətinin, Gürcüstan Mədəniyyət və Abidələrin Qorunması Nazirliyinin və Tiflis Dövlət Azərbaycan Dram Teatrının birgə layihəsi olaraq həyata keçirildi.

Daha sonra Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə Türkiyə Cümhuriyyəti “Anadolu Aydınlar Ocağı”, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkün Gənclər təşkilatı və İrəvan Dövlət Azərbaycan Dram Teatrının birgə möhtəşəm tədbir həyata keçirildi. “Çanaqqala zəfəri” adlı layihə 17 aprel 2015-ci ildə reallaşdı. Məlumdur ki, hər ilin 24 Nisan tarixində Türkiyədə Çanaqqala zəfərinin kutlanma mərasimləri keçirilir. Biz İrəvan teatrı olaraq 100-cü ildönümünü Türkiyədən öncə Azərbaycanda həyata keçirilməsi üçün “Çanaqqala zəfəri” adlı layihə çərçivəsində xüsusi bir tamaşa – türk yazarı Demet xanım Çizmelinin “Cümhuriyyətin ilk sədası” tarixi-xroniloji dramını hazırladıq. Tədbir içtirakçılarına bu tamaşanın premyerasını təqdim etdik. Diqqətinizə onu da çatdırmaq yerinə düşər ki, müəllifi olduğum “Soyqırımı tarixininn dastanı” əsəri ilə Osmanlı dövlətinin nəhəng sərkərdəsi Nuru Paşanın, Demet Çizmelinin “Cümhuriyyətin ilk sədasi” əsəri ilə isə Türkiyə Cümhuriyyətinin yaradıcısı böyük öndər Mustafa Kamal Atatürkün bədii obrazları Azərbaycan teatr tarixində ilk dəfə İrəvan Teatrının səhnəsində canlandırılmışdır.

  Kollektivimiz “Cümhuriyyətin ilk sədasi” tamaşasını Türkiyə-Azərbaycan dostluğuna, həmrəyliyinə yeni görəvi və mübarizə amacı kimi təqdim etdi. Dünya birliyi qarşısında soyqırım hadisələrini belə qutladı,  həm varlığı ilə, həm də yaratdığı vətənpərvər ruhlu nəhəng tamaşalarla, torpaqlarını zəbt etmiş və onu isti yurd-yuvasından didərgin salmış düşməninə qarşı qəhrəmancasına mübarizə mövqeyində dayandığını bir daha təsdiqlədi. Yüz ilin erməni yalanlarına qarşı türklərlə birgə mövqedə olduğunu öz sənət qüdrəti ilə isbatladı. Çanaqqala zəfəri təkcə Türkiyə Cümhuriyyətinin qurtuluş zəfəri tarixi deyil,  bu zəfər həm də böyük türk birliyinin həmrəylik və birlik, bir bayraq altında birləşməyə çağırış tarixidir! – deyə səsləndik. 

Aprelin 26, 27, 28-də isə Gürcüstanın paytaxtı Tiflisdə bizim təşəbbüsümüzlə həyata keçirrilən “Qafqazda sülh tərəfdarıyıq” adlı növbəti Beynəlxalq layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Gürcüstan Respublikası Mədəniyyət və Abidələrin Qorunması Nazirliyinin dəstəyi ilə reallaşdı. Layihə üçün İrəvan teatrının bazasında Tiflis teatrının kollektivi ilə birgə hazırlanmış Nodar Dumbadzenin “Didro” əsəri Tiflis şəhərində – Dumbadze adına Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olundu.

– İrəvan Teatrının bölgə səfərləri həmişə maraqla qarşılanır. Bilrik ki, bu dəfəki səfəriniz də respublika miqyaslı bir layihə qismində həyata keçirilmişdir. Necə qarşılandı? 

– Respublika miqyaslı deyil, bu səfərimizdə oynadığımız tamaşa da Beynəlxalq miqyaslı, mötəbər hadisəni özündə ehtiva edən bir layihədir. Biz dünya azərbaycanlılarını birləşdirən, Azərbaycan və azərbaycançılıq ideyalarını həyatının mənası hesab edən və həmişə bu fenomen qüdrəti ilə yaşayan ümummilli liderimiz Heydər Əliyev irsinin öyrənilməsi və mənimsənilməsi  məqsədi ilə “Heydər Əliyev irsini öyrənirik” adlı layihə ilə qastrol səfərimizə bölgələrimizdən başladıq. Müəllifi olduğum "Qalx ayağa, Azərbaycan" adlı bu layihə ilə əlbəttə ki, Mədəniyyət və Turizm Nazirliyinin böyük dəstəyi ilə dünya azərbaycanlıları qarşısında geniş miqyaslı səfərlər həyata keçirmək niyyətindəyik.

Həmişə olduğu kimi 134-cü teatr mövsümündə də kollektivimizin bölgələrə olan əlamətdar səfəri çox uğurla keçdi. 5 – 15 oktyabr tarixlərində Astara, Lənkəran, Cəlilabad, Sabirabad, Saatlı, İmişli, Ağcabədi, Laçın, Samux, Göygöl rayonlarında, eləcə də Ağcabədinin Qaradolaq kəndində yerləşən “N” hərbi hissəsində oynadığımız "Qalx ayağa, Azərbaycan" adlı tamaşamız böyük coşqu ilə qarşılandı. Vətənpərvərlik ruhu aşılayan, ümummilli liderimiz Heydər Əliyevin ömür yolundan, dövlət xadimi kimi zəngin fəaliyyətindən, azərbaycançılıq ideyalarından  bəhs edən bu tamaşa ilə biz təkcə mədəni xidmət göstərməklə məhdudlaşmırdıq. Eyni zamanda sənət dili ilə ifadə etdiyimiz azərbaycançılığın poetik təcəssümünü, vətən sevgisini, xalqın öz liderinə olan məhəbbətini əyani şəkildə sübuta yetirirdik.  Müstəqillik tariximiz, bu tarixin yaranmasında müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin fenomenal fəaliyyəti və ən vacib məsələ olan estafetin müdrikcəsinə layiqli ələ tapşırılması, bu düzgün seçimin nəticəsi olaraq bu gün xalqımızın qazandığı parlaq quruculuq və inkişaf prosesi tamaşanın məzmun və mahiyyəti ilə vəhdət təşkil edən bir mənzərə yaradırdı.

İrəvan Teatrı kollektivinin rayon zəhmətkeşləri qarşısında çıxışı böyük mədəni hadisəyə çevrildi. Biz belə səfərlərlə rayonlarla paytaxt arasında mədəni əlaqələrin yenidən canlanmasına nail ola bilirik. Bölgələrimizdə teatra marağın xeyli artması müşahidə olunurdu. Tamaşaçılar məmnunluqla qeyd edirdilər ki, mərkəz teatrlarının belə səfərləri onlara mənəvi qida verir. Yeni maraqlı əsərlər seyr etmək arzusunda olduqlarını bildirirdilər.

Bilirsiniz, istər regionlara səfərlər, istərsə də hər hansı festivallarda çıxışlar teatr kollektivi üçün mədəniyyətin təbliği, tanıdılması, sənətkarlıq səviyyəsinin nümayişi olmaqla yanaşı, həm də teatr kollektivinin özünütəsdiqi və məsuliyyəti anlamını daşıyır. Heç bir teatr öz divarları arasında inkişaf edə bilməz. Teatrın, səhnə sənətinin inkişafı, truppanın yaşaması onun başqa səhnələrdə oynadığı tamaşalarda  formalaşır. Qastrol səfərlərsiz teatr öz ənənəvi anlayışını itirmiş hesab olunmalıdır. Onu da qeyd edim ki, istər maaddi, istərsə də mənəvi cəhətdən bu qastrol səfərləri aktyorların da həyatında böyük rol oynayır. Biz hər bir qastrol səfərlərimizdə teatrımızın yaradıcı və texniki heyətinin qayğısına maksimum dərəcədə qalmağa çalışırıq, onları ən yaxşı otellərdə, yüksək səviyyəli rahat şəraitdə yerləşdirir, qidalanmalarına, gündəlik xərclərinin ödənişinə çalışır, bədii keyfiyyətinin itməmsi üçün yaxşı şəraiti olan tamaşa salonları seçirik. Yalnız belə olduqda truppadan keyfiyyətli iş tələb etmək olar.

– Bəs teatrın repertuarı hansı prinsiplərə uyğun qurulur?

– Bu günün reallıqları çərçivəsində. Azərbaycan və dünya dramaturgiyasının ən yaxşı əsərləri ilə yanaşı, məxsusi olaraq vətənpərvərlik mövzusunda olan əsərlərə geniş yer veririk. Hesab edirik ki, Ermənistan tərəfindən zəbt olunmuş Qarabağ torpaqları azad olunana, İrəvan Teatrı öz yurduna, İrəvan şəhərinə dönənədək teatrın repertuar siyasətini məhz bu məntiq üzərində qurmaq daha doğrudur. O ki qaldı görüləcəklərə, niyyətimizdə çoxlu layihələrin həyata keçməsi vardır. Binamızın əsaslı təmirindən sonra bu barədə geniş proqram təqdim edəcəyik.

– İllər boyu qazandığınız uğurlara, qürur duyulası fəaliyyətinizə görə Sizə və rəhbərlik etdiyiniz istedadlı və əzmkar kollektivinizə redaksiyamız adından təşəkkür bildirir və yeni tamaşalarınızı gözləyirik.

Təşəkkür edirəm!

 

Söhbətləşdi: Savalan Talıblı
Analoq.az  

İftixar Piriyev:" İrəvan teatrını fərqləndirən cəhətlərdən biri də hər mövsümdə yeni layihələrlə çıxış etməsidir"
İftixar Piriyev:" İrəvan teatrını fərqləndirən cəhətlərdən biri də hər mövsümdə yeni layihələrlə çıxış etməsidir"
İftixar Piriyev:" İrəvan teatrını fərqləndirən cəhətlərdən biri də hər mövsümdə yeni layihələrlə çıxış etməsidir"
İftixar Piriyev:" İrəvan teatrını fərqləndirən cəhətlərdən biri də hər mövsümdə yeni layihələrlə çıxış etməsidir"
İftixar Piriyev:" İrəvan teatrını fərqləndirən cəhətlərdən biri də hər mövsümdə yeni layihələrlə çıxış etməsidir"
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi