Namiq Hacıheydərli: “Mən” kimdir?

Namiq Hacıheydərli: “Mən” kimdir?
Tarix: 3-01-2017, 11:15 Oxunma Sayı: 389 dəfə oxundu. Toplam: nəfər paylaşdı.


Bəlkəsiz, varlığın ən çətin sualı “sən kimsən” və ya “mən kiməm” sualıdır. İnsanın kim olacağı, özünü nə dərəcədə təsdiq edəcəyi, potensialını gerçəkləşdirmə imkanı və sair “mən kiməm” sualına nə dərəcədə doğru cavab verə biləcəyindən asılıdır. Ümumiyyətlə “mən kiməm” və ya “sən kimsən” sualı hansı özəlliyi təqdim etmək üçün sorulur? Daşıdığımız görəvimi? Sabah bu görəvdə olmaya bilirik. Kimsən – sualına daşıdığımız vəzifənin adını deyiriksə, həmin vəzifədə olmayanda kim oluruq o zaman? “O, həkimdi, müəllimdi, sürücüdü, alimdi, demokratdı, kommunistdi, inqilabçıdı” və digər cavablar da “o kimdi” sualının cavabı deyil.
“Mən kiməm” sualının cavabını vermək üçün öncə “mən” anlayışına izah verilməlidir. “Mən” nə deməkdir? Adətən “mən” dedikdə insan varlığının bütünü - cismani varlığı ilə mənəvi dünyasının məcmusu – gözdə tutulur. Sənin varlığın “sən”i tam ifadə edirmi? Axı, əlim, ayağım, ürəyim, beynim və hətta biliklərim, düçüncələrim, xəyallarım, arzularım, nifrətim, sevincim, qəzəbim və sair mən deyiləm, məndəkidir. Bunlar insanın “mən”i deyil, sonradan qazanılan və ya əldə olunandı. Sonradan qazandıqların “sən” və ya “mən” ola bilməz. Bunlar, insanın “kimlik”, fərd kimi var olma göstəriciləridir, “mənlik” göstəriciləri deyil. Adına “Şəxsiyyət vəsiqəsi” dediyimiz sənəd də bizim kim olduğumuzu, kimliyimizi bəlli edir. “Mənlik” sənədi deyil və mənliyimizi ifadə edə bilmir. Yəni şəxsiyyət vəsiqəsində təqdim olunan “sən” deyilsən, “mən” deyiləm, səndəkidir, məndəkidir, əlamət kimliyindir, kimliyimdir. Canlı varlıq olaraq fərqlilik nişanımızdır.
Əslində “mən” dediyimiz bütün “məndəkilər” qabıqdır, formadır, geyimdir, dondur və sair. “Mən”, “mənimdir” –dediklərimizin toplusudur. O zaman bu qabıq, geyim və sair qismində olan məndəkiləri hər birimizdən geri alsalar yerdə nə qalır? Əlbəttə ki, “heç nə”! Deməli, “mən” deyə bir şey yoxdur, əslində. “Mən”, zahiri formalarımıza, davranışlarımıza, düşüncələrimizə, cizgilərimizə, maraqlarımıza, əl və ayaq izlərimizə və sairə görə hər birimizi digər fərdlərdən ayıran fərdiliyimizə verdiyimiz, daha doğrusu uydurduğumuz bir ifadədir. “Mən” yoxdur, “biz” var. “Mən” dediklərimiz əslində bütün olan “biz”in, yəni “Vahid Mən”in ayrı-ayrı təzahür formalarıdır. Vahid qaynaqdan gələn spektrin sonsuz sayda işıq təzahürü kimi. “Mən kiməm” sualının cavabını ona görə tapa bilmirik ki, “Mən”i zahirdə, formada, qabıqda arayırıq, gerçək və “Vahid Mən”ə yüksələ bilmirik, “məndən içəri mən”də gizlənən həqiqətə vara bilmirik. Yanılmış da ola bilərəm təbii. Bunlar sadəcə, bu mövzuda düşündüklərimdi, qələmə almaq zərurəti duydum.
Dilimizdə “öz” sözü var. “Öz” və “mən” ayrı-ayrı anlayışlardı. “Mən getdim” başqa, “özüm getdim” başqa. “Sən aldın” ayrı, “özün aldın” ayrı. “O, evləndi” özgə, “özü evləndi” bir özgə. “Öz” məndən bir qat daha dərindədi. Belə demək mümkünsə, “öz” “mən”in, daha doğrusu mən dediyimiz fiziki və mənəvi varlığımızın bütününün nüvəsidi, hərəkətverici qaynağıdı, idarəetmə mərkəzidi. “Öz” insanın ruhudur. Yaxud, ruh insanın “öz”üdür. Ölümsüz olan da “öz”dür. Döşümüzə döyüb “mən” dediyimiz görüntülərimiz, bizi digər canlılardan fərqli qılan cızgilərimiz ölümlüdür. “Öz” isə ölmür, “Vahid Qaynaq” olan ilkinliyə, “Vahid Mən”ə dönür, “Vahid Bütün”də ölümsüzlüyünə qovuşur. “Özünə qayıt” ifadəsi də “öz”ündən uzaqlaşıb, təzahürə uyanlara, “mən”i görüb, “öz”ünü tanımayanlara deyilir. Yunus İmrə “məni məndə bilməyin, məndə deyiləm, bir mən vardır; məndə məndən içəri” –deyirkən “mən”dən içəri olan “öz”ü, “ölümlü içindəki ölümsüzü” gözdə tutmuş ola bilir. Və yenə Yunus İmrə deyir ki; “elm, elm bilməkdir, elm özünü bilməkdir”. Antik filosof Platon “özünü idarə et, dünyanı idarə edəcəksən”-deyir. Özünü tanımaq, zatını tanımaqdı, ilkin qaynağını bilməkdi, hardan gəldiyini idrak etməkdi, yaradılış missiyasının fərqində olmaqdı. Görünənlərin ümumi adı olan “mən”dən, görünməyən qata, mütləq gerçəyə -“öz”ə dönməkdi. Yaradılış missiyasının şifrələri “öz”də gizlənib. “Öz”ündə olan nadir insanlar həqiqəti dərk edənlərdi, onlar “mən” deməzlər. Nədən ki, onlar “mən” deyə bir şey olmadığını bilirlər.
Yaradılış missiyasının ziddinə hər hansı bir davranışın sonu puça çıxır. Eynşteynin yaxşı bir sözü var: “Əslində hər kəs dahidir. Amma əyər siz bir balığı ağaca dırmaşa bilmək qabiliyyətinə görə mühakimə etsəniz, balıq bütün həyatını axmaq olduğuna inanaraq keçirəcəkdir”. Yaradılış missiyasını bilmək da budur; üzmək üçünmü yarandığını, uçmaq üçünmü var olduğunu, sürünmək üçünmü mövcud olduğunu, yön vermək üçünmü doğulduğunu anlamaqdır.
Yaradılış missiyasını anlayan özünü kəşf etmiş olur. Özünü kəşf etmək Atatürkün ifadəsi ilə desəm, “aradığın qüdrətin damarlarında axan qanda mövcud olduğunu” anlamaq, iç imkanlarının, potensialının fərqində olmaq, özünü öz içindən yenidən doğmaqdır. Özünü kəşf etmək “öz”ündə gizlənmiş imkanların fərqində olmaq və onların aşkara çıxarılması üçün mücadilə etməkdir.
Nə mutlu yaradılış missiyasını zamanında anlayıb, zatını, qaynağını bilənlərə və yaşam yönünü doğru bəlli edənlərə...

Namiq Hacıheydərliскачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10